Bəxşişlə milyoner olan peşə - TopicsExpress



          

Bəxşişlə milyoner olan peşə sahibləri ------------------------------------------------------- Bir gündə bir aylıq məvacib qazananlar kimlərdir? BiG.Az Movqe.az-a əsasən xəbəer verir ki, Azərbaycanda ən gəlirli peşə sahiblərinin siyahısı müəyyənləşib. Aşpazlar, ofisiantlar, dərzilər, artistlər və gül mağazası satıcılarının məvacibdən əlavə qazandıqları bir sərvətmiş. Sərvət sözü bir az mübaliğə kimi görünə bilər, amma onların gündəlik qazancı hətta orta aylıq məvacibi də geridə qoyur. Dərzi bir gəlin paltarına görə 10 min dollar qazanır Mir 24 kanalının apardığı araşdırmaya görə, orta azərbaycanlının bəxşiş siyasətinin arxasında maraqlı bir tezis dayanır. Belə ki, insanlarımız gizlətdiyini öldürərsən, payladığın isə sənə geri qayıdar deyə düşünür. Yəni azərbaycanlılar xəsisliyin adama vuracağı ziyanı daha böyük hesab edir, nəinki əliaçıqlığı. Şəxsi zövq üçün azərbaycanlılar çox rahatlıqla pul səpələyə bilərlər. Amma çayevoy (bəxşiş) qazanmaq üçün öz işinin ustası olmalısan. Keçmişdə olduğu kimi, indi də dərzilər ən çox gəlir əldə edən peşə sahibləridir. Məsələn, kanalın müsahiblərindən olan Aydan Ağayeva toy paltarları tikən dərzidir. Səxavətli müştərilərin bəxşişləri qarşılığında onların bütün kaprizlərini yerinə yetirməyə hazırdır. Adətən toy paltarları üçün 5 min dollardan artıq almır. Yox, müştəri toyuna cəmi bir neçə gün qalmış əl-ayağa düşübsə, bu zaman təcili iş üçün dərziyə 10 min dollar ödəməlidir. Yaxşı rəqs elə, bir gecədə 1000 dolların olsun Oksana Rəsulova da restoranlarda hind mahnıları sədaları altında rəqs edən rəqqasədir. Bütün artistlər kimi o da bir gecədə bir neçə şou proqramlarda iştirak etməyə çalışır. Bir gecəlik çıxışlarına görə rəqqasə 1000 dollara yaxın pul qazanır. Gül mağazası satıcılarının üzü də zaman-zaman səxavətli müştərilərin sayəsində gülür. Sevdiyi qadına ən orijinal buketi hazırladan kişilər məmnun qalanda 100 dollara yaxın pul ödəyir. Müğənnilər və ofisiantlar da bəxşişlərə görə çox qazananların siyahısında yer alır. Daha çox musiqiçilərə yaxşı ifaya görə bəxşiş verənlər kişilər olsa da, son vaxtlar bu siyahıya qadın müştərilər də əlavə olunub. Restoranın daimi müştərilərindən olan qadın respondentlərindən biri deyib ki, ona xüsusi diqqət və qulluq göstəriləndə xoşuna gəlir. Buna görə də ofisianta yaxşı qulluğa, müğənniyə yaxşı ifaya görə bəxşiş vermək istəyir. Qurmanların dostu aşpazlardır Bəxşiş sektoru sayəsində modelyerlər, artistlərlə yanaşı, aşpaz və ofisiantlar da yaxşı qazanır. Məhz onlar gündəlik heç də təvazökar olmayan pullar qazanır. Bu isə onunla izah edilir ki, kafe və restoranların müştəri kontingenti gerçək qurmanlardır. Onlar nəfis hazırlanmış bir yeməyə görə səxavətlə pul ödəyir. Bu da şərq mentalitetinə məxsus cəhətdir. Ən ağır iş - poçtalyon... Dünyada isə mənzərə tamam fərqlidir. Məsələn, ABŞ-ın ən böyük iş axtarma portallarından biri olan careercast son illərin ən yaxşı və ən pis peşələrini müəyyən edib. Amma bu il siyahıda adətən ən yaxşılar siyahısında görməyə adət etdiyimiz peşələr, demək olar ki, yoxdur. İqtisadi böhranı, ixtisarları nəzərə alaraq hazırlanan siyahıya bu dəfə həm geniş kütləni əhatə edən, həm sağlamlığı riskə atmayan, az stressli, yaxşı iş şəraiti, müntəzəm gəlir gətirən və böyümə potensialı olan işlər daxil olub. Belə ki, bu ilin ən yaxşı işi kimi sığorta mütəxəssisi seçilib. Daha az fiziki güc, az stressli olması və yaxşı iş şəraiti olduğu üçün bu iş yeri birinci olub. Növbəti yerlərdə isə kompüter mühəndisi, bioloq, tarixçi, riyaziyyatçı, vəkil köməkçisi, mühasib, diş həkimi kimi peşələr gəlir. Portalın ən yorucu və ağır peşə kimi seçdiyi iş gəmiçilikdir. Buna səbəb bu peşə sahiblərinin çox tez yuxudan durması, gündə 12 saata yaxın iş vaxtı, təhlükəli iş şəraiti, şəxsi həyata vaxt ayırmamaq imkanı, fiziki güc tələb etməsi və illik gəlirin az olmasıdır. İlk üçlükdə isə odunçu və dəmirçi peşəsi yerləşir. Ən ağır işlər siyahısında sağıcı, qaynaqçı, zibilyığan, taksi sürücüsü, inşaat işçisi, santexnik, poçtalyon və digər peşələr var. Kompüteri bilmək ildə adama 85 min dollar qazandırır Maraqlıdır, bəs bir çox sahələrin reytinq mütəxəssisi Forbes jurnalı nə deyir? Əmək bazarında ən tələbli və tələbsiz olan peşələrin onluğunu hazırlayan jurnal yazıb ki, gözlənilmədən Top-10a sosial və sığorta şirkətləri üçün zərər və konpensasiyaların hesablanması ilə məşğul olan aktuarist sənəti rəhbərlik edib. Bu peşə iş yerləri ildə 85 min dollar məbləğində orta gəlir, minimum stress səviyyəsi vəd edir. Lazımlı işlərin üçlüyünə, həmçinin proqram təminatçısı mühəndisi və kompüter sistemləri üzrə analitik də daxildir. Onlara ildə müvafiq olaraq 85 və 76 min dollar gəlir vəd olunur. Tələb olunan peşələr içərisində habelə bioloqlar, riyaziyyatçılar, mühasiblər, stomatoloqlar, statistiklər və vəkillər də yer alıb. Heç gözlənilmədən onluğu tarixçi sənəti bitirib. Ən tələb olunmayan peşələr siyahısına isə daha çox işçi qüvvəsi kimi baxılan peşə sahibləri daxil edilib. Siyahıda birinci yeri neftayırma zavodunun işçisi tutub. Onun işi kifayət qədər rahatlıqdan uzaq, riskli, əsəbli və az gəlirlidir. Buna görə də ekspertlər bu ildə belə iş yerlərini azalacağını güman edirlər. Bu peşələr bizdə populyar olsa... Keçək nisbətən sadə olanlarına. Orta yaşam səviyyəsinin az qala problem olduğu bu günlərdə fiziki müalicə mütəxəssisləri də əldə çıraqla axtarılanlardır. Fikir vermisinizsə, elə ölkəmizdə professional masajçı qıtlığı ilə üzləşirik. Psixoloqlar da Azərbaycanın Axilles dabanı sayılır. Təəssüf ki, günümüz insanının əsəb, psixoloji problemlərlə çarpışdığı zəmanədə bu sahədə boşluq özünü göstərir. Terapiya mərkəzləri, ailə psixoloqu kimi mütəxəssislər barmaqla sayılacaq qədərdir. İnternet qəzetçiliyi son 5 ildə artan sürətlə inkişaf etsə də, bunun özəlliyini, dərinliyini bilənlərin sayı azlıq təşkil edir. Yeni qəzetçilikdə çalışmaq istəyənlər üçün, təəssüf ki, Azərbaycanda təhsil verən yoxdur. Onlar bu sahəni kustar üsullarla, təcrübədə öyrənə bilirlər. Hazırda ölkəmizdə restoran, turizm sektorunun da inkişaf etdiyini nəzərə alanda bu sahənin mütəxəssisləri azlıq təşkil edir. Bir çox məkanlar professional izi ilə xarici ölkələrə üz tutur və bəzən də istəmədikləri sonuncla qarşılaşmalı olurlar. Xatırladaq ki, gözəllik salonlarında professional vizajist, saç ustası, kosmetoloqlara da ehtiyac duyulur. Hər tində bir salonun açılmasına baxmayaraq, bunu kustar üsullarla edənlər çoxdur. Amma Azərbaycanda professional, işinin əhli olan ustalar həftədə ən azı 400-500 manat qazanır. Bu halda qırmızı diplomlu, amma işsiz mühəndis olmaqdansa, professional saç ustası olmaq daha məsləhətli deyilmi? Yaxın illərdə bizi gözləyəcək təhlükələr isə bəzi məsləklər üçün də risk əmsalı sayılır. Məsələn, bu günə qədər aparılan bütün araşdırmalar robotların fəaliyyəti nəticəsində bir çox sahələrdə işçiliyin sıfır səviyyəsinə enəcəyini göstərir. Xüsusən də inkişaf etməmiş ölkələrdə kütləvi halda işsizlik yaranacaq. Bu yaxınlarda xarici mətbuatda oxuduğum bir xəbərə görə, amerikalı fermerlər lazımi araşdırmanı həyata keçirib, meyvə toplayan iki robot üçün sifariş veriblər. Bu robotlardan biri meyvə bağçasında meyvələrin xəritəsini və yetişmə səviyyəsi, böyüklüyü kimi məlumatları toplayacaq. İkincisi isə bu məlumatları toplayıb, bir insan əli həssaslığı ilə meyvələri toplayacaq. İlkin mərhələdə portağal, alma kimi meyvələr nəzərdə tutulub, amma gilas kimi həssas meyvələr üçün də çalışmalar başlanıb. Bundan başqa, yaxın 10-15 ildə bir çox sektorlarda evdən işləmə sistemi populyar olacaq. Artıq bəzi iş yerlərinin evə daşınması reallığını nəzərə alanda - söhbət komanda işinə ehtiyac olmayan sahələrdən gedir - bu gözlənti o qədər də irreal sayılmır. Xarici firmalar sürətlə evdən işləmə sisteminə keçməyə hazırlaşır. Bununla da şirkətlər öz büdcələrində qənaət edirlər. --- Müəllif: R788 ................................................................ BiG.Az - Böyük Sayt
Posted on: Fri, 22 Nov 2013 09:58:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015