Bir tənbəl var idi. Həyat eşqi ilə dolu bir tənbəl. - TopicsExpress



          

Bir tənbəl var idi. Həyat eşqi ilə dolu bir tənbəl. Xəyallarla yaşayan bir tənbəl. Gələcəklə bağlı bir-birindən gözəl planları olan bir tənbəl. Hər gün sabahla bağlı planlar qurub, sabah olduğunda heç nə etməyən bir tənbəl. Bir gün planlarından birini həyata keçirsə hər şeyin dəyişəcəyini bilib amma hər yeni gün “sabah edərəm” deyərək günü günə satan bir tənbəl var idi. Həyatı, yaşamağı sevirdi bu tənbəl. Bəli doğru oxudunuz. Həyatı və yaşamağı. Xeyr düzgün düşünmürsünüz. Bunlar eyni şey deyil. Hər kəsin bir həyatı var, lakin hər kəs yaşamır. Bunu haradan oxuduğunu xatırlamağa belə tənbəllik edərdi o. “Buna sərf etdiyim vaxta daha xeyrli işlərlə məşğul olaram” deyib, heç nə etməzdi amma. Yalnız düşünərdi, xəyal qurardı və gələcəyi barədə planlar qurardı. Hər gecə özünə sabah planını yerinə yetirməyə başlayacağına söz verər, lakin bu sözü səhər açılanda gecənin qaranlığıyla birlikdə gözdən itərdi. Günləri beləcə ötüb keçərdi. Bir dəfə belə günlərin birində, yenə gecə özünü danlayıb, “sabah mütləq başlayacam!”, “Filan, filan şeyləri edəcəm. Bu və bu xasiyyətlərimi tərgidəcəm!”, “Sabahdan az yatmağa, səhərlər də tez durmağa başlayacam!” və s. bu kimi sözlər verdi özünə. Lakin onu hər gün izləyən bir mələk, sabahkı günün də digərlərindən fərqlənməyəcəyini və bu sözlərin boşuna olduğunu bilirdi. Onun bu tənbələ yazığı gəlir və ona kömək etmək istəyirdi. Bəs necə? Əslində, o bunun üçün nə edəcəyini bilirdi, lakin bunu necə edəcəyini bilmirdi. Buna icazəsi yox idi. O, Allahın hüzuruna gedib ondan icazə istəmək qərarına gəldi. Heç gözləmədiyi halda, Allah ona icazə verdi. Çaşıb qalmışdı. Əvvəlcə tək əngəl icazəsi olmadığı idi. İndi isə bu əngəl aradan qalxmışdı, lakin bunu etməyə tərəddüd edirdi. Cəsarətli olmalı idi. Bu yazıq insana baxdı. O tənbəllik bataqlığında batan bir adam idi. Ona əlini uzatmalı və bu bataqlıqdan çıxarmalı idi. Bu tənbəl necə də həyatı sevirdi. Planlarına, xəyallarına necə də bağlı idi. Həyatının dəyişəcəyinə ümid edir, lakin buna doğru addım atmırdı. O yetərincə düşünmüşdü, yetərincə xəyal qurmuşdu. O qədər xəyal qurmuşdu ki, hərdən öz otağında, – səliqəsiz, toz basmış, əzilib, tapdalanıb, unudularaq toz altında qalmış planlarla dolu bu otaqda, xəyalları ona gerçək kimi gəlirdi. Mələk onun bu xəyallarının gerçək olmasını necə də istəyirdi. Onu bu tənbəllikdən xilas edib həyatın mərkəzinə atmaq və onun dalbadal uğurlarını görüb sevinmək istəyirdi. Bu insanın həyatı xəyallarından daha gözəl ola bilərdi. Mələk bunu hiss edirdi və bunu arzulayırdı. Lakin bütün bunlar üçün bir addım çatışmırdı. Biz insanlar hərdən bu addıma görə nələrdən məhrum oluruq: sevgidən, sülhdən, məqsədlərimizdən, xəyallarımızdan, sevdiklərimizdən, xoşbəxtlikdən və s. Mələk bu insana baxır və öz-özlüyündə təkrar edirdi: “Onu xilas edəcəm və o, layiq olduğu hər şeyi əldə edəcək! Addımını at! Onu xəyalların, yuxunun, tənbəlliyin şirin və aldadıcı qoynundan azad elə!” Mələk öz fikirləri ilə mübarizə apardığı zaman tənbəl sabah planlarını həyata keçirəcəyini əminliklə təkrarlayaraq və sevincək halda yatmağa hazırlaşırdı. Yatağına tərəf çevrildiyi zaman diksinərək geri atıldı. Yatağında bir qız əyləşmişdi. Sevinc dolu gözlərlə, mehriban təbəssümlə ona baxırdı. Sanki onu çoxdan tanıyırmış kimi. Tənbəl gözlərini ovuşdurdu, başını silkələdi. Qızın hələ də olduğu yerdən ona baxdığını görüb daha da qorxuya düşdü. “İlahi! Məni qara basır? Mən yatmışam? Bu gerçək deyil. Əlbəttə! Mən yatmışam və bu gözəl qızı yuxuda görürəm. (gözlərini qızdan çəkmədən yatağına toxunur) Mən hiss edirəm. Yox bu gerçək ola bilməz! Aman Allah! Gördüyümüz yuxular gerçəyə bənzəyir. Amma bu….” Sonra gülməyə başladı. Öz-özünə: “Necə də qorxdum. Təbii ki, bu yuxudu. Həm də gözəl yuxu. Qarşımda, mənim yatağımda gözəl bir qız əyləşib. Onun saçları gah qara, gah sarı olur. İndi qəhvəyi oldu. Üzünü tam görə bilmirəm, bulanıqdı. Ruhdu sanki. Yəqin ki, bu yuxunun təsiridi. Mən görmək istədiyim qızın təsəvvüründə çətinlik çəkirəm və ona görə də onu dəqiq görmürəm. Bədəni ağ parçaya bürünüb, deyəsən gəlinlikdi. Mənə gülümsəyir. Deməli, məndən xoşu gəlir. Ya da mən belə olmasını istəyirəm. Bu yuxudan ayılmazdım kaş!” Mələk onun çaş-baş qaldığını görüb nəhayət ki, dilləndi: - Xoş gördük, insan! Tənbəl bu qəfil səsdən diksindi Bu cingiltili səs əks-səda kimi bütün otağa yayıldı. Tənbəl təlaşla mələyə baxır, nəsə demək istəyir amma dili tutulur, ağzı tərpənsə də səsi çıxmırdı. Sanki dilində yığılıb qalmış sözlər onu boğurdu. Hər gün yatmaqdan, evdə oturmaqdan günün çox hissəsini hərəkətsiz qalmaqdan keyləşmiş bədənini hiss etmirdi. Qorxudan öləcəyini düşünür, lakin sadəcə səndələyərək geriləyir və otağın rəngi solaraq sarılaşmış çılpaq divarına söykənir. Mələk onun bu halını görərək onu çətinə salmaq istəmir. Çünki eşitdiklərindən sonra onsuz da ona çətin olacaq və əgər o belə davam etsə, qorxudan ölə bilər. Mələk isə onu yaşatmaq üçün buradadır. - Mən mələyəm! Hər gün səni izləyirəm. Hər anından, hər hərəkətindən, nə düşündüyündən, nəyi sevdiyindən, nədən xoşun gəlmədiyindən, səninlə bağlı hər şeydən xəbərdaram. Bilirəm, buna inanmaq çətindir, mələklər insanların gözlərinə görünmürlər. Sənin indi nə düşündüyünü də bilirəm. Gözlərini yummaq və açdıqda mənim burda olmamağımı, bunun yuxu olmasını istəyirsən, – mələk bunu, dayanmadan, birnəfəsə dedi. Tənbəlin getdikcə artan heyrətindən ağzı geniş açıldı, gözləri böyüdü. Onun sərt, iti baxışlarından əsər-əlamət qalmamışdı. Bu baxışlarda indi bir qorxu, dəhşət, bir yalvarış sezilirdi. Güclə eşidiləcək səslə: - Mən yuxudayam, elə deyil? Mən yuxudayam. Sən yoxsan! Sən… - Danışma. Onsuzda mən sənin düşüncələrini oxuya bilirəm. Özünə əziyyət vermə. Qorxma. Rahatlan. Özünü ələ al. Bu yuxu deyil. Mən bütün vaxtımı bu haqda mübahisə etməklə sərf etmək istəmirəm. Çünki nə mənim, nə də sənin vaxtın yoxdu buna. Tənbəl nəsə demək üçün ağzını açdı amma mələk imkan vermədi. Əlini uzadaraq barmağını onun qalın, yumşaq dodaqlarına qoydu. - Sakitləş. Bunu hiss edirsən? Sən oyaqsan. Bu yuxu deyil. İnandın? Özünü ələ al. Sakitləş. Gəl, otur yanımda. Yuxu olmadığına inandın? Tənbəl başı ilə hə cavabı verdi. Amma mələyin yanında oturmadı. Mələyin işarə etdiyi yerə baxdı, sonra təkrar baxışlarını mələyə zillədi. O bir az sakitləşmişdi. Ancaq mələyin yanında oturmağa cəsarət etmədi. Mələk bunu sezdi, lakin vaxtı az olduğundan təkid etmədi və sözünə davam etdi. - Mən sənə çox mühüm bir şeyi demək üçün burdayam. Mən sənin hər gün necə həvəslə gələcəklə bağlı planlar qurduğunu görürdüm. Sənin yazıçı olmaq istəyini də bilirəm. Bir gün bir kitab yazacaq və bu kitabla insanların rəğbətini qazanacaqsan.706055075000 Hər kəs bu kitabını sevəcək və sənə heyran qalacaq. Hər gecə bu fikirlə yatır, sabah oyandığında isə bunun üçün heç nə etmirdin. Bunun üçün hər gün sənin düşüncələrində maraqlı hadisələr yaradırdım. Lakin sən onları elə düşüncələrində də məhv edirdin. Mən istəyirdim ki, sən bunlardan bəhrələnib kitabını yazasan sən isə tənbəllik edib onları vərəqə köçürmür, sabaha ümid edir, səhər açılanda isə günəş onları səndən alırdı. Bu gün də, bundan əvvəlki hərgün kimi, məni görməmişdən qabaq yenə özünə söz verdin, lakin bu sabah, başqa sabahlar kimi olmayacaq. Mən sənə bunu demək üçün gəlmişəm. Mələk dayanaraq ona baxdı. Tənbəl heyrət, çaşqınlıq, təəccüb içində ona baxırdı. Sanki bu bir neçə dəqiqə içində 10 il qocalmışdı. Qorxudan ağarmış dərisi yenidən yavaş-yavaş qızararaq öz rəngini almağa başlamışdı. Yağlı, dağınıq qəhvəyi saçlarında bir neçə ağ tük əmələ gəlmişdi. İri, tünd-qəhvəyi rəngli gözlərinin ətrafında çuxurlar yaranmışdı. Sanki boşluğa baxırdı. Elə bil heç nə anlamamışdı. - Neçə gecə özünə söz verdiyini bilirsən? Tənbəl başını iki tərəfə silkələdi və hərfləri qırıq-qırıq tələffüz edərək: y-o-o-x, – dedi. - Eybi yox, bu önəmli deyil. Bu gecələrin sayını bilməyin vacib deyil, ancaq istəyirəm biləsən ki, bu gecə son gecədir. Daha bu gecələrdən olmayacaq. Sabah son sabahındı. Günəş batdığı zaman, digər mələk, Əzrayıl gəlib sənin canını alacaq. Bu dünya kimi sən də qaranlığa qərq olacaqsan. Qorxmaq lazım deyil. Belə qorxaq olma. Əksinə sevin. Sevin ki, bu şans heç kəsə verilmir. Sən indi sabah nə olacağını bilirsən. Ancaq bir şeyi də bilməyini istəyirəm. Əgər insanlar səni çox sevsələr, ola bilsin ki, sən daha çox yaşayasan. Bu sözlərimi unutma! Sabah son günündü. Etmək istəyib təxirə saldıqlarını etmək üçün son gün! İnsanların sevgisini qazanmaq üçün son gün! Xəyallarını gerçəkləşdirmək üçün son gün! Həyatını qazanmaq üçün son gün! Seçim sənindir, insan! Ya Günəşlə birlikdə öz dünyanı işıqlandırarsan, ya da onu ömürlük qaranlığa qərq edərsən. Mələk bu sözləri deyərkən tənbəl başını iki əli arasına alıb silkələyirdi. Hıçqıraraq ağlayır, əli ilə qulaqlarını qapayır, amma mələyin yüksək səsini kəsə bilmirdi. Mələyin sözləri sanki bir şillə kimi onun qulaqlarına dəyir və başının içində cingiltili əks-səda yaradırdı. Sonra birdən bu səs kəsildi. Tənbəl başını silkələməyi dayandırdı. Əlini qulaqlarından götürdü. Başını qaldırdı, yatağına baxdı amma mələk yox idi. Bir neçə dəqiqə yerindən tərpənmədən otağa baxdı. Gözlərini ovuşdurdu, yumdu-açdı. O necə də bunun yuxu olduğunu düşünüb sevinərdi, əgər mələk öz qanadından bir lələyi onun yatağı üzərinə qoymasaydı. O lələyi gördü, yaxınlaşaraq onu çarpayıdan götürüb əlinə aldı, sonra sıxaraq barmaqları arasına həbs etdi. Bir neçə saniyə sonra əlinin içində nəsə soyuq bir şey hiss elədi və barmaqlarını araladı. Ovcunun içində qələm var idi. Qələmi iki barmağı ilə tutub qaldırdı. Onu əlində o yan, bu yana çevirərək baxdı. Sonra ucadan gülməyə başladı. Qorxudan dəliyə dönən, edam kürsüsündə əyləşən məhkumun gülüşü kimi acı bir gülüş idi bu. Sonra təkrar qələmə baxdı, onu barmaqlarında gəzdirdi. O indiyədək belə gözəl qələm görməmişdi. Mələyin sözlərini xatırladı və cəld siyirtməyə doğru atılaraq onu açdı. Həyəcandan mələyə təşəkkür etməyi də unutmuşdu. Siyirtmədən bir dəftər götürdü. Onu stolun üzərinə qoymaq istədi, lakin süfrə yemək qalıqları ilə çirklənmiş, yağlı idi. Süfrəni çəkərək kənara tulladı. Dəftəri stolun üzərinə qoyaraq onu açdı. Qarşısında dayanan ağ vərəqə baxdı, gülümsədi, sonra isə bu hekayəni yazdı…
Posted on: Tue, 03 Dec 2013 18:45:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015