Kəlbəcərə tək getmə, ata!!! (başlıq ı) - TopicsExpress



          

Kəlbəcərə tək getmə, ata!!! (başlıq ı) Müəllif:İsmayılov Ziyəddin Şura oğlu. (Sənədli povestin qəhrəmanı Kəlbəcər rayonunun Şaplar kənd sakini Əsgərov Dilqəm Qardaşxan oğlu ) Müəllif: KHAGANI | 17 Noyabr 2011 | Oxunub: 900| Yadda saxlamaq: (Mən öz adımdan Ziyəddin İsmayılova və Dilqəm Əsgərova öz minnətdarlığımı bildirirəm. Vətən torpaqlarının müdafiəsində mücadilə edən bu şəxslər çətin döyüş yolu keçmiş, Qarabağımızın azadlığı uğurunda, əllərindən gələni əsirgəməmişlər. Onlara can sağlığı diliyirəm. Bu kitabı oxuyan hər bir Kəlbəcərliyə təşəkkür edirəm və vətənpərvər olmağı arzulayıram. Hörmətlə:Rzayev Xaqani Məhəmməd oğlu.17.11.2011. Kəlbəcər rayonu, Aşağı Ayırım kəndi.) Kitab Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin parlaq, unudulmaz xatirəsinə ithaf olunur. ( Müəllif : Ziyəddin İsmayılov. 2005 . Ziyəddin Şura oğlu İsmayılov 1963-cü ildə Qərbi Azərbaycanın Qəmərli şəhərində qulluqçu ailəsində anadan olub. 1986-cı ildə AKTA-nı bitirib, ali təhsilli mühəndisdir. 1988-ci ildən dövrü mətbuatda müxtəlif səpkili yazılarla çıxış edir. 1991-1998-ci illərdə Azərbaycan Milli Ordusunda hərbi xidmətdə olub, müharibə veteranıdır, ehtiyatda olan zabitdir.) Müəllfdən: Əziz oxucum! Dövrümüzdə hadisələr, olaylar bir-birini çox sürətlə əvəz etməkdədir. Bu hadisələrə münasibətlər, yanaşmalar baxışlar isə tam fərqlidir. 80-ci illərin sonlarından başlayan hadisələr o qədər aramsız, başgicəlləndirici sürətlə, o qədər çeşidli və qarışıq fonda baş verir ki, sadəcə olaraq, hadisələrə real qiymət ( özü də öz vaxtında verilən qiymət ) vermək heç də asan olmur. Bütövlükdə götürəndə sürətlə keçməyinə baxmayaraq, şahidi olduğumuz hadisələrdən bizi o qədər də çox zaman fərqi ayırmır. Lakin çox vaxt, hansısa bir hadisənin – şəxsən şahidi olduğumuz hadisənin – bayağı, təhrif olunmuş təsvirinə rast gəldikdə, haqlı olaraq narahat olmamaq mümkün deyil. Axı konkret məkanda, konkret zaman kəsiyində baş vermiş hadisənin təsviri elə tarixin özü deməkdir. Tarixin yanlış təsviri isə xəyanətdir. 80-ci illərin sonlarında tarixi-ədəbi əsərlərimizin – cüzi azlıq nəzərə alınmazsa – demək olar ki, olmaması səbəbindən, bir çox qələm sahibləri tarixi-bədii əsərlər yaratmağa cəhd etdilər. Lakin bir-birindən mənasız, gerçəkliyə söykənməyən, bədii rənglərin, yazıçı təxəyyülünün, fantaziyasının bolluğundan – daha çox qədim Şərq nağıllarına oxşar, abstrakt təsvirlər ortaya qoyuldu... Yaratdıqları “eybəcər”ləri görən müəlliflər hamısı, sözləşibmiş kimi, özlərinə bəraət qazandırmağa cəhd göstərməyə çalışdılar ki, bəs tarixi roman – tarix deyil(?) Yazıçı əsəri yaradarkən tarix yaratmaq fikrində deyilmiş və s. və i.a. Çox təssüf ki, belə ənənə bu gün də davam etməkdədir. Müharibə mövzusuna müraciət edən, ən çox da şəhidlərimiz haqqında yazan, qələm sahibləri bəzən elə yazılar yazırlar ki, bu yazılar, şəhid ruhunu təhqir etməklə bərabər, şahidlərdə ikrah hissi doğurur. Allah cəmi şəhidlərə rəhmət etsin! Şəhidlik, şəhid adı elə bir ali məqam, elə bir yüksək zirvədir ki, bu adın yanına yersiz, bayağı, şit və qondarma tərif qoşmaq günahdır... Nəyin düz, nəyin təhrif olunduğunu göstərməyə borclu olan qələm sahibləri – həqiqəti göstərən “güzgü” əvəzinə, ortaya, oxucunu çaşdıran “əyri güzgülər” qoymaqla, öz millətinə xəyanətdən də pis xidmət göstərirlər. Əziz oxucum! Həvəs göstərib oxumaq istədiyin bu kitabda bədiiliyin, fantaziya və təxəyyülün az olması, indicə sadaladıqlarımızdan qorxduğumuz və çəkindiyimiz üçündür. Ona görə də kitabda, az qala stenoqrafiyaya söykənən xronoloji təsvirlər, qoy səni bezdirməsin. Bu “qüsur”u ört-basdır etmək üçün “bəraət”imiz var. Bu bəraət isə kitabda təsvir olunanların gerçəkliyə söykənən həqiqət olmasıdır! Bəli, əziz oxucum! Kitabda təsvir olunan hadisələr, konkret zamanda və məkanda baş vermişdir. Həmin hadisələrin yaradıcıları və iştirakçıları, aramızda yaşayan və tanıdığımız insanlardır. İş elə gətirib ki, bizim Dilqəmlə tanışlığımız müharibənin ilk günlərinə təsadüf etdi. Dilqəm, cəsarəti, igidliyi, fiziki möhkəmliyi, hadisələri düzgün qiymətləndirməkdə bacarıqlı olması, ən başlıcası isə sadəliyi və etibarlı yoldaş olduğu üçün, hər yerdə böyük hörmət və şöhrət qazanırdı. Dəfələrlə şahidi olmuşam ki, ermənilər onu “ratsiya” ilə efirə çağırıb, söyüb hədələyiblər. Bu isə onu hiddətləndirib özündən çıxartmaqdan çox, əyləndirirdi. Güllədən də betər bir neçə kəskin sözlə erməniləri quduzlaşdırıb özündən çıxardır, özü isə gülürdü. O, heç vaxt ermənini, ciddi düşmən hesab etmirdi və indi də etmir. Elə buna görə də iki dəfə, 1998-ci və 1999-cu illərdə döyüş sərhəddini keçib, işğal olunmuş Kəlbəcər ərazilərində günlərlə gəzib dolanıb, sonra isə sağ-salamat da geri qayıtmışdır. Hidayət kişi də yaşının çox olmasına, qocalığına baxmayaraq, göstərdiyi qoçaqlıq, cəsarət, mərdlik üçün fəxr olunmalı, nümunə götürülməli və göstərilməli şəxsiyyətdir. Keçmiş döyüşçü Rəfinin qoçaqlığına, igidliyinə heç bir şübhə ola bilməz. Lakin günümüzün reallıqları onu, hadisələrə bir qədər fərqli yanaşmağa məcbur edir. Bu qeyd etdiklərimizi, kitabda daha geniş və ətraflı şəkildə verməyə çalışmışıq. Kitabda Kəlbəcər torpağının yetirdiyi istedadlı şairlərin şeirlərindən istifadə etmişik. Şeirlərin müəllifləri İdris Verdiyevə, Mdət Qaraxançallıya, Mirvari Elseverə, Qəmkeş Allahverdiyə, Cahangir Qoçdaşlıya, Zərqulu Kamrana, Yusifə səmimi təşəkkürlərimizi bildiririk. Bu gözəl şeirlər yəqin ki, oxucuların rəğbətini qazanmaqla bərabər, kitabın daha da oxunaqlı olmasına yardım edəcəkdir. Kitab bəzi nöqsan və qüsurlardan da xali olmamış deyildir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Yuxarıda qeyd etdiyimiz kimi, hadisələr və iştirakçılar, real və konkret şəxslər olduğu üçün, və hələ də müharibə şəraitində olmağımızı nəzərə alıb, bəzi məqamların üstündən sükutla keçməyə məcbur olmuşuq. Yəqin ki, diqqətli oxucu, nələri nəzərdə tutduğumuzu sezmiş olar. Kitabda təsvir olunan hadisələri, qələmə almağımızın ən əsas ən başlıca səbəbi isə çoxları üçün “qaranlıq” qalan, “yerlər”ə işıq salmaq, - “az qala bütün dünyanın kömək etdiyi, dalında kimlərinsə dayandığı erməni”nin heç də qələmə verildiyi kimi olmadığını bir daha yada salmaq, yaddaşlarda canlandırmaqdır(erməni – yenə də həmin qorxaq, yaltaq, yalançı və bic - ermənidir). Müxtəlif yaşlı və müxtəlif xarakterli insanların – Dilqəmin, Hidayət kişinin, Rəfinin, ermənilərin qulağının dibində və gözünün önündə günlərlə gəzib dolanmağı, bir daha sübut edir ki, elə də xüsusi bir çətinlik olmadan düşmənin burnunu ovub, torpaqlarımızı qısa müddət ərzində azad etmək olar. Sadəcə olaraq bunu istəmək və etmək lazımdır! Beləliklə də əziz oxucum, biz öz işimizi burada bitmiş hesab edirik... Bu işin qalanını və daha ağır hissəsini isə sənin öhdənə buraxırıq... Sənədli povest Ι kitab Birinci Kəlbəcər səfəri - 1998 Axşam düşürdü. Batmaqda olan avqust günəşinin çəpəki şüaları Şəmkir çayını və çayın sağ sahili boyunca uzanan dağ yolunu, qıpqırmızı şəfəqlərə bürüyürdü. Yuxarıdan çay axarı istiqaməti ilə, UAZ markalı maşın asta-asta aşağı enirdi. Sükan arxasında oturmuş, qarabuğdayı sürücünün gicgahlarına dən düşsə də, gün şüalarından və açıq havada çox qalmaqdan yanıb qaralmış üzünə baxan ona qırxdan yuxarı yaş verməzdi. Müşahidəçi bir az da diqqət etsəydi, sürücünün maşını kələ-kötür dağ yolu ilə məharətlə idarə etməsinə baxmayaraq, çox fikirli olmasının fərqinə varardı. İki gün bundan qabaq, çayın yuxarısında, Gülənbir adlanan yerdəki köhnə fermada yerləşən yatağına gələndə, Dilqəm ən azı on-on beş gün burada qalıb həm işlərini sahmanlamaq, həm də qızmar avqust istisindən can qurtarıb, dağ havasında dincəlmək fikrində idi. Adəti üzrə səhər tezdən yerindən qalxıb gündəlik işlərinə başlasa da, qəlbində izaholunmaz bir tutqunluq var idi. Buna səbəb gecəki yuxusu idimi, ya dağların başını bürüyən çən duman idimi, bəlkə də elə çayın həmişəkindən fərqli eşidilən şaqqıltılı səsi idimi, heç Dilqəmin özünə də aydın deyildi. Günorta yeməyinə qədər, vaxtını çay yuxarı meşəlikdə keçirtdi. Qurduğu canavar tələlərini yoxladı. Öz əli ilə düzəltdiyi bulağın gözünü yarpaqlardan, çör-çöpdən təmizləyib, suyun axarını nizama saldı. Bu bulağı özündən başqa kimsə hələ ki, görməmişdi. Sərin sudan qoşa ovuclarına doldurub, əl-üzünü yudu, bir neçə qurtum da içdi. Elə bil suyun tamı da dəyişmişdi. Suyun bu tamı Dilqəmin 92-ci ilin payızında, qubadlı dağlarında tapıb, gözünü təmizləyib, durulandan sonra, doyunca içdiyi suyun tamını xatırlatdı. Axır vaxtlar nədənsə Dilqəm tez-tez müharibə illərini xatırlayır, ən adi şeylər, hadisələr belə onu xatirələrə dalmağa məcbur edirdi... Bulaqdan birbaşa yatağa qayıtdı. Həyat yoldaşı Firuzənin sorğulu baxışlarından gözlərini yayındırdı. - Bir az ayından-oyundan qoyun maşına, kəndə gedirəm, deyərək maşına yaxınlaşdı. Kapotu qaldırıb mühərriki gözdən keçirməyə başladı. Əslində, qəfil gedişinin səbəbini (bu səbəb heç özünə də bəlli deyildi) izah etməkdən can qurtarmağa bəhanə idi, maşına baxmaq. Kəndə çatanda hava təzəcə toranlaşırdı. Evlərin işıqları yanırdı. Darvazaya çatıb siqnal verən kimi, qapı tayları dərhal açıldı. Qızları Yeganə ilə Durdanə, hərəsi darvaza qapısının bir tayından yapışıb maşının içəri girməsini gözləyirdilər. Dilqəm mühərriki söndürüb, maşından düşəndə kiçik oğlu: - Ata, bilirdim ki, bu gün gələcəksən, – deyə sevinclə qışqırdı. - Nə bilim, ə? Anan zəng eləmişdi, yoxsa? – deyən Dilqəm zarafatla soruşdu. - Yox yuxuda gördüm! Bir də ki, dağda anamın telefonumu var, bəyəm? - Hə ata, qardaşım səhər yuxudan duranda deyirdi ki, atam axşama gələcək! – deyən qızları, darvazanı bağlayıb hərəsi bir tərəfdən atalarını qucaqladı. Kiçik oğlu da özünü onun üstünə atdı. Ata və balaları elə həsrətlə, elə məhəbbətlə qucaqlaşmışdılar ki, sanki ayrılıqları iki gün yox, neçə aylar, neçə illər imiş. Öz hisslərini həmişə cilovlamağa və gizlətməyə öyrəşmiş Dilqəm kövrəldiyini biruzə verməmək üçün evin artırmasında dayanıb onlara baxan böyük oğluna: — Ə, ayı, sən niyə gəlib atanla görüşmürsən? – dedi. Oğlunun da öz hislərini və istəklərini hər saat biruzə vermədiyini Dilqəm yaxşı bilirdi. Onda özünə xas olan xüsusiyyətlərini gördükcə sevinir, uşağın sərbəst böyüməsinə çalışırdı. Kürdoğlu Dilqəmə yaxınlaşdı. Yaşlı adam ədasıyla atasına əl verib görüşdü. Atasının ona tərəf əydiyi yanağından öpdü. Dilqəm içəri keçə-keçə: — Kürdü, sən maşını boşalt! Dürdanə, sən də atana bir az çay-çörək hazırla – dedi. Televizor qoyduqları qonaq otağına daxil olanda, efirdə Məhəbbət Kazımovun konserti gedirdi. Müğənni “Laçınım! Laçınım!” deyərək elə yanıqlı nalələr çəkirdi ki, sanki Laçın dağlarının zirvələrində dayanıb, tək laçınlıları yox, bütün Azərbaycanı, bütün dünyanı haraya, köməyə çağırırdı. Sürücü işləyən atası Qardaşxan kişi, Dilqəmi uşaq vaxtı Laçın dağlarında çox gəzdirmişdi. Sonralar Dilqəm özü də istər atlı, istər piyada, istərsə də maşınla Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl dağlarını, yaylaqlarını, düzlərini az qala qarış-qarış, addım-addım gəzib dolaşmışdı. Axırıncı dəfə 1992-c- ilin payızında “Koridor əməliyyatı” zamanı olmuşdu. O zaman Dilqəmin xidmət etdiyi hərbi hissə düşməni qova-qova Kirs dağlarına qədər gedib çıxmışdı. Sonra, sonra isə... Axşam yeməyindən sonra Dilqəm yorğun olduğunu bəhanə edib öz otağına keçdi. Qarşı divardakı xalının üstündə Dilqəmin hərbi geyimdə, yağlı boya ilə çəkilmiş portreti asılmışdı. Rəsmdəki Dilqəm avtomatın qundağını yerə dayaq verərək, uzaqlara baxırdı. Həmişə baxdığı şəkli də bu gün elə bil başqalaşmışdı. Sanki şəkildəki Dilqəm də, tapdaq altında qalan torpaqlardan başqa heç bir şey düşünmür, ona baxan Dilqəmə tənə vururdu. Dilqəm portretə yaxın gəlib güzgüyə baxırmış kimi, ona baxmağa başladı. Amma “güzgüdəki” Dilqəm, ayaq üstə dayanıb, aşağıdan yuxarıya baxan Dilqəmə heç oxşamırdı. Həmşəki kimi “söhbət” başlandı: - Sənə nə olub? Sözlü adama oxşayırsan, xeyir ola? - Bəs sənin işlərin necə gedir, fermer ağa? - Tikanlı-tikanlı danışma. Mən haradan fermer ağa oldum? Bir tikə çörəkpulu üçün əlləşib vuruşuruq. - Hə, hə, “çörəkpulu” üçün. Avtomat əvəzinə də əlinə çomağ “çörəkpulu” üçün götürürsən, hə? Barı, çomaqla yaxşı qoruya bilirsən özünü, var-dövlətini? - Vaxtında? Avtomat da götürdüm əlimə, pulemyot da. Mən əlimdən gələni etməyə çalışdım. - Avtomat, pulemyot götürüb, neylədiniz axı? Torpaq ermənidə, millətin də səpələnib düzlərə - öz ölkəsində qaçqın olub, didərgin olub, köçkün olub. Kəndlər, şəhərlər, dağlar, meşələr, qızlar, gəlinlər, qocalar, cavanlar girovluqda, əsirlikdə. - ...?! - Niyə dinmirsən? Cavab verəsən, bəlkə? Özünə bəraət qazandır, görək. Haradadır sənin doğulduğun, böyüyüb boya-başa çatdığın kəndin? Hər yay, başında kef gördüyün, sərinlənib dincəldiyin bulaqlar, meşələr, dağlar. Cənnət deyirdin oralara o vaxt?! Daha “cənnətə” getmək istəyən yoxdur deyəsən. Bəs babalarının, dost-tanışlarının qəbirləri? Çatlayıb çat veriblər. Od tutub yanırlar. Qara bayramlarda, ilaxır çərşənbələrdə gözləri yollarda qalır, üstlərində oxunası Quran səsinə möhtac qalıblar. “Dığaların” ayaq səslərindən, iyrənc ləhcələrindən , murdar nəfəslərindən beziblər artıq. Dözmür, dözmür, nə torpaq, nə xaraba qalmış ellər, nə ölülər, nə də dirilər. Sizi gözləyirlər. Adınızı kişi qoymusunuz. “Namus”, “qeyrət” deyəndə ağzınıza çullu dovşan sığışar! Di kişisiniz gedin, gedin də öz el-obanıza, kənd-kəsəyinizə! Gedə bilərsiniz? Ay getdiniz, ha?! - Niyə getmirəm? Gedə bilərəm! Gedəjəm! Gedəjəm! Lap indi gedəjəm! Gedəjəm Kəlbəcərə! Düz Şaplara gedəjəm! Dilqəm yumruqlarını sıxıb necə qışqırdısa, uşaqların dördü də dərhal içəri girib qorxmuş halda atalarına baxırdılar. Yeganə: - Ata, hara gedəcəksən gecənin bu vaxtı? Bəs sən kiminlə danışırdın? – deyə təlaşla atasına yaxınlaşdı. Dilqəm uşaqların təlaşa düşüb qorxduqlarının fərqinə varıb, - tez özünü ələ aldı. - Sizə nə olub, niyə yatmamısınız? Yeganə: - Televizora baxırdıq. Qəfildən qışqırığını eşitdik – dedi. - Qışqırıb nə deyirdim ki? - Deyəsən, Kəlbəcərə gedəcəyini deyirdin. Bayaqdan susaraq atasına və bacısına baxan kiçik oğlu Babək atasına yaxın gəldi. - Ata, məni də apar Kəlbəcərə. Mən bu yaşa çatmışam, hələ Kəlbəcərdə olmamışam. Durdanə Babəkin üstünə çımxırdı: - Ə, ata səni Kəlbəcərə necə aparsın? Kəlbəcər ermənidədi! Düz demirəm, ata? – deyərək Dilqəmin üzünə baxdı. - Düz deyirsən qızım. Kəlbəcər də, Laçın da, Şuşa da, Ağdam da, Fizuli də, Qubadlı da, Cəbrayıl da, Zəngilan da ermənidədi. - Onda, necə gedəcəksən ora? Babəki ora necə aparacaqsan? Ermənilər sizi tutub aparar, axı! - Tək gedəcəm. Babəki də böyüyəndə aparacam. Tək Babəki yox, sizin hamınızı da aparajam ora. İndi isə, haydı yatmağa. Uşaqlar qapıdan çıxanda Babək geri dönüb, atasına tərəf bir-iki addım atdı. - Nədi Babək, nə olub? - Ata Kəlbəcərə tək getmə, ha!!! ...Dilqəm yatağına uzanıb yuxulamağa çalışsa da, yuxusu ərşə çəkilmişdi. Hər dəfə gözünü yumub-açdıqca bir gecənin yuxusunu görürdü. Hələ ömründə belə günü olmamışdı. Qalxdı və küncdəki stolun üstünə qoyulmuş neft çırağının piltəsini qaldırdı. Alaqaranlıq otaq sarımtıl işığa boyandı. Qayıdıb əlini stolun üstünə atdığı pencəyin cibinə saldı ki, siqaret götürsün, əli dörd qatlanmış vərəqə dəydi. Vərəqi götürüb açdı. Şeir idi. Bu şeiri bir neçə gün qabaq özü yazmışdı. Vərəqi işığa tərəf tutdu. Oxumağa başladı. Qürbətdə ürəyim yaman darıxır , Dağların başına çıxmağım gəlir. Əsir Kəlbəcərə səfər eyləyib, Doğma kəndimizə baxmağım gəlir. O dağların zirvəsində görünüb Dumanına, çiskininə bürünüb, Öpə-öpə torpağında sürünüb, “Tərtər”ə qarışıb axmağım gəlir. Qartallar qıy vuran zirvəli dağlar, Didərgin elinin matəmin saxlar. Bulaq gözləriylə durmadan ağlar, Zirvədən yurduma baxmağım gəlir. Bu nə faciədir, bu nə zülümdür, Yurdu viran qalan doğma elimdir. Yanıb qovrulmuşam, qalan külümdür, Şimşək tək yurduma çaxmağım gəlir. Vərəqi qatlayıb cibinə qoydu. Siqaretlə alışqanı götürüb otaqdan çıxdı. Uşaqlar yatan otağa baş çəkdi. Neft çırağının işığında qayğısız-qayğısız yatırdılar. Elə bil bayaqdan Kəlbəcərə getmək istəyən bunlar deyildi. Deyəsən, böyük qızı Yeganəni, iki-üç yaşı olanda aparmışdı Kəlbəcərə. Doğma kəndi Şapılarda yaşayan qohumlarıgilə qonaq getmişdilər. Sonbeşiyi Babək, Kəlbəcərin işğalından sonra doğulmuşdu. Di gəl ki, bu da Kəlbəcərə getməyi arzulayır?! Dilqəm gülümsəyib bayıra çıxdı. Siqareti yandırıb tüstüsünü sinəsinə çəkdi. Tüstünü burnundan aram-aram buraxaraq gözlərini yumdu. Xoş hava var idi. Gecənin sükutunu evdən iki yüz addım aralıdan axan Şəmkir çayının şaqqıltısı pozurdu. Kəlbəcərin irili-xırdalı dağ çaylarının səsi gəldi qulaqlarına. Öz-özünə”Gedəcəm,hökmən gedəcəm” deyə təkrarladı. “Özü də təkcə gedəcəm”. Birdən Babəkin axşamki sözləri yadına düşdü. “Ata, Kəlbəcərə tək getmə, ha”. Elə bil, bir anlığa özünü Kəlbəcər dağlarında hiss etdi. Özü də tək, yalqız. Üşəndi. “Uşaq düz deyir. Tək olmaz, yoldaş lazımdır”. Kiminlə getmək barədə çox fikirləşdi. Yadına keçmiş döyüş dostları düşdü.Onları bir-bir xəyalından keçirməyə başladı. “Kənddəkilərdən Xəqanidi şikəst, Nurəddindi şikəst, Vaqifdi Beyləqanda hərbi xidmətdə, Səhəddindi türmədə, Natiqdi , Hikmətdi, Pənahdı, bunlar da Şəhid, ta kim qaldı ki? Onda səhər Gəncəyə gedim, görüm, kimi tapa bilirəm” deyə siqaretin kötüyünü yerə atdı, dabanı ilə əzdi söndürdü. İçəri keçdi. Səhər saat on olardı. Dilqəm dayanacaqda avtobus gözləyirdi. Bir-iki dəqiqə keçmiş Gəncə-Şəmkir avtobusu gəlib çıxdı. Yaxşı ki, abtobus həmişəki kimi basaraq deyildi. Dilqəm içəri keçib, sağ tərəfdəki oturacaqların birində əyləşdi. Maşın Seyfəli kəndini keçəndə, sağ tərəfdə “Seyfəli poliqon”u görsənirdi. Gəncəbasar bölgəsində ilk könüllü batalyon, 1991-ci ilin con aylarında Şəmki- rin Çinarlı kəndindəki keçmiş hərbi hissədə yaradılmışdı. Onda hələ hərbi hissələr, “poliqon”lar Sovet Ordusunun əlində idi. Hə- min vaxt “Seyfəli poliqon”u da rusların tabeçiliyində idi. Oraya ilk qədəm qoyan hərbi hissə Dilqəmin də könüllü gəldiyi, Birinci Gəncə Ərazi Müdafiə batalyonun bölmələri oldu. Cəmi-cümlətanı on iki təlim avtomatları vardı. Həmin silahları da məktəblərdən gətirib təmir etmişdilər. Amma nə ruh yüksəkliyi var idi o vaxtlar. Ştat üzrə zabit vəzifələri dolduğundan, bəzi zabitlər sıravi əsgər vəzifələrində dururdu. Hamı döyüşə can atırdı. Elə bil dünən olmuşdu bunların hamısı. Həmin uşaqlardan demək olar ki, sağ qalanını barmaqla saymaq olardı. Elələri oldu ki, hələ də öldüsü-qaldısı bəlli deyil. Dilqəmin gözləri avtobusun pəncərəsindən çölə baxsa da, fikirləri Allah bilir, daha haralarda gəzirdi. Yolun sol tərəfində, patladılmış avtobusda həlak olanlara qara mərmərdən abidə qoyulmuşdu. Bu da ermənilərin yüzlərlə, minlərlə vəhşiliklərindən biri idi – xalqımıza, millətimizə, torpaqlarımıza, bir sözlə, bütün türk dünyasına qarşı yönəltdikləri vəhşilik. Dilqəm bəlkə də yüzüncü dəfə idi ki, həmin abidəni görəndə “Həmin vaxt yığılıb erməniyə həddini bildirsəydik, bu günkü günə də qalmazdıq” deyə xəyalından keçirtdi. Şəhərə çataçatda sol tərəfdəki hərbi hissəyə tərəf boylandı. Üzərində üçrəngli bayraq dalğalanan bu yer 1991-ci ildə hələ də rusların nəzarəti altında idi. Bir neçə döyüşçü dostu ilə hərbi hissəyə basqın edib qənimətlə doldurulmuş maşınları qaçırdıqları yadına düşəndə, neçə gündən bəri tutqun çöhrəsi işıqlandı, dodağı qaçdı: “Onda içəridə olan azərbaycanlı əsgər və zabitlər bizə çox kömək etdilər. Kömək olmasaydı bəlkə də, əliboş qayıtmaq bir yana, havayı qan tökülə bilərdi”. Nəbiyev Xəqaninin başçılıq etdiyi başqa bir əməliyyat zamanı, Şəmkir DAM postunun yaxınlığında növbə çəkən Gəncə desant diviziyasının əsgərlərini tərksilah edib cəmi dörd avtomat silah ələ keçirən uşaqları arxadan atəşə tutmuşdular. Batalyonun birinci şəhidi Vaqif də o zaman həlak olmuşdu – hələ döyüşə girib erməni ilə üz-üzə gəlməmiş... Avtobusun avtovağzala çatması Dilqəmin xəyallarına son qoydu. Keçmiş döyüş yoldaşları ilə görüşmək ümidi ilə Qatır Məmmədin abidəsi tərəfə üz tutdu. Qəsdən piyada gedirdi ki, bəlkə təsadüfən hansısa tanışı ilə qarşılaşa. Gəncə univermağının yanındakı svetoforda dayanıb, yaşıl işığın yanmasını gözləyirdi ki, yoluna davam etsin. Elə bu vaxt kiminsə onun adını çəkdiyini eşitdi. Səsə çevrilib baxdı. İlk əvvəl təbəssümlə ona baxan oğlanı tanımadı. Oğlan gülə-gülə Dilqəmə yaxınlaşıb əl verdi: - Ay kürd deyəsən tanımadın? Mən qocalıb dəyişmişəm, yoxsa sənin yaddaşın korşalıb? Dilqəm, qarşısında dayanıb hələ də gülə-gülə ona baxan oğlanı qəfil xatırladı: - Ayə, deyəsən tanıdım. Amma adını unutmuşam. Dayan , bu saat yadıma salaram. - Əşşi, özünü çox da bərkə salma. Zaur, “Yekə Zaur”. Dilqəmin yadına düşdü. Zaur döyüşdə iştirak etməsə də, döyüşçülərlə dostluq edir, imkanı daxilində onlara hər cür köməklik göstərirdi. Hündür boylu olduğu üçün, adının qabağına “Yekə” ləqəbi qoymuşdular. Dilqəm gülə-gülə Zaurun əlini sıxdı. - Ayə gör neçə il keçib? Sən də çox dəyişibsən. Nə var, nə yox? Uşaqlardan kimi görürsən? - Sağlığın, gözəlliyin. Belə də birtəhər, günümüzü keçiririk. Uşaqlarla sən deyən elə də rastlaşmırıq. Elə bir-iki nəfərlə hərdən bir görüşürük vəssalam. - Kimləri görüb eliyirsən heç? - Azəri, Ramizi, Qulunu, Babaxanovu görürəm. Qara Vaqifi tez-tez görürəm. Odey, o tərəfdə Gəncə körpüsünün üstündə “kəfən” satır. - Nə satır? Kəfən nədi? - Zarafat eliyirəm. Kəfən deyəndə ki, parça, bez parça satır. Özüynən görüşəndə, özü deyirki, kəfən satıram. Dilqəm, burda niyə durmuşuq ey? Gəl gedək oturaq bir. Çoxdandı görüşmürük. Sənə bir yaxşı qulluq eliyim. - Yoox. Çox sağ ol. Qalsın başqa vaxta. İndi işim var, tələsirəm. Zaur çox təkid etsə də, Dilqəm təşəkkür edib, ondan ayrıldı. Gəncə çayının körpüsünə çataçatda köhnə döyüşçü uşaqlardan birini gördü. Keçmiş cəbhə dostu qarşısına qoyduğu iki yeşik almanı göstərib: - Görürsən də “bizneslə” məşğul oluruq – dedi. Dilqəm onun döyüşdə göstərdiyi qoçaqlıqları xatırladı. Öz-özünə “hanı mən tanıdığım oğlan?” deyə pıçıldadı. Dostu pərtliyini gizlətmək üçün gülümsəsə də, bu, gülməkdən çox ağlamaq idi az qala. Qucaqlaşıb, min ilin həsrətlisi kimi görüşdülər. Hal-əhvaldan sonra elə bil hər ikisinin sözləri qurtarmışdı. Dilqəm xəyalında götür-qoy edir, ürəyindəkiləri açıb deməyə tərəddüd edirdi. Bir dəqiqə əvvəl dostunun “iş yox, güc yox, uşaqlar da böyüyür, əyin-başları bir yana, boğazlarını güc-bəla ilə çatdıra bilirəm” sözləri beynində əks-səda verirdi. Kəlbəcərə getmək barədə təklifini açıb desəydi, dostu bəlkə də, etiraz etməyib razılaşacaqdı. “Bu yazığı götürüb apardım. Birdən başımıza bir iş gəldi, bəs onda, üç balası necə olar?” deyə xəyalında bir daha götür-qoy edən Dilqəm qərara aldı ki, bir söz deməsin. Xudafizləşib ayrılanda dostu qara selefan torbaya bir qədər alma doldurub ona vermək istədi. Dilqəm hələ şəhərdə işlərinin çox olduğunu bəhanə edib götürməkdən imtina elədi. - “Tək gedəcəm, heç kimin balasına baislik edə bilmərəm” - bayaqdan bir neçə dəfə bu sözləri öz-özünə təkrarlayıb geri -qayıdan Dilqəm təsadüfən həmyerlisi Hidayət kişi ilə rastlaşdı. Mehribanlıqla görüşdülər. Hidayət kişi həm də Dilqəmin atasının dayısı oğlu idi. Dilqəm: - Əşi, sən hara, bura hara? Bəs eşitdiyimə görə, sən Yevlaxda olursan? Gəncəyə xeyir ola gəlməkdə? Biz tərəflərə də keçsən nə olar ki? Bekarçılıqdısa, gedək bizə. Bir-iki gün qalarsan – deyən Dilqəm Hidayət kişinin qoluna girib səkinin kənarına çəkdi. - Yox, çox sağ ol, bu gün qayıtmalıyam Yevlağa. Allah qoysa, arxayın bir vaxtda gələrəm, çıxarıq yuxarılara. Yevlağın istisi əhdimi kəsib lap. - Yaxşı, Hidayət əmi, xeyir ola Gəncəyə gəlməkdə? - “Krasnı krestdən” gəlirəm. Yazıq balam axır vaxtlar hər gün yuxuma girir. Gəldim, dedim görüm, bəlkə Natiqimdən bir xəbər ola. Hidayət kişinin oğlu Natiqin itkin düşməyindən Dilqəmin xəbəri var idi. Dilqəmgil Ağdərədə döyüşən vaxt, Hidayət kişi oralara da gəlib çıxmışdı. Oğlu ilə dəyişmək üçün ermənilərdən girov götürmək fikrində idi. Yaşlı olduğu üçün, Milli Orduya götürməmişdilər. bir şey öyrənsələr, mütləq xəbər verəcəklərini vəd edib, kişini geri qaytarmışdılar. - Hidayət əmi, uzunlu gündür. Yevlax da ki, bir saatlıq yoldur. Gəl, sərində oturaq, bir çay içək, bir az da söhbətləşib dərdləşək. Gör, neçə vaxtdır, bir-birimizi görmürük. Bağın içərisindəki çayxanada adam çox idi. Onları qarşılayan çayçı oğlan,içəridən bir stol, iki stul çıxarıb bir az kənarda, onlar üçün yer düzəltdi. Əyləşdilər. Sükutu Hidayət kişi pozdu: - Axırıncı dəfə yuxuda gördüm ki, əynində qara paltar işlədirlər. Ağac doğratdırırdılar meşədə. Bilə bilmədim, bizim dağların meşələri idi, ya Laçın meşələri idi. Ha yaxınlaşmaq istədim, üzünü çevirib getdi. Yəqin ki, məndən küsüb, inciyib. Mən bu gen dünyada ola-ola, darışlıqda qalan balama kömək eləmirəm. Haqqı da var küsməyə. Çayçı oğlanın yaxınlaşdığını görüb susdu. Çayçı çayniki, stəkanları stolun üstünə düzdü, “Nuş olsun!” deyib getdi. Hidayət kişi Dilqəmə baxdı, gözləri dolmuşdu. Özünü ələ aldı. Stəkanlara çay süzüb, stəkana nazik doğranmış limon dilimi saldı. Qaşıqla qarışdırdı, bir qurtum alıb, stəkanı nəlbəkiyə qoydu. - İç, içməlidir. Bağışla, səni də dilxor elədim. - Elə danışma, Hidayət əmi. Dərd tək sənin deyil, bizim hamımızındır. - Daha səbrim qalmaylb. Dözə bilmirəm. Döymədiyim qapı, soraq etmədiyim adam qalmayıb. Ürəyimə damıb ki, sağdır,amma çətin yerdə, darışlıqdadır. Nə isə. Yaxşı oldu ki, rastlaşdıq. Elə ürəyimdən keçirdi, siz tərəfə gəlim səninlə görüşüm. - Gözüm üstü yerin var. Özün bilirsən ki, sənin xətrini biz tərəfdə necə istəyirlər. Gəl, qalxaq yaylağa, doyunca dincələk bir. - Yox. Dincəlmək üçün gəlmək fikrim yox idi. Sənə işim düşüb. Bir şey istəyəcəm səndən. Hidayət kişi susub, sınayıcı nəzərlərlə Dilqəmi süzdü. Dilqəm də sual dolu baxışlarını Hidayət kişiyə zillədi. Öz-özünə “Görəsən, nə istəyə bilər” – dedi. Ağlına heç nə gətirə bilmədi. - Hidayət əmi, özün bilirsən ki, səndən heç nə əsirgəmərəm. Nə istəyirsən, qurbandı sənə. - Bilirsən, dükanlarda var. Di gəl ki, bir az bahadır. Ora-bura getməkdən kasıb düşdüm. Almağa imkan eləyə bilmədim. - Ay Hidayət əmi, sən Allah məni üzmə, dedim axı, nə istəsən, qurbandı sənə. - Səndəki durbini istəyirəm. On beş-iyirmi günlüyə. Vacib lazımdır. Dilqəm təccüblə Hidayət kişiyə baxdı: - Hidayət əmi, durbini neyləyirsən? Yevlaxda durbinlə hara baxacaqsan, elə? Hidayət kişi əvvəl duruxdu. Sonra əlini qoltuq cibinə salıb,dəsmala bükülmüş kiçik bir bağlama çıxardıb stolun üstünə qoydu. Bağlamanı açdı. İçərisində qızıl boyunbağı var idi. Boyunbağını əlinin arxası ilə Dilqəmə tərəf itələdi. - Bunu götür, durbini on beş günlüyə mənə ver. Qayıtsam durbinini özünə qaytararam.Qayıtmasam , satıb özünə təzəsini alarsan. Dilqəm getdikcə daha artıq təccüblənirdi. - Əşi, ürəyimi üzdün ta. Bir az açıq danış. Heç nə başa düşə bilmirəm, axı. - Söz ver ki, ikimizdən, bir də bizi yox yerdən yaradan Allahdan başqa heç kim bu sirri bilməyəcək. - Yaxşı, yaxşı, söz verirəm. Sən açıq danış. - İstəyirəm, o tərəfə keçəm. Gedib dağı-daşı axtaracam. Deyirlər, bizim əsirləri, girovları o tərəfdə işlədirlər, evləri sökdürürlər, meşə qırdırırlar… Dilqəm Hidayət kişinin fikrini anlayanda heyrətdən, təccübdən donub qaldı. Az qaldı, durub kişini qucaqlayıb öpsün. Özünü saxladı. Ürəyində “İlahi, böyüklüyünə şükürlər olsun. Harada axtardığımı, harada tapdım” dedi… “Gərək adamın işini göydəki rast sala. Bu də sənə yoldaş. Deməli, yüz faiz getdin, ay Dilqəm”. Dilqəm ürəyindən keçənləri dilinə gətirmədi. Nə fikir etdisə, boyunbağını dəsmala büküb cibinə qoydu. - Nə vaxt gələcəksən, Hidayət əmi? - Sabah yox, birisi gün, axşama sizdəyəm. Çaylarını içib qalxdılar. Şəmkir avtovağzalına qədər qalan yolu Dilqəm necə gəldisə, Xəbəri olmadı. Yolboyu, bəlkə də yüz dəfə Allaha şükürlər etdi. Kəlbəcərin çətin, keçilməz yolları, heç gözündə deyildi. Xəyalında qoşalaşıb yanaşı getdikləri yerləri, yolları elə açıq-aydın təsəvvür edirdi ki, elə bil televizorda dəfələrlə baxdığı filmə təkrar baxırdı. Avtovağzalda, uşaqlar üçün bəzi şeylər alıb avtobusa oturdu. Yolboyu sevincindən, fərəhdən az qala qəh-qəh çəkib gülmək istəyirdi. Elə bil səhər-səhər, Gəncəyə gələrkən fikir-xəyaldan ürəyi partlayan, havası çatmayan Dilqəm deyildi. Evə girəndə uşaqları onu dövrəyə aldı. Atalarını indiyədək belə sevincək, fərəh içində görməmişdilər. Dilqəm uşaqları ilə zarafatlaşa-zarafatlaşa, aldıqlarını onlara payladı. Yuyunub, iştahla yeməyini yedi. Üstündən çay içib bir siqaret yandırdı. Öz-özünə “Hə, indi də yola hazırlaşaq” dedi. Hidayət kişi vəd etdiyi vaxtda gəldi. Dilqəmlə neçə ilin həsrətlisi kimi görüşüb qucaqlaşdılar. Yeganə əlüstü çay süfrəsi açdı. Çaylarını içən kimi ortaya yemək gəldi. Süfrədən qalxıb ağacların kölgəsində sıralanmış arı yeşiklərinə yaxınlaşdılar. Bütün dağ adamları kimi, Hidayət kişi də arılarla yaman maraqlanır, bu zəhmətkeş qanadlıları çox sevirdi. Bir az arıların işinə tamaşa etdilər. Sonra köndələn atılmış kötüyün üstündə yanaşı oturdular. Dilqəm dəsmala bükülü boyunbağını cibindən çıxartdı. Düyünçəni açıb boyunbağını götürdü. Əlində otərəf-bu tərəf çevirib diqqətlə baxdı. Qaytarıb dəsmala bükdü Hidayət kişinin ovcuna qoydu. Onun bu hərəkətlərindən, Hidayət kişi bərk alındı. Üzü bulud kimi tutuldu. Bir xeyli dinməzcə oturdu. Sonra yavaş-yavaş ayağa qalxdı. Tutqun səslə: - Nə isə, di sağ ol. Mən də durum tərpənim, qabağı axşama gedir – dedi. Dilqəm oturduğu yerdən tərpənmədən altdan-yuxarı Hidayət kişinin hərəkətlərini diqqətlə izləyirdi. Çevirilib getmək istəyən Hidayət kişinin pencəyinin ətəyindən tutub aşağı dartdı. - Əşi, dayan görüm. Hara gedirsən? - Demək, vermək istəmədin, durbini? - Kim dedi ki, durbini vermək istəmirəm sənə? – deyə Dilqəm suala, sualla cavab verdi. - Bəs, onda niyə qaytardın boyunbağını? - Ona görə ki, mən də gedirəm, Kəlbəcərə! Hidayət kişi qulaqlarına inanırmış kimi Dilqəmin üzünə baxdı. - Sən də gedirsən, Kəlbəcərə? - Hə. Hidayət əmi, hə. Bir yerdə gedərik Kəlbəcərə! Hidayət kişi qayıdıb bayaqkı yerində oturdu. Dilqəmdən bir siqaret alıb yandırdı. Fikirli-fikirli sümürdü. Siqaretin kötüyünü torpağın çatına soxub söndürdü. Kiçik kəsəyi götürüb üstünə qoydu. Dabanı ilə kəsəyi də tapdalayıb əzdi. Sonra ona maraqla göz qoyan Dilqəmə baxıb gülümsədi. - Vərdiş eləmişəm, uşaqlıqdan bəri. Yaxşı, de görüm, sən Kəlbəcərə xeyir ola? Mən heç, sən yaxşı bilirsən ki, nəyə gedirəm. Geridə qalanım yox, əl-ayağıma dolaşanım yox. Bu boyunbağını hələ uşaq olanda almışdıq, Natiqin adına. Anası bəyənmişdi. Neçə ildi ki, Səliqədə haqq dünyasındadı. Natiqim də ki, belə... Bizə çay verən, böyük uşağındı, eləmi? Bəs sən onları kimə tapşırıb gedirsən? Allah eləməmiş, başına bir iş gəlsə, onların axırı necə olacaq? Yox bala, sənlik deyil. Sənə baiskarlıq edə bilmərəm. - Əşi, sən uşaqların dərdini çəkmə. Babası, nənəsi, əmiləri, dayıları sağ olsun. O vaxt mən döyüşə gedəndə evim yar-yarımçıq, uşaqlar da körpə-körpə idi. Heç nə də olmadı. Getdik də, gəldik də. Bir də ki, biz ölməyə ha, getmirik. Allahın köməyi ilə gedərik də, gələrik də. Sonrası da, alnımıza nə yazılıb, o da olacaq. Göydəki bilər ən yaxşısını. Tale özü səni mənə yoldaş göndərib, Gəncədə görüşməyimiz yadındadı? - Hə, necə bəyəm? Dilqəm Gəncəyə nə üçün getdiyini Hidayət kişiyə ətraflı danışdı. Sözünü tamamlayıb gülə-gülə Hidayət kişiyə baxdı. - İndi hazırlaşaq səfərimizə. Mən bəzi hazırlıqlar görmüşəm. İkilikdə götür-qoy edək, daha nə lazım olacaq bizə? Qayıdana qədər heç kim, heç nə bilməməlidir. Amma nə qədər də olsa, bizə kənardan kömək lazım olacaq. Mən çox götür-qoy etmişəm, sabah Gəncəyə gedirik. Görüşməli adam var. Etibarlı oğlandır. İndi dur yenək Şəmkirin qırağına, bir az gəzinək, həm də söhbətləşək. Səhər tezdən qalxdılar. Yüngül səhər yeməyi yeyib Gəncəyə yola düşdülər. Hər ikisi də gecəni, demək olar ki, çimir etməmişdi. Gəncədə, əslən Daşkəsənli olan İsmayılla görüşdülər. İsmayıl Dilqəmgili çox səmimi qarşıladı. Xoş-beşdən sonra diqqətlə Dilqəmin altı torbalanmış, yuxusuzluqdan qızarmış gözlərinə baxdı. - Qonaqdan soruşmazlar, amma yaman narahat görünürsən, Xeyirdirmi barı? - Xeyir olub-olmadığını hələ bilmirəm. Amma mənə 20-25 “şirvan” lazımdı. - Sözün düzü, indi üstümdə o qədər pul yoxdu. Tapıb düzəldərik. Sən Allah, açıq danış görüm, nə olub? Yoxsa hadisə zad baş verib. - Ə, qorxma, heç nə olmayıb. Öz aramızda qalmalıdı. Bir Kəlbəcər səfərimiz var. Bəzi şeyləri almaq lazımdır. İsmayıl gah Dilqəmə, gah da Hidayət kişiyə baxıb, zarafat etdiklərini, yoxsa gerçəklədiklərini kəsdirə bilmədi. Dilqəm: - Ay İsmayıl, gerçək sözümdür. Hidayət kişinin oğlu itkin düşüb. Getmək fikrimiz də qətidir – dedi. İsmayıl Dilqəmi qoçaq, sözübütöv oğlan kimi tanıdığı üçün daha heç nə demədi. Bir az fikirləşib: - Bir nəfər var, etibarlı oğlandır, bir ona da gənəşək, - dedi. Dilqəm çiyinlərini çəkib başı ilə razılığını bildirdi. İsmayıl qonşu otağa keçib telefonla harasa zəng vurdu. Qapı açıq olduğu üçün onun səsini Dilqəmgil də eşidirdi. İsmayıl qayıdıb içəri keçdi. - Nazimə zəng vurdum. Sən onu tanıyırsan. Dedim, bizə gəlir, indi. Bir azdan Nazim də gəlib çıxdı. Hər üçü ilə mehriban görüşdü. Xoş-beşdən sonra İsmayıl məsələni açıb dedi. Nazim çox xoşhal oldu, cibindən maşın açarlarını çıxarıb stolun üstünə qoydu. - Bu, mənim “Niva”mın açarları. Pulu da, qalan nə lazımdırsa, hamısını da təşkil eləmək mənlikdir. İsmayıl sizi maşınla hara lazımdırsa, ora da aparar. Heç narahat olmayın. Sizə can qurbandı. Bir az da söhbətləşib ayağa qalxan Nazim: - Siznən indi görüşmürəm, inşallah qayıdanda görüşərəm – deyib otaqdan çıxdı. Bütün günü hazırlaşıb yola lazım olan şeyləri alıb, tədarük görməklə məşğul oldular. Gecəni İsmayılgildə yatıb səhər tezdən çıxdılar.”Niva” asfalt yolla sürətlə şütüyürdü. Dilqəm arxa oturacaqda tək əyləşmişdi. Hidayət kişi qabaq oturacaqda yanpörtü oturub, gah Dilqəmlə, gah da maşını sürən İsmayılla söhbətləşirdi. Hər üçünün əhval-ruhiyyəsi çox yaxşı idi. Hələ ki, işlər yağ kimi gedirdi. Maşın Dağkəsən yoluna döndü. Hidayət kişi susub dağlara tamaşa edirdi. Araya çökən sükutu İsmayıl pozdu: - Dilqəm, biz Astaf kəndinə getməliyik. Oranın meşəbəyisi, Məhəmmədəli bizə kömək edər. Etibarlı adamdı. Mənim yaxın dostumdur. Arxayın ola bilərsiniz. Dilqəm Hidayət kişinin üzünə baxdı. Hidayət kişi: - Nətəhər məsləhətindi, elə də elə - dedi. “Niva” dolama yollardan keçib kəndə girdi. İsmayıl bir həyətin yanında maşını saxlayıb, ortayaşlı kişidən Məhəmmədəlini soruşdu. Onun Həsən nənə Həsən Baba dağının ətəyində olduğunu öyrənib, maşını yaylağa tərəf sürdü. Yol, Qoşqar dağına sarı qalxdıqca, çətinləşir, dolamalar artır, çala-çuxur çoxalırdı. Bayaqdan bəri maşının altı bir neçə dəfə daşa dəymişdi. Axrıncı dəfə də daşa dəyəndə Dİlqəm İsmayıla tərəf əyildi: - Ayə, yavaş, maşında maşınlıq qalmadı, ta – dedi. İsmayıl gülə-gülə güzgüdən Dilqəmə baxdı: - Belə sizin canınız sağ olsun. Təki qırılan maşın olsun. - Ay İsmayıl, maşına görə demirəm, xarab olsa, piyada qalmağın dərdini çəkirəm. Bir də ki, əmanət maşındı. - Heç nə olmaz, dost yolunda boran olar, qar olar. Dilqəm: - Əmanətə də xəyanət olmaz – deyə bərkdən gülüb İsmayılın çiyninə vurdu. Yol getdikcə pisləşirdi. Dilqəmin yadına 73-cü il düşdü. Atası Qardaşxan kolxozda sürücü işləyirdi. Aralığın düzündən Şap- lara ot gətirməyə getmişdilər. Maşın sınıq-salxaq olduğundan yoxuşu çətinliklə qalxırdı. Dilqəm isə qucağında iri daş parçası maşının arxasınca gedirdi ki, birdən maşın xarab olsa, tormozu saxlamasa, daşı təkərin arxasına qoysun. Dağa qalxan”QAZ-51” maşınının özünəməxsus səsi Dilqəmin qulağına gəldi. Bu səs heç bir maşının səsinə bənzəmirdi. İtlərin hürüşməsi Dilqəmi xəyaldan ayırdı. Maşın obaya girib bir alaçığın qabağında dayandı. İsmayıl: - Deyəsən çatmışıq – dedi. Başını maşının pəncərəsindən cıxarıb, alaçığın qarşısında nehrə çalxayan qadına salam verdi. Qadın itlərə acıqlanıb onları qovdu. İsmayılı tanıyıb əllərini ətəyinə silə-silə maşına tərəf gəldi, onunla görüşdü. İsmayıl bir gözü zorba qoyun itlərində irəli yeridi. - Fatma bacı, Məhəmmədəli haradadı? - Məhəmmədəli tezdən meşəyə gedib, indi gələr. Sən qonaqları alaçığa apar, mən də bu saat nehrəni boşaldıb gəlirəm. İsmayılın itlərə tərəf boylandığını gördü: - Qorxma, tay dəyməzlər. Obada arxayın gəzə bilərsiniz. Çox fəhmli heyvanlardı. Dostu yaddan ayıra bilirlər. Fatma maşından düşən Dilqəmə də, Hidayət kişiyə də”xoş gəldin” deyib, bir daha içəri keçmələrini təklif etdi. Hər üçü alaçığa daxil oldular. Alaçığa odun sobası qoyulsa da, yanmırdı. İçəri tər-təmiz idi, yer səliqə ilə döşənmişdi.Yerə salınmış döşəkçələrin üstünə əyləşib, mütəkkələrə dirsəkləndilər. Alaçığın içərisindən neft çırağının, qurudulmuş dağ otlarının, çiçəklərin, xamanın və başqa nəyinsə qarışıq iyi gəlirdi. Hər üçü sanki bu iyin həsrətlisi imiş kimi, dərindən nəfəs alıb içərinin havasını qoxladılar. Sonra sanki sözləşibmiş kimi, üçü də bir-birinə baxıb gülüşdülər. Düşdükləri şərait onlar üçün doğma və tanış idi. Bəlkə də buna görə idi ki, onların hər üçü də özünü içəridə çox rahat hiss edirdi. Dilqəm gözlərini yumub xəyala daldı. Uşaq vaxtı ilk dəfə yaylağa necə getdiyini xatırladı... Çadırda qalırdılar. Elə birinci gecə güclü küləyin, şiddətli yağışın səsinə ayılıb, key-key ətrafına baxmağı, harada olduğunu, bir xeyli kəsdirə bilmədiyi yadına düşəndə, qəlbindən nisgilli bir həsrət keçdi. Dağlarda ara-sıra baş verən şiddətli tufan başlanmışdı o gecə. İtlərin aramsız hürüşməsi, mal-heyvanın mələşməsi, bir-birini haraylayan çobanların səsi, tez-tez şaqqıldayıb, çadırın içərisini işıqlandıran şimşəyin qulaqbatırıcı gurultusu bir-birinə qarışmışdı. Dilqəm bir dəfə çadıra girəndə həmin gecəni hökmən xatırlayırdı. Sonralar alışdı çadırda yaşamağa. Ən çox xoşuna gələn, ona nəşə verən, çadırı döyəcləyən yağışın səsinə qulaq asmaq idi. Həmin səsi dünyanın heç bir musiqisinə dəyişməzdi. Fatmanın çadıra girməyi Dilqəmi xəyaldan ayırdı. O, yerə təmiz süfrə açdı. Süfrəyə yuxa, pendir,bal, qaymaq düzdü. - Samovara od salmışam, siz çörək yeyənə kimi, çayınızı da gətirəcəm – deyib çadırdan çıxdı. İştahla yemək yeyib, üstündən də ləzzətli kəklikotu çayı içdilər. Bir az dincəldikdən sonra Hidayət kişi durub çadırdan çıxdı. Avqust ayı olsa da, hava sərin idi. Ətrafa göz gəzdirdi. Bir az aralıda başqa çadırlar da görsənirdi. Bayaq gələndə maşına cuman itlər indi çadırdan bir qədər aralı içinə ayran tökülmüş yalağın yanında, başlarını qabaq pəncələri üstə qoyub, sakitcə ətrafa baxırdılar. Hidayət kişi itlərdən ehtiyat etməyin artıq olduğunu qət edib obanın kənarına tərəf yönəldi. Üzəri yamyaşıl meşələrlə örtülü dağlara baxdıqca haldan-hala düşürdü. Gəlib iri bir daşın üstündə oturdu. Daşın yan tərəfi xına rəngli mamırla örtülmüşdü. Daşın dibindən qalxan dağ otları, çiçəklər daşı dövrələyib sanki qucaqlamışdılar. Günbatan tərəfdə haça gədik dağlar görsənirdi. Hidayət kişi bir xeyli dağlara baxdı. Sinəsindən bir qəhər qopub, üzüyuxarı qalxmağa başladı. Gəlib-gəlib boğazında düyünləndi. Ürəyimdə sağalmayan yaram var, Sizdə axtarıram çarəmi, dağlar! Məlhəm edin, dərman verin, dərdimə, Sağaldın, sağalmaz yaramı, dağlar! Zirvəniz görünmür, dumandı, sisdi, İqbalım bəd gəldi, taleyim küsdü, Bəxtimə bir acı ruzigar əsdi, Soldurdu bənövşə lalamı, dağlar! Hidayətəm, qəmnən keçir hər anım, Gəlmişəm ki, al qanıma boyanım, Qurban olum, başınıza dolanım, Amandı, siz verin balamı, dağlar! Hidayət kişi öz aləminə necə qapılmışdısa, bayaqdan bəri yanında dayanan İsmayılla Dilqəmin necə gəldiklərini hiss etməmişdi. Hidayət kişinin dağlara danışıb, dərdinə dərman istəməsi onları əməlli-başlı kövrəltmişdi. Onun gözü İsmayılın əlindəki durbinə sataşdı. Əlini İsmayıla tərəf uzatdı: - Ver, bir baxım, görüm nə görsənir?! Durbini İsmayıldan alıb diqqətlə dağlara, meşələrə xeyli baxdı. Durbini gözündən ayırıb əlini haça gədik dağlara uzatdı. - Əsirlikdə olan, dığaların tapdağı altında qalan el-obamız bax o dağların arxasındadır – dedi və sonra durbini yenidən gözlərinə yaxınlaşdırdı. Ətrafa bir qədər də tamaşa etdi. Birdən geri çevrilib durbini İsmayıla verdi. - Ay İsmayıl, bax, o meşədən iki atlı çıxdı. Bax, gör, birdən Məhəmmədəligil olar. İsmayıl Hidayət kişinin göstərdiyi səmtə bir xeyli baxdı. Atlılar yolu burulub üzü bəri gələndə: - Hə, biri Məhəmmədəlidir, o birini tanıya bilməıdim – deyən İsmayıl sevinclə dilləndi. Dilqəm də durbini alıb baxmağa başladı. Atlılar bir azdan sonra ayrıldılar. Məhəmmədəli çaydan keçib obaya tərəf yönəldi. Alaçığa çatıb onu qarşılayan, dövrəsində atılıb-düşən itlərə məhəl qoymadan, “Niva”ya diqqətlə baxdı. Yaxınlaşan Fatmadan İsmayılgilin gəldiklərini öyrəndi. Ona qədər İsmayılgil də alaçığa yaxınlaşdılar. Məhəmmədəli qonaqlarla çox səmimi görüşdü, hər üçü ilə qucaqlaşıb öpüşdü. – Ayə İsmayıl, sən hara, buralar hara? Bəs bu qardaşlar kimdir? Heç tanıya bilmədim, axı. İsmayıl onları tanış etdi. Kef-haldan sonra Məhəmmədəli Fatmanı səslədi: - Ay Fatma, bizə tez yemək-içmək düzəlt. İsmayıl onun Sözünü kəsib: - Yeyib-içmişik. Narahat olma. Xeyli vaxdır gəldiyimiz. Səninlə vacib işimiz var – dedi. Məhəmmədəli təkid etdi: - Eybi yox, bir az da mənimlə yeyərsiniz. Keçin içəri, çörəyimizi yeyək , həm də söhbətimizi edərik. Qarın ac olanda baş da yaxşı işləməz. Alaçığa daxil olub döşəkçələrin üstündə bardaş qurdular. Fatma süfrəni təzələdi. Yemək-içmək qurtardı. Süfrəyə çay gəldi. Məhəmmədəli sözünə davam etdi: - Hə, indi eşidirəm. Nə qulluğunuz varsa, mən hazır. İsmayıl, Hidayət kişinin oğlunun 93-cü ildə Fizuli tərəfdə itkin düşməyindən, Dilqəmlə Hidayət kişinin də, bir xəbər bilmək üçün Kəlbəcərə getmək istəmələri barədə ətraflı danışdı. İsmayıl danışdıqca Məhəmmədəli gah Dilqəmə, gah da Hidayət kişiyə baxırdı. Hidayət kişi başını sinəsinə əyib dinməzcə oturmuşdu. Məhəmmədəli qalxıb Dilqəmlə İsmayıla başı ilə çölə çıxmalarına işarə verdi. Onlar alaçıqdan bir qədər aralanıb söhbətləşidilər. Məhəmmədəli fikirli-fikirli: - Çox çətin işə qol qoymusunuz. Erməni bir yana, bu qədər yolu piyada gedib-gəlmək var. Ağlım kəsmir, kişi bu yolu gedib-gələ bilə - dedi. Çöldə danışılanlar alaçıqda aydınca eşidilirdi. Hidayət kişi Məhəmmədəlinin son sözlərini eşidib alaçıqdan çıxdı. Onlara yaxınlaşdı, üzünü Məhəmmədəliyə tutdu: - Qayğıma qaldığına görə çox sağ ol.Hər halda, evdən çıxanda hara getdiyimizi bilib, çıxmışıq. Sən bizə kömək edə biləcəksənsə elə, bilməyəcəksənsə də çox sağ ol. Balamın yolunda dünyanın o başına da gedərəm. Bu yolda canım çıxsa da, uf demərəm. Mən bu yolları qarış-qarış gəzəndə siz hələ anadan da olmamışdınız. İndi sən üstümü unlu görüb adımı dəyirmançı çağırma. Hidayət kişinin möhkəm incidiyi açıq-aydın hiss olunurdu. Məhəmmədəli Hidayət kişiyə yaxınlaşdı: - Mən qoçaqlığına görə yox, yolların çətin olduğuna, onların erməninin əlində olduğuna, sizin də düşmən içinə əliyalın getməyinizə görə deyirəm. - Əliyalın niyə ki, yaxşı-yaman atılanımız var. Üstəlik, bu da var – deyə Hidayət kişi qoltuğundan nazik tiyəli xəncəri çıxarıb, yerinə qoydu. – Lazım gəlsə, dırnaqlarımla didərəm, o erməni köpəkuşağını. Məhəmmədəli Hidayət kişiyə üzrxahlıq edib onun könlünü aldı. bir qədər fikirləşib dilləndi: - “Yumurtalı bulaq” tərəfə getməliyik. Orada mənim, sizdən yaxşı olmasın, yaxşı dostlarım var. Məsləhətləşib bir tədbir tökərik. İsmayı maşına oturub mühərriki işə saldı. Sonra maşından düşüb Fatma ilə xudafizləşdi. Dilqəmlə Hidayət kişi də Fatmaya təşəkkür edib maşına oturdular. “Yumurtalı bulaq” tərəfə yön aldılar. Bir saatdan artıq idi ki, dolama dağ yoları ilə hərəkət edirdilər. Hər döngəni burulduqca qrşılarında yeni mənzərələr açılırdı. Rəssamlar rəssamı, qocaman təbiətin yaratdığı bu tablolar maşındakıları öz sehrinə salmışdı. Bir az bundan qabaq aydınca görsənən, günəşin şüaları altında parıldayan meşəli dağların rəngi getdikcə tutqunlaşırdı.Havanı qaraldan, qatılığından yuxarda dayana bilməyib aşağı sallanan, duman-çən idi. Duman o qədər qatı idi ki, yolu güc-bəla ilə seçmək olurdu. İsmayıl maşının şüşətəmizləyənlərini ara-bir işə salmalı olurdu. Yarıaçıq yan şüşədən dumana qarışmış tüstü iyi içəri dolanda Məhəmmədəli: - Deyəsən, çatmışıq, - dedi və elə bu an itlərin hürüşməsi eşidildi. – İsmayıl, it hürən tərəfə sür – deyə əlavə etdi. İsmayıl zarafatla: - İt hürən tərəfə getsək, itlər bizi yeyər, işıq gələn tərəfə gedəyin – dedi. İlk əvvəl işıq gələn tərəfi görmək üçün ətrafa boylandılar və birdən dördü də şaqqanaq çəkib güldü. İsmayıl itlərin müşayiəti ilə maşını bir az da irəli sürüb dayandırdı. Mühərriki söndürüb siqnal verdi. Qatı duman dörd tərəfi divar kimi kəsmişdi. Qəfildən”divar”dan bir qaraltı çıxıb maşına yaxınlaşdı. Qaraltını görən kimi maşını dövrələyən itlər səslərini kəsib durdular. Məhəmmədəli gələn adamı tanıdı. Maşının içindən: - Salam, Məhəmməd kişi, mənəm, Məhəmmədəlidir – deyə səsləndi. Məhəmməd kişi itləri qovdu. Gələnlər maşından düşüb Məhəmməd kişi ilə görüşdülər. Məhəmmədəli: - Bu yoldaşlar meşəçilik idarəsindən gəliblər, meşələrə baxmaq istəyirlər. Duman imkan vermədi. Dedik, bir az sizdə gözləyək, bəlkə çəkildi. - Lap yaxşı eləmisiniz. Xoş gəlib, səfa gətirmisiniz. Yoldan gəlibsiniz, yorunuq olarsınız. Keçin içəri, dincəlin. Qonaqlar alaçığın qapısından içəri keçdikdə Məhəmməd kişi bir də: - Xoş gəlmisiniz, öz evinizdi, siz oturun, rahatlanın, mən bu saat – deyə bayıra çıxdı. Çöldən: “Ay uşaq, kim var orda?” – deyən Məhəmməd kişinin səsi eşidildi. Kimsə - Ay ata, buradayıq, gəlirəm – deyə səsləndi. Bir az keçmiş, ev sahibi içəri keçib döşəkçənin üstündə oturdu. Mütəkkənin birini götürüb iki qatladı, dirsəyinin altına qoydu. Üzünü qonaqlara tutdu: - Görürsünüz də, dağ yerinin havasını, gündə yüz hala düşür. Səhər-səhər hava bir az çənli idi. Sonra qəşəng günəşli gün vardı. Elə sizdən bir az qabaq qarışdı. Məhəmməd kişi elə bil havanın belə dəyişkən olması üçün qonaqlara üzrxahlıq edirdi. Sonra Məhəmmədəlidən soruşdu: - Hə, söylə görək, sən haralarda olursan, ev-eşikdə nə var nə yox? Mal-heyvanla neyliyirsən? - Sağ ol, hələ ki, salamtçılıqdı. Bir təhər başımızı girələyirik. Bəs sizdə vəziyyət necədir? Bir saata kimi ordan-burdan söhbət edib, arada bir çay içib dincəldilər. Çöldə danışıq səsləri, ayaq tappıltıları eşidilirdi. Yemək tədarükü gördükləri hiss olunurdu. Kababın iyi içəri dolurdu. Ortalığa süfrə salındı. Söz-söhbət başlandı. Söhbət o qədər maraqlı idi ki, vaxtın necə keçdiyi hiss olunmurdu. Məhəmmədəli saatına baxdı. - Danışıq dananı qurda verər, gecə yarıdan keçir, durun yataq, bir az. Durub çölə çıxdılar. Duman çəkilmişdi. Göydə ulduzlar sayrışırdı. Göy elə bil yerə yaxınlaşmışdı. Ətraf dağlar, gündüzkündən daha iri, daha hündür görsənirdi. Elə sakitçilik idi ki, ən zəif səsi belə, uzaqdan aydınca eşitmək olurdu. Alaçığa qayıdıb yanaşı salınmış yataqlarına girdilər. Qalın yorğanlarına bürünüb uzandılar. Az keçməmiş, hamısı şirin yuxuya getdi. Qoyun-quzunun mələşməsi obanı başına götürmüşdü. Səhərin açılmasına baxmayaraq qonaqlar hələ də yuxudan oyanmamışdı. Səs-küy getdikcə artdığından yatanlar bir-bir oyanıb geyindilər. Alaçıqdan bayıra çıxıb, səhərin tərtəmiz havasını acgözlüklə ciyərlərinə çəkdilər.gözlərinin önündə açılan mənzərəyə heyran olmamaq mümkün deyildi. Həqiqətən də gözəlliklə qarşı-qarşıya durmuşdular. Avqust ayı olmasına baxmayaraq, hava çox sərin idi. Qonaqlar yuyunub, səhər yeməyini yedilər. Yeməkdən sonra Məhəmməd kişi yehərli-yüyənli dörd at gətirdi. Dilqəmgil ev sahiblərinə təşəkkür edib, atlara mindilər. Çayın qırağındakı cığırla üzü Qoşqara tərəf qalxmağa başladılar. Çayın şırıltısı atların nalından qopan səsə qarışıb qəribə bir ahəng yaradırdı. Onlar qismən düzənliyə çatdılar. Məhəmmədəli atın başını çəkdi. Hamı da dayandı. Məhəmmədəli əli ilə Qoşqar dağını göstərib: - Dağın o biri ətəyində Valehin yatağıdır. Mən biləni Valeh də sizin yerliniz olmalıdır. Hansı kənddən olduğunu dəqiq bilmirəm. Hə, di tərpənək. Atların başını buraxdılar. Bir xeyli getdikdən sonra çayın kənarında yaşlı bir kişi ilə rastlaşdılar. Məhəmmədəli atın başını çəkdi. - Ağsaqqal, salam. - Əleyküm salam. - Valehi tanıyırsanmı? - Kəlbəcərli Valehi soruşmursunuz? Tanıyıram. Yatağı odur, o səmtdədir – deyən kişi əli ilə irəlini göstərdi. Kişi ilə sağollaşıb bir qədər də hərəkət etdilər. Dilqəm qabaqda gedən Məhəmmədəlini səsləyib, dayanmağı işarə etdi. Arxadakılar da gəlib çatdıqda Dilqəm atdan düşdü. O birilər də atdan düşüb atları yedəklərinə aldılar. Atlar arabir fınxıraraq ağızlarını uzadıb ot qoparırdı. Hamı Dilqəmin üzünə baxıb nə deyəcəyini gözləyirdi. Dilqəm dilləndi: - Belə məsləhət bilirəm ki, burda ayrılaq. Hidayət kişi ilə mən piyada gedək Valehin obasına. Siz də atları götürüb qayıdın geri. Gün də dönür. Ancaq gedib çatarsınız. Qucaqlaşıb vidalaşdılar. İsmayıl əməlli-başlı kövrəlmişdi. Biruzə vermək istəməsə də, gizlətmək mümkün deyildi. Dilqəm İsmayılın çiynindən yüngülcə itələdi. - Yaxşı, getdik ta. Sən də get, hazırlıq gör, bir neçə günə yanındayıq. Hidayət kişi qabaqda, ondan beş-altı addım arxada Dilqəm, Qoşqarın zirvəsinə tərəf qalxan dağ cığırı ilə irəliləyirdilər. Hidayət kişi sürətlə addımlayırdı, elə bil ki, Qoşqarı aşan kimi, oğlunu orada görəcək, ya da ki, bir xəbər biləcəkdi. Hər addımını atdıqca öz-özünə danışır, öz-özünə suallar verirdi. “Axı lap açıq-aydın gördüm oğlumu. Natiqimi gördüm. Əynindəki pal-paltara qədər, paltardakı yamaqlara qədər gördüm. Yuxu belə ola bilməzdi, axı?” Hidayət kişi Dilqəmin səsinə dönüb ayaq saxladı. - Hidayət əmi belə sürətlə getsək, ayaqlarımız xamlayar. Dincimizi ala-ala, asta-asta gedək. Ta, az qalır. Hidayət kişi iki addım aralıdakı daşın üstündə oturdu. Bir siqaret çıxardıb yandırdı, dinməzcə çəkdi. Arabir Dilqəmin üzünə baxıb nəsə demək istəyirdi. Dilqəm onu qabaqladı: - Hidayət əmi, sözlü adama oxşayırsan? Nə olub? Eşidirəm səni. - Bilirsən, Dilqəm sənə bir məsləhətim var. Gedək, sən Valehin yanında qal, mən təkcə gedim. Bir xəbər öyrənsəm, gəlim, bir yerdə qayıdaq, Kəlbəcərə. Hə, nə deyirsən? Elə bilirəm, yaxşı məsləhətdir. Dilqəm qəfil təklifdən bir qədər duruxdu. Onu təccübləndirən, Hidayət kişinin onun necə olr-olsun təhlükəyə düşməməsinə çalışması idi. Üstəlik də, bu qədər yol gəldikdən sonra. Hidayət kişinin sözlərinin ürəkdən gəldiyini hiss edən Dilqəmin ona olan hörmətini birə-beş artırdı. Hidayət kişi Dilqəmin hələ də cavab vermədiyini görüb bir də soruşdu: - Hə, nə deyirsən, ay oğul? Bir şey olsa da, birimizə olar. Dilqəm diqqətlə Hidayət kişinin üzünə baxdı. - Hidayət əmi, sən “Dədə Qorqud” kinosuna baxmısan? - Hə, baxmışam. Kinonun bura nə aidiyyatı var? Deyəsən, Axı sən də məni... - Əşşi, yox ey, sən də. Sözümün canı var. Həmin kinoda Qazan xanla Qaraca çobanın söhbəti yadına düşdümü? İndi neyləyək, bəlkə bir ağac tapıb, məni də sən ağaca sarıyasan? Mən səni yaxşı başa düşürəm. Mənim getməyimə niyə razı olmadığını da yaxşı anlayıram. Ta, bu söhbətin üstünə bir də qayıtmayaq. Dur, yavaş-yavaş tərpənək. Dilqəm asta-asta danışsa da , səsində elə bir qətiyyət hiss olunurdu ki, Hidayət kişi daha heç bir söz demədi. Bir qədər də fikirli-fikirli obaya tərəf baxdı. Əşya çantasının ağzını açdı. Əlini salıb bir ovuc konfet çıxardıb cibinə tökdü. - Birdən obada balaca uşaq olar. Əliboş yaxşı düşməz. Dur, gedək. Bu dəfə Dilqəm irəli keçib aramla addımlamağa başladı. Hidayət kişi hərdən qabağına çıxan daşları ayağı ilə vurub aşağı yuvarlayırdı. Ondan fərqli olaraq, Dilqəm daşlardan yan keçir, səssiz-səmirsiz yeriməyə çalışırdı. O, belə yerişə döyüş vaxtı, kəşfiyyat rəisi işlədiyi, dəfələrlə düşmən arxasına gedib qayıtdığı vaxtlardan vərdiş etmişdi. O, tək burada yox, elə başqa yerlərdə də belə hərəkət edirdi. Hərdən özünün də gülməyi tuturdu öz hərəkətlərinə. Yuxarı qalxdıqca qarşılarında daha geniş mənzərələr açılırdı. Qoşqarın sinəsi ilə üzüaşağı axan çayların səsi adamın qulağını oxşayırdı. Hidayət kişi Dilqəmin çayların səsinə diqqət verdiyini görüncə: - Bizim kənddə də belə bir çay var idi. “Üçbulaq”la “Yeddi bulağ”ın suyundan yaranmışdı. Bulaqların qovuşan yerində, bir düzən vardı, ilxı qoruğu deyilən yer. Əmin Əlıifin köçü düşərdi ora. Əlifin yurdu da deyərdilər ora. Hidayət kişi danışdıqca sir-sifəti durulur, üz-gözü kövrək xatirələrin işığından nurlanırdı. İtin hürməsinə, başlarını çevirib baxdılar. Qayalıqdan yuxarıda sürü otlayırdı. Hidayət kişi: - Ayə, ay Valeh, - deyə ucadan çağırdı. Qoyun otaran çoban ayağa qalxıb hay verdi. - Ay dayı, Valeh yoxdu burda. Hidayət kişi bir də ucadan: - Ayə qardaşoğlu, Valehin obası burdan çoxmu uzaqdadı? – deyə soruşdu. - Yox, yox, az qalıb, çatmısınız. Bir azca irəlidədi. Əl işarəsi ilə çobanla xudafizləşib yollarına davam etdilər. Həqiqətən də bir azdan sonra çadırlara çatdılar. Birinci çadırın qabağında sarıyanız bir qadın dayanmışdı. Hidayət kişi salam versə də, qadın cavab vermədi. Qadın bir az səksəkəli Dilqəmə baxırdı. Hidayət kişi qadından su istədi. Qadın çadıra gircək Hidayət kişi Dilqəmə: - Özünü yığışdır, pencəyin altından silahın lüləsi görsənir, camaatı qorxudursan, - dedi. Qadının çadırdan gec çıxdığını görüb başqa çadıra yaxınlaşdılar. Dilqəm: - Görəsən, obada bir kişi xeylağı yoxdu? – deyə, Hidayət kişiyə baxdı. Onun səsinə çadırdan bir qadın çıxdı. Onların salamını alıb uca səslə: - Kimsiniz, haradan gəlib, haraya gedirsiniz? – deyə soruşdu. Hidayət kişi mülayim səslə dedi: - Bacı, biz Kəlbəcərliyik, atımız itib, onu axtara-axtara bura gəlib çıxmışıq. Həm də bizə Valeh lazımdır, onunla görüşmək istəyirik. Qadın onları ayaqdan başaçcan süzdü. Çadırın qarşısından çəkilib, onları içəri dəvət etdi. “Xoş gəlmisiniz, keçin içəri” dedi. ( ardı başlıq ıı )
Posted on: Sat, 09 Nov 2013 17:55:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015