Gədəbəydədir Soruşdun hardanam, Hüseyn Xaloğlu, Ömrümün - TopicsExpress



          

Gədəbəydədir Soruşdun hardanam, Hüseyn Xaloğlu, Ömrümün binası Gədəbəydədir! Anamın boynuma dolanan qolu, Yuxumun laylası Gədəbəydədir! Hər kəs bu yerlərdən olubsa halı, Dilinə dəyibsə bir qaşıq balı, Söyləyər dolansa bütün mahalı, Dərdlərin dəvası Gədəbəydədir! Daşlardan tökülən gur şəlalələr, Çəmənə od salan yanar lalələr. Ayaz gecələrdə düşən jalələr, Otların sırğası Gədəbəydədir! Başım ayazıyıb, keçib daha çən, Könlümün həmdəmi olmaz hər yetən. Məni xəyallarına əsir eyləyən, Balakən sonası Gədəbəydədir! Yumru qayaların qızıl xınası, Duzyurdun, Şınığın təmiz havası, Aslanın yatağı, Şirin kahası, Tərlanın yuvası Gədəbəydədir Gəzib dolaşanda binələrini, Əzmə çiyələyin dənələrini. Dərənin dərini, suyun sərini, Dağların qocası Gədəbəydədir! "Dəli Koroğlu"ya çəkilən zillər, Çəçələ barmaqda vurulan güllər. Gözəllər eşqinə gözəlləmələr, "Sarıtel" havası Gədəbəydədir! Yastı zirvələrin min illik qarı, Daşlara ilişən duman layları. Qərib durnaların haça qatarı, Kəkliyin sədası Gədəbəydədir! Qızılgül açılır üzdə, yanaqda, Çiçəyin ətrini duyursan yağda. Cüyür öz əksinə baxır bulaqda, Suların aynası Gədəbəydədir! Cığırlar yollara calaq-calaqdır, Çeşmələr çaylara budaq-budaqdır. Qayalar təpədə qalaq-qalaqdır, Koroğlu qalası Gədəbəydədir! Bilən yaxşı bilir, həqiqətdir bu: Yayda "dirədöymə", qışda "qar topu" "Çoban bozartması", "tava kartofu", Camışın xaması Gədəbəydədir! Çayyurd, Çətindərə, Şirşir, Arşaxan, Qalakənd üstündə üççay qarışan, Yeddi qat göy ilə hüsnü yarışan, Cənnət tamaşası Gədəbəydədir! Dünyanın ən gözəl çəməni, çölü, Torpağın ən zərif çiçəyi-gülü, Meşənin payızda dəyən əzgili, Behiştər alması Gədəbəydədir! Ağzının ləzzəti xəstənin, sağın, Qatığın-qaymağın, ayranın-yağın, Axşamdan sabaha yanan ocağın, Ülfətin mənası Gədəbəydədir! İlyasam, el üçün qaynayır qanım. Elsiz kimə gərək şerim, dastanım. Bu barlı, bəhərli Azərbaycanın, Bir kiçik parçası Gədəbəydədir!
Posted on: Fri, 09 Aug 2013 11:08:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015