NARIN YAĞIŞ, GÖY QURŞAĞI VƏ YAXUD ÖZ RƏNGİNDƏ - TopicsExpress



          

NARIN YAĞIŞ, GÖY QURŞAĞI VƏ YAXUD ÖZ RƏNGİNDƏ ÖLƏN SARI ÇİÇƏK İşıqforun sarı işığı; Ya dayan! Ya ötüş! Ya toxda, ya sürüş! Bir sözlə, özünü yığışdır! (sarı rəngin çalarları) Ahıllardan eşitmişdim ki, kim göy qurşağının altından yüyürüb keçə bilərsə bütün arzuları çin olar. Həyətdəki ağacları sulayarkən təzyiqlə gələn sudan narın yağış çətiri yaradıb özümçün kef eyləyirdim. Birdən fəvvarə kimi göyə qalxıb, narın yağış kimi yerə çilənən su şırımlarının arasında 7 rəngli qövsi-qüzeh yarandı. Və tez balaca Xaqanini çağırıb “nənəm ölkəni”ni göstərdim, sövq elədim ki, yüyürüb bu “göy qurşağı”nın altından keçsin. Sonra vaxtaşırı bu mənzərəni təkrar-təkrar yaşayırdıq Xaqani ilə. Xaqani böyüdükcə bu arzusu da böyüyürdü. “Göy qurşağı”nın altından keçməyə can atırdı. “Göy qurşağı” da böyüyürdü və böyüdükcə də göyün ənginliklərinə sığınırdı... Bu mənzərəni Şəkidə Xan yaylağına baxdığım zaman bir ucu dağa sancılmış “Göy qurşağı”nı görəndə xatırladım. Elə bildim ki, nəhəng bir nərdivandı buludlara çıxmaq üçün. Narın yağış xatirələrimə bir həzinlik gətirsə də xatirələr yanğısını söndürə bilmirdi... Mənə elə gəlir ki, şairlər “Göy qurşağı”nın altında sözün qanadında keçmiş insanlardır ki, onlar ancaq sözə baş əyirlər, sözə əyilirlər. Sözə sığınırlar, sözün təbiiliyini mütləq qəbul edirlər, zamana hökmə, nəfsə, pula əyilməsələr də...Və bir də orta məktəb illərinin şirinliyindən ötüb keçmiş bir anı yenidən yaşayıram.8-9-cu siniflərdə birdən-birə gündə 5-6 şeir yazmağa və yoldaşlarımdan elə bil ki, fərqlənməyə başladım, belə qənaətə gəlməyim də Şamaxıda “Gənc Sabirçilər” poeziya birliyində şeirlərimin dalbadal bəyənilməsi olmuşdu. Çox yazdığıma və ya nəyə görəydisə, mərhəm yoldaşlardan biri bir gün mənə yanaşıb, təəssüf dolu, bir az da qəmlitəhər: Yaxşı şeir yazmaq ürəyin yağını əridir- dedi, -çünki yaxşı şeir ürəkdən gəlir. Odur ki, yaxşı şairlər cavan ölürlər...Mən isə tez ölmək istəmirdim. Bir ilə qədər qələmə qorxa-qorxa, ürəksiz yanaşdım. Ürəyimin yağını əritməyə və əriməyə ürək eləmədim. Sarı Çiçək mənə öz şeirlərini oxuyurdu. Verilmiş öyüd-məsləhət yerinə düşdü. Çünki Sarı Çiçək bütün şeirlərini ürəkdən oxuyurdu. Və oxuduqca hər bir şeirdə qan görürdüm. Ölən və öldürülən arzuların, eşq və ümidlərin, sınan və sındırılan qəlbin sızılan, şoralanan qanını....Mətanətin iddiası da xoşuna gəlmişdi: Təxəllüsü “Ulu Şirvan”, həm də “Ulu Şirvan”ın baş redaktoru. Sonra kitablarını mənə ərməğan elədi: “Gəlmişdim deyəm ki...” və “Sarı çiçək” . kitabların tərtibatı da, şeirlər də, “Düşüncələr, fikirlər” məni alıb apardı. Şairənin Sarı çiçəyə sevgisi ruhumu çaldı... Uşaqlıqda sapsarı, kürən olmuşam. Anamın düyünçələrinə, boxçalarına baxanda yaylığa bükülü bir çəngə baş tükü gördüm.Qumrovlu vaxtlarım idi. Anam dedi ki, bu sənin bir yaşlığının baş tüküdür. Təəccüb elədim, bir yaşlı başımın tükü sapsarı idi. Ailəmizdə nübar olmuşam. Beş ildən sonra gəlmişəm həyata. Odur ki, Qağam bir yaşım tamam olarkən başımı qırxdırıb və həmin tükün ağırlığında kağız pul verib. Nə isə... ömrüm fikirli keçib. Nigar nənəmin yanında hər görən soruşurdu ki, niyə bu uşağın rəngi qaçıb?! Rəngim niyə qaçıbmış görən? Bəlkə çəkəcəyim həsrətlərin rəngi imiş bu?! Bəxtin də rəngsizliyi olurmuş... Əlbəttə ki, mənim bəxtimin yeddi çaları da üstündə idi. Sonra Sarı qayanı sevdim; Dədəmdən eşitmişdim, Sarı qayanın adını Dədəm elə doğmalıqla çəkirdi ki, elə bilirdin əzizindən danışır. Getdim gördüm, həm də sevdim Sarı qayanı... Sarı çiçəkləri ürəyim istəsə də, həyətimizdəki acısı diz göynədən, ağrısı ürəyə girən sarı tikanları isə kökündən çıxarıb atırdıq. Tarda, sözdə, danışıqda olan “sarı sim”i sevərdim. Sözlər ürəyə batanda və ürəkdən tikan çıxaranda gözəl olur. Sarı sünbül “Sarı tel”i, “Baş Sarı te”i Dədəm sevdirmişdi məqnə. Yazılarımda demişəm bunu. Səhərlərim saz havalarıyla açılırdı. Saz havaları yuxumun şirinliyinə sevgi də, həsrət də qatırdı.Əsgər gedənə qədər bu saz havalarını dinlədib mənə, hər səhər tezdən durub radionu işə salan sürücü dədəm, şair dədəm, söz sərrafı dədəm, insanları tanıyan dədəm. insanlara Dədə Qorqud kimi ad verən dədəm...bu gün də Dədəmin sözü-söhbətləri adamlar tərəfindən xatırlanır, yad edilir; sözdəki dəqiqliyə heyrət edirəm hər dəfə, verilən ad, deyilən söz yüzə-yüz dəqiq təyinat idi.Çox adam o adların ləzzətini indi də yaşayır...Zarafatlarını xatırlayanda da uğunub gedənlər, qəşş eləyənlər xoş anları yaşadırlar... Sarı qayanı, Sarı bulağı, Sarı qızı ruhuma doğma bilirdim. Sonra Zahid Sarıtorpağı, daha sonra Mirzə Məhəmmədhəsənə, Seyid Əzimə, Əzizə xanım Cəfərzadəyə və yüzlərlə dünya əhəmiyyətli elm və bilik sahiblərinə, şairələrinə görə Qədim Şamaxının “Sarıtorpaq şikəstəsi”ni yazmışdım ürəyimin başına. Fərqli münasibətlərdən daha fərqli olaraq sarı çiçəkləri, könlüm dolusu xatırlayırdım. Bütün bunlardan sonra sanki dilotu yemiş Sarı Çiçək məni acıladı, daha doğrusu çımxırdı mənə tərəf. Mənim çımxırılası halım yox idi – deyən xeyli vaxt özümə gələ bilmədim ki, axı mən hansı qəbahətə yol verdim. Məni peşiman elədisə də, özümü tənələdim...Sonralar, “atəşkəs”dən sonra mənə nə boyda kədər gəzdirirsiniz? – deyərkən həm könül sahibi, həm də ürəyi olduğunu anladım. Əvvəllər elə bilmişdim ki, ürəyi yoxdur. Reklam xarakterli davranış bilmişdim. Bir qərib xalq mahnımız var: “Sarı gəlin” Qədir Rüstəmov ömründə tək bircə dəfə o mahnını oxuyub və peşman olub. Mən də Sarı Çiçəyin şeirlərini oxuduqca “Sarı gəlin”in taleyi gəlib keçir ürəyimdən, gözlərim önündən. Sarı Çiçək öz taleyini yazır. Dəsti-xətt olmayanda şair olmaq müşkül məsələdir. Başaq yığa-yığa şair yox, başaqçı olmaq olar. Bizlərdə başaq sözünü 2 “ş” hərfi ilə işlədirlər “başşaq”. Ceyran arpası dənləyən yazançılarımız dizdəndir. (başaq – yəni məhsulu dərilmiş, üzüm, meyvə sahələrində yenidən məhsul axtarmaq, zingilə tapmaq – deməkdir. Alt südündən, üzünün qaymağı yığılmış süddən üz yığmaq kimi bir şey .... bir zad...).İnsan can qoymasa heç nəyə nail ola bilməz. Gərək can qoyasan, nəqdi can sərf eləyəsən ki, canlı-çaplı poetik obrazlar, ifadələr yarada biləsən. Yorulub yollarda qalacaqsansa, özünə yaranan peşə axtar sözü qanatmaq, sözün başına kəndir salmaq, sözü çeynəmək, sözə xəyanət etmək, sözü ayaqlara salmaq heç Allaha da xoş getməz. Çünki, Tanrının ilk və şah əsəri sözdür...Hər kəsin miqdarı dediyi sözün miqdarı ilə ölçülür. Biz sözlə, həyat sözdən keçir- Söz həyatdan keçmir. Müğənni oxuduğu muğamı səsinin gücü və sehriylə sevdirir. Çox az şairlər ola bilər ki, yazdığı şeiri başqasının ifasında (aktyorunmu, müğənninmi, natiqinmi) daha çox xoşlasın. Mənim qənaətimcə şair özü öz şeirlərini oxuduğu kimi, heç kim oxuya və izah edə bilməz. Mətanət Ulu Şirvan da eləcə. Hər şeirini öz diliylə, öz ritmiylə, ahəngiylə oxuya və sevdirə bilir. Bu qabiliyyət də Allahın şairə verdiyi ikinci istedad, ikinci xoşbəxtlikdir. Sən demə, bu Sarı Çiçəyin dili də, dilçəyi də varmış. Şeirə, ədəbiyyata, poeziyaya da dediyi, yazdığı şeirlərin məğzində duran qayələrini deməyə gəlib. Və “Gəlmişdim deyəm ki...” şeirlər kitabında demək istədiyini deyə bilib... Buradakı şeirlər heç də adi şeirlər deyil; mübahisədi, sevgidi, həsrətdi, rəddi, dərddi, insan qəhətidi – insan qəhətdi, xoşdu, bəddi, bənddi-arzuya, ürəyə, eşqə, taleyə, həm də söhbətdi – tale, ömür-gün söhbəti, ömür-gün sevdasıdı, bəzən qəhərdi, bəzən acıdı, zəhərdi, gecəsi gündüzdü gündüzü gecə, ovundura bildiyi dərdi də səadətdir: Əlimizə tikan batanda iynəylə çıxardırıq. Mətanətin qələmi çox yerdə ürəkdən tikan çıxardır. Doğrudan da kimisi eşqdən, kimisi də sözdən hava bağlar gedər. Söz dəlisi kimi hava bağlar gedər...Mətanətin öz dilində oxuduğu şeirlərdə həyatın hər rəngini görmək, duymaq mümkündür. Elə şeirləri var ki, fəxrdi... Bu şeirlərlə söhbət etmək, oxumaqdan irəli idi. Özü qəribə olduğu qədər şeirləri, davranışı da qəribə və qəribdir. Mən Nərgiz çiçəyi və nərgizə bənzəyən gözlərin vurğunuyam, dəlisiyəm. Səmimiyyətilə etiraf edim ki, bir şair kimi, söz adamı (Söz adamı elə Allah adamıdır) kimi bu yalnız nərgiz çiçəyinə olan hiss və ehtiramımdır, rəğbətimdir. Elə bilirəm ki, nərgiz elə mənimçün nərgizdi. Mətanətin “Sarı Çiçək” kitabını da çox səbrlə oxudum. Və şükür elədim, nə yaxşı ki, qız və qadın şair və yazarlarımız var, yoxsa biz çox mətləblərdən hali olmayacaqdıq, qadın dünyasından – hər bir mənada bixəbər köçəcəkdik qara torpağın altına. Həm də mənsur yazıları tutdu məni Sarı Çiçəyin. Məsələyə dəxli olmasa da bir şey də təəccübümə səbəb oldu: “Sarı Çiçək” şeirlər kitabını “Nərgiz” nəşriyyatı çap eləmişdi. Yenə bir qəribəlik. Mətanətin “Sarı Çiçək” kitabı “Sənə qurbanam Vətən!” bölməsi və köhnə Bakının öz qızı – Qız qalası ilə birlikdə çəkdirdiyi şəkillə başlanır. Bir vaxtlar “Qız qalası”na bir şeir yazmışdım. ...Ayrılığın üzü sərtdi Bəlkə səni saraldan da bu həsrətdi “Sarı gəlin!?” Önündə neçə iblis, Neçə xəbis Diz çöküb Sinə çəkib, Qara gözlü, qara saçlı Qızlar deyən sənə çəkib... Bakımın Xəzrisi olub bir anlıq, Qolumu boynuna salmaq-həsrətim. Baxışı nəğməli, şeir ilməli, Məhəbbət heykəli ay “Sarı gəlin!” Qız qala özü də əslində bir Sarı Çiçəkdir... Bakımızın heç zaman solmayan Sarı Çiçəyi. Öz rəngində əbədiyyətə qovuşan sarı çiçək.Mətanətin hər iki kitabındakı “Düşüncələr-fikirlər” dünyası da orijinal duyğular, yaşantılar, anlar insan ürəyindən xəbər verən ifadələrlə zəngindirə Altından xətt çəkiləsi, bənd, söz və ifadələrlə doludur, hətta adlıq cümlələrlə, elə həmin, elə tutarlı, elə sərt, amansız, dünyanın belini qıran ağır ifadələri var ki, onu nə dünya, nə bir kişi, məxluq, nə də insan oğlu bir batman bal ilə yeyə bilməz, yesə də, sinirə bilməz. O ifadələr həyat həqiqətləridir; yaşanmış – sevilmiş, yaşanmış -çirginilmiş. Mətanətin şeirlərindən düşüncə -fikirlərindən, mənsur yazılarından nümunələr gətirsəydim bu yazı çox uzun alınardı. Oxucuları bu həzz və iztirabdan azad etmək istəməzdim. Şair xoşbəxtliyi ondadır ki, onun oxucusu onun qiymətini verir. “Sarı tel”dən Sarı qayaya, Sarı qayadan “Sarı gəlin”ə, “Sarı gəlin”dən “Sarı çiçək”ə, “Sarı çiçək”dən Sarı simə və novator şairimiz Rəsul Rzanın “Rənglər”dəki “Sarı” şeirinə gəlməklə mətləbimə yetdim - deyə sözümü yekunlaşdırıram: Dolu dənli sünbül zəmisi, Şikəst bir övlad anasının bənizi, Payıza bürünmüş ağaclar, Payını güclülər yemiş aclar. Məhəbbətə ləkə salan Cingiltili metal Həyatdan ayrılmış xəyal Simlərin fəryadı, Yol çəkən gözlər, Qütdrətli nərgizlər, Debyussinin “Kürən saçları” Sallaqxana qapısından girən Qafil öküzlər, Ağıllı dəli, İnsan əməli. Elimin söz meydanında fədakarlıq göstərən qızına, şairə Mətanət Ulu Şirvana hər zaman candərdi yox, dərdi can kimi yazmaq arzulayıram. Öz rəngində ölən Çiçək şahid və şəhid olur.
Posted on: Fri, 01 Nov 2013 19:38:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015