Bu mövsüm ölkəmizi Avrokuboklarda təmsil edəcək - TopicsExpress



          

Bu mövsüm ölkəmizi Avrokuboklarda təmsil edəcək klublarımız - "Neftçi", "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" iyunun 24-də Çempionlar Liqası və Avroliqadakı rəqiblərini tanıyacaqlar. UEFA reytinqinə nəzər saldıqda klublarımızdan "Neftçi" və "Qarabağ"ın Avroliqanın qrup mərhələsinə düşmək şansının daha yüksək olduğunu görərik. Belə ki, Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "Neftçi" klubu püşk zamanı səpələnmişlər səbətində yer alacaq ki, bu da təmsilçimizə nisbətən zəif rəqiblə qarşılaşmağa imkan yaradacaq. Böyükağa Hacıyevin komandası bu mərhələni keçəcəyi təqdirdə ən azı Avroliqanın "play-off"unda oynamaq hüququ əldə edəcək. Bununla belə, "Neftçi" ÇL-in III təsnifat mərhələsinin püşkü zamanı səpələnməmişlər səbətində qərarlaşacaq. Bu isə "Neftçi"ni bir qədər güclü rəqiblərlə üz-üzə qoyacaq. Lakin həmin klublar Avropanın ortabab komandalarından hesab olunur. Bunlara misal olaraq "Bazel" (İsveçrə), BATE (Belarus), "Seltik" (Şotlandiya), "Styaua" (Rumıniya), APOEL (Kipr), "Dinamo" (Zaqreb, Xorvatiya), "Partizan" (Serbiya) və digər komandaları göstərmək olar. Bu komandalar sırasında nisbətən zəif rəqiblər də olacaq ki, həmin klubların da "Neftçi" ilə üzləşməsi mümkündür. "Neftçi" III mərhələni uğurla keçəcəyi təqdirdə artıq Avroliqanın qrup mərhələsindəki yerini tam təmin edəcək. Lakin ÇL-in "play-off" mərhələsində "Neftçi"ni olduqca güclü rəqiblər gözləyir. Bunlarında sırasında "Lion" (Fransa), "Zenit" (Peterburq, Rusiya), PSV (Endhoven, Hollandiya), "Metalist" (Xarkov, Ukrayna) və "Fənərbaxça" (Türkiyə) kimi klubların adlarını çəkə bilərik. Üstəlik bu siyahıya II və III təsnifat mərhələsinin qaliblərini də əlavə etmək olar. Onu da qeyd edək ki, "Neftçi"nin bu mərhələdə ortabab komanda ilə qarşılaşmaq şansı cüzi də olsa, qalır. Belə ki, reytinq xalına görə "Neftçi"dən xeyli irəlidə olan "Bazel" (İsveçrə), BATE (Belarus), "Seltik" (Şotlandiya), "Styaua" (Rumıniya) və APOEL (Kipr) kimi klublar ÇL-in "play-off" mərhələsində son Azərbaycan çempionu ilə qarşılaşa bilərlər. Bu mərhələni keçmək isə "Neftçi"nin daha bir tarix yazması anlamına gələcək. Avroliqada daha şanslı komandamız isə Ağdamın "Qarabağ" klubudur. Ardıcıl iki mövsüm Avroliqanın "play-off" mərhələsinə yüksələn və sonuncu dəfə turnirin III təsnifat mərhələsində “Brügge”yə uduzaraq mübarizəni dayandıran Qurban Qurbanovun komandası birillik fasilədən sonra yenidən Avroliqada mübarizə aparacaq. "Qarabağ" klubu I və II təsnifat mərhələlərinin püşkü zamanı səpələnmişlər cərgəsində olacaq ki, bu da Ağdam təmsilçisinə nisbətən zəif klubları rəqib edəcək. Bu iki mərhələni uğurla adlayacağı təqdirdə "Qarabağ" "play-off"un bir addımlığına gələcək. III mərhələdə isə "Qarabağ" səpələnməmişlər səbətində yer alacaq ki, burada da təmsilçimizi olduqca güclü rəqiblər gözləyəcək. Bunlarında arasında potensial rəqiblər kimi "Ştuttqart" (Almaniya), "Rubin" (Kazan, Rusiya), "Sevilya" (İspaniya), "Udineze" (İtaliya), "Brügge", "Standart" (hər ikisi Belçika), "Sparta" (Praqa, Çexiya), "Trabzonspor", "Bursaspor" (hər ikisi Türkiyə), "Utrext", "Vitesse" (hər ikisi Hollandiya) klublarının adını çəkmək olar. Lakin onu da qeyd edək ki, bu mərhələdə potensial rəqiblərin kimliyi daha çox I və II təsnifat mərhələsinin qaliblərindən asılı olacaq. Belə ki, reytinq xalı "Qarabağ"dan aşağı olan komandaların III təsnifat mərhələsinə vəsiqə qazanmaları Ağdam klubu üçün yaxşı şərait yaradacaq. Yəni, püşk zamanı müəyyənləşdirilən 5 potensial rəqibdən 3-cü "Qarabağ"a uyğun, qalan ikisi isə reytinq xalı yüksək olan komandalar olacaq. Bu zaman "Qarabağ"ın nisbətən zəif rəqiblə üzləşmək ehtimalı çoxalacaq. "Play-off"da isə "Qarabağ"ı əsl sınaq gözləyəcək. Bu mərhələdə "Tottenhem" (İngiltərə), "Dinamo" (Kiyev, Ukrayna), "Braqa" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Spartak" (Moskva, Rusiya), "AZ Alkmaar" (Hollandiya), "Beşiktaş" (Türkiyə) və "Genk" (Belçika) kimi komandalar "Qarabağ"a rəqib ola bilərlər. Bununla belə, "Qarabağ" klubunun digər iki komandamız - "İnter" və "Xəzər Lənkəran"a nisbətən Avroliqanın qrup mərhələsinə düşmək şansı daha böyükdür. "İnter" və "Xəzər Lənkəran"a gəlincə isə hər iki komandamızın I təsnifat mərhələsində nisbətən zəif rəqiblə qarşılaşacağı dəqiqdir. Lakin II təsnifat mərhələsində püşk komandalarımızı güclü rəqiblə üz-üzə qoya bilər. Bununla belə, "İnter" və "Xəzər Lənkəran"ın III mərhələyə adlamaq şansı mümkünsüz deyil. Hər iki komandamız üçün bu mərhələdə uyğun potensial rəqiblər də var. Məsələn, "Slovan" (Çexiya), "Belqrad" (Serbiya), "Lex", "Slask" (hər ikisi Polşa), "Şaxtyor", "Minsk" (hər ikisi Belarus), "Debrecen" (Macarıstan) və "Hayduk" (Xorvatiya) kimi komandalar "İnter" və "Xəzər Lənkəran"a rəqib ola bilər. Ancaq "İnter" və "Xəzər Lənkəran"ı III təsnifat mərhələsi və "play-off"da daha güclü rəqiblər gözləyəcək. "İnter"in son iki avrokubok mövsümündə "Lex" (Poznan, Polşa) və "Asteras Tripolis" (Yunanıstan) klublarına yalnız penaltilər seriyasında məğlub olması, "Xəzər Lənkəran"ın isə ötən mövsüm "Nomme Kalyu" (Estoniya) səddini keçməklə tarixində bir ilkə imza atması (red – “Xəzər Lənkəran” ilk dəfə olaraq avrokuboklarda mərhələ keçdi) bu iki komandamızdan da uğur gözləməyi vəd edir. Onu da qeyd edək ki, yuxarıda qeyd etdiyimiz bütün rəqiblər bir ehtimaldır. İstənilən halda, hər dörd klubumuzun Avrokuboklarda necə mübarizə aparacağı böyük maraqla gözlənilir. Biz də öz adımızdan bu mövsüm Avrokuboklarda mübarizə aparacaq bütün klublarımıza uğurlar arzulayırıq. Qeyd edək ki, Çempionlar Liqasının püşkü (I və II təsnifat mərhələsi) iyunun 24-də Bakı vaxtı ilə saat 15:00-da, Avroliqanın püşkü (I, II təsnifat məhələsi) isə saat 16:00 və 17:30-da atılacaq.
Posted on: Sat, 22 Jun 2013 11:50:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015