Hepatit C hansı növ xəstəlikdir? Hepatit C qaraciyərdə - TopicsExpress



          

Hepatit C hansı növ xəstəlikdir? Hepatit C qaraciyərdə yerləşən virus xəstəliyidir. Hepatit C virusu ilə əmələ gələn xəstəlik qaraciyər iltihabı adlanır. Bu, ən təhlükəli virusdur. Çünki qaraciyərə yerləşdikdən sonra bu virus qaraciyəri məhvə uğradır və son nəticədə ya qaraciyər sirrozu, ya da qaraciyər xərçənginə gətirib çıxarır. Hepatit C virusu 1989-cu ildə kəşf edilib. Hələ bu xəstəlik haqda məlumatın olmadığı dövrlərdə, əlamətləri hepatit A və hepatit B-yə bənzədiyindən, bu xəstəlik non A-non B hepatiti (A və B-yə bağlı olmayan) adı ilə xatırlanıb. Sözügedən virusun əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur. İnfeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilər və pasiyentlərin proporsiyası antivirus dərmanlarının uzun kursu ilə virusdan təmizlənilə bilər. Erkən tibbi müdaxilə faydalıdır. Ehtimal olunur ki, dünyada 150-200 milyon adam C Hepatitinə yoluxub. Hepatit C-nin müəyyən edilməsi Hepatit C virusu adətən ilk 1-3 həftə ərzində qanda tapılır. Anticisimlər qanda 3-12 həftə ərzində aşkarlanır. 15-40% şəxslərdə kəskin fazada qaraciyərin yüksək fəallığı nəticəsində bu virusun spontan təmizlənməsi baş verir. 60-85% hepatitə yoluxmuş pasiyentlər C xroniki hepatitini inkişaf etdirir və infeksiya 6 aydan çox davam edir. Son tədqiqatlar göstərir ki, genotipin kəskin fazasında müalicəyə sərf olunan vaxt 90% hallarda xroniki xəstəlik fazasında sərf olunan vaxtdan iki dəfə azdır və bu zaman virusun böyük əksəriyyətini təmizləmək mümkündür. C xroniki hepatiti altı aydan çox davam edən hepatit C virusu infeksiyası kimi müəyyən edilir. Bu, əksər halda simptomsuzdur və təsadüfən aşkar edilir. Risk faktorlar: Hepatit C virusuna hansı yollarla yoluxmaq mümkündür? Hepatit C virusu bir insandan digərinə qan və bədən seliyi və ya suyu ( göz yaşı, ağız suyu və s.) ilə keçə bilər. Ən çox yayılanı isə qan köçürmə ilə yoluxma halıdır. Hepatitli xəstədən köçürülən qan mütləq digər xəstədə özünü büruzə verəcək. Digər keçici yollar - qan bədən təması əmələ gətirən cinsi təmaslar, anadan dölə həm hamiləlik zamanı, həm də doğuş zamanı qan təması olduğu üçün anadan uşağa bulaşa bilməsidir. Hepatit C xəstələrinin müalicə aldığı diş klinikalarında sterilizasiya qaydalarına əməl edilməməsi səbəbindən xəstəlik yayıla bilər. Hepatit C xəstələrinin istifadə etdiyi dırnaq qayçısı, təraş bıçağı, diş fırçası və s. xəstəliyin yayılmasına təkan verən səbəblərdəndir. Virus tüpürcək, sidik, semen kimi bədən mayelərində tapılmaz. Bu səbəblə cinsi əlaqə əsnasında bulaşma nadirdir. Bədən mayelərində virus olması üçün bu mayelərə bir şəkildə qan qarışması lazımdır (Məsələn: diş ətində qanama...). Hepatit C virusu qadınlarda hər ay müşahidə olunan aybaşı qanında olur. Bu dövrdə olan cinsi əlaqə yoluxma baxımından risklidir (qanın açıq bir yaraya bulaşması ilə). Eyni iynə istifadə edilərək edilən peyvəndlər, döymə və s. kimi əməliyyatlar da yoluxucu ola bilər. Eyni təraş bıçağı və diş fırçasını istifadə etmək, bunların qan ilə təmas etməsi ehtimalı da bu xəstəliyin yayılmasına səbəb ola bilər. Cinsi yolla Hepatitin ötürülmə riski cəmi 5%-dir. Hepatit C xəstəliyinin əlamətləri hansılardır? Xəstəlik uzun müddət gizli gedə və bu müddətdə əlamətlər olmaya bilər. Bu cür hal bu xəstələrin 70%-ni təşkil edir. Hepatit C xəstəliyi digər növ hepatitlərlə eyni olan əlamətlərə sahibdir. Virusa yoluxmuş insanların əksəriyyətində ilkin zamanlar heç bir əlamət olmur. Xəstəliyin ilkin əlamətləri yoluxmadan 7-8 həftə sonra meydana çıxa bilər. Belə hallar az-az rast gəlinir. Yadda saxlayın ki, Hepatit C virusu heç bir əlamət verməsə belə sizin qaraciyərinizi tədricən zədələyir. Ürək bulanma, qarında ağrılar, arıqlama, halsızlıq, sidiyin rəngində tündləşmə, əvvəlcə göz altında, daha sonra bütün bədəndə saralma, aşağı səviyyədə temperatur və dəridə qaşınma onun ilk əlamətləridir. Bu əlamətlər tipik olduğu qədər, əvvəl də deyildiyi kimi, xəstəlik faktorunun alınmasından çox uzun zaman sonra da ortaya çıxa bilir. Hepatit C virusu müalicəsi nədən ibarətdir? Kəskin Hepatit C virusu zamanı əlamətlər üzrə simptomatik müalicə aparılır. Daha sonra kəskin dövr bitdikdən sonra həmin şəxs xəstəlik xronik fazaya keçdiyi üçün nəzarətdə saxlanılır. Bu müddət hər xəstədə müxtəlif ola və 6 aya qədər davam edə bilər. Bu müddət başa çatdıqdan sonra xəstəlik 70% xronik hala keçdiyi üçün xəstə daim nəzarət altında olmalıdır. Xəstəliyin ağırlaşmaları xroniki hepatit, qaraciyər sirrozu və çatışmazlığı, hepatoselülar karsinoma, limfomalar və böyrək xəstəliyinə səbəb olur. Kəskin Hepatit zamanı ən əhəmiyyətli ünsürlərdən biri kəskin hepatit dietasında maye qəbuludur. Bulantı və qusmanın yaradacağı maye itkisi konpensə olunmalıdır. Zülal nisbəti aşağı, kalori nisbəti yüksək bir hepatit pəhrizi həkimlər tərəfindən təklif edilməkdədir. Əgər içdikdə narahatlıq vermirsə, təbii meyvə suları içilə bilər. Yağlı yeməklərdən isə qaçılmalıdır. Bu xəstəlikdən müalicə zamanı spirtli içki və qaraciyəri narahat edəcək dərmanlar istifadə etmək olmaz. Burada ən əhəmiyyətli ünsür dərman qəbulunu həkimlə danışaraq nizamlamaqdır. Qarşısı alına bilməyən və müalicəyə cavab verməyən fibrozla gedən Hepatit C xəstəliyi olan insanların qaraciyəri funksiyalarını icra edə bilməz bir hala gələrsə, artıq bu xəstələr qaraciyər nəqlinə namizəddilər və onlara transplantasiya lazımdır. C Hepatitinin birdəfəlik müalicəsi mümkündürmü? Artıq bu virusa yoluxmuş xəstə müalicə olunsa da, olunmasa da o, ömrü boyu bu virusla baş-başa yaşayacaq. Sadəcə bu virusun daşıyıcıları yağlı, duzlu-istiotlu, bir sözlə, kəskin qidalardan, spirtli içkilərdən, narkotikdən, siqaretdən imtina etməlidir. Gündəlik qida rasionunun isə meyvə-tərəvəz, təzə balıq, mal əti ilə zəngin olması vacibdir. Hepatit C gizli şəkildə insan orqanizmində illərlə yaşasa, həmin şəxs bundan xəbərsiz olur. Əksər insanlar qanında gəzdirdiyi bu virusdan başqa bir xəstəlik üçün qan analizi verəndə xəbər tutur. Profilaktika Hepatit A və B əleyhinə vaksinlər olsa da, Hepatit C üçün vaksinlər mövcud deyil. Alimlər əmindirlər ki, virusun artımının qarşısını alacaq və ya onu tamamilə məhv edə biləcək dərman maddələri yaratmaq mümkündür. Amma ən yaxşısı bu virusa yoluxmamaqdır. Bunun üçün yuxarıda qeyd olunan risk faktorlarından çəkinməniz yetər. Ellada.
Posted on: Thu, 27 Jun 2013 07:29:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015