II hissə. Unudulmaz Maral xanım Talışinskayanın 100 - TopicsExpress



          

II hissə. Unudulmaz Maral xanım Talışinskayanın 100 illiyinə Yardımlıda ictimai hərakatda qadın hərakatı. Mövzunun ötən hissəsində biz 30-cu illərdə Vərgədüz rayonunda qadınların çadraya meyilli olmadığı qənaətində olduğumuzu açıqlamışdıq.Biz fikrimizi əsaslandırmaq üçün bölgə əhalisinin məşğuliyyət və təbii şəraitini təsvir etməyə çalışdıq. Əlbəttə ki, çadra təsərrüfatda süni əngəllər yaradıb əkin-biçində və yaxud heyvandarlıqla məğul olmaq baxımından da daşımaq sərfəli deyildi.Bu günə kimi bir çox elementlərini saxlayan yerli “tuman-köynək” dəsti Yardımlı bölgə qadınlarının daşıdığı əsas libas idi.Libasda tumanın 10 metr(bəzən 12metr də olurdu-Ə.İ) parçadan tikilmiş,qıraqları zər baftalarla dövrələnmiş atlas, çit və ya sətin parçadan, köynəyi isə 5 metr parçadan tikilmiş bir dəst kimi qadınların imicini tanıtdırmışdı.Fikrimizə aydınlıq gətirmək üçün muzeyimizin zəngin fondundan 1937-ci ildə Sırıq kəndində çəkilmiş maraqlı bir fotonu təqdim etmək istərdim.(şəkil-1) Fotoda kənd sakinlərininin əynində bölgəyə xarakterik olan geyim dəsti olan “tuman- köynək”, cilitka və təbii ki, baş örtüyü şal, yaylıq və kələğayi qadınlarımızın qiyafəsində açıq aydın görünür.Fotodan göründüyü kimi həmin illərdə döğrudan da qadınlarımızın baş örtüyü mütləq olsa da simanın çadrada olduğu kimi gizlədilmiş yox, görüntülü olmasıdır.Bu foto gəlinin, qızın və yaxud ağbirçəyin baş örtüyünün başa örtülməsinin özünəməxsus xüsusiyyətləri də diqqəti cəlb edir.Əlbəttə ki, bu başqa bir məqalənin mövzusudur. Hazırda Yardımlı bölgə qadınlarının əzəli forma və xarakteri haqqında mövzu üzərində işlənilir.Sonrakı saylarda maraqlı axtarışların nəticələri haqqında məlumat veriləcək. Biz məqalənin ötən hissəsində xronologiyaya uygun bu məsələ ilə əlaqədar XX əsrin 30-cu illərindən söhbət açmışdıq. İndi də təbii ki, mövzuya uyğun yenə də həmin illərdə hadisələrin gedişi haqqında məlumat verməyə çalışacağıq. Çünki 30-cu illər rayonumuzun tarixində qadın hərakatı üçün doğrudan da bir sıçrayış və bir intibahın bünövrəsi qoyulduğu illər olmuşdur. 1930-cu ildə Azərbaycanın rayonlaşdırması ilə əlaqədar Ləkəran qəzasının ləvğ edilməsi əhəmiyyətli olur. Birbaşa Bakıya tabe olan və 08 avqust 1930-cu ildə yaranan Vərgədüz rayonu bölgənin inkişafına yeni üfüqlər vəd edir. Fikrimizcə, müstəqil rayon kimi yaranan Vərgədüzün inkişafı məhz 30-cu illərin əvvəlindən başlamışdır.Əslində Vərgədüz kəndinin adı ilə yaranan bu yeni rayonun mərkəzi, hələ 20-ci illərin sonundan bir inzibatı mərkəz kimi özünü təsdiq edən Yardımlı kəndində fəaliyyət göstərirdi.Bir haşıyə çıxım: 30 –cu illərə aid APSSA-da rayonumuzla bağlı araşdırmalarda əksəriyyət dövlət sənədlərində Vərgədüz rayonunun müxtəlif idarə və qurumları yazılsa da, adətən sənədin yuxarı sağ tərəfində “Yardımlı” sözünün yazılmasının çox şahidi olmuşuq. Bəli, rayon kimi yaranan Vərgədüz rayonun inzibatı mərkəzində 30-cu illərin əvvəlindən müxtəlif dövlət, kooperativ, məktəb və s. təşkilatlar üçün inzibatı binalar inşa edilməyə başlayır.Bu binaların biri də 30-cu illərin əvvəlində inşa edilən rayon mərkəzi klubu olur.(İndiki Nəsimi adına rayon Mədəniyyət Evi-red.) Binanın tikilməsi haqqında müxtəlif fərziyyələr var.Amma şəhərin 80 yaşlı qocaların söylədiyinə görə klub 1928-ci ildə tikilmişdir.Çiy kərpicdən inşa edilən bu binada mərkəzi kitabxana, klub, kinozal və hətta qadın və kişi klubları fəaliyyət göstərmişdir.Fikrimizi əsaslandırmaq üçün RXMŞ-nin Əmrlər kitabından iqtibas gətirə bilərik. Müxtəlif əmrlərdən məlum olur ki, hətta Rayonda yaranan və əksəriyyət RXMŞ-nin sənədlərinin daxil olduğu Arxiv idarəsi də bu binanın bir otağında yerləşmişdir. İlk yerli müdiri isə Bədirov Məmmədəli İsgəndər oğlu olmuşdur.Mərkəzi klub və kitabxananın fəaliyyətə başlaması qadınların ictimai həyata cəlb edilməsində müstəsna xidmətə malikdir. Azərbaycan tarixindən məlumdur ki, 1930-cu ilin yanvarında Əli Bayramov adına klubun tikiş fabrikinin işçisi Səriyyə Xəlilova mövhumatçı atası və qardaşının əli ilə öldürülmüşdür.Onun dəfn mərasimi respublikada kütləvi olaraq feodal-patrialxalq ənənələrinə qarşı bir etiraza çevrilir(Az. Tarixi.6-cı c. Səh-352) Bu gün Bakının mərkəzi küçələrinin birində həmin hadisəyə həsr edilmiş abidə -Azad qadın heykəli də həmin tarixi hadisənin əbədiləşdirilməsinə həsr edilmişdir.(şəkil-2) Bunula əlaqədar olaraq Mərkəz xüsusən, əyalətlərdə qadın məsələsinə qarşı məmurların bir tərəfdən diqqətli olmağı və digər tərəfdən qadınların ictimai həyata cəlb olunmasını tələb etmişdir. Bu siyasət bizim rayonda da özünü bariz şəkildə göstərmışdır. Biz məqalənin əvvəlində bildirmişik ki, Vərgədüz rayon partiya komitəsinin Qadın sektoru qadınların ictimai həyata cəlb olma işində müstəsna xidmətləri olmuşdu.Vərgədüz RPK-nin informasiya sektor müdiri Arutyunovun imzası ilə təsdiq olunmuş 04 sentyabr 1932-ci il tarixli plenum üzvlərinin siyahısında1925-ci ildən partiya üzvü Gülzar Qaraxanova RPK-nin qadın sektor müdiri kimi göstərilmişdir. Siyahıdan məlum olur ki, Zahra Talıbova adlı qadın Gülzardan əvvəl həmin postda xidmət etmişdir. Vəzifə tutmuş hər iki qadın qadınlar sektor müdiri kimi plenum üzvü göstərilmişdir(APSSA.f.88.sh.1.iş-103.vr.96).Biz bu yaxınlarda Rayon Xalq Maarif Şöbəsinin(RXMŞ) əmrlər kitabında araşdırmada qəflətən məlum oldu ki, Qadınlar sektorundan azad olunan Zəhra Talıbova 01noyabr 1932-ci il tarixli, 231 saylı əmrlə Ləzran kənd məktəbinə müəllim təyin edilmişdir.(RXMŞ əmrlər kitabı.N-1,1932/33.səh-30) Həmin illərdə sektor hər bir kənddə fəal qadınların iclas və yığıncaqlarını təşkil etmiş, sonra isə şura sədri seçmişlər.Şura sədrlərinin köməkliyi ilə kolxozçular arasında savadsızlığı ləvğ etmək üçün kurslar açılmış, hətta partiya siyasətini təbliğ edən siyasi dərnəklər də təşkil edilmişdir.Qadınlar arasında aparılan söhbətlər bir tərəfdən onların savadlanmasına yönəlirdisə, digər tərəfdən isə onların dövlət müəsisə və idarələrində işə cəlb olunmasına nizamlanırdı. Arxiv araşdırmasından məlum olur ki, 1932-ci ildə rayonumuzun əhalisinin say tərkibində qadınların sayı kişilərlə bərabər olmuşdur. Vərgədüz RİK-nin Plan Şöbə müdiriO.V.Şvabauerin imzaladığı 04 sentyabr 1932-ci il tarixli statistiq cədvəldən məlum olur ki, rayonun ümumi əhalisi 23434 nəfər olmuşdur.Bu əhalinin say tərkibi: kişilər 11634 nəfər, qadılar 11634 nəfər. Kişilərdən savadlı 4263 nəfər, qadınlardan savadlı 3713 nəfər.(APSSA. F.88.sh.1.iş-103.vr.94) Doğrudan da maraqlı mənzərənin şahidi oluruq.Amma maraqlı orasındadır ki, həmin dövrdə 3713 nəfər qadının savadlı olması dövlətin həmin illərdə bölgədə bəlkə də ən böyük uğurundan biri idi.Zənnimizcə, bu savadlılıq ancaq yazıb oxumağı bacaranlara şamil edilmiş və təbii ki, əksəriyyət məktəbdə oxuyan şagird qızlarının sayıdır RXMŞ 1 saylı Əmrlər kitabından məlum olur ki, Ağanaz İsmayılova 02 fevral 1933-cü il tarixli, 43 saylı əmrlə Yardımlı qadınlar klubuna müdir təyin edilmişdir.Yenə həmin kitabın 18-ci səhifəsində 13 avqust 1932-ci il tarixli, 132 saylı əmri ilə Cerimbel qiraətxana müdiri İsmayıl Vəciyev işindən azad edilərək yerinə Ağabanu Rzayeva təyin edilmişdir(mərhum Mahmud Rzayevanın bacısı-red.)Bu dövrdə qadınların savadsızlığı ilə əlaqədar bir çox kəndlərdə açılan kurs haqqında bu əmrlərdən də məlum olur.Həmin kitabdan məlum olur ki, 23.03.1932-ci il tarixli,81 sayı əmrlə Qəmbərəli Dostali oğlu Peştəsər kəndinə, 20.01.1933-cü il tarixli,31 saylı əmrlə Musa Mamedov Yardımlı kəndinə, 20.03.1933-cü il tarixli,70 saylı əmrlə Dilbər Haciyeva Arus kəndinə qadın savad kursuna müəllim təyin olunur.Bu savad kurslarının müdavimlərini irəli çəkən Sovet hökuməti qadınları elə kəndlərin klub və qiraətxanalarında işlə təmin edir, onların ictimai fəallığını artırmağa çalışırdılar.Hökumət digər tərəfdən bu qadınların partiya, sovet, komsomol sıralarına cəlb edir, onların kişilərlə bərabərhüquqlu Sovet vətəndaşı olmaqlarını nümunə kimi təbliğ edirdi. Həmin illərdə qadınların köhnə feodal-patrialxalq ənənələrdən qurtulmaq yolunda irəliləyişində Sovet kolxozlaşmasının da faydası olmuşdur.Bölgəmizin tarixində 1929-cu ildən başlanan elliklə kollektivləşmə siyasətinin nə kimi mənfi xüsusiyyətləri olsa da, qadın məsələsində faydası olmuşdur.Əvvəllər ayrı-ayrı təsərrüfat subyektləri kəndlilərin ailədə qadınların dar çərçivədə fəaliyyətini tənzimləyirdisə, indiki kollektiv təsərrüfatın hakim olduğu sosialist təsərrüfatında köhnə buxovlara son deyərək onları ictimailəşdirirdi.Bu təssərrüfatın inkişafı bütün kolxozçu kəndli qadınlarının da ictimai məhsulun istehsalına bir işçi kimi cəlb edir, onların əmək bölgüsündə iştirakını vacib edirdi. Onun üçün də kəndli qadının bu işdə gözü açılır və onları dövlətin də dəstklədiyi aktiv həyat tərzinə həvəsləndirirdi. Əlbəttə ki, ilk illər bu çətin olsa da, zaman ötdükcə fəal qadınlar yetişməkdə idi.Bu fəal komsomol və ya partiya üzvlərinə Yardımlı kəndində Ağanaz Süleymanova, Güli Ağayeva, Xasa Bədirova, Əfruz Rzayeva,Sona Babayeva,Hürüxanım Mamedova,Bükə Kərimova, Arus kəndindən Xara Həsənova,Ağanaz Talıbova Cerimbel kəndindən Ağabanu Rzayeva və başqalarını misal göstərmək olar. 30-cu illərdə qadın hərakatına hələ 20-ci illərin ikinci yarısından başlanmış mədəni inqilab böyük təsir etmiş, sözün həqiqi mənasında elə inqilab yaratmışdı.RXMŞ 1932/33-cü illər 1 saylı əmrlər kitabından məlum olur ki, rayonun maarif tarixinə qızıl hərflərlə adını yazmış Lənkəran şəhərindən gəlmiş ilk maarif müdiri İsgəndər Əkbər oğlu Talışinski 1928/32 -ci illər üçün əvvəl müfəttiş, sonra isə müdir işləmişdir.İlk maarif müdiri rayonumuza qadın müəllimələrinin təyinat alması və bu hərakata öz töhvəsini verənlərdən biri kimi yadda qalıb.Bu faktları unudulmaz Fəzail Əkbərov da öz “Yardımlıda maarifin inkişafı” monoqrafiyasında təsdiqləyir. (Bakı.1998.Mütərcim.səh.25) Qısa zamanda kəndlərdə və rayon mərkəzi olan Yardımlıda məktəblərin açılması bölgə əhalisinin savadlanması yolunda böyük əhəmiyyəti olsa da, qadın məsələsinə də öz təsirini göstərmişdir.İlk vaxtlar bu işartılar zəif olsa da, aprılan araşdırmalar göstərir ki, 30-cu illərin əvvəlində başqa rayonlardan təyinatla gələn qadın müəllimələrin bölgə əhalisinin həm savadlanmasına, həm də qadın hərakatına stimul olmuşdur.Məsələn, RXMŞ-nin yuxarıda adı çəkilən kitabından məlum olur ki, 04.02.1932-ci ildə 9 saylı əmrlə Natalya Krasnikova rus dili müəlliməsi kimi Yardımlı tam orta məktəbinə, 177 saylı əmrlə Məryəm Əliyeva Yardımlı orta məktəbinə, 216 saylı əmrlə Göyərçin Zaidova Perimbel kənd məktəbinə, 22.02.1933-cü il, 67 saylı əmrlə Vəsilə Hacızadə Yardımlı məktəbinə, 109 saylı əmrlə Rəxşəndə Hacızadə Hamarkənd məktəbinə, 203 saylı əmrlə Ruqiyyə Qasımova Peştəsər kənd məktəbinə, 258 saylı əmrlə Aliyə Əliyeva Ostayır kənd məktəbinə, 290 saylı əmrlə Romozanova Roza Yardımlı orta məktəbinə rus dili müəllimi təyin olunublar.Bu qadınların hər biri dərs dediyi kənddə nümunə olaraq qadınlarımızın dünyagörünüşündə dəyişiklik yaratmağa nail olmuşlar. Yenə də həmin kitablardan məlum olur ki, təyinatla gələnlərdən bir çoxu həyat yoldaşı ilə bərabər gələrək, bərabər də məktəblərdə çalışmışlar.Məsələn, həmin kitabda 135 saylı əmrlə Əli və Ruqiyyə Qasımova ər-arvad cütlüyü Deman məktəbinə, 205 saylı əmrlə Əli və Dilbər Axundovlar Yolocaq məktəbində müdir və müəllimə təyin olunublar.Bu cütlüklər içərisində bizim maraqlı bir əmr diqqətimizi çəlb etmişdir.Bu yuxarıda adı çəkilən, RXMŞ-nin 1932/33-cü illər, 1 saylı Əmrlər kitabında 01.09.1933-cü il tarixli, 201 saylı Əmrlə Cəbrayıl Camalov Ostayır kənd I dərəcəli məktəbə müdir, 202 saylı əmrlə onun həyat yoldaşı Maral Camalova isə həmin məktəbə müəllimə təyin olunması göstərilmişdir.(səh.72.) Bu məlumatın bizim üçün önəmli olması, bu əmr sahiblərinin XX əsr rayonun mədəni-maarif tarixində dərin izlər salmış ziyalılar kimi qalması olmuşdur.Bu nəcib cütlük böyük pedoqoqlar olmaqla bölgə əhalisinə Lənkərandan həm ziya, həm də mədəniyyət işığı gətirmişdilər.Məhz ona görə də cütlüyün birinin- Maral xanımın bu il tamam olan 100 illik yubileyinə biz bu məqaləni həsr edib bu sahədə yetərincə olmasa da araşdırma aparmağa calışdıq. Ostayır kənd məktəbində cəmi 25 təqvim günü işləyən bu cütlük nədənsə 257 və 258 saylı, 25.09.1933-cü il tarixli əmrlərlə azad edilmişdir. Yenə də Cəbrayıl Camalov Yardımlı tam orta məktəbinə müdir, Maral xanım isə həmin məktəbə müəllimə təyin olunur.Fikrimizcə, yüksək təhsilli cütlüyün o zaman Ostayır kəndindən rayon mərkəzinə dəyişilməsi yerli rəhbər məmurların təşəbbüsü ilə olmuşdur.Çünki yerli məmurlar təhsilli qadınların rayon mərkəzi olan Yaradımlıdakı fəaliyyətinə önəm vermişlər.Bu qadınlrın başqa qadınlara örnək kimi göstərmək, ictimai hərakata inteqrasiyasını təmin etmək məqsədi güdülmüşdür. Onlar Yardımlı kəndində “Kələkbaşı” məhəlləsində kirayə qalan zaman kənd sakinlərindən Rəhim və İzzət Ağayev qardaşları, Abazəli İsmayılovla, İsrafil Nəzərovla möhkəm dost olaraq onların və yaxınlarının savad almasına öz köməyini göstərmişlər. Bu gün də yaşlı nəsil bu səmimiyyətdən xoş xatirələr danışırlar.Bu faktları Camalovlar cütlüyünün yeganə yadigarı, rayonumuzun fəxr etdiyi ziyalı qadınlarımızdan biri, dövlət qulluqçusu veteranı Camalova Nülufər Cəbrayıl qızı da nəql edərək təsdiq edir.Lakin cütlük burada da cəmi bir neçə il müəllimlik etsə də, sonradan uzaq Bərcan kənd məktəbinə yenə də müdir və müəllimə göndərilmişdir. Səbəb isə bu cütlüyün hər ikisinin Sovet hökuməti tərəfindən qəbul edilmədiyi zadəgan zümrəsinə aid olması idi.Həmin illərdə kolxoz quruluşu siyasətində hökumtin uğursuzuzluğunda günahlandırılan bu zümrələrə qarşı bir kompaniya istər Cəbrayıl Camalovun, istərsə də xan nəslindən olan Maral xanım Talışinskayanın bütün qohum-əqrabalarının repressiyaya məruz qoyulması ilə nəticələnmişdi. Bu represiyalardan canını qurtarmaq istəyən yeni ailə qurmuş cütlük də ucqarlarda yaşamaqla bundan xilas olmağa can atmışlar.Vərgədüz rayonun ilk maarif müdiri kimi Maral xanımın dayısı İskəndər Talışınski 1932-ci ildən yeni təyinatla Lənkərana qayıdır.Bu cütlüyün xilasını isə o zamanlar ucqar hesab edilən Vərgədüz rayonun dağ kəndlərində müəllim işləməkdə görür və İskəndər müəllimin məsləhəti ilə təhlükədən xilas olmaq üçün təyinat Vərgədüz rayonuna verilir.Amma bu cütlüyün burada da həyatları qeyrü-qaldan uzaq olmamışdır.Bu yaxınlarda APSSA-da aparılan qiymətli nadir bir arxiv sənədi üzə çıxmışdır. Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı (NKVD) Vərgədüz rayon şöbəsinin rəisi, dövlət təhlükəsizlik kiçik leytinantı N.C.Sevoyanın Vərgədüz RPK-nin I katibi M.Abbasova ünvanladığı 16 may 1938-ci il tarixli,132 saylı məktubunda RXMŞ-nin 16 nəfər müəlliminin təcili surətdə işdən azad edilib qovulması və yerinə daha “etibarlı” müəllimlər götürülməsi barədədir.Səbəbi isə bu 16 nəfərin zadəgan, tacir və ya qolçomaq əsilli olması göstərilir. Çox maraqlıdır ki, Camalov cütlüyü siyahının 2-ci və 3-cü sayında adları göstərilməklə hətta Cəbrayıl Camalovun adının altından xüsusi olaraq qara karandaşla çəkilərək nişanlanmışdır. (şəkil-3) Rus dilində çap hərfləri ilə oxuyuruq: ”2.Bərcan məktəbinin müəllimi Camalov Cəbrayıl Hüseynoviç, 1907-ci ildə Lənkəranda doğulmuş;O, Lənkəran şəhərində olan iri tacirin oğludur. 3.Bərcan məktəbinin müəlliməsi Camalova Mariya Teymur qızı, 1913-cü il doğumlu, ərli; O, Lənkəran şəhərində olan tacir və böyük bəy-qolçomaq qızıdır, hansı ki, onun valideyinləri bu məqsədlə NKVD orqanları tərəfindən həbs edilmişdir.”(APSSA.f.88.sh.4.iş-5.vr.43) Təəccüblüdür ki, həmin dövrdə rayonun tarixinə qara hərflərlə adını yazan erməni milliyyətindən olan məkrli N.C.Sevoyanın bu məktubundan sonra Camalov müəllimləri yenə də müəlimlik fəaliyyətini davam etdirməklə repressiya maşınından xilas olmuşlar.Bizim qənaətimizcə, həmin ilin əvvəlindən rayona yeni təyin olunmuş, öz humanist və təəssübkeşliyi ilə yadda qalmış RPK-nin 2-ci katibi Məmməd Məmmədzadənin güman ki, köməyi olmuşdur.Çünki qocaların xatirələrinə görə də, bəzi araşdırmalara görə də bu cəlladla münasibəti olmayan Məmmədzadə 1939-cu ildə I katib keçəndən sonra, Nikolay Sevoyan da həmin il, aprelin 08-də Duzaq rayonuna(keçmiş Martuni-red.) başqa işə göndərilmişdir.(APSSA.f.88.sh.16.iş-2.kr.1) İndi məqaləni 100 illik yubileyinə həsr etdiyimiz unudulmaz Maral xanımın və həyat yoldaşının həm Fəzayıl Əkbərovun yuxarıda adı çəkilən əsəriindən, həm M.Talışlının “Lənkəran” əsərindən istifadə etməklə bioqrafiyalarını nəzərdən keçirək: Camalova (Talışinskaya) Maral Teymurxan qızı 1913-cü ildə Lənkəran şəhərində Talışxanovlar ailəsində anadan olub.Atası Teymur xan Talış xanlığının,sonradan Lənkəran qəzasının tanınmış, adlı-sanlı zadəganlarından olub. O, 1920-ci ildə rus-tatar məktəbinə daxil olub.Həmin dövrdə çox az sayda valideyinlər qızlarını məktəbdə oxumağına razılıq vermişdir.Lakin Teymur xan bir əsilzadə kimi təhsilə böyük fikir verən maarifpərvər ziyalı olaraq qızının gələcəyini düşünmüşdür.Maral xanım Lənkəran pedoqoji məktəbini 1932-ci ildə müvəffəqiyyətlə bitirərək tacir ailəsindən olan Camalov Cəbrayılla ailə həyatı qurur.Həmin illər əsilzadələrə qarşı balanan repressiya dalğalarından gizlənmək üçün gənc ailəni də ucqarlara çəkilməyə sövq edir.Dayısı İsgəndər bəy Talışinskiyin tövsiyyəsi ilə təyinatını ucqar Vərgədüz rayonuna götürür.Həyat yoldaşı ilə birlikdə bu diyara gələn Maral xanım yuxarıda məlumat verildiyi kimi əvvəlcə Ostayır kənd məktəbində, sonra Yardımlı tam orta məktəbində, sonra isə Bərcan məktəbində müəllimə işləyir.İkinci Cahan savaşının başlanması və 1942-ci ildə həyat yoldaşı-məktəb müdiri Camalov Cəbrayılın orduya səfərbər edilməsi körpələri ilə tək qalan Maral xanımı çətin imtahan qarşısında qoyur.Amma o bu imtahandan çox şərəflə çıxaraq nəinki öz körpələrini müharibə fəlakətindən xilas edir, eyni zamanda həmkəndlilərinə də arxa olur, dayaq olur. Həmin çətin illərdə Maral xanım 6 övladının böyüyüb boya-başa çatmasında cox çətinliklərə qatlaşmalı olur.Aldığı məvacibi demək olar ki, yetim, kimsəciz uşaqlarla bölür, əlsiz-ayaqsız kəndlilərə yardım etməkdən yorulmazmış.Onların hətta çimizdirilib geyimlə təmin olunmasına qədər yardımçı olmuşdur.Maral xanımın məktəb illərində yiyələndiyi həkim kimi bir çox vərdişləri həmkəndlilərinin bu ağır illərində çox dadına çatmış, onlara əsl təcili yardım xidməti etmişdir. Bu faktları həmin illərdə şahidi olan Nülufər xanım Camalova da uşaq yaddaşlarından bu günə daşımaqla gövrələ-gövrələ xatırlayır, həm də bir çox yaşlı kənd sakinlərinin dilindən düşmür.Maral xanımın1942/46-cı illərdə həyat yoldaşının əvəzinə məktəb direktoru işləməsi ilə kənddə təhsilin inkişafına böyük töhvə olur.Xüsusən, qızların təhsilə cəlb olunma işində əvəzsiz fəaliyyəti yadda qalıb.Bu isə sonradan qadın hərakatına öz töhvəsini vermiş olur.Məsələn, həmin illərdə dərs deyib yetişdirdiyi kənd sakini Adiyeva Gülsabah və Arus kəndindən Həsənova Xara 40-50-ci illərin ən fəal qadınları olmuş, hətta RPK-nin qadın sektoruna da ayri-ayrı illərdə rəhbərlik etmişlər. (sonrakı məqalədə bunların hər ikisi haqqında məlumat veriləcək-red.) 1946-cı ildə Cəbrayıl Camalovun ordudan sağ qayıtması onun üçün əsl möcüzə olmuş və yenidən məktəbə müdirlik həyat yoldaşına verilmişdir.Lakin amansız əcəl bu nəcib Maral xanımın gələcək arzularını yarıda qoyur.Yüksək insani keyfiyyətləri ilə, əsilzadə ənənələrinə malik davranışı ilə nəinki Bərcanda, habelə rayonda tanınmış Maral xanımın 1950-ci ildə qəfil ölümü el-obanı yasa boğur.El isə onun cənazəsinin Lənkərana yox, Bərcan qəbirstanlığında dəfn olunmasını Cəbrayıl müəllimdən xahiş edirlər.(Keçən əsrin 90-cı illərində unudulmaz Dülruba xanımın təşəbbüsü ilə həm Maral xanımın, həm də 1969-cu ildə Yardımlı qəsəbə qəbirstalığında dəfn olunmuş Cəbrayıl müəllimin də nəşi Lənkərana aparılıb yenidən bir məzarda dəfn olunmuşdur-red.) Böyük müəllim Fəzail Əkbərov 1998-ci ildə çap olunmuş “Yardımlıda maarifin inkişafı” kitabında yazır:”Maral xanımın dərs dediyi şagirdlər bu nəcib insanı unutmur, xatirəsini həmişə yad edirlər.Cəmi 37 il yaşayan Maral Camalova xatirələrdə böyük iz buraxıb.Onun tərbiyə etdiyi övladlardan biri- Dülruba Camalova Lənkəran rayonunun İcra hakimiyyətinin başçısıdır.Ailənin sevimlisi Elazər Camalova gözəl stomotoloq idi.Heyf ki, dünyasını tez dəyişdi.Maral xanımın tərbiyə etdiyi Nülufər Camalova isə uzun müddət Yardımlı rayon İcraiyyə Komitəsində sədr müavini olub.Hazırda VVAQ rayon bürosu sədridir.Gözəl ana, mehriban qaynanadır.Maral xanımın oğlanları Ramiz və Səyavuş ali təhsillidirlər.Öz ixtisası üzrə fəaliyyət göstərirlər.”(səh-45) 1942-ci ildə müharibənin ağır illərində orduya çağrılan Cəbrayıl Camalov müharibədə şərəfli döyüş yolu keşmiş, xidmətlərinə görə bir çox döyüş orden və medalları ilə təltif edilmişdir.1946-cı ildə kiçik leytinant rütbəsində ordudan tərxis olunan Cəbrayıl yenidən doğma Bərcan kəndinə qayıdaraq məktəbin direktorluğunu Maral xanımdan təhvil almışdır. 1953-cü ilədək bu məktəbdə çalışan və yüzlərlə şagirdin gələcək tələbə olmaq arzusuna öz töhvəsini verən Cəbrayıl müəllim, sözün həqiqi mənasında el-obanın böyük hörmətini qazanmışdı.Lakin Maral xanımın vaxtsız vəfatı Cəbrayıl müəllimi həmin kənddə işləməyə həvəs qoymur.O öz yerini 1953-cü ildən bir vaxtlar Maral xanımla bərabər cəmi 25 gün dərs demiş Ostayır kənd məktəbinə dəyişərək 1961-ci ilədək burada işləyir.1961/69-cu illərdə isə M.F.Axundov adına Yardımlı 1 saylı orta məktəbdə müəllim işləmişdir.Cəbrayıl müəllimin yeni karyerasında da gözəl və dəyərli ziyalı, istedadlı müəllim kimi nəsillərin yaddaşında qalmışdır.Bu illər ərzində Yardımlını öz doğma yurdu kimi sevmiş, el-oba içərisində böyük hörmət qazanmışdı.O 1969-cu ildə isə vəfat etmişdir. Göründüyü kimi Camalovlar cütlüyü nakam sevginin dastanı kimi tarixdə qalsa da nəsillər onların xidmətinə görə unutmur, xatirəsini əziz tuturlar.Nə yaxşı ki, bu ailənin bir övladını Tanrı bizim üçün qoruyur. Bu rayonumuzun 1960/90-cı illərdə qadın hərakatına öz töhvəsini verən Nülufər xanım Cəbrayıl qızı Camalovadır.Allah ona can sağlığı versin! Biz xronologiyaya uyğun növbəti məqalələrimizdə onun bir ziyalı qadın kimi fəaliyyətindən oxuculara bəhs edəcəyik. Ardı var. Əli İskəndərov. Yardımlı rayon tarix-diyarşünaslıq muzeyinin direktoru.
Posted on: Thu, 24 Oct 2013 07:33:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015