BİR AYƏNİN HEKAYƏTİ (30) (Sonuncu hekayətdir, dostlar, - TopicsExpress



          

BİR AYƏNİN HEKAYƏTİ (30) (Sonuncu hekayətdir, dostlar, oxumamaq günah olar:)) # EŞQ YOLU (Onun xoşuna gəlmək) “O kəslər ki, bolluqda da, qıtlıqda da ehsan edərlər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.” (Ali İmran, 134) İslam əxlaqında belə bir məsələ var; özünü tərbiyələndirmək - pis xasiyyətlərdən qurtulmaq, gözəl xasiyyətlərə sahiblənmək üçün insana iki yol təklif olunur. Birinci yol tədrici və zəhmətli yoldur. Beləki sən hər bir xasiyyətin üzərində işləməli olursan; məsələn, yalançısan və bu xasiyyəti tərk etmək istəyirsənsə özünə söz verirsən ki, önümüzdə olan 1 ay heç bir vəchlə yalan danışmayacağam. 1 ay özünü zəhmətə salır, üzərində diqqət edir və buna nail olursan. 1 ay bitəndən sonra bu müddəti 1 həftə daha, sonra 10 gün daha ...uzadırsan. (qeyd olunan müddət burada şərtidir, bu, 6 ay da, 1 il də çəkə bilər) Belə-belə, özünü aldada-aldada bir də görürsən ki, artıq düz danışmaq adət olub sənin üçün, yalan danışmaqdan utanırsan. Və yaxud, sizə başqa bir misal deyim. Məsələn, sən simicsən, əliaçıq deyilsən, amma istəyirsən ki, səxavətli olasan. Nə etmək lazımdır? Birinci metod deyir ki, ya Allah deyib, başlamalısan; özünə söz verməlisən, dişini-dişinə tutub önündəki 1 ay ərzində əliaçıqlıq edəcəksən – dostlara qonaqlıq verəcəksən, hədiyyə paylayacaqsan və s. Bunu edirsən, edirsən, ta ki, gözündəki pul-sərvət bütü qırılıb, məhv olur. Bu yolla get-gedə insan səxavətli olmaqdan zövq alır və yavaş-yavaş bu xüsusiyyəti özündə yarada bilir. Görürsünüz nə qədər məşəqqətli metoddur? Hər bir pis – yaxşı xüsusiyyətin üzərində ayrıca işləmək lazımdır. Əslində Məhərrəm, Ramazan kimi xüsusi aylar bu metod üçün çox əlverişlidir. Məsələn, hər Ramazan ayında sadəcə oruc tutmaqla kifayətlənməsən, 1 pis xüsusiyyəti tərk edib, onun yerinə 1 yaxşı xüsusiyyətə sahiblənsən, ildən ilə zənginləşir, get-gedə kamilləşirsən. Bu, özünü tərbiyələndirmək üçün 1-ci yoldur. Bu yolu bir otaqda qırılıb tökülmüş kiçik dəmir parçaları toplamağa bənzədirlər; biri stolun altındadır, biri divanın altında, biri hansısa deşiyə düşüb, biri o küncdə, biri bu küncdə...və sən bir-bir əyilə-əyilə, minbir zəhmətlə onları toplamalısan. 2-ci yol isə daha zövqlü və daha asan yoldur. Nədir bu yol? Əlbətdə ki, EŞQ yolu! İdeal birinə aşiq olursan, onun heyranına çevrilirsən, vurulursan ona, bir sözlə. Belə olan halda aftomatik olaraq ona bənzəməyə başlayırsan. Özünü ona oxşadırsan. Hətta səsinin tonu, danışığın, yerişin, gülüşün belə get-gedə ona bənzəyir. Bu yol, eşq yoludur. Rahatdır, zəhmətsizdir, niyə? Çünki ortada bir eşq var - bütün müşkülləri asan edən eşq. Sevdiyin adam üzügülər, tərbiyəli, mədəni, səxavətli...- dirsə Mövlananın dili ilə desək, eşq tərbiyə edir insanı. Sən də elə olmağa başlayırsan. Sevdiyin adam düzlükdən, səxavətdən, mədəniyyətdən ...xoşlanırsa sən onun xoşuna gəlmək üçün onun istədiyi kimi olursan. Bu, aftomatik baş verir, bunun üçün əlavə zəhmətə ehtiyac olmur! Niyə? Çünki ortada Eşq var. Maqnit var! Daha evin künc-bucağına səpələnmiş dəmir parçalarını bir-bir toplamağa ehtiyac yoxdur, eşq maqnitini tutursan, bir an içində hamısı cəzb edir. Təsəvvür edin, birinə deyəsiniz ki, səhərəcən filan küçədə filan səbəbdən oyaq qalmalısan, bəlkə də o sizi dinləyib oyaq qalacaq, amma o bunu ağır bir əzaba dözürmüş kimi edəcək. Lakin eyni adam heç kim ondan istəmədən, sevgilisinin pəncərəsi önündə gözünü qırpmadan sabahlayır, heç uf da demir. Bunu zövqlə edir, sevə-sevə edir, yorulmur, usanmır. Niyə axı? Çünki “Onun” xoşuna gəlmək, “Onun” diqqətini çəkmək var ortada, eşq var yəni. Sən bircə təpəni aşınca minbir giley-güzar, şikayət, dönə-dönə minnət edirsən, amma Fərhad dağları dəlir Şirin üçün, yorulmur, üstəlik, hələ bu nədir ki, dünyanı da dağıdaram, deyir. Niyə? Çünki o aşiqdir, sənsə... “Gər cəzbeyi-eşq olsa gətirrəm, necə gəlməz? Gər cəzbeyi-eşq olmasa, gəlsə, vecə gəlməz!” Bu, ikinci yoldur! Bu, Quranın təqdim etdiyi əsas tərbiyə üsuludur! Həmişə deyirəm, Allahla bəndə arasında münasibətlər ağa-qul münasibətləri əsasında deyil, aşiq-məşuq münasibətləri, sevgi, məhəbbət əsasında qurulmalıdır. Belə olanda bəndəçilik yorucu olmur, sevimli olur, ləzzətli olur. Belə olanda insan etdiyi əməllərdən nəyi ki, var həzz alır. Belə olan halda adicə namaz ona ağır bir yük kimi görünmür. Orucluq ayının yaxınlaşdığını eşidəndə “vay dədə, yenə ac qalacağıq?” -demir. Deyirsə demək eşq yoxdur, quru ibadətdir. Belə ibadət onu xilas edə biləcəkmi?!...Siz gedin Quranın insanları islah etmə üsuluna baxın, Allah heç kəsi asıb-kəsmir, sadəcə sevgisi ilə cəlb edir, şirnikləndirir, sevməməsi ilə hədələyir: “...Allah təcavüzkarları sevmir!” (Bəqərə, 190) “...Allah tövbəkarlar və pakları sevir!” (Bəqərə, 222) “...Allah zalımları sevmir!” (Ali-İmran, 57) “...Allah məsuliyyətli insanları sevir!” (Ali-İmran, 76) “...Allah səbirliləri sevir!” (Ali-İmran, 146) “...Allah insaflıları sevir!” (Maidə, 42) “...Allah israfçılları sevmir!” (Ənam, 141) Bəli, Allah öz bəndəsini sevgi əsasında islah etməyə çalışır, qorxu əsasında deyil! Ən kamil islah bu tip islahdır! Yetgin insanın islahı bu yolla olur. Amma təbii ki, insanlar hamısı eyni deyil, eşq yolu ilə islah olmayanlar da var, məhəbbətdən anlamayanlar da var. Şeytana uyub, Allah sevgisindən uzaqlaşanlar da olur. Məhz buna görə bəzi məqamlarda Allah bəndələrini cəhənnəmlə qorxudur. Məhz bu yerdə qorxudaraq islah etmək zərurəti doğur. Kamil insan Allaha bəndəliyi Cəhənnəmdən qorxduğu üçün etmir, onu sevdiyi üçün edir. Ona görə, o bu bəndəliyini sevir, bununla fəxr edir. Necə ki, imam Əli (ə) bir münacatında deyirdi: “Mənə fəxr etmək üçün bu bəs edər ki, sənə bəndə olum!” Bu bəndəlik yorucu deyil, sevimlidir, qürur vericidir, şərəflidir! Hər şey bu qədər sadə və bəsitdir əslində. Onun bəndəsi olmaqdan, Onun dediyi kimi olmaqdan yorulursan? Gileylənirsən? Bezirsən?...Bircə səbəb var: Çünki aşiq deyilsən! Özümüzü bu əsasda tərbiyə etməliyik: Bundan Yaradanımızın (yarımızın) xoşu gəlir, ondan gəlmir. Əgər Yaradanımın istəyi mənim ildə bir ay oruc tutmağım, ac qalmağımdırsa mən bunu sevə-sevə, xüsusi zövqlə edərəm, niyə etməyim ki? Ömründə heç olmasa bir dəfə aşiq olan mənim nə dediyimi daha dəqiq anlayar; sevgilinin şer dinləməkdən hədsiz xoşu gəlir, inan ki, təkcə bunu hiss etmək səni şair edə bilər. Eşqin gücüdür bu. Olar! Sevgilinin sakit adamdan xoşu gəlir, bundan xəbərdar olan gündən lal olarsan, dilini udarsan. Sevgilinin uzunboylu insandan xoşu gəlir, hə, bax, bu zaman elə üzülərsən ki, uzunboylu olmadığın üçün elə dərd çəkərsən ki. Çünki bəzi düzəlişlər sənin əlində olmaz! Sən boyunu uzada bilməzsən, məsələn. Ona görə də Ulu Yaradanın bəndəsinə sevgisi onun dəyişə bilməyəcəyi imtiyazlar əsasında deyil. Allah qatında imtiyaz bu deyil ki, sən hansı irqdənsən, kimin övladısan, hansı dildə danışırsan və s. Allahın sevdikləri bayaq yuxarıda qeyd etdiyim ayələrdə yazılanlar kimi şeylərdir. Allah insaflı insanı sevir, millətindən, sərvətindən, dərisinin rəngindən, dilindən asılı olmayaraq. Allah səxavətli insanı sevir, kimin oğlu olmasından asılı olmayaraq... Bir qüdsi hədisdə keçir ki, sevgidolu Rəbbimiz belə deyir: “Məni tanıyan, hökmən məni sevəcək!” Allaha - o bütün gözəlliklərin mənbəyi olan qüvvəyə aşiq deyiliksə, onu yetərincə tanımırıq deməkdir! Onu bizə düzgün tanıtmayıblar, asan-kəsən Allah olaraq tanıdıblar. Sevgisiz, quru və qəddar bir varlıq kimi təqdim ediblər. Yadıma düşmüşkən, deyim; ustadım mənə danışırdı ki, biz mübarək aylarda insanları dinə dəvət etmək üçün müxtəlif şəhərlərə ezam olunanda ustadımızın bizə etdiyi tövsiyə belə olurdu: “oğullarım, Allahı sizə tapşırıram!” Elə bilərdik ki, ustad çaşıb, təəccüb edər, soruşardıq: Necə yəni Allahı bizə tapşırırsınız, ustad, bəlkə sizi Allaha tapşırıram demək istədiniz?! Ustad cavab verərdi, xeyir, çaşmamışam, mən Allahı sizə tapşırıram, çünki insanlara Allahı tanıdan siz olacaqsınız, onu sevdirmək də, söydürməkdə sizdən asılıdır! Allahı sizə ona görə tapşırıram ki, diqqətli olasınız, onu insanlara olduğu kimi tanıdasınız. “O kəslər ki, bolluqda da, qıtlıqda da ehsan edərlər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.” Nədir bu ayənin bizə olan HEKAYƏTİ? Ayənin bizə olan bir hekayəti budur ki, ey insanlar, ehsanın əhatə dairəsi siz düşündüyünüzdən çox daha genişdir! Ehsan etmək sadəcə yeyib-içmək, plov, dolma, qatıq paylamaq deyil. Ehsanın dairəsi çox genişdir; məsələn, qəzəbi udmaq da ehsandır, insanların xətasını əfv etmək də bir növ ehsandır! Əfv etməyi bacarmaq ən böyük ehsandır! Bugünümüz üçün böyük bir hekayətdir bu hekayət. Biz bir-birimizi əfv edə bilmirik. Çox aqressiv olmuşuq. Çox səbirsiz olmuşuq. Sən hansı dövrdə qalmısan?! Əfv nədir?! O artıq arxaik sözlər qurupuna aiddir... Heç kim heç kimin xətasını bağışlaya bilmir. Alimindən tutmuş, çobanına kimi, hər kəs əzazil olub bu gün. Elə dindarlar olsun, onlar bu baxımdan daha betər vəziyyətdədirlər. Sosial şəbəkələrdə əxlaq polisləri kimi pusquda dayanıblar sanki. Bircə xəta edən kimi hücum çəkəcəklər üstünə, asacaqlar, kəsəcəklər, doymayıb, Cəhənnəmlik də edəcəklər səni. Amma baxın, onların dini belə demir. Bizim dinimiz belə demir. Allah insanların xətasını əfv edənləri sevir deyir dinimiz. Dostlar, etika – estetika qaydalarında “empati” anlayışı var, (bu haqda xüsusi bir hekayət yazacaqdım, heyif ki, fürsət olmadı) nədir empati? Özünü qarşı tərəfin yerinə qoymaq. Amerikalı məşhur natiq Deyl Karneginin dili ilə desək, Özünüzü digər insanın yerinə qoyub, sizə yox, məhz ona nə lazım olduğunu dərk etməkdir empati. Karnegi iddia edirdi ki, əgər bunu edə bilsəniz, bütün dünya sizin tərəfinizdə olacaq! Biz dindarlar niyə insanları cəlb edə bilmirik, nə üçün tək-tənha qalmışıq, çünki empatimiz yoxdur; tələbimiz budur ki, biz anladığımızı hər kəs anlamalıdır! Axı hər kəs sənin kimi inanclı ailədə böyüməyib, illərlə din təhsili almayıb. Axı onun böyüdüyü mühütə bir bax, axı onun ətrafına bir bax, özünü onun yerinə qoy, bəlkə də onun yerində olsaydın sən ondan da pis vəziyyətdə olardın. Bir bax, nə az, nə çox, düz 70 il Sovetin ateizm təbliğatının amansız zərbələri altından çıxmış xalqdan sənin tələbinin tonu insaflıdırmı?!... İmam Hüseyn (ə) Aşurada insanları ona görə o tonda qınaya bilirdi ki, onlar babası peyğəmbərin (ə), atası imam Əlinin (ə) qardaşı imam Həsənin (ə) səhabələri idilər. Bu dahiliyin fövqündə dayanan insanların zamanında yaşamışdılar, onların təlimləri eşitmişdilər. Belə bir haqlı qınaq var idi: Niyə arxa çevirirsiniz, niyə özünüzü bilməzliyə vurursunuz, axı siz bilirsiniz! Amma... o boyda Sovetin zor tətbiq edərək dini yox etməyə çalışmasına, akademik səviyyədə atezimin geniş təbliğatına baxmayaraq bacardığı qədər öz inancını, dini ayinlərini qoruyub saxlaya bilən bir xalqa ilk öncə təşəkkür düşür, qınaq deyil! Ayənin bizə olan Hekayəti budur! Sonsuz qüdrətə sahib olan Allah belə, insanları sevgi yolu ilə tərbiyə etmək istəyir. Yaxşılıq edin, deyir, “Allah yaxşılıq edənləri sevir!” Sevdiyin üçün etdiyin yaxşılıq Allah üçün daha qiymətlidir, məcburiyyətdən və zərurətdən doğan deyil. Məsələn, elə götürək əfv etməyi. Hədislərdə keçir ki, “Əsl əfv, qüdrət məqamında olan əfvdir!” Necə yəni? Məsələn, yolla gedirsən, təksən, görürsən ki, yolun kənarında 7-8 nəfər idmançı, gözüqanlı, qoluzorlu oğlanlar dayanıb və səni təhqir edirlər. Sən də nə edirsən? Nə isə, deyib, guya onları “əfv” edirsən. “Böyüklük” edib, bağışlayırsan onları, fikir vermirsən. Bağışlamayıb nə edəcəkdin ki? Kim heçnə üstündə ölmək istəyər axı? Bir də var, məsələn, siz 7-8 nəfərsiniz, deyib—gülə-gülə gəlirsiniz, qəfildən çəlimsizin biri çıxıb sizi təhqir edir. İnsandı də, xəta edir, çaşır. Həə, bax, burda bilinəcək siz nə boydasınız? Hərəniz çəmi bir yumruq vursanız tik-tikə olar o yazıq. Bu halda bağışlamaq “qüdrət məqamında” bağışlamaqdır və əsl əfv məhz budur! Bu zaman “Rəbbim bağışlayanları sevir!” deyib onu əfv etsəniz, onu yola versəniz ki, getsin, belə əfv Allah üçün çox qiymətlidir! Çünki sevgi əsasında olan əfvdir, çarəsizlikdən olan deyil. Ayə bunu demək istəyir bizə: özünüzü, əməllərinizi sevgi əsasında tənzimləyin, belə olan halda yorulmayacaqsınız, belə olan halda ən çətin əməl belə sizə asan görünəcək, belə olan təqdirdə həyatınız mənalı olacaq. Gileyinizin, şikayətinizin əsas səbəbi sevgisizliyinizdir! Heç görmüsünüz ki, oğlan şikayət eyləsin, bu qız məni gecələr yatmağa qoymur deyə ondan ayrıldım? Heç görmüsünüz ki, oğlan desin ki, ay Allah, mən bu qızı sevə bilmərəm e, gör hələ onların evləri nə uzaqda yerləşir, necə gedib gələcəyəm onların məhləsinə? Sevgi olan halda bütün bu giley-güzarlar yoxa çıxır, hətta oğlan fəxr edir ki, mən qarlı dağlar aşaraq gəlmişəm sevgilimin görüşünə. Onun yolunda nəsə bir əziyyət çəkmişəm. Demək, çarə Eşqdir! Rəbbimizi, bizi yoxdan var edən o ulu qüdrəti, bizi yaşatmaq istəyən, bizə ehsan etmək istəyən o misilsiz varlığı sevək, aşiq olaq ona, ruhuzu verək ona... ”Biz onununuq və onun hüzuruna qayıtmaqdayıq!” (Bəqərə, 156) Sevgi, sevgi, yenə də sevgi! İlqar Kamil.
Posted on: Fri, 21 Jun 2013 07:58:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015