Elman Rüstəmovla Elşad Nəsirovun böyük layihəsi iflas - TopicsExpress



          

Elman Rüstəmovla Elşad Nəsirovun böyük layihəsi iflas həddində Yaxud ARDNŞ vitse-prezidentinin kürəkəni Azərbaycanın şahmat komandasını necə dağıdıb... Azərbaycan 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışlarına və 2016-cı il Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Prezident İlham Əliyev bu mötəbər turnirlərin təşkilatçılığının yüksək səviyyədə olması üçün bu ilin fevralında müvafiq sərəncam da imzalayıb. 2015-ci ildə şahmat üzrə Dünya Kuboku və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi də yaradılıb. Sədri Azərbaycanın baş nazirinin I müavini Yaqub Eyyubov olan Təşkilat Komitəsinə gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Bankın sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısıHacıbala Abutalıbov, xarici işlər naziri Elmar Məmmədyarov, daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, səhiyyə naziri Oqtay Şirəliyev və bir çox digər nazirlik və komitələrin rəhbərləri daxildir. Təşkilat Komitəsinin tərkibinin bu sanbalından da görünür ki, Azərbaycan dövləti bu mötəbər turnirlərə ciddi yanaşır və təbii olaraq milli komandamızdan da uğur gözləyir. Azərbaycanda şahmatın ənənəsinin və istedadlı şahmatçılarımızın olduğunu nəzərə alsaq, ölkəmizdə keçiriləcək Dünya Kuboku və Şahmat Olimpiadasından uğur gözləməyə haqqımız və əsasımız da var. Elə dövlət başçısının da xüsusən Azərbaycanda bünövrəsi olan idman növlərində uğurlu nəticələr istəməsi başadüşüləndir. Bunu yəqin ki, Azərbaycan Şahmat Federasiyası və onun prezidenti, Mərkəzi Bankın sədri Elman Rüstəmov da bilməmiş olmaz. Təbii ki, uğur əldə etmək üçün Azərbaycan hər iki böyük yarışa çox güclü komanda buraxmalıdır. Amma hazırda bundan nəinki əsər-əlamət, ortada ümumiyyətlə komanda yoxdur. Virtualaz.org-un araşdırması zamanı bununla bağlı maraqlı faktlar üzə çıxıb. Azərbaycan şahmatının lideri kimdir? Dünya Kubokuna il yarım, olimpiadaya isə iki il yarım qalıb. Bu, şahmat yarışlarının keçirilməsi, təşkilati işlər üçün az zaman deyil. Ancaq şahmat komandasının yaradılması üçün demək olar ki, vaxt yoxdur. Paradoksdur, amma reallıqdır - Azərbaycanda artıq şahmat komandası yoxdur, daha doğrusu, bu komanda dağınıq durumdadır. Bunun da əsas günahkarı şahmatçı Teymur Rəcəbovdur. Yəhudi əsilli bu şahmatçı həmişə elit təbəqənin diqqət və qayğı mərkəzində olub. Bu da onda xudpəsəndlik, başqa idmançılara “fərqli” münasibət, qısqanc yanaşma formalaşdırıb. T.Rəcəbov şahmat yığmasında özünü həmişə “xüsusi imtiyazlı şəxs”, “toxunulmaz müqəddəs” kimi aparıb. Ona göstərilən diqqət və qayğı digər şahmatçılarımıza şamil olunmayıb. Maraqlıdır ki, Teymur Rəcəbov ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun qızı ilə ailə həyatı qurandan sonra Azərbaycan dövlətinin onun üçün ayırdığı vəsaitin həcmi qəfildən sürətlə artmağa başladı. Təkcə bir faktı xatırladaq. Bu yaxınlarda Londonda dünya şahmat tacına iddiaçıların turniri keçirildi. Azərbaycanın heç bir şahmatçısı o turnirə vəsiqə əldə edə bilməmişdi. Amma ARDNŞ Londondakı turnirin əsas sponsorluğunu öz üzərinə götürüncə və buna 10 milyon dollar (Azərbaycan xalqının cibindən!) vəsait ayırınca turnirin təşkilatçısı olan Beynəlxalq Şahmat Federasiyası (FİDE) Teymur Rəcəbovu “qəflətən” turnirə buraxdı. Rəcəbov isə həmin turnirdə sonuncu yeri tutdu və... 10 milyon dolları da batırdı. Azərbaycan dilində danışmağı özünə ar bilən Teymur Rəcəbov sadə azərbaycanlı ailəsindən çıxmış elit şahmatçılarımız Şəhriyar Məmmədyarov və Vüqar Həşimovla həmişə münaqişə yaşayıb. O, əvvəllər V.Həşimovla ümumiyyətlə yola getmirdi. Hazırda xəstəliyi ilə əlaqədər müalicə olunan, şahmatla məşğul olmayan V.Həşimov yarışlarda çıxış etmədiyindən Teymur Rəcəbov Şumqayıt şahmat məktəbinin yetirməsi Şəhriyar Məmmədyarovla “döyüşür”. Bu da səbəbsiz deyil. Teymur Rəcəbovdan fərqli olaraq Şəhriyar Məmmədyarov son bir ayda üç nüfuzlu turnirdə iştirak edib və hər üçündə böyük uğura imza atıb. O, əvvəlcə Rusiyanın Xantı-Mansiysk şəhərində sürətli şahmat üzrə dünya çempionu adını qazandı. Təbii ki, bu, böyük uğur idi. Ancaq Azərbaycan şahmatına vəsait ayıran oliqarxlar bu uğura olduqca biganə münasibət göstərdilər. Teymur Rəcəbov eyni uğura imza atsaydı, yəqin ki, tam fərqli mənzərə ilə üzləşərdik. Ardınca Şəhriyar Məmmədyarov Mixail Talın xatirə turnirində 3-cü yeri tutdu. Sonra isə İsveçrənin Cenevrə şəhərində keçirilən sürətli şahmat üzrə superturnirdə birinciliyi qazandı. Bir ayda üç nüfuzlu turnirdə uğur qazanmaq adi məsələ deyil. Artıq hər kəsə aydındır ki, Azərbaycan şahmatının real lideri Teymur Rəcəbov yox, digər şahmatçılarımız, indiki halda Şəhriyar Məmmədyarovdur. Amma nə Rəcəbov, nə də ona himayədarlıq edən Elman Rüstəmovla Elşad Nəsirov bu faktı qəbul etmək fikrində deyillər. Teymur Rəcəbov Berdik Balqabayevə nə yazıb? Şahmat üzrə Azərbaycan milli komandası T.Rəcəbovun şəxsi istəkləri və “imtiyazlı statusu” sayəsində demək olar ki, tam dağılıb. Bunu “SOCAR-Azərbaycan” şahmat klubunun kapitanı, olimpiya çempionu Vladimir Tukmakov da təsdiqləyir: “Azərbaycanlıların əsas məqsədi 2016-cı il Şahmat Olimpiadasında yaxşı nəticə göstərməkdir. Ancaq bu komanda ilə yüksək yerlər uğrunda mübarizə aparmaq çox çətindir”. Göründüyü kimi, Tukmakov durumun faciəvi olduğunu bildirib. Faciəni yaradan isə ağlı kəsəndən dövlət tərəfindən “elitar nərdivanlar”da dolaşan Rəcəbovun Sumqayıtdan çıxan orta imkanlı Məmmədyarovun uğurlarını həzm edə bilməməsidir. Rəcəbov digər istedadlı şahmatçılara qısqanc münasibətini beynəlxalq aləmdə də açıq-aşkar ortaya qoyur. Faktlara baxaq. Qeyd etdiyimiz kimi, Ş.Məmmədyarov iyunun 8-də Rusiyanın Xantı-Mansiysk şəhərində sürətli şahmat üzrə dünya çempionu adını qazandı. Sözsüz ki, bu, Azərbaycan üçün böyük uğurlardan biri idi və ona sadəcə sevinmək qalırdı. Ancaq Ş.Məmmədyarovun bu uğurundan bir gün sonra Rəcəbov özünün Twitter səhifəsində bu çempionluğu qəbul etmədiyini bildirdi. Onun FİDE prezidentinin köməkçisi Berdik Balqabayevlə yazışmasının mətnini olduğu kimi təqdim edirik: Teymur Rəcəbov: “Bütün həmkarlarıma böyük sayğım olsa da deməliyəm ki, Xantı-Mansiyskdəki turnir dünya çempionatı statusunu daşımağa layiq deyil. İştirakçılar arasında “ilk onluq”dan cəmi iki nəfər var. Ümid edirəm ki, gələn dəfə bütün lider şahmatçılar oynayacaq və bu yarış əsl dünya çempionatı adına layiq olacaq. Doğrudur, bu dəfə də top-şahmatçılar dəvət olunmuşdu, ancaq şərtlər əksəriyyətini qane etmədi”. Berdik Balqabayev: “Siz və bəzi həmkarlarınız gəlmədiyinə görə iştirakçılar günahkar deyil”. T.Rəcəbov: “Təbii ki. Fikirlərimi yaxşı oxudunuzsa, mən heç kimi günahlandırmadım. Digər tərəfdən, şərait əl versəydi, mən özüm də iştirak edərdim. Ancaq hər halda Karlsen, Aronyan, Anand, Kramnik bunu etməyəcəkdilər. Top-oyunçuları cəlb etmək üçün hansısa addımlar atılmalı idi”. B.Balqabayev: “Havayı aviabiletlər və lüks nömrələrdə yaşayış. Gözəl şəhər və oyun zalı. Daha nə gözləyirdiniz? Bəlkə məsləhət verəsiniz?” T.Rəcəbov: “Hər şeydən öncə İsveçrə sistemi bu cür turnirlər üçün heç də yaxşı variant deyil. Eyni zamanda top-oyunçular təmin olunmuş mükafat almalıdır. Heç olmasa, “ilk beşlik”. “İlk beşlik” iştirak etsə, bu, digərləri üçün də stimul olacaq”. B.Balqabayev: “Unutmayın ki, bu, rəsmi çempionatdır. Mükafat təminatı üçün çoxlu özəl yarışlar var”... Zənnimizcə, artıq şərhə ehtiyac yoxdur. Teymur Rəcəbov Azərbaycanı təmsil edən komanda yoldaşı olan Ş.Məmmədyarovu dünya çempionu olması münasibətilə nəinki təbrik etməyib, hətta əksinə, onun qələbəsini aşağılamaq, kiçiltmək yolunu tutub. Oliqarxların himayəsində olan T.Rəsəbovun sadə azərbaycanlı ailəsindən çıxmış Ş.Məmmədyarova paxıllıq etməsinin adı nədi? Məmmədyarovun uğuru Azərbaycanın uğurudur. Əslində Rəcəbov bununla təkcə Məmmədyarova paxıllıq etmir, həm də Azərbaycanın şahmat komandasının dağılmasına və uğursuzluğa düçar olmasına əsas yaradır. Hər cür şərait və imtiyazın qarşılığında Azərbaycana belə münasibətə nə ad vermək olar? Bunun adı qəsd deyilsə, nədir? Görəsən, Elman Rüstəmovla Elşad Nəsirov Azərbaycanın vəsatini kimin yolunda sərf etdiklərinin fərqindədirmi? Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Teymur Rəcəbovun belə davranışından narahat olmalıdır. Yoxsa milyonlarla vəsaitin müqabilində Azərbaycanda keçiriləcək mötəbər turnirlərdə uğursuzluq olsa, buna görə kimlərsə cavab verməli olacaq. Həmin kimsələr isə hər halda göz önündədir... Virtualaz.org
Posted on: Tue, 02 Jul 2013 06:40:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015