Hündür bir dağın təpəsində bir qartal yaşayırmış. O, - TopicsExpress



          

Hündür bir dağın təpəsində bir qartal yaşayırmış. O, öz yuvasını bir ağacın üzərində salır. Bundan sonra isə dörd yumurta qoyur. Günlərin birində baş verən dəhşətli zəlzələ yuvadakı yumurtalardan birini bir toyuq yuvasına salır. Toyuq qərara gəlir ki, bu qartal yumurtasını qorusun və ona qayğı göstərsin. Belə də edir. Günlərin birində həmin yumurtadan gözəl bir qartal balası çıxır. Ancaq bu qartal toyuqların içində böyüdüyü üçün özünü toyuq hesab edir. Bir gün toyuqlar birgə sahədə dənləyərkən, göydə bir dəstə qartalın uçduğunu görür. Bu vaxt o, digər qartallar kimi göylərə uçmağı arzulayır. Bu anda ətrafda gəzişən digər toyuqların istehzalı gülüşləri ilə qarşılaşır. Toyuqlar ona belə deyirlər: «Heç də uçmağı arzulama. Sən toyuqdan başqa bir şey deyilsən. Heç bir zaman da o qartallar kimi hündürdə uça bilməyəcəksən». Bundan sonra qartal balası hündürdə uçmaq arzusundan əl çəkir. Onu qəm-kədər bürüyür. Toyuqlar kimi yaşadıqdan sonra, ölür. Bu hekayədən necə ibrət ala bilərik? Unutma, əgər sən hal-hazırda yaşadığın mənfi düşüncələrə ilişib qalsan, onların əsirinə çevriləcəksən. Bu, sənin içində olduğun mənfi düşüncələrə inamından qaynaqlanacaq. Əgər qartalsansa, uğur səmasında hər zaman ucalarda olmağı arzu et. Arzularının səsinə qulaq as. Toyuqların sözünə (Ətrafındakıların sənin arzularını məsxərəyə qoymağa imkan vermə) əsla qulaq asma. Yadda saxla ki, istədiklərini reallaşdırmaq gücü və enerjisi səndə mövcuddur. Təbii ki, Allahın istəyi və iradəsi çərçivəsində arzuların yerinə yetə bilər. Bil ki, şəxsiyyətinə və arzularına şəxsi baxışın sənin uğurunu təyin edir. Səni müvəffəqiyyətsizliyə düçar olmaqdan xilas edir. Nəfsini hər zaman cilalamağa çalış. Özünə hörmət və düşüncələrin səni başqalarının yanında hörmətli edəcək. Bu, səni uğura aparacaq yoldur. Sənin şəxsiyyətini və qabiliyyətini gücləndirəcək insanlarla dostluq et. Hələ də öz gücünün fərqinə varmayan nə qədər insan var yer üzündə. İnsan nə olduğunu düşünərsə, ona uyğun da hərəkət edər! Buna görə də hər zaman müvəffəqiyyətli ola biləcəyinizi düşünün və bu düşüncəyə görə hərəkət edin! Əgər siz “mən bacara bilmərəm”, “digər insanlar məndən daha güclüdür” desəniz, elə düşüncəniz kimi də bacara bilməzsiniz. Hər zaman o edirsə, mən də edərəm deyə bilməniz lazımdır. Ən azından siz bacarmaq üçün addım atın. Bəlkə həqiqətən edə biləcəyinizi görəcəksiniz!(c) Nermin.Qasimzade
Posted on: Fri, 02 Aug 2013 16:50:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015