Kompüterlə imtahan vermək tələbələrin karına gəlib Bir - TopicsExpress



          

Kompüterlə imtahan vermək tələbələrin karına gəlib Bir müddətdir ki, universitetlərdə yay sessiyası başa çatıb. Tələbələr arasında keçirdiyimiz sorğudan məlum oldu ki, ötən illərlə müqayisədə bu il, ali təhsil müəssisələrində korrupsiya və rüşvətxorluq hallarının sayı azalıb. Kompüter sisteminə keçid, ali təhsil ocaqlarında təhsilin şəffaflığını bir qədər artırıb. Bununla belə, çözümünü tapmayan bəzi fəsadlar hələ də qalmaqdadır. Əksər tələbələr bildirirlər ki, imtahanda pul tələb olunmasa da, imtahan öncəsi proseslərdə onlardan rüşvət alınır. Belə ki, imtahana buraxılış balının toplanmasında, tələbələr müəllimin "rüşvət dəzgahından” keçmək məcburiyyətində qalırlar. Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsinin 4-cü kurs tələbəsi Hacı Əlizadə də deyilən faktları təsdiqlədi. O, bizimlə söhbətində bildirdi ki, imtahanda rüşvət almaqdan ehtiyatlanan müəllimlər, öz işlərini imtahanqabağı görürlər: "Mənim oxuduğum fakültədə, cari illərlə müqayisədə rüşvətxorluq halları azalan xətt üzrə inkişaf edir. Birinci kursa qəbul olunanda, belə hallara daha tez-tez rast gəlirdik. İkinci kursdan etibarən, imtahanları kompüterlə veririk. İndiki halda, müəllimin təzyiq və təhdidləri ilə üzləşmirik. Yeni sistemə keçməzdən əvvəl, hər auditoriyaya daxil olan müəllim bizi imtahandan kəsəcəyi ilə hədələyirdi. Hətta vəziyyət o həddə çatmışdı ki, oxuyan tələbələr də artıq oxumaq istəmirdilər. Çünki onlar anlayırdılar ki, müəllimi "görməsələr” onları imtahana buraxmayacaq. Həmin tələbələr də bir neçə dəfə cəhd etdilər ki, imtahanları öz bilik və bacarıqları hesabına versinlər. Əfsuslar olsun ki, istəklərinə nail ola bilmədilər. Bu olaydan sonra, həmin tələbələrdə ruh düşgünlüyü yarandı və oxumaqdan imtina etdilər. Onlar universitet dərsliklərini kənara qoyaraq, özləri üçün bədii ədəbiyyatlar oxuyurdular ki, heç olmasa, bildiklərini itirməsinlər. Bilirdilər ki, universitet dərsliklərini oxusalar da, nə dərsi soruşan olacaq, nə də qiymət verən. Əvvəllər durum bu cür idi. Universitetdə hər bir məsələ pulla və yaxud rüşvətlə çözümlənirdi. Amma kompüter sistemi tətbiq olunandan sonra, müəllimlərin təhdidləri azaldı. Bizə müdaxilə edə bilmirdilər. Müəlliflərin adını öyrənib, həmin vəsaitləri tapırdıq və imtahanımızı verirdik. Demək olar ki, bu sistemin tətbiqindən sonra, hər kəs oxumağa başladı. Bütün tələbələr dərk etdi ki, burada müəllimin heç bir funksiyası yoxdur. Müstəqil şəkildə oxuyub imtahandan keçmək mümkündür. Həmin andan, bəlkə də universitetin 80-90 faiz tələbəsi öz ixtisasını öyrənməyə başladı və onlarda elmə, təhsilə maraq daha artdı. Amma bir məsələni də vurğulayım ki, yeni mexanizm də müəllimlərin oyununu tam şəkildə əngəlləyə bilmədi. İndi də imtahana buraxılış balı məsələsi ortaya çıxıb. Müəllim imtahanda rüşvət ala bilməyəcəyini gözəl bilir. Ona görə də işini ehtiyatlı tutaraq, bəri başdan sessiya ərzində pulları yığır. Tələbə imtahana buraxılış balı toplamalıdır. Bu iş də, müəllimin qələmindən asılıdır. Yəni qiymət məsələsində müəllimin rolu böyükdür. Müəllimlərin bir çoxu məhz bu vəziyyətdə tələbədən pul tələb edirlər. Amma əvvəlki kimi deyil, daha az formada. Məsələn, əvvəllər 70-100 manat tələb olunurdusa, indi 20-30 manat tələb olunur. Bu isə tələbədən asılıdır. Hər gün dərsə hazır gələn tələbədən müəllim pul istəmir. Zəif oxuyan uşaqlar isə həmişə çalışırlar ki, işlərini rüşvətlə həll etsinlər. Buna nail olurlar da. Əslində, bu işdə öyrəncilərin və onların valideynlərinin də rolu böyükdür. Tələbə oxuyub qiymət almağın mümkün olduğunu bilərək oxumursa, deməli, qüsur onun özündədir. Bəzən elə müəllimlər olur ki, onları məhz tələbələrin özləri bu işə cəlb edirlər və sonunda rüşvət aludəçisinə çevirirlər. Hesab edirəm ki, bu universitetdə mövcud olan arzuolunmaz durum yaxın 3-5 il ərzində aradan qalxacaq. Bütün halları nəzərə alaraq, ADPU-da təhsil səviyyəsini bəyənirəm. Fakültə dekanımız rüşvətə meyilli müəllim və tələbələrlə mübarizə aparır. Belə bir halın mövcudluğunu eşidəndə, lazımi addımlar atır. Ötən həftə diplom müdafiəsində idik. Həmin proseduranın şəffaf aparılması üçün dekanımızın özü şəxsən iştirak etdi. Sonunda da hər şey yaxşı nəticələndi. Sözsüz ki, Universitetdə müəyyən problemlər var. İnanıram ki, zaman-zaman həmin problemlər çözümlənəcək”. Azərbaycan Dillər Universitetinin (ADU) fransız dili fakültəsinin 4-cü kurs tələbəsi David Rəfiyev isə ADU-nun tam fərqli bir universitet olduğunu söylədi: "Oxuduğum illər ərzində heç kim məndən rüşvət istəməyib. İmtahanlarda da heç bir çətinlik çəkməmişəm. Əksinə, müəllimlərimiz bizə imtahanlardan uğurla keçməyimiz üçün əllərindən gələn köməkliyi edirdilər. Buradakı təhsil digər universitetlərdən fərqli olaraq yüksək səviyyədədir. Hətta bir faktı da qeyd etmək istəyirəm ki, qrup yoldaşlarımdan biri öz ixtisas müəllimimizə ona yüksək bal yazması və imtahandan keçirməsi üçün pul təklif edib. Müəllim pulu götürmək istəməsə də, həmin tələbə pulu müəllimin zorla cibinə qoyub. Müəllim isə uşağın valideynini çağırtdırıb pulları valideyninə təhvil vermişdi. Bəzi universitetlər var ki, pul almayan və rüşvətxorluğa yol verməyən müəllimlər barmaqla sayılır. Amma ADU-da pul alanlar barmaqla sayılır. Demirəm heç bir rüşvətxorluq halı yoxdur. Ola bilsin ki, var. Mən görməmişəm. Bizim bəlamız ondadır ki, bəzi valideynlər övladlarının cibinə pul qoyurlar ki, apar bunu müəllimə ver, o da səni intellekt baxımından kor böyütsün. Ölkə təhsilindəki çatışmazlıqlar təkcə nazirin və rektorun problemləri deyil. Bu, bütün cəmiyyətin problemidir. Təhsilimizi yaxşılaşdırmaq və inkişaf etmək istəyiriksə, hər kəs bu işə dəstək verməlidir. Hər hansı bir qeyri-legitim durumla üzləşdikdə, universitet rəhbərliyinə məlumat verilməlidir. Məlumdur ki, Azərbaycanın universitetləri içərisində Qərb təhsil sistemi ilk dəfə ADU-da tətbiq olunub. ADU-da bütün məsələlər Avropa universitetlərinin olduğu kimi demokratik və şəffaf yolla həll olunur. Tələbələrin azad müəllim seçimləri var. Müəllimin savadı və bacarığı tələbələri qane etmirsə, həmin müəllim haqqında müvafiq dekanlığa ərizə yazmaq kifayət edir. Yəni, istər müəllimlərin, istərsə də tələbələrin hüquqları tam şəkildə qorunur. Yaranmış dissiplindən kənara çıxmış tələbə və yaxud müəllim layiqli cəzasını alır. Xatırlayıram ki, ikinci kursda oxuyan zaman, ADU-nun rektoru, professor Səməd Seyidov diplom müdafiəsi və dövlət imtahanlarının ləğvi haqqında qərar çıxardı. Bu isə tam Avropa təhsil sisteminin mövcud standartlarına cavab verən addım idi. Səməd müəllimin təşəbbüsü tələbələr arasında da müsbət qarşılandı. Bu iş tələbələrin səyi nəticəsində həyata keçirilmişdi. Yəni tələbə diplom müdafiəsinə görə ondan pul tələb olunması ilə bağlı Səməd müəllimə müraciət etmişdi. Rektor həmin halların qarşısını almaq üçün bu cür addım atdı». Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin 3-cü kurs tələbəsi Hacı Mehdiyev isə qeyd etdi ki, kəsilən tələbələr oxumayan tələbələrdir: "Universitetimizdə heç bir rüşvət qəbul edilmir. Düzdür, hazırda digər universitetlərdə oxuyan tələbələrin əksəriyyəti pul verərək imtahanlardan keçirlər. Rüşvət verməyən tələbələr isə ya imtahandan kəsilir, ya da get-gələ salınırlar. Bunun bədəlini, gələcək nəslin nümayəndələri çəkəcəklər. Amma bildiyim dəqiq bir fakt odur ki, oxuduğum fakültədə korrupsiya və rüşvətxorluq hallarının mövcudluğundan söhbət belə gedə bilməz. Digər fakültələrdən isə xəbərim yoxdur. Başqa fakültələrdə isə neqativ halların olmasını istisna etmirəm”. Ayyət Əhməd
Posted on: Thu, 04 Jul 2013 19:51:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015