Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ problemində əsas - TopicsExpress



          

Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ problemində əsas faktor: Rusiya Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi öz həllini tapmayaraq, prosesdə sürdürülən uğursuz sülh danışıqları, tədricən öz yerini müharibə ritorikasına verir. Bəs görəsən bu prosesin bu səviyyədə qalmasının əsl səbəbi nədir? Bu danışıqlar nədən 20 ildən artıq bir müddət ərzində davam etdi və bu gün də, bu torpaqların azad olunması kontekstində hansısa irəliləyişə nail olunmayıb? Doğurdanmı Azərbaycan hərbi cəhətdən dəfələrlə ondan geri qalan, iqtisadi cəhətdən isə tənəzzül yaşayan, aclıq və səfalət içərisində boğulan Ermənistan ilə hər hansı bir dil tapmayaraq, öz ərazi bütövlüyünü həlledici və daha kəskin variant olan müharibə yolu ilə azad etməkdə çətinlik çəkib? Sualların qoyulması nə qədər asandırsa, təssüf ki, ona cavabın axtarılması da bir o qədər çətindir. Niyə və nə üçün? Səbəb nədir? Ərazi bütövlüyünün təmin oluna bilməməsinin arxa planında nə dayanır? Azərbaycanın gündən-günə artan gücü fonunda, aparılan sülh danışıqlarında nədən irəliləyiş yoxdur? Bu yazıda əslində bu suallara cavab axtarılmağa çalışılacaq. Doğrudur, rəsmi Yerevan işğalıçı siyasət və aqressivlik, habelə qeyri konstruktivlik nümayiş etdirərək durumu daha da çıxlmaz vəziyyətdə saxlayır. Digər tərəfdən danışıqlar prosesini pozan addımların atılması, habelə beynəlxalq güclərə erməni diaspora qrumları vasitəsilə təsirin göstərilməsi də, məlum məsələyə bu və ya digər dərəcədə öz təsirini göstərir. Ancaq, bütün bunlara baxmayaraq, sadalanan bu kim faktorlar bu prosesin yubanmasında əsas amil ola bilməz. Çünki, bu gün, hətta 5 il bundan öncə də, güclü Azərbaycan ordusu və güclü Azərbaycan iqtisadiyyatı var idi və bu gün də vardır. Bəs onda nə? hansı faktor? Bir çox qərb, rus, yerli analitiklərin fikrincə əslində Qarabağ probleminin bu həddə və ya bu səviyyədə qalmasında əsas faktor Rusiya faktorudur. Çünki, Rusiya Cənubi Qafqazda öz maraqlarının tapdanması ilə heç vəchlə barışmaq istəmir. Çünki, Rusiya Cənubi Qafqazda ondan icazəsiz hər hansı bir addımın atılmasını razı deyil. Çünki, müstəqil Cənubi Qafqaz amili Rusiyanın qlobal maraqlarına bu və ya digər dərəcədə mənfi təsir göstərir. Təsadüfü deyildir ki, bu amil rus siyasətçi və bilim adamları tərəfindən də dəfələrlə təsdiqlənmiş, məsələnin əsl mahiyyəti ilə bağlı müəyyən analizlər aparılmışdır. Digər tərəfdən bəzi analitiklərin fikrincə Rusiyanın bır sıra siyasi-hərbi dairələri, habelə prezidentləri tərəfindən verilən açıqlamalar da, həlli yubadılan bu məslədə Rusiya faktorunun daha qabarıq olduğunu ortaya qoymaqdadır. Nümunə olaraq qeyd edək ki, Rusiya-Gürcüstan müharibəsinin üçüncü ildönümü ərəfəsində hələ o zamankı Rusiya prezidenti Dmitri Medvedev, “Russia today” telekanalı, “Exo Moskvı” radiostansiyası və Gürcüstanın “PİK” televiziyasına müsahibə verərkən Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş və o, orada açıq-aşkar bildirmişdir ki, Gürcüstan müharibəsi Azərbaycan və Ermənistana dərs oldu. Sitat: “Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan beş günlük müharibədən sonra Soçiyə gəlmişdilər. Mən onlara dedim ki, 5 günlük müharibədənsə, Qarabağın taleyinin necə olacağı, orada referendumun keçirilib-keçirilməyəcəyi, sülh sazişinin necə olacağı haqda s o n s u z şəkildə danışıqlar aparmaq daha yaxşıdır....” Maraqlıdır ki, özü də bu sözlər avqustun 9-da Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Dmitri Medvedevlə görüşmək üçün Soçiyə gedəcəyi bir ərəfədə söylənmişdir. Problemin həllində Rusiya amilinin daha mühüm faktor olmasına diqət çəkən Preziden Adminstrasiyası rəsmisi Əli Həsənov da hələ ötən il mediaya vermiş olduğu açıqlamda bildirmişdir ki: “Bu münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik olan dövlət yoxdur. Biz həm regional məsələlərdə, həm Dağlıq Qarabağ məsələsinə yanaşmada, həm Ermənistan üzərindəki mövcud təsiri nəzərə alaraq bu bəyanatı veririk. Sözün həqiqi mənasında, Ermənistan üzərində Rusiyanın təsiri dünyada analoqu olmayan bir təsirdir... Bu anlamda biz Rusiyadan çox şey gözləyirik. Rusiya tərəfindən təşəbbüslər var, Putin və Medvedev tərəfindən bu istiqamətdə səylər nümayiş etdirilib. Güman edirik ki, bu səylər bundan sonra da davam etdiriləcək və bu il ciddi bir irəliləyişi biz müşahidə edəcəyik”. Göründüyü kimi səsləndirilmiş bu ifadə də, Rusiyanın məsləyə olan münasibəti birmənalı olaraq ortaya qoyulmaqdadır. Bəzi analitiklərin fikrincə, Rusiya əslində problemin çözülməsində maraqlı olsa da, ancaq o bu həllin onun hegemoniyasında qalmasına daha çox cəhd göstərir. Belə ki, Rusiya Qarabağ problemi vasitəsilə hansısa güzəştlərə nail olmaq və onun maraq dairəsinə zidd hər hansı bir addımların atılmamasını tələb edir. Digər tərəfdən Kreml regionun mühim konflikti olan Qarabağ münaqişəsinə, həm də “cızıqdan çıxan” Gürcüstanı geri qaytarmaq, bölgədən keçən böyük enerji arteriyalarına və Xəzər hövzəsinə nəzarəti geri qazanmaq vasitəsi kimi baxır. Məsələni bu yöndən araşdıran bəzi yerli və qərb analitiklərin fikrincə Rusiyanın hədəfləri əslində daha böyükdür. Belə ki, o özünün sərgiləmiş olduğu Qafqaz siyasəti ilə Avropada, eləcə də dünyada özünün fövqəldövlət statusunu və itirilmiş mövqelərini bərpa etməyə daha çox səy göstərir və yenə də göstərəcəkdir. Təsadüfi deyildir ki, 2009-cu ildə Rusiyanın strateji önəm kəsb edən milli təhlükəsizlik konsepsiyası işələnib hazırlandı və burada 2020-ci ilə kimi ölkənin qarşısında duran hədəflər, gözləntilər, Rusiyanın dünyada oynadığı önəmli rol, mümkün təhlükələr və onlardan müdafiə olunmaq üsulları, təhlükələr qarşısında atılacaq addımlar kimi önəmli məsələlər öz əksini tapdı. Sənəddə daha çox çarpıcı məqamlar isə rusiyalı analitiklərin növbəti onillikdə baş verə biləcək hadisələrlə bağlı irəli sürdükləri bir qism proqnozlar olmuşdur. Belə ki, burada göstərilirdi ki, cox da uzaqda olmayan bir dövrdən başlayaraq, dünyada enerji mənbələrinə nəzarət uğrunda mübarizə həddən ziyadə kəskinləşməyə başlayacaq və bu mübarizənin əsas obyektləri Yaxın Şərq, Barens dənizi şelfi, Arktikanın digər regionları, Xəzər hövzəsi və Mərkəzi Asiya regionu olacaq. Qeyd edək ki, o zaman hazırlanmış olan bu konsepsiyanın tezisləri sırasında Azərbaycanla bağlı yeganə məqam – konsepsiyada Xəzər hövzəsinin adının keçməsi və burada hövzənin beynəlxalq aləmdə enerji mənbələrinə çıxış əldə etmək uğrunda, mübarizənin əsas obyektlərindən birinə çevriləcəyinin daha qabarıq formada səsləndirilməsi idi. Burada siyasi proqnozlar olaraq göstərilirdi ki, gələcəkdə dünyada enerji resurslarına nəzarət uğrunda rəqabətin kəskinləşməsi və bu mübarizənin əsas obyektlərindən birinin Xəzər hövzəsi olması, habelə dünyada karbohidrogen ehtiyatları uğrunda mübarizənin hərbi qarşıdurmaya qədər inkişaf edə biləməsi, regionda baş verə biləcək enerji müharibələrinin nəticəsi kimi Rusiya və müttəfiq ölkələri sərhədlərində mövcud balansın pozulması ilə nəticələnə bilər. Göründüyü kimi bu gün Rusiyanın siyasi planları sırasında Xəzər hövzəsinin enerji mənbələri uğrunda bu kimi rəqabətə girməsi və bu rəqabətin fonunda Xəzər hövzəsindəki hərbi qüdrətini artırması, habelə işğalçı Ermənistana dəstəyi kontekstində Cənubi Qafqazda daim gərginliyə səbəb olacaq Dağlıq Qarabağ problemini gündəmədə saxlaması onun region uğrunda apardığı mübarizənin nəticəsi kimi təzahür edir. Bəzi qərb analitikləri ilə yanaşı yerli analitiklərin də verdikləri məlumata görə son zamanlarda Rusiyanın Qarabağ konflikti fonunda Azərbaycana qarşı “Avrasiya İttifaqı” ideyası çərçivəsində fəallaşan basqıları da səngimək bilmir. Belə ki, Rusiyada prezident seçkilərindən dərhal sonra, Prezident Vladimir Putinin may ayının 15-də MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində, qruma üzv dövlət başçılarının bir araya toplaması, habelə onun 2012-ci ilin iyununda Qazaxıstana rəsmi səfəri zamanı özünün Avrasiya İttifaqı ideyasını 2016-cı ildən gec olmayaraq reallaşdırmaq niyyətində ciddi olduğunu göstərməsi və bunların ardınca regionda, o cümlədən Azərbaycanda sabitliyin pozulmasına yönəli addımların daha qabarıq formada tüğyan etməsi, Rusiyanın Azərbaycana qarşı artan təzyiqlərini daha çarpıcı şəkildə biruzə vermişdir. Təsadüfü deyildir ki, Qarabağ danışıqları ətrafında yaranmış durğunluq, Xankəndi aeroportunun işə salınacağı ilə bağlı Ermənistan tərəfindən ard-arda verilən yersiz açıqlamalar və bunun ardınca Ermənistan Silahlı Qüvvələrinin, işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi hərbi təlimlər və bu təlimlərdə Ermənistan Prezidenti Serj Sarkisyanın iştirakı, ATƏT-in Minsk qrupunun həmsədr ölkə nümayəndələrinin uğursuz cəhdləri, daha sonra Rusiyanın bir sıra siyasi-hərbi dairələri tərəfindən təhdid dolu bəyanatlar və bu bəyanatlar ilə yanaşı bu dövlətə məxsus bir sıra rəsmi mətbu orqanlarında Qondarma Dağlıq Qarabağ qrumunun tanına biləcəyi ilə bağlı sətiraltı ifadələr, habelə Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçirilən layihələr, “Milyaderlər İttifaqı”, Azərbaycandakı azlıqlar ilə bağlı iddiaların baş qaldıracağı fonunda yayılan informasiyalar və etnik çatışmalara rəvac verməyə göstərilən təşəbbüslər, Quba hadisələri fonunda Azərbaycan bölgələrində təxribat xarakterli əməllərə rəvac verməklə ölkə daxilində sabitliyin pozulmasına yönəli bir sıra addımlar, ard-arda müəammalı şəkildə baş verən əsgər ölümləri və s. məhz bu qəbildən olan amillərdir. Çox maraqlıdır ki, bir sıra ekspertlərə görə Rusiyanın son dövrlərdə Azərbaycan hakimiyyətinə qarşı artan bu kimi təzyiqlərinin arxa fonunda Azərbaycanın hər an müharibəyə əl ata biləcəyi faktı da dayanmaqdadır. Təsadüfi deyildir ki, Rusiyanın bəzi hərbi-siyasi dairələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində aparılan danışıqların nəticəsiz qalacağı halda Azərbaycanın hərbi yola əl ata biləcəyini nəzərə alaraq, Azərbaycan tərəfinə mütəmadi şəkildə təhdid dolu mesajlar ünvanlamışdılar ki, da bu təzyiqlərin ən pik həddə olduğunun siqnalı kimi yadda qalmışdır. Sitat: “Rusiya Ermənistan qarşısında götürdüyü öhdəliklərə sadiqdir və bizim münasibətlərimiz müttəfiqlik səviyyəsində qalır. Qarabağda münaqişənin yenidən başlanması riski yüksəkdir, ancaq bu risk Rusiyanın göstərdiyi səylər nəticəsində tədricən azalır.... Qarabağda münaqişə başlasa Rusiya dayanıb baxmayacaq, biz Ermənistan qarşısındakı öhdəliklərimizə sadiqik”. Maraqlıdır ki, belə bir təzyiqlərdən biri də, 2012-ci ilin mart ayında “Arqumenti Nedeli” həftəliyində dərc edilmiş məqalədə də yer almışdır ki, burada da Moskvanın erməniləri qorumaq üçün hətta Türkiyəyə nüvə zərbəsi endirilə biləcəyi iddia olunurdu. Məqalədə konkret olaraq göstərilirdi ki: “Ermənistan KTMT-yə üzv olduğu və orada rus hərbi bazasının yerləşdiyi üçün Türkiyənin ən qeyri-adekvat hakimiyyəti belə, Azərbaycana Dağlıq Qarabağ probleminin hərbi yolla həllində kömək göstərməyə risk etməz. Rusiya ilə Türkiyə arasında münaqişə tez bir zamanda bizim tərəfimizdən olduqca sərt tədbirlərin görülməsinə, o cümlədən taktiki nüvə silahı və qanadlı raketlərlə zərbələr endirilməsinə gətirib çıxara bilər....” Analitiklərin fikrincə məhz bütün bunların nəticəsidir ki, Ermənistanın himayadarı simasında çıxış edən Rusiya, Azərbaycana artan təzyiqləri fonunda, işğalçı Ermənistanı ən müasir silahlarla qarşılıqsız olaraq silahlandırmaqda davam edir. Hansı ki, bu qəbildən atılan bütün addımların arxa planında Cənubi Qafqazda hər an üçün başlaya biləcək yeni müharibənin qarşısının alınması dayanır. Görünən o ki, müharibənin hər an alovlana biləcəyindən ehtiyatlanan Rusiya heç bir vəchlə öz forpostu olan Ermənistanın məğlub durumuna düşməsi ilə barışmaq istəmir. Çünki, bu halın baş verməsi ilk növbədə Rusiyanın bütün Cənubi Qafqaz planlarının, daha sonra isə son dövrlərdə daha çox aktuallıq qazanan Avrasiya İttifaqı ideyasının tamamilə iflası demək olar. Son olaraq onu da qeyd edək ki, ötən həftələrdə Prezident Administrasiyası rəsmisi Əli Həsənov tərəfindən də ölkəyə yönəli təzyiqlərin göstərilməsi ilə bağlı bəzi fikirlər səsləndirilmişdir. Burada göstərilmişdir ki, Azərbaycan Xəzərin enerji resurslarını “başqa yolla” bazarlara çıxardığı və müstəqil siyasət yürütdüyü üçün o mütəmadi olaraq müəyyən təzyiqlərə məruz qalır. Ölkə politoloqlarının fikrincə səsləndirilmiş olan bu fikirdə əslində dəqiq ünvan göstərilməsə də, ancaq, burada hansı dövlətdən söhbətin açılması təkcə siyasilərə deyil, eyni zamanda bütün ölkə ictimayyətinə də gün kimi aydındır. Ərəstun
Posted on: Fri, 28 Jun 2013 08:45:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015