Ermənistan ordusunda “yerli”-"gəlmə" qarşıdurması Son - TopicsExpress



          

Ermənistan ordusunda “yerli”-"gəlmə" qarşıdurması Son rəy sorğuları işğalçı ölkənin çağırışçı problemi ilə üzləşəcəyini göstərir; hərbi hissələrdəki müəmmalı intiharlar və qətllərə görə Sərkisyan hakimiyyətindən narazılıq daha da artıb Rəsmi İrəvanın orduya münasibəti erməni gənclərini silahlı qüvvələrdən iyrəndirib və onlar xüsusilə, Azərbaycanın işğal olunmuş torpaqlarında hərbi xidmət etməkdən imtina edirlər. Avqustun əvvəlində qoşunların təmas xəttində Azərbaycan ordusunun nəzarətində olan hissəyə könüllü keçərək əsir düşmüş erməni hərbçi Akop İnciqulyanın söylədikləri də buna sübutdur. “Tağım komandiri axşama yaxın məcburən məni, su dalıyca göndərməyə əmr verdi. Mən dedim ki, bir az yorulmuşam istirahət edim, sonra gedərəm. O isə mənə dedi ki, sən kimsən ki, sözümü yerinə yetirməyəsən? Təpiklə gözümə vurdu və aramızda dava düşdü. Bu səbəbdən də məcbur oldum bura, könüllü şəkildə Azərbaycan tərəfinə keçməyə”, - deyən, erməni əsir ordudakı antisanitariyadan da dəhşətli faktlar danışıb. Ermənistanda doğulan İnciqulyan gözünün zəif görməsinə baxmayaraq, Qarabağa xidmətə göndərildiyini söyləyib. Azərbaycanın işğal olunmuş torpaqlarına zorla göndərilən Ermənistan gənclərinin ordudakı özbaşınalığın qurbanı olması hökumətə qarşı narazılığı daha da artırır. Xüsusilə son illər Ermənistan ordusundakı qeyri-döyüş şəraitində yüzlərlə əsgər ölümü İrəvanda ciddi aksiyalara səbəb olub. İşğal zonasında “stepanakertli” və “ermənistanlı” cəbhəsinə bölünən ordunun vəziyyəti Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bu bölgəyə tez-tez səfər etməyə vadar edir. Əsir əsgər İnciqulyanın da etiraf etdiyi kimi, Ermənistan vətəndaşları Qarabağda xidmət etmək istəmirlər. Hələ tarixən Ermənistan erməniləri ilə Qarabağda məskunlaşmış ermənilər arasında ciddi problemlər vardı ki, son illər bu daha da kəskinləşib. Ermənistan gənclərinin işğal zonasında hərbi xidmətə aparılması bu narazılığı daha da dərinləşdirib. Məsələn, əsgər ölümlərinə görə yaradılan Ermənistanın Əsgər Anaları Cəmiyyəti İrəvanda keçirdikləri aksiyalarda övladlarının işğal altındakı Azərbaycan torpaqlarında hərbi xidmətə buraxmayacaqlarını bəyan edirlər. Ermənistanda əsgər ölümlərinə etiraz olaraq bu ilin mayında keçirilən aksiyalar Sərkisyan hakimiyyətinin mövqeyini xeyli sarsıtdı. Rəsmi İrəvanın Qarabağla bağlı apardığı vətənpərvərlik siyasətinin ucuz şoudan başqa bir şey olmadığını göstərdi. Son rəy sorğuları da yaxın gələcəkdə Ermənistan ordusunun ciddi çağırışçı problemi ilə üzləşəcəyini göstərir. Məsələn, BMT-nin Ermənistan nümayəndəliyi və Çexiyanın “People in Need” təşkilatının keçirdiyi sorğunun nəticələrinə əsasən, Ermənistan gənclərinin 70%-i vətəni tərk edərək xaricdə məskunlaşmaq arzusundadır. Rəyi soruşulanların cəmi 18%-i ölkədən getməyi məqbul saymır. Ermənistan Miqrasiya İdarəsinin rəsmisi Ruben Yeganyan son açıqlamasında bildirib ki, ölkənin əhalisi sürətlə azalmağa doğru gedir. Ermənistanı xüsusilə əsgər yaşına çatmışların tərk etməsi hakimiyyəti ciddi narahat etsə də, onları ölkədə saxlamağa stimul verəcək heç bir addım atılmır. Ermənistandakı çağırışçı problemi olduğundan xəstə və yararsız çağırışçıları, hətta ən ciddi xəstəlikləri olanları belə, hərbi xidmətə göndərirlər. Hazırda Azərbaycanda saxlanılan hərbi əsir İnciqulyanı ölkə televiziyalarından izləyəndə də aşkar göründü ki, gözlərinin çəp olmasına baxmayaraq, onu Qarabağa zorla hərbi xidmətə göndəriblər. İyulun 23-də Ermənistan ordusunun 22 yaşlı əsgərinin xərçəng xəstəliyindən ölməsi düşmən ölkə ordusunda bu cür faktların çox olduğuna sübutdur. Ordudakı ölüm faktları, yerliçilik, rüşvət və özbaşınalıq gündən-günə artdığından gənclər hərbi xidmətdənsə hətta həbsxananı üstün tuturlar. Hərbi hissələrdəki müəmmalı intiharlar və qətllərə görə heç kim məsuliyyətə cəlb olunmaması da ölkə rəhbərliyindən narazılığı daha da artırır. Qeyd etdiyimiz kimi, ordu rəhbərliyinin Qarabağa səfərləri də vəziyyətə ciddi təsir etmir. Son günlərdə işğalçı ölkənin ordusunda baş verən ölüm halları, intihar və atışmalar isə yenidən bu məsələni gündəmə gətirib. Ermənistan mətbuatının yazdığına görə, avqustun 5-də Qarabağda hərbçilər arasında atışma nəticəsində bir erməni hərbçisi öz əsgər yoldaşını güllələyib. Qeyd edək ki, yay mövsümü başlayandan erməni ordusunda müəmmalı olümlər də artıb. Məsələn, iyulun 31-də Ermənistan ordusunun əsgəri Manuçar Manuçaryan tabel avtomatı ilə özünü güllələyib. İyulun 30-da isə Ermənistan ordusunun əsgəri Armen Muradyanın da cəsədi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində tapılmışdı. Onun da intihar etdiyi ehtimal olunur. Bundan əlavə, iyulun 5-i Ermənistan ordusunun hərbi hissələrindən birinin əsgəri Qabriel Lalazaryanın meyiti döşəkağından asılı vəziyyətdə tapılıb. Hökumət hərbi hissələrdə baş verən müəmmalı ölümlərin və intiharların dayanmamasının yeni etiraz aksiyaları doğuracağından ehtiyatlanır. Sərkisyan hakimiyyəti payızda ölkədəki sosial problemlərin dərinləşəcəyini proqnozlaşdırır. Belə bir vaxtda başqa bir narazı təbəqənin-əsgər valideynlərinin də aksiyalara başlaması Sərkisyan hakimiyyəti üçün ölümcül zərbə ola bilər. Bu səbəbdən də Ermənistan hakimiyyəti narazılığı nisbətən önləmək və övladlarını itirmiş valideynlərin qəzəbini azaltmaq üçün müəyyən addımlar atmaq zorunda qalıblar. Belə ki, Ermənistan Hərbi Prokurorluğu əsgər ölümləri ilə bağlı istintaqın effektini artırmaq və bu cinayət işlərinə vətəndaş cəmiyyətinin nəzarətinin gücləndirmək məqsədi ilə işçi qrup formalaşdırıb. Ermənistanın Baş Prokurorluğu İşçi qrupa Xelsinki Vətəndaş Assableyasının Vanadzor ofisi, “Erməni legionu”, “Gənc Ermənistan hüquqşünasları” assosasiyası, “İnsan hüququ uğrunda” jurnalist təşkilat və “Sərhədsiz hüquq müdafiəçiləri” birliyi qeyri-hökumət təşkilatının da cəlb edildiyini bəyan edib. Ciddi narazılığın qarşısını almaq üçün yaradılan İşçi qrup indiyədək baxılmış cinayət işləri ilə bağlı araşdırmanı öz üzərinə götürüb. İşçi qrupun ilk iclasında fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Aydındır ki, baxılmış və məhkəmə qərarı verilmiş cinayət işləri ilə bağlı da xeyli narazılıq var. Əsgər valideynləri iddia edir ki, bir çox cinayət işləri ya qəsdən ört-basdır edilib, ya da günahkar layiqi cəzalarını almayıblar. Ona görə də avqustun 26-dək bütün narazı valideynlər öz ərizələrini İşçi qrupa təqdim etməlidirlər. Amma bu qərar 2011-ci ilin 1 yanvarınadək baş vermiş cinayət işlərinə aiddir. Qeyd edək ki, Ermənistanın rəsmi mənbələrinin məlumatına görə, bu il orduda 17 müəmmalı ölüm hadisəsi baş verib. Ölkədəki qeyri-hokumət təşkilatlarının və Ermənistan Əsgər Anaları Cəmiyyətinin bu hadisələrlə bağlı fəallığını isə Müdafiə Nazirliyinin ciddi narazılığına səbəb olub. Ermənistan mətbuatı yazır ki, əsgər ölümləri ilə bağlı əsas hədəf müdafiə nazirinin müavini general Vladimir Qasparyandır. General Qasparyan isə əsgər ölümlərinə görə onas olan basqılara basqı ilə cavab verib. “Kafqaz-uzel” saytı yazır ki, bu günlərdə Qasparyanın sifarişi ilə Ermənistan İctimai Televiziyasında əsgər ölümləri barədə araşdırmalar aparan təşkilatlar hədələyib. Verilişdə bəyan edilib ki, şübhəli mənbələrdən qaynaqlanan bu təşkilatlar “Ermənistan ordusunun şərəf və ləyaqəti ləkələyir.” Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanan proqramda səslənənlər dərhal ciddi reaksiyaya səbəb olub və adı çəkilən təşkilatlarda narazılıq yaradıb. Onlar bəyan ediblər ki, Müdafiə Nazirliyi əsgər ölümləri ilə bağlı ciddi araşdırma aparmaq əvəzinə, vətəndaş cəmiyyəti institutlarına basqı təşkil edir. Belə görünür ki, Ermənistan hökuməti əsgər ölümləri ilə bağlı vəziyyətin ciddiliyini anlasa da, çıxış yolu tapmaqda acizdir. Bu, əslində mümkün də deyil. Özgəsini torpağında qurulan ordunun adı işğalçı ordudur və özləri-özlərini qırmasalar da, Azərbaycan gec-tez onların axırına çıxacaq.
Posted on: Sat, 24 Aug 2013 19:03:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015