Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin ABŞ Dövlət - TopicsExpress



          

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin ABŞ Dövlət Departamentinin və ATƏT-in Amerikalı həmsədri cənab Ceyms Uorlikin qərəzli açıqlamalarına dair bəyanatı Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son bəyanatına etirazını bildirir. ABŞ Dövlət Departamenti tərəfindən yayılan hesabatda əks olunan qərəzli fikirlərdən, eləcə də ATƏT-in Amerikalı həmsədri cənab Ceyms Uorlikin şəxsi tvitter səhifəsində Sumqayıtda baş verən hadisələr və ermənilərin orada zorakılığa məruz qalması haqqında yazmasından təəssüfləndiyini ifadə edir. ABŞ tərəfindən ardıcıl olaraq Azərbaycanın əleyhinə iki bəyanatın səsləndirilməsi faktı özü-özlüyündə ölkəmizə qarşı qərəzli mövqeyi nümayiş etdirir. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yetərincə səy göstərmir, siyasi iradə nümayiş etdirmir. 20 ildən artıq davam edən danışıqlar heç bir səmərə vermir. Azərbaycan cəmiyyəti artıq demokratik dəyərlərin və ədalətin carçısı olan ABŞ-a etimadını itirməkdədir. ATƏT-in Amerikalı həmsədri cənab Ceyms Uorlikin isə Xocalı soyqırımı ərəfəsində bu hadisəyə toxunmadan məhz Sumqayıt hadisələrini gündəmə gətirməsi və bu hadisələrdə Azərbaycanı ittiham etməsi onun ABŞ-dakı erməni lobbisinə xidmət etməsini göstərir. Azərbaycanın daxili işlərinə qarışaraq bunu təzyiq vasitəsi kimi istifadə etməyə çalışan ABŞ-ın siyasi dairələri münaqişənin ədalətli həlli üçün Ermənistana heç bir siyasi təzyiq göstərmirlər. ABŞ-ın Azərbaycandakı səfiri cənab Riçard Morninqstarın işğalçını öz adı ilə çağırmaması və işğalçı ilə işğala məruz qalanı bərabər tutması isə qəbul edilmiş beynəlxalq hüquq normalarına və qətnamələrə sayğısızlıqdır. ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışaraq qərəzli mövqe nümayiş etdirməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikalı həmsədr cənab Ceyms Uorlikin timsalında tutduğu ermənipərəst mövqe bizdə yalnız təəssüf hissi yaradır. Biz hesab edirik ki, belə addımlar Azərbaycanla ABŞ arasında bərabərhüquqlu strateji tərəfdaşlıq əlaqələrinə və regional təhlükəsizliyin təminatına yönəlmiş əməkdaşlığa xələl gətirməməlidir. Bu gün ABŞ bu regiondakı səylərini Azərbaycan xalqının ən başlıca gözləntisi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəltməlidir. Əks halda, artıq Azərbaycan cəmiyyətinin münaqişənin həllinə yönəlmiş beynəlxalq ictimaiyyətə son inamı sarsılacaqdır.
Posted on: Fri, 28 Feb 2014 16:49:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015