(reminsensiyalı və xatirəli psixoloji hekayə) Paşa Araz Sən - TopicsExpress



          

(reminsensiyalı və xatirəli psixoloji hekayə) Paşa Araz Sən pəncərənin qarşısında öz yellənəcəyində tənha oturub xəyala dalacaq və qüssələnəcəksən. Pəncərə qarşısındakı yelləncəyində oturaraq elə bir səadət arzulayacaqsan ki, bu səadət sənə heç bir zaman nəsib olmayacaqdır. Teodor Drayzer O, gecələr iki zülmətin arasından keçəndə addımlarının aydın eşidilməyən xışıltısı gələrdi, hərdən də çarpayıda uzandığımız vaxt onun sirli yerişini dinləyərək, fikrən onu ev boyu izləyə-izləyə oyanardıq. Qabriel Qarsiya Markes Liftin düyməsini basanda qolumdakı saata baxdım, ona on üç dəqiqə işləmişdi. Çox hirsli idim və liftin yuxarıdan aşağıya doğru kobud səs salaraq gəldiyini hiss etmirdim. Yenə, yenə düyməni basırdım və istəyirdim ki, bir göz qırpımında liftin qapıları açılsın, içəri girim. Eyni zamanda başıma gələn hadisəni ona necə danışacağımı düşünürdüm, lakin gecənin bu vaxtı müəllimimi necə narahat edəcəyimi, danışdıqlarımın ona necə təsir edəcəyini düşünmürdüm. Əslində bu barədə çoxdan düşünməli və düşdüyüm çətinliyi özüm həll etməli idim. Lakin mən bunu etmədim, ən sonda, müəllimimin mənə verdiyi psixoloji testlərin həll edilməsi qaydasında nəzərdə tutulduğu kimi nəticəni sonda bildirməli oldum. Mən qalib gəlmişdim! Üç saat evdə; öz qaranlıq otağımda oturaraq baş verən hadisələri bir-birilə əlaqələndirmək, bu hadisələr axımında nəyinsə bir ilahi qüvvənin, yaxud insan əməlinin olmasını düşündükdən sonra belə qərara aldım ki, bütün bunlardan yaxa qurtarmağın yeganə səbəbi budur -müəllimimin yanına getməli, hər şeyi ona danışmalıyam. Bununla daxilimdə olan qorxunu, insanların mənə qarşı olan münasibətini bir dəfəlik unutmalıyam. Necə olur-olsun, qoy hər şeyi bilsin və mənim ürəyim baş verəcək hadisədən asılı olmayaraq bir rahatlıq tapsın. Mən daha yorulmuşdum. İndiki vəziyyətim müəllimimin mənə verdiyi məsələlərdən bir neçəsinə bənzəyirdi: "sən əgər çayın sahilində sehirli bir daş tapsaydın onu suya atardınmı? Əgər atmırsansa onda o daş sənin nəyinə gərəkdir?" yaxud "əgər dayanacaqda düşən və minən insanlar yoxdursa o zaman tramvayın sürücüsü dayanacaqda dayanmaq üçün nə etməlidir?" İndi nə qədər kitab oxusam da, nə qədər məsələ həll etməli olsam da bütün bunlar özümü aldatmaq kimi bir şey idi. Mən müəllimimə hər şeyi danışmalıyam. Ona özümün necə sağlam təfəkkürə malik olduğumu, şüurumun və hissiyatımın gücünü göstərməliyəm. Lakin necə? Mən dörd aya yaxın bir müddət idi ki, müəllimin yanına getmirdim, hətta onunla əlaqə saxlamaq belə istəmirdim, insanların; müəllimimdən tutmuş küçənin tinində qəzet satan qocaya qədər hamıya sağlam bir insan olduğumu anlatmağa çalışırdım. Bunun üçün kursu davam etdirmədim, hətta qocadan qəzet alanda ona verdiyim pulun qalığını götürmədim. Amma bir insan kimi müəllimə daima hörmət etmişəm. Doğrusu onun yanına getməməyimin səbəbi özümü yaxşı hiss etməyim idi. Baş vermiş bədbəxt hadisəyə qədər mən velosiped təmiri ilə məşğul olurdum və heç də pis qazanmırdım. Lakin həmin hadisədən (o zaman bir cinayətkar mənim gözlərim önündə üç nəfəri güllələmişdi, hətta mənə də güllə atmışdı, lakin güllə mənə dəyməmişdi) sonra əsəb sistemimin natamam işləməsini xəstəxanada tibb bacısı deyəndə mən şoka düşdüm və özümə gələndə dərhal həkimin yanıma gəlməsini tibb bacısından tələb etdim. Lakin həkim də tibb bacısının sözünü təkrarlayanda mən mat-məəttəl həkimə, sonra isə tibb bacısına baxdım. Tanışlarımdan bir neçəsi mənə psixoloqun köməyindən istifadə etməyi məsləhət gördülər. Lakin bu məsləhəti o qədər də vacib hesab etməyərək, insanların nədən tələsməklərinin səbəbini anlamağa çalışırdım. Əgər həyat yoldaşım hərəkətlərimdən və bütün günü evdə oturub kitab oxumağımdan bezib evdən getməsəydi mən özüm barəsində heç zaman düşünməyəcəkdim. Bəli, özüm barəsində düşünməyə başladım və belə nəticəyə gəldim ki, tanışlarım düzgün məsləhət veriblər, mən psixoloqun köməyindən istifadə etməliyəm. Mən o zaman şəhərdə psixoloq kimi məşhur və hörmətli olan "müəllim"i tapdım. O, şəhərdəki universitetlərin birində psixologiya fənnindən dərs deyirdi. Mən onun yanına getdim və o, məni müayinə etdikdən sonra bir vərəqə müəyyən qeydlər edib mənə verdi və dedi ki, dayanmadan kursa başlamalıyam, kurs həftədə üç dəfə, altı ay müddətə olmalı idi. Özü də digər pasientlərindən fərqli olaraq müəllim məni evdə qəbul etməyə razı oldu. Buna səbəb isə bizim yaşayış evlərimizin yaxın ərazidə yerləşməsi idi. Çətinliklə kursa başladım və getdikcə özümü bu dərslərə alışdırmağa çalışdım. Bu müddət ərzində özümü çox normal hiss etdim. Müəllimin mənə böyük köməyi oldu. Altı ay dayanmadan kursa getdikdən sonra məllimim məni təzədən müayinə etdi və dedi ki, altmış faiz yaxşı olmuş və əsəblərimi bu faziə nisbətdə qaydasına salmışam, əgər istəyirəmsə o, mənimlə məşğul olmağa hazırdır. Mən isə daha kursa gəlməyəcəyimi və bunun ailəmdə yaranmış çətinliklə bağlı olduğunu müəllimə bildirdim. O, heç nə demədi, sakitcə məni dinləyərək başını yırğaladı və mənə bacardığım qədər səbrli olmağı məsləhət gördü. Bir şeyi unutdum qeyd etməyi. Mən bu altı ay ərzində müəlimin xanımını cəmi iki dəfə görmüşdüm. Birinci dəfə o, mənimlə liftin qarşısında rastlaşdı, o zaman mən evə gedirdim, o isə işdən evə gəlirdi. İkinci dəfə isə qapının zəngini basanda ilk dəfə olaraq qapını o, açdı və mənə müəllimin qəfildən işi çıxdığını, mənə xəbər edə bilmədiyini və bunun üçün məndən üzr istədiyini bildirdi. O, mənim yaddaşımda çox az epizodlarda qalmışdı. Bir onu bilirəm ki, o, çox gözəl, cavan və cazibədar idi. Müəllim ondan iyirmi yaş böyük idi və xanımı onun ikinci arvadı idi. Kursa getmədiyim dörd ay ərzində əvvəlcə özümə münasib iş tapmağa çalışsam da bu bir nəticə vermədi. Sonra özümü şəhər Əhalinin Sosial Müdafiə Fondunda qeydiyyata saldıraraq aylıq müavinat almağa nail oldum. Bu müavinat çox olmasa da tək mənim üçün kifayət idi. Bundan sonra işləməyin faydasız olduğunu zənn edərək bütün günümü evdə öz qaranlıq otağımda kitab oxumaqla keçirməyə başladım. Bu həyat məni qane edirdi. Bir həftə bundan öncə müəllimin xanımı mənə zəng edərək, gözləmədiyim bir səs tonu ilə mənlə danışmağa başladı. Mən nə onu, nə də ki, baş verənləri anlamağa macal tapa bilmirdim. Qadın isə ancaq mənimlə maraqlanırdı, məndən yaşımı, harada yaşadığımı, sirlərimi, rənglərimi, hətta həyat yoldaşım barəsində də soruşurdu. Mən onun suallarını hörmət əlaməti olaraq cavablandırır, onunla aramızda olan hörmət pərdəsini götürmək istəmirdim. Nəhayət o, məni sevdiyini dedi, sonra mənsiz yaşamaqdan bezdiyini, mənimlə birlikdə yaşamaq istədiyini bildirdi. Eşitdiklərimə inanmırmış kimi hesab edirdim ki, bütün bunlar bir zarafatdır, yaxud müəllimin xanımı ona bərk əsəbiləşib və ondan qisas almaq istəyir, bunun üçün məni hədəf seçib. Onu anlamadığımı və nəhayət "mən sizinlə danışmaq istəmirəm" sözünü deyərək telefonun dəstəyini yerinə qoydum. Lakin növbəti gün o yenə zəng vurdu və yenidən danışmağa başladı. Yenə eyni sözlər, yenə eyni səs tonu. Sonra növbəti günü o, yenidən zəng vurdu və iyirmi dəqiqəyə yaxın əvvəlki mövzu barəsində danışdı. Dördüncü günü zəng edəndə o, telefonda ağladı. Mənə maraqlı idi o, haradan danışır mənimlə, əgər o, evdən danışırsa onda müəllim necə onu eşitmir. Bu sualı ona vermədim. Lakin o, beşinci gün zəng edəndə ondan şübhələndim və ondan tələb etdim ki, əgər o, məni sevirsə onda mütləq mənimlə görüşməlidir. Müəllimin hiyləsini aşkara çıxarmaq istəyirdim. Son beş günün nəticəsi olaraq anlamışdım ki, bütün bunlar müəllimin testidir, o, ya mənim sağlam olub-olmamağımı yoxlayır ya da ki, özünün hansısa bir elmi əsəri üçün məndən istifadə edir. Xanım görüşməyə razılaşdı. O zaman ona İkinci küçə ilə Yeddinci küçənin kəsişməsində olan Parkda görüş təyin etdim. Görüş vaxtına yarım saat qalmış həmin Parka getdim və yaxınlıqdakı qəzet köşklərinin birinin sahibinə on manat pul verərərk havanın soyuq olduğunu və gözlədiyim adamın gələcəyinə hələ yarım saat müddətin qaldığını bildirərək köşkdə sığınacaq aldım. Vaxt tamam oldu və həqiqətən də qadın gəldi. Yaxşı bilirdim ki, bu dəqiqə müəllimim məni yaxud öz xanımını izləyir və nə isə baş verməlidir. Bütün düyünlərin üstünü açmaq üzrəydim. Köşkdəki telefonla müəllimin evinə zəng etdim. Telefon hər dəfə çağırdıqca ürəyimdə sevinirdim "mən qalib gəlmişəm". Nəhayət müəllim telefonu götürdü və mən onun səsini tanıdım. Bütün sevincim alt-üst oldu. Müəllimin evindən parka taksi ilə yarım saatlıq yol idi. Razılaşdırdığımız görüş vaxtından isə artıq yarım saat keçmişdir. Xanımla görüşmədim və birbaşa evə qayıtdım. Səhəri gün o, yenidən zəng edib, gəlməməyimin səbəbini soruşdu, havanın soyuq olmasından əziyyət çəkməsini bildirdi. Mən isə cavab verə bilmədim, sadəcə telefonu yerinə qoydum. O zaman hiss etdim ki, sağ gicgahımda küt bir ağrı baş qaldırmaq üzrədir. Gecəni nə qədər çalışsam da yata bilmədim və qərara gəldim ki, sabah mütləq müəllimin yanına getməli hər şeyi ona danışmalıyam. Daha yorulmuşdum. Qapının qorxa-qorxa zəngini basdım. Tezliklə müəllim qapını açdı. O, ev paltarında idi, saçları dağılmışdı. Məni görən zaman gözlərinə inanmırmış kimi eynəyini gözündən çıxartdı. Onu salamladım. O da məni sevinclə qarşıladı, hətta mənimlə kiçik bir zarafat elədi. -Gəlin içəri, gəlin, -dedi, -bayırda dayanmayın. -Yox, yaxşıdır, -mən etiraz etdim, sonra mülayimcə, -Üzr istəyirəm bu vaxtı sizi narahat edirəm, -dedim və onun mənə diqqətlə qulaq asdığını, deyəcəyim sözün həsrətini çəkdiyini görüb əlavə etdim, -sizə sözüm var, -çəkinə-çəkinə dedim, -vaxtınızı çox almayacam, buradan deyib gedəcəm. Müəllim dərhal, tərəddüdlə cavab verdi: -Gəlin evə, mən də evdə təkəm, həyat yoldaşım kursa gedib. -O, qapını tam açdı və mənim içəri keçməyim üçün dəhlizdə mənə yer verdi. -Gəlin içəri, bir qədər söhbət edək. Mən məcburiyyət qarşısında mənzilə daxil oldum. -O, təzəlikcə evdar qadınlar üçün təlim keçirilən kursa yazılıb, -Müəllim mənə otağı göstərib, keçməyimi istədi və sözünə davam etdi, -xanımımı deyirəm, demək olar ki, o, hər gün tezdən gedib axşam gəlir və mən evdə olanda o, gələnə qədər tək oluram. Yaxşı ki, gəldiniz, təklikdən darıxırdım, bir qədər söhbət edərik. Nə isə içirsiniz? -Təşəkkür edirəm, heç nə lazım deyil. Mən elə indicə arzuladığım xoşbəxtliyi, yenidən yaşamağa başlamaq istədiyim həyatı xatırlamağa başladım, lakin sağ gicgahımda baş qaldırmış ağrı təsirini artıraraq məni incitməyə başlayırdı. Özümdən ixtiyarsız olaraq uşaqlığımı xəyalıma gətirirdim, ilk dəfə velosipeddən yıxılmağımı, qızla ilk tanışlığımı, orta məktəbi, şəhərin narkotik satılan küçələrini... Beynimdə cərayan edən fikirlər məni bir istiqamət deyil, bir neçə istiqamətə doğru parçalayırdılar. İndi anlayırdım ki, beynimdə yaranmış küt ağrı məhz günlərcə düşünməklərin nəticəsidir. -Mən sizə söz demək istəyirəm, -beynimi didib daöıdan düşüncələrdən yaxa qurtarmaq üçün çəkinə-çəkinə dedim. -Buyurun, -o, cəld cavab verdi və səsinin həyacanından hiss etdim ki, o, təlaş içərsindədir. -Üzr istəyirəm, amma mənə bunu demək olduqca çətindir, onun üçün çətinlik çəkirəm sizə deməyə... Yəqin məni düzgün başa düşəcəksiniz... Mən çıxış yolunu yalnız sizə söyləməkdə gördüm. -Buyurun, utanmayın, mənki, sizin müəlliminiz olmuşam. -O, şirin bir təbəssümlə pıçıldadı. Otağın divarında müəllimin xanımının şəkili asılmışdı. Həqiqətən də qadın çox ecazkar və çox gözəl idi. Lakin onun gözlərinin dərinliyində yaşayan kiçicik kədəri mən görürdüm. Əfsus ki, bunu müəllim görmürdü, axı o, insanlarda gizli hissləri görməyi daha yaxşı bacarırdı. Müəllimin xanımı təsəvvürümdə azadlığa can atan bir qadına bənzəyirdi. O, müəllimin evində bütün sevincdən, bütün arzulardan kənarda idi. Lakin müəllimin söhbətlərindən başa düşürdüm ki, müəllim onu çox sevir və istədiyi hər şeyi edir. -Sizin xanımınız mənə zəng edir, -bütün taqətimi toplayıb dedim. -Zəng edir?! -Müəllim təəccüblə soruşdu. Sonra yenidən sual verdi, -Sonra? -Bəlkə bunu özündən, yoldaşınızdan soruşasınız. -Ona baxmağa utanırdım, bunun üçün gözlərimi döşəməyə zilləmişdim, -O, sizə hər şeyi olduğu kimi söyləyər. -Axı, siz mənə söz demək istəyirsiniz, o yox. -Müəllim ciddi bir görkəmdə dedi, -Həm də ki, o, mənə söz demək istəsəydi indiyə qədər deyərdi. -Sizin yoldaşınız zəng edib mənə sevgi təklif edir. -Sevgi?! -Müəllim təəccübünü gizlədə bilmədi. -Bəli! -Başımı tərpətdim. -Bu haçan baş verib? -O, bir qədər düşündükdən sonra soruşdu. -Üç gün əvvəl. -Elə hesab edirdim ki, bu danışığım ilk dəfə müəllimə öz həyatımın çətinliklərindən danışdığım söhbətə bənzəyir. -Üç gün? -O, yenə təəccüblə soruşdu -Bəlkə də bir həftə, -çaşmış halda cavab verdim. -Bəs siz nə cavab verdiniz? -O, əsl müəllim kimi sual verdi. -Mən onunla kobud danışdım və hər şeyi sizə danışacağımı ona bildirdim. -Sanki günahımın bağışlanması üçün özümə haqq qazandıracaq hər hansı hərəkəti etdiyimi düşündüm. -Bəs o, nə dedi? -O, titrək səslə soruşdu. -O, bütün bunlardan sizin xəbərinizin olduğunu və bunu sizə deyəcəyimin heç bir faydasının olmadığını bildirdi. -Mən sözümü tamamladım. Müəllim daha heç nə soruşmadı və ağır-ağır ayağa qalxdı, qonşu otağa keçdi.Arvadımın məni qoyub getdiyi bir il, iki ay olardı. Bu müddət ərzində mən onunla danışmamışam, heç görməyə addım belə atmamışam. Lakin o, çox gecələr olub ki, yuxuma gəlib. İndi onunla tanışlığımızı, ailə quraraq bir yerdə yaşamağımızı, bədbəxt hadisəni, müəllimlə tanışlığımızı, müəllimin xanımını görməyimi, kursu bitirməyimi, müəllimin xanımının mənə zəng edərək məni sevməsini bildirməyini... xatırlayırdım ki, gicgahımdakı küt ağrı yenidən başladı və mən ağrının təsirindən gözlərimi yumdum. Gözlərimi açanda müəllimi qarşımda gördüm, o, əlindəki kağız parçasını mənə uzadaraq astadan gülümsündü və gülümsəyərək pıçıldadı: -Mən məsləhət görürəm ki, siz daha altı ay müalicə alasınız, özü də həftədə dörd gün. Bunu yubandırmaq olmaz. Siz tam sağlam deyilsiniz. Elə həftənin bazar ertəsindən buna başlamaq lazımdır.
Posted on: Thu, 12 Sep 2013 10:24:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015