Hipofizin funksiyaları. Daxili sekresiya vəziləri arasında - TopicsExpress



          

Hipofizin funksiyaları. Daxili sekresiya vəziləri arasında hipofiz əsas yer tutur. Çünki bir sıra digər endokrin vəzilərinin fəaliyyətinin tənzimində iştirak edir. Bu vəzi baş beynin alt hissəsində, türk yəhəri çökəkliyində yerləşmişdir. Ona yerləşdiyi yerinə və vəzifəsinə görə beyin artımı da deyilir. Ön, arxa paylardan və ara hissədən ibarətdir. Bu vəzidə 22-dən artıq hormon ifraz olunur. Onun hormonları kimyəvi cəhətdən zülal tipli birləşmələrə aiddir. Hipofizin ön payında (adenohipofiz) hazırlanan somatotrop hormon boyatma prosesini tənzim edir, daxili orqanların böyüməsinə kömək edir, maddələr mübadiləsini gücləndirir. Uşaqlarda somatotrop hormonun sekresiyasının azalması cırtdanboyluğa (karlik), artması isə uşaqlarda nəhəngboyluğa (giqantizm) və yaşlılarda akromeqaliyaya (ayrı-ayrı orqanların böyüməsi və bədənin mütənasibliyinin pozulması) səbəb olur. Ön payın adrenokortikotrop hormonunun ifrazı və təsiri orqanizmdə stress reaksiyaları zamanı artır. Onun qonadotrop hormonlarının təsiri qadınlarda süd vəzilərinin fəaliyyətinin artmasına, kişilərdə də cinsi fəaliyyətin yüksəlməsinə səbəb olur. Ümumiyyətlə, qonadotrop hormonlar cinsiyyət vəzilərinin inkişafını və cinsiyyət orqanlarının fəaliyyətini artıraraq, cinsiyyət hormonlarının ifrazını sürətləndirir və beləliklə, ikincili cinsi əlamətlərin yaranmasını təmin edir. Tirotrop hormon qalxanabənzər vəzinin funksiyasını artırır. Hipofizin arxa payının (neyrohipofiz) hasil etdiyi antidiuretik hormon (vazopressin) böyrəyin yığıcı borucuqlarında suyun geriyə sorulmasını artırır. Odur ki, həmin hormonun çatışmazlığı zamanı şəkərsiz diabet xəstəliyi əmələ gəlir: xəstədə şiddətli susuzluq hissi yaranır və sutkada on litrlərlə tərkibində şəkər olmayan sidik ifraz edir. Antidiuretik hormonun böyük dozaları damarların (xüsusən arteriolaların) saya əzələlərini daraldaraq arterial qan təzyiqini artırır. Arxa payın digər hormonu olan oksitosin xüsusən hamiləliyin sonunda uşaqlığın saya əzələlərinin yığılmasını stimulyasiya edir. Doğuş aktının normal getməsi üçün bu hormonun olması vacibdir. Hipofizin ara hissəsində hasil olan melanotrop hormon (intermedin) dəridə piqment mübadiləsini tənzim edir.
Posted on: Thu, 19 Sep 2013 11:42:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015