Nömrə birlər romanından kiçik bir hissə. - TopicsExpress



          

Nömrə birlər romanından kiçik bir hissə. Buyurun. Proloq Payızın sərin havası... Oktyabrda Los-Ancelesə xas bir gecə... Artıq yavaş-yavaş gecə növbəsini səhərə təhvil verməyə hazırlaşır. Bir neçə saatdan sonra ətrafa işıq saçan lampalar sönəcək, gecənin nisbi sakitliyi sıradan bir iş gününün izdihamı ilə əvəz olunacaq. Onun mənzilində isə qaranlıq hökm sürür, çünki mənzilin pəncərələri pərdələrlə örtülüdür. İçəridə isə yalnız stolüstü lampa közərir. Bu məkan hal-hazırda qaranlığın əsirinə çevrilib. Lampa nə qədər çalışsa da, bu əsarətin altından çıxa bilmir. O, dizləri üstə dayanaraq gözlərini qarşısındakı şəxsə zilləmişdi. Lampanın qarşısında dayanan şəxsin görüntüsü daha da qorxulu, tükürpərdici mənzərə yaradırdı. Dizləri üstə donub qalan qara dərili zavallı başının üstündəki şəxsə baxanda Tayler Gibson artıq ölümün onu gözlədiyini dərk etdi. Buna heç vaxt olmadığı qədər əmin oldu. Evinə bu şəxslə gələrkən sərxoşluqdan ayaq üstündə güclə dayanırdı. Nəyi isə düşünməyə cəhd belə etmirdi, çünki içkinin əsirinə çevrilmişdi. Onun əsiri olmaq Gibsona fərqli bir həzz verirdi. Lakin indi isə yenidən real və qəddar həyata geri döndü. Onu reallığa qaytaran qüvvənin adı qorxu idi. Qarşısındakı şəxs tərəfindən bədəninə endirilən zərbələrin ağrısından meydana çıxan qorxu. Üstəlik bir neçə saniyədən sonra onunla görüşəcək olan ölümün qorxusu. – Mən səni heç tanımıram da. Məndən nə istəyirsən? – Gibson cəsarət toplayaraq soruşdu. Onun ağzı son beş-altı dəqiqədə lentlə bağlı idi. Bir neçə saniyə əvvəl lent bıçaqla kəsilmiş, qara dərilinin dodağını da zədələmişdi. – Səndən? – o, gülümsədi, – sualı düz verməlisən. Bax belə. Sənin doğum tarixindən nə istəyirəm? Bəlkə, başqa vaxt dünyaya gəlsən, bu sualı verməzdin. – Heç nə anlamıram. Ancaq yalvarıram. Məni öldürmə. Mənim heç kimə ziyanım dəyməz. – Yox, Tayler. Səni öldürməsəm, bu işin mahiyyəti olmaz axı. – Mən niyə? – Gibson artıq ağlayırdı. Barmaqları ilə üzündəki təri silib yenidən ona dedi, – yalvarıram. Məndən heç kəsə pislik gəlməyib. – Bu insan təbiətidir. Dara düşəndə yalvarırsan. Hamı belə edir. Bəs, səncə, hər yalvaran bağışlansa, insanlar niyə əziyyət çəkib yalvarardılar ki? Hamının günahları silinsə, dünyanın balansı pozulmuş olardı. Haqlıyam? – Bilmirəm, – bu sual Gibsonu belə bir halda belə düşünməyə vadar etdi, – yəqin, problem bizim özümüzdədir. – Əlbəttə! Gözlədiyimdən daha kreativ çıxdın. Əhsən! O güldü. Ardınca isə qarşısında diz çökmüş Gibsonun sinəsinə bir təpik vurdu. Zərbənin təsirindən mənzilin sahibi beli üstə döşəməyə yıxıldı. Lampanın işığı söndü. Görünür, Gibsonun cavabı onu qane etmişdi. İçəri tamam səssizliyə qərq oldu. Möhkəm baş ağrısı səbəbindən yerindən qalxa bilməyən mənzil sakini sakitcə ətrafa nəzər saldı. İçəridə zülmət qaranlıq hökm sürürdü. O, gözü ilə ətrafı çətinliklə müşahidə etdikdən sonra həmin şəxsin buranı tərk etdiyini düşündü. Əlinə keçən fürsəti dəyərləndirərək cibindən telefonunu çıxardı. Ekranı görmürdü. Başını tərpətmək üçün isə özündə qüvvə tapa bilmirdi. Barmağını düymələr üzərində hərəkət etdirərək əvvəlcə doqquz, sonra isə iki dəfə bir düyməsini sıxdı. Əlini YES düyməsinə gətirərkən istəməsə də, telefonu əlindən atmalı oldu. – Əzizim, mən sadəcə sobanı söndürməyə getmişdim. Sən isə həmin andaca dəcəllik etdin. Məni niyə məyus edirsən axı, Tayler? O, əvvəlcə qurbanın ağzını yenidən lentlə bağladı, sonra əlində tutduğu əşyanı onun üzünə yaxınlaşdırdı. Başını dayanmadan silkələsə də, Gibsonun səyləri bir nəticə vermədi. 1. 14 oktyabr – Yooox! O, yerindən atılaraq yuxudan oyandı. Yenə də həmin kabus. Artıq bir neçə aydır ki, onu rahat buraxmayan kabus. Üstünü örtdüyü mavi adyalı dartaraq alnının tərini sildi. Sürətlə nəfəs alırdı. Başını sağa döndərib saata baxdı. 03:47. Son vaxtlar bu kabus onun həyatını alt-üst etməyə nail olmuşdu. Yuxusu dağılmış, gündəlik rejimi pozulmuşdu. Buna səbəbkar isə yalnız özü idi. Çarpayıdan qalxaraq yavaşca dartındı. Əsnəyib güzgüyə baxdı. Gözlərinin altındakı şişlər böyüməkdə davam edirdi. Son üç gün, ümumiyyətlə, çox ağır keçmişdi. Kabus onu tədricən məhv edirdi. Bir stəkan soyuq su götürmək üçün mətbəxə üz tutdu. Suyunu içə-içə yenidən yataq otağına qayıtdı. Bir neçə dəqiqə sakitcə özünü seyr etdi. Frenk Teylor. 29 yaşında, subay LAPD detektivi. O, artıq 6 yaşında ikən polis olmaq qərarına gəlmişdi. Bu qərarının səbəbi isə ona dəqiq məlum deyildi. Sadəcə ekstrim və həyəcanı sevirdi. Baxmayaraq ki, o, yeddi ildən artıq karyerasında insanlara istədiyi qədər yardım edə bilməmişdi. Cəhdlərinin bəzilərində isə günahsız insanlara ziyanı dəymişdi. Polis olmaq uşaqlığında düşündüyündən daha maraqsız və yorucu iş idi. Monoton iş qrafiki isə onu təngə gətirirdi. Üstəlik tək yaşaması həyatını daha da sıxıcı etmişdi. Yaşının ötməsinə baxmayaraq, o, hələ də özü üçün ideal qadın axtarıb tapa bilmirdi. Bəlkə də, buna maneə işinə və özünə çox qapanması idi. İşini bütün qəlbi ilə sevməsə belə. Boyu 1.84, çəkisi isə 95 kilodan azca çox idi. Lakin bunu artıq çəki saymaq olmazdı. Ümumi bədən əzələləri kifayət qədər yaxşı işlənilmişdi. Fiziki olaraq 10 baldan 9-a yaxın vəziyyətdə idi. Siqaret, içki və sairə kimi vərdişlərdən uzaq olan Frenk hər səhər idmanla məşğul olur, öz formasını itirməməyə çalışırdı. Arabir içki embarqosunu qaldırdığı vaxtlar da olurdu. Onun avropasayağı açıq rəngli dərisi, tünd qəhvəyi saçları vardı. Kömür rəngində qara gözləri nadir göz növləri sırasına rahatlıqla daxil ola bilərdi. Uşaqlıqda aldığı zədədən sonra burnu üst hissədən nahamar forma almışdı. Yanağındakı almacıq sümükləri qulaqlarına tərəf meyllənmişdi. Sivri çənəsi tünd xarakterli olduğundan xəbər verirdi. Bundan başqa o, dörd il qabaq sol çiynindən güllə yarası almışdı. O, daha bir neçə dəqiqə güzgü qarşısında dayanıb sonra yenidən yerinə uzandı. Gözlərini yumaraq son bir dəfə yuxuya getməyə çalışdı. Ümid edirdi ki, bu gecə daha həmin kabusu görməz. Yuxuya ehtiyacı var idi. Sabah onu daha bir darıxdırıcı gün gözləyirdi. Ofisdə və yollarda keçirəcəyi daha bir darıxdırıcı gün. Elektron saatın səsi eşidildi. Onun üzərindəki LED lampalar 06:30 vaxtını göstərirdi. Frenk bir saat əvvəl zorla yuxuya gedə bilmişdi. İndi isə artıq oyanmağın, yeni günə başlamağın vaxtı gəlib çatmışdı. “Los-Angeles Lakers” emblemli gödəkcəsini əyninə keçirib bayıra çıxdı. Hava sərin idi. Hər səhər iyirmi dəqiqəsini kvartal boyu qaçmağa sərf edirdi. Həmən vaxtda özünü həm fiziki, həm də mənəvi cəhətdən tənzimləməyə çalışırdı. Doqquzda onun işi başlayırdı. Bu vaxta qədər isə Frenk özünü tam işinə fokuslamaq üçün gündəlik idman normativlərini yerinə yetirir və on beş dəqiqə kitab oxuyurdu. Hal-hazırda o, ingilis detektivlərini araşdırmaqla məşğul idi. Bu gün də digərlərindən çox fərqlənmədi. Qaçışdan qayıtdıqdan sonra soyuq duş qəbul etdi. Səhər yeməyini bitirib, kreslosunun başına keçdi. İndi Dik Frensisin “Proof” romanını oxuyurdu. Bundan əvvəl bir neçə dəfə Frensislə görüşmüşdü. Müəllifin “Dead Cert” romanı isə Frenkin ən yaxşıları siyahısında dururdu. Mütaliə onun üçün istirahətin ən gözəl növü idi. O, qəhvəsindən qurtumlayaraq beləcə gözəl və əvəzolunmaz on beş dəqiqəni başa vurdu. Daha sonra isə hazırlaşmağa başladı. Mülki polis olduğundan forma geyinmirdi. Bu gün Teylor qara şalvar, tünd-göy köynək və qara qalstukla işə getmək qərarına gəldi. Saçlarını daramağı sevməzdi. Sadəcə güzgüdə onların normal halda olduğundan əmin olub ayaqlarına ağ rəngli “Nike” ketlərini keçirdi və evdən çıxdı. Teylor artıq beş ilə yaxın idi ki, 1970-ci il istehsalı olan qara rəngli “Dodge Challenger” sürürdü. O, sükan başına keçib mühərriki işə saldı. Bu maşın ona atasından yadigar qalmışdı. Teylor maşını formada saxlamaq üçün bir neçə dəfə onu təmir etmiş, müxtəlif hissə və detallarını daha yeniləri ilə əvəzləmişdi. Üstəlik, müntəzəm olaraq nasazlıq olub-olmadığını yoxlatdırırdı. Bu maşın ona əziz idi. Mühərrikin qızmasını gözləyərkən CD-playerdə nə dinləyəcəyini düşündü. Səhərlər, əsasən, ritmik mahnıları dinləməyi sevərdi. Qərarını verməmiş telefonuna zəng gəldi: – Teylor eşidir, – deyə o, həmişəki soyuqqanlı tərziylə zəngə cavab verdi. – Frenk, vəziyyət ağırdır. Evdən çıxmısan? – bu səs həmkarı detektiv Hovard Endiyə məxsus idi. – Maşını qızdırıram. Nə olub ki? – Glaidz Park tərəfdə problem var. Qətl hadisəsi... Teylor Dauntaun ərazisində yaşayırdı. Glaidz Park isə oradan bir kilometr qədər məsafədə yerləşirdi. – Gəlirəm. 2. Teylor ağır addımlarla cinayət baş vermiş binanın üçüncü mərtəbəsinə qalxırdı. O, buraya çatanda artıq binanın qarşısında bir yanğınsöndürən, bir təcili yardım və üç polis maşını dayanmışdı. Binanın qarşısında bir qrup insan həyəcan içində dayanmışdı. Yanğınsöndürənin burada olma səbəbi Frenkə qəribə gəldi. O, cinayətin baş verdiyi mənzilin içərisinə keçdi. Ev çox səliqəsiz idi. Köhnə və təmizlənməmiş mebel. Çirkli döşəmə. Evin içində səyahət edən spesifik qoxu. Döşəmənin üzərində sınıq stəkan qalıqları və stəkanın qalıqlarından bir neçə addım kənarda qara dərili bir cəsəd. – Yaxşı ki, gəldin. Necəsən? – deyə Hovard Teylora tərəf yaxınlaşdı. Onun sualına cavab olaraq Teylor azca başını yellədi. Gözlərini cəsədə zilləmişdi. Səhnə dəhşətli idi. Ortağı Teylorun bu vəziyyətdə nələr düşünə biləcəyini təxmin etdiyindən sözünə davam etdi, – Tayler Gibson. İyirmi iki yaşlı memar olmağa hazırlaşan tələbədir. Üstəlik özəl tikinti şirkətlərindən birində işləyir. Hər iki ayağından güllə yarası. Boğaz ətrafında yanıq izləri və ən əsası da bu, – o, qurbanın alnına damğalanmış işarəni göstərdi, – gilizlərdə nə bir barmaq izi, nə də DNT əldə edə biləcək bir şey. Professional bir qətldir. – Yaxşı, bəs onun alnına vurulmuş damğa barədə əlimizdə nə var? – Konkret heç nə, Frenk. Amma çavuş Nikolz bunu yunan hərfi omeqaya bənzədir. – Omeqa? – Teylor əyilərək qurbanın alnındakı yaraya baxdı. Damğanın toxunduğu hissələr dəri qatını yandırmışdı. Əmələ gəlmiş ləkə isə müəyyən bir simvolu əks etdirirdi. ω – Hə, Frenk, kiçik omeqa. – Ölümün vaxtını müəyyən edə bilmisiniz, Endi? – Təqribi olaraq beş-altı saat qabaq. Lakin yekun cavab üçün ekspertizaya ehtiyac var. Maklavskidən artıq görüş almışam. – Hmmm... Yaxşı, bəs polisə xəbər verən şəxslə danışmısınız? Əlimizdə əsas var? – Burada vəziyyət bir az qarışıqdır, – Hovardın üzündəki ifadə dəyişdi. – Necə ki? – Bizə LAFD xəbər verib. Onlara isə Gibsonun qapı qonşusu. – Başa düşmədim, – Teylor ortağına təəccüblü bir baxış ünvanladı. – Bu mənzilin sobasında bir neçə həftədir, qaz sızması problemi var. Bina sakinləri bir neçə dəfə mənzil sahibinə şikayət etsələr də, Gibson bu problemin həllinə fikir verməyib. Bu səhər də onun üzbəüz qonşusu xanım Marqaret təhlükə hiss edən kimi yanğınsöndürənlərə xəbər göndərib. Görünür, bizim professional sobadakı problemlə tanış olmayıb. O, istifadədən qabaq damğanı sobada qızdırıb. Nəticə olaraq qaz sızması baş verib və yanğınsöndürənlər bura çağırılıb. Onlar da gördüklərindən sonra bizlə əlaqə saxlayıblar. Yəni cəsədin bu qədər tez tapılmasında bəxtimiz yaman gətirib. – Qətlə yetirilmiş şəxs haqqında əlimizdə nə məlumat var? – Hələlik çox az. Amma qətl səbəbi olaraq onun borcları olduğunu güman etmək olar. – Borc? – Teylor yenidən ayağa qalxdı. – Aha. Ferrell artıq onun barəsində ətraflı araşdırma aparır. Teylor bir daha vəhşicəsinə öldürülmüş Gibsonun cəsədinə nəzər saldı. Mənzərə getdikcə daha da iyrəncləşirdi. Sonra isə o, Hovard ilə bərabər bayıra çıxaraq binanın ətrafına göz gəzdirdilər. Yanğınsöndürənlərin hadisə yerində olması səbəbindən hələ də sakinlərin bir qismi bayırda gözləyir və evlərinə qayıtmağa tələsmirdilər. Teylor ətrafı tədqiq etməyə başladı. – İzləmə kameralarındakı yazıları yoxlamaq lazımdır, – o dedi. – Artıq idarədəkilər bu işlə məşğul olurlar. Nikolz qonşulardan müəmmalı bir şəxs görüb-görmədiklərini soruşub. Gibson evə çox gec gəldiyindən çoxları onun evə nə vaxt gəldiyini belə bilmirlər. – Bəs o özü necə qonşu olub? – Heç şikayət edənlər yoxdur. Normal, zərərsiz biri imiş. İş, ev, universitet. Sadəcə bir az laqeyd gənc amerikalı tipi təsiri bağışlayıb. Çoxluq bu fikirdədir. – Valideynlər barədə bəs necə? – Onlar əslən Nyu Yorkdandırlar. Səkkiz il əvvəl boşanıblar. Anası Suzan Oneil yenidən ailə həyatı qurur, lakin sonra uşaq atalıqla yola getmir. Nəticə olaraq isə tək yaşamağa qərar verir. Klassik sosial problem sindromu. Biz onun anasını artıq idarəyə çağırmışıq. – Endi, səncə, bu qədər sıradan bir insan nə səbəbdən professional bir cinayətin obyektinə çevrilib? – Bəlkə, biz onun haqqında hər şeyi bilmirik? Axı borcları olduğunu demişdim. Bəlkə, professionallardan borc alıb?! – Hər halda, yenə də iş bununla məhdudlaşmır. Valideyn övladı ilə vidalaşdıqdan sonra cəsədin yarılmasını istəyirəm. Saat ikidə hamı idarədə olsun. Ferrell və Nikolzdan iclasa qədər izahatları hazır etmələrini xahiş elə. Braun isə kamera yazılarına baxsın. Ölünün yarılması ilə özüm məşğul olaram. – Yaxşı, bəs mən? – Hovard qaşlarını qaldıraraq ondan soruşdu, – mənə heç nə tapşırmırsan? – Saat neçədə yatmısan? – Gecə yuxu tutmadı. Mən də şəhəri dolaşmaq qərarına gəldim. Patrulluq etdim bir növ. – Onda saat ikiyə qədər bir az dincəlin. Qarşıda yorucu iş rejimi olacaq. – Mən yaxşıyam. – Detektiv! – deyə Teylor səsini azca yüksəldərək kəskin bir baxışla həmkarına tərəf döndü. – Yaxşı, təkid edirsinizsə, mən gedirəm. Əgər bir şey lazım olsa, xəbər edin. – Ok, xoş getdiniz. Amma ikidə idarədə olmaq şərtilə.... Teylor və Hovard üç ilə yaxın idi ki, bir yerdə işləyirdilər. Onun köhnə ortağı atışma zamanı həlak olduqdan sonra perspektivli Endi Hovard və o, birgə çalışmağa başlamışdılar. Əvvəllər təcrübəsiz olmasına baxmayaraq, bu uzunboy qaraşın gənc bir neçə ay sonra Teylorla ayaqlaşa bilmişdi. İndi isə Frenk Teylorun ən yaxın adamlarından biri və yaxın dostuna çevrilmişdi. Ortaq olsalar da, Hovard ondan üç yaş kiçik idi. Məhz bu səbəbdən də Teylor onu danlaya bilirdi. Həm də ki gözəl münasibətləri var idi. Bir neçə sərt söz bu münasibətin özülünü sarsıda bilməzdi. Teylor Hovardın öz gümüşü rəngli “Chevrolet Malibu”suna minərək oradan ayrılmasını seyr etsə də, fikri təcili yardım maşınına qaldırılan qətl qurbanı Tayler Gibsonda idi. Çoxdan idi ki, belə bir professional cinayət şahidi olmamışdı. Bu isə onu düşündürürdü. Bundan sonra nə olacağını və nə edəcəklərini düşünürdü. Bu gün, deyəsən, gözlədiyi qədər də monoton keçməyəcəkdi. 3. 13:32 LAPD həmişəki kimi insanlarla dolub-daşırdı. Yenə də şikayətçilər, öz hüquqlarını müdafiə edənlər, müxtəlif şöbələrdə çalışan polislərin operativ əməliyyatları və sairə. İlkin olaraq qarışıq görsənsə də, bir müddət keçdikdən sonra ab-havaya alışırsan. Hətta bəzən burada olmaqdan ötrü darıxırsan. Nə də olsa, əgər yaxşı polissənsə, ikinci evini sevməyi öyrənməlisən. Teylor tibbi ekspertiza otağının qarşısındakı stullardan birində əyləşib Suzan Oneilin oğlu Tayler Gibson ilə vidalaşmasını gözləyirdi. Onunla üzbəüz isə qadının ikinci həyat yoldaşı Cac Oneil əyləşmişdi. Xanımı ilə birlikdə içəri daxil olsa da, bir neçə dəqiqə sonra oradan çıxmışdı. Görünür, atalıqla mərhumun münasibətləri o qədər də yaxşı olmayıb. O, Teylorun baxdığını hiss edib dedi: – Artıq iyirmi beş dəqiqə keçib. Detektiv, bəlkə, bir az onları tələsdirəsiniz? O, cənab Oneilin sözlərini qulaqardına verib başını sakitcə aşağı saldı. Beynində qarşısındakı insanın necə də nəzakətsiz biri olduğunu düşünürdü. Axı içəridəki cəsəd onun baş üzərində ağlayan ananın tək övladıdır. Ananın çəkdiyi dərdin sərhədləri indi yalnız özünə məlum idi. Teylor bu tip insanları hər gün görürdü. Fəqət hələ də onların özlərini belə aparması ilə barışa bilmirdi. Qəfildən qapı açıldı. Suzan Oneil dikdabanlarda bayıra çıxdı. Qırx beş yaşlarında ortaboylu, qara dərili xanımın gözlərində hələ də yaş damlaları görünürdü. Göz yaşları qara dəri üzərində parlayırdı. Teylor onu görən kimi ayağa qalxdı. Xanım həyat yoldaşının boynundan yapışaraq üzünü onun sinəsinə dayadı. Cac əli ilə bir neçə saniyə onun saçlarını tumarladı. Sakitləşdikdən sonra isə qadın üzünü çevirdi, burnunu çəkərək dedi: – Detektiv, siz onu tapacaqsınız? – onun tonu çox sərt idi. – Bizim qüvvələr əllərindən gələni edir, Ms.Oneil. – Yox! Mənə söz verin ki, onu tapacaqsınız! – deyə qadın daha sərt və yüksək bir tonla ifadəsini kəskinləşdirdi. Bu tip zəmanət tələb edənlərin sayı az deyildi. Xanım Oneil isə nə bir ilk, nə də bir son olacaqdı. Teylor məcbur da olsa, söz verməli idi. Əsas problem verilən sözə əməl etməkdir. O isə öz işində uğursuzluqlara da düçar olmuşdu. Sözünü pozmağa nifrət etsə də, cinayət qurbanlarının yaxınlarını ruhlandırmaq üçün həmişə onlara söz verərdi. Sadəcə formal bir məsuliyyət. – Söz verirəm, xanım Oneil. Söz verirəm, – bu sözləri deyərkən o, qadının gözlərinə baxmamağa çalışdı. Bundan sonra Oneillərlə sağollaşdı. Qəhvə avtomatına yaxınlaşıb espresso sifariş etdi. Gecə yaxşı yatmadığından yüngül baş ağrıları hiss edirdi. Tələsmədən içkisini içirdi. Çünki atopsia şöbəsinin aparıcı işçisi olan Maklavski tələsməyi sevmirdi. Oneil isə onun yanından təzəcə çıxmışdı. Maklavskiyə fasilə verilmədikdə, özünü azğın bir it kimi aparır. Məhz bu səbəbdən Teylor bir neçə dəqiqə gözləmək qərarına gəldi. Ölüm səbəbini öyrənməkdən ötrü onlar birlikdə dəfələrlə meyit yarmışdılar. Buna görə də bir-birlərinin xasiyyətinə yaxşı bələd idilər. Bir neçə dəqiqəni başa vurduqdan sonra o, Gibsonun bədəni saxlanılan otağa daxil oldu. Qapını açan kimi cəsədin qara ayaqları görsəndi. Ardınca isə Teylor bütünlüklə bu dəhşətli səhnəni seyr etdi. Güllələrin yeri dizində iyrənc bir səhnə yaradırdı. Onun hər iki dizi sıradan çıxmışdı. Alnı isə, ümumiyyətlə, ürək bulandırırdı. Cəsədin saxlanıldığı masanın başında isə bir cüt çəkmə hərəkət edirdi. Maklavskiyə məxsus çəkmələr. O, ayaqlarını ölü saxlanılan masanın üzərinə qoyub öz təkərli kreslosunda oturmuşdu. Üzərində sarışın çılpaq bir qız şəkli olan jurnal vərəqləyir, ayaqlarını atopsia masasının üstündə tərpədərək kreslonu sürürdü. – Sən onu burada necə oxuyursan, Leks? – o, Maklavskidən soruşdu. – Bu gözəlçələrə baxmasam, ölülərin əlindən dəli olaram. Niyə belə tez gəldin? – İkidə uşaqlarla iclasımız var. – Hə, – qısa fasilə, – məndən nə istəyirsən? Niyə vaxtımı alırsan, Teylor? – Birincisi, ayaqlarını oradan rədd elə. İkincisi də, gəl başlayaq... Maklavski üzünü turşudaraq ayaqlarını masadan götürdü. Dirçəlib jurnalı kənara atdı. İndi onun üzü görünürdü. Həmişə olduğu kimi burnunun ucunda dayanan təmizlənməmiş eynəklər. Səliqəsiz saç və saqqal. İlk baxışdan əqli xəstələri xatırladan arıq, cılız, 40 yaşlarında bir insan vücudu.... – Frenk, mən sənin iyrənc cəsədinlə nə vaxt təcrübə aparacağam? – İşə başlamasan, indi səni Gibsonun üzərinə uzadacağam. – Hmmm, – o, eynəyini düzəldib ani anda mövzunu tamamilə dəyişdi, – hər ayağında dizlərə iç cinahdan güllə. Qatil təcrübəli olub. Diz əzələlərinə atəş açaraq ayaqları sıradan çıxarıb. Silah “Beretta 96”. Pis seçim deyil. Məncə, tapança 2002-ci il istehsalıdır. Güllələrin kalibri ABŞ istehsalı olan 40 S&W(10×22mm Smith & Wesson). Atəş açıldıqdan sonra Tayler ən azı 12-14 dəqiqə dizləri üstə saxlanılıb, – o, diz ətrafı damarların üzərindəki cızıqları göstərdi, – görünür, qatilə qarşı dirənib. Lakin ayağa qalxa bilmədiyindən cəhdləri heç bir fayda verməyib. Fikir ver, – onlar ayaq tərəflərdən yuxarı qalxdılar. Maklavskinin işarə etdiyi boğaz ətrafındakı qızartılara göz atdılar, – görünür, o, müqavimət göstərərkən qatil onun boğazından yapışıb. Fəqət orada barmaq izləri tapa bilmədim. O, özünü yaxşı gizlədir, Frenk. Təcrübəm deyir ki, bu, son olmayacaq. – Haqlısan. Bəs damğa haqqında nə deyə bilərsən, Leks? – Bu omeqaya oxşayır, bir az. – Bunu keç. Sonra? – Kiçik omeqa hərfinə. – Leks, – Teylor üz-gözünü əydi. – Damğa kimi istifadə edilən metalın temperaturu 300-350 dərəcədən çox deyil. Böyük ehtimal, ev sobası və yaxud da ütünün köməyi ilə qızdırılıb, – o, fasilə verdi. Teylor isə cəsədin alnındakı yaranı seyr edirdi. Damğa o qədər də dərin kök salmamışdı. Səbəb isə Maklavskinin dediyi kimi temperaturun çox yüksək olmaması idi, – dərinin üst qatı olan epidermis sıradan çıxsa da, alt hissə dermisə o qədər də xələl gəlməyib. Ölüm səbəbi qan itkisidir, Frenk. Onu deyə bilərəm ki, bədbəxt ölməzdən əvvəl çox əziyyət çəkib. Amma içkili olduğunu nəzərə alsaq, bu hadisələrdən qabaq kefi kök olub. – Başqa maraqlı nə fakt var? – Yaxşı yadıma saldın. Damğanın materialı misdən olub. – Mis? – Teylor qaşlarını qaldıraraq soruşdu. – Hə. Onun ərimə temperaturu çox yüksək olmadığından alın üzərində mikroskopik mis qırıntıları tapmışam. – Niyə məhz mis? – Daşınması, soyudulması rahatdır. İstiliyi o qədər də yaxşı saxlamır. Üstəlik daha kövrəkdir. – Hmmm, – detektiv bir anlığına fikrə getdi. Qətl hadisəsini beynində canlandırmağa çalışdı. Xırda kadrlarla cinayəti beynində bir daha canlandırmağa çalışdı. Bu fikirlərdən isə reallığa alqış səsləri altında qayıtdı. Əl çalan Maklavski idi, – nəyə əl çalırsan? – Cinayətkarın ustalığına. Belə biri alqışa layiqdir, ya yox? – Leks, boşboğazlığı burax. Mən gedirəm. Amma son bir dəfə onu yenidən yoxla. Bəlkə, nə isə tapdıq. – Yaxşı, Frenki. İndi isə buradan cəhənnəm ol. Gedim, bir az jurnal vərəqləyim. Kifayət qədər mane olmusan artıq. 4. 13:56 Teylor və daha iki həmkarı kiçik iclas otağında oturmuşdu. O, sakitcə gözlərini yumub Nikolz və Hovardın gəlişini gözləyirdi. Punktuallığı xoşlayan Teylor və adamları heç vaxt iclas və sairə kimi tədbirlərə gecikməzdilər. Əksər işlərdə birlikdə çalışan bu beşlik kifayət qədər uğurlu komanda idi. Aralarında ən gənc polis olan Qebriel Braun iyirmi iki yaşını təzə qeyd etmişdi. Təcrübəsiz işçilərlə öz praktikasını bölüşməyi sevən Teylor onu bir neçə ay əvvəl aralarına götürmüşdü. Sarısaç əslən kanadalı Stiv Ferrell isə iki il idi ki, onlarla birgə fəaliyyət göstərirdi. Bu komanda özünü dəfələrlə yaxşı mənada sübut etməyə nail olmuşdu. İndi onlar aralarında Beyzbol haqqında danışırdılar. Dörd dəqiqə keçdikdən sonra artıq onların beşi də iclas otağında yerlərini almışdılar: dairəvi masa və onun ətrafındakı stullar. Həmişəki kimi qarşılarında tünd qəhvə və əldə etdikləri məlumatlar toplusu. İzahatlar, dəlillər və sairə. – Tayler Con Gibson, – Ferrell məlumat verməyə başladı, – doğum tarixi 1991.08.12-dir. Nyu-Yorkda anadan olub. Ailənin tək övladı. Valideynləri boşanandan sonra anası ilə buraya köçüb. Sonra isə ana evlənir. Atalıqla problemləri yarandıqdan sonra gənc ayrı yaşamağa başlayıb. Xərclərini ödəməkdən ötrü isə AFSF tikinti şirkətində işə düzəlib. Normal həyat tərzi. Dərslərində stabil ortalama. Sakit və zərərsiz bir vətəndaş. Xolli Brenson adlı qrup yoldaşı ilə eşq macərası yaşayırmış. Mən bu gün saat dördə onunla görüş təyin etmişəm. Ancaq inanmıram, bu, bizə nəsə versin. – Stiv, Gibsonun çalışdığı şirkətlə də görüşsən, yaxşı olar, – Teylor onun izahatına öz fikrini bildirdi. – Buna ehtiyac yoxdur, – Hovarda məxsus səs eşidildi, – mən oradan gəlirəm, – hamı Hovardı bu sözlərindən sonra qəribə baxışla süzdü. Bunu görən detektiv isə başını qaldıraraq gözlərini tavana zillədi. Bir neçə saniyə sonra isə o, ortağının öskürəyini eşitdi. Bu işarənin mənasını başa düşən Hovard başını aşağı salıb yenidən dilə gəldi, – Frenk, yuxum gəlmirdi. Fikirləşdim ki, vaxtımı boş keçirməyim. Ona görə də ora gedib oradakılarla bu barədə danışdım. AFSF təmizdir. Gibson səliqəli işçi olub. Müdiriyyət tərəfindən şikayət və narazıçılıq yoxdur. Mərhumun düşmənləri varsa, onlar, güman ki, onun iş yerindən deyillər. Ən azından, ilkin baxış bu nəticələri verir. – Nə isə. Qeb, kamera yazılarını yoxladın? – Teylor Brauna müraciət etdi. – Yoxladım. Gecə saat ikidən səhər yeddiyə kimi yazılarda şübhə çəkən bir şey yoxdur. Gibson saat 02:46-da binaya daxil olub. Ondan başqa binaya daxil olanların hamısı bina sakinləridir. Həmçinin binadan çıxanlar da. – Deməli, cinayətkar binadan biridir? – Nikolzun səsi eşidildi. – Ola bilər, Liz. Çünki binaya kənar şəxs daxil olmayıb. – Yox, – deyə qadın zabit etiraz etdi. Elizabeth Nikolzun mütənasib bədən ölçüləri polis formasını bəzəyirdi. 1.70 boyu, iyirmi dörd yaşında olan cazibədar bir qanun keşikçisi. Açıq qəhvəyi saçlar. Parıltılı çəhrayı dodaqlar. Mərkəzi boz, ətrafı qəhvəyi olan iti baxışlı gözlər. Xırda və incə burun. Burnu əhatə edən ağ rəngli, qüsursuz dəri. Sol yanaqda burunla dodaq arasında xırda bir xal. Üstəlik də subay. Məhz buna görə də o, bir çox həmkarlarının şəxsi maraq dairəsində idi. Lakin Nikolzun qəlbindəki şəxs artıq iki ilə yaxın idi ki, onu görmədən gəzirdi. Bu cür cazibədar bir xanımın arzuladığı şəxsi əldə edə bilməməsi təəssüf olunası bir hal idi. – Niyə yox, Liz? – Hovard qaşlarını qaldıraraq soruşdu. – Özünüz düşünün, uşaqlar. Binadan bir qatil. Yəni binanın daimi sakini. Məncə, bu şəxs bizə lazım olan şəxsdirsə, Gibsonun sobasındakı qaz sızması problemindən xəbərdar olmalı idi. Axı o, gördüyü işlə professional olduğunu sübut edib, – kiçik bir fasilə. Teatral pauzanı xatırladan bir fasilə. Diqqətləri üzərinə toplamış Nikolz gözünün qarşısını örtən telini düzəldib sözünə davam etdi, – buradan belə bir nəticə çıxır ki, qatil binadan biri deyil. Çünki o, belə bir səhvə yol verməzdi. – Bəlkə, o, bilərəkdən qazı açıq saxlayıb? – Ferrell öz boğuq səsi ilə dilləndi. – Ola bilər, fəqət birdən bina partlasaydı, necə? – Teylor razılıq əlaməti olaraq başını yellədi, – uşaqlar, o, binadan biri deyil. Qeb, bəlkə, yazılara bir də göz atasan? – Mən sənə kömək edərəm, Qebi, – Hovard bu dəfə gülümsədi. – Onda axşam yenidən yazılara göz ataq, Endi, – Teylor başını yelləyərək Nikolza əyləşməsi üçün işarə etdi. – Qebriel, Stiv, siz isə bir də bina sakinlərini sorğu-sual edin. Amma ölənin rəfiqəsi ilə danışdıqdan sonra, – Teylor həmişə belə edərdi. Komandasında hər hansı bir məsələ ilə bağlı problem və yaxud da ki müxtəlif fikirlər yarandıqda o, həmkarlarının paylarına düşən işləri dəyişərək əməliyyatı bir daha təkrarlayardı. Bu hərəkətlə onlar problemi daha tez həll edərdilər və aralarındakı müxtəlif fikirlər aradan qalxardı. – İndi isə sən, Frenk. Axmaq Maklavski nə dedi? – Deməli, uşaqlar, cinayətin silahı “Beretta 96”-dır. Gibson ölməmişdən qabaq içkili olub. Ona görə də, Liz, onun getdiyi məkanlar barədə məlumat topla. Bir də ki, damğa misdən hazırlanıb. Məndən bu qədər. Yerdə qalanları, onsuz da, bilirsiniz. – Damğa demişkən, omeqanı nə edək? – Hovard yenidən diqqətləri üzərinə çəkdi, bir də ki mis söhbətini anlamadım, – o çiyinlərini tərpətdi. – Endi, haqlıdır. Stiv Xolli Brensonu sorğu-sual edərkən mən bu barədə ətraflı araşdırma apararam, – deyə Braun işi boynuna götürdü. – Ok, Qeb. Araşdır. Omeqa, bəlkə, hansısa lokal dəstənin, qurumun simvoludur. Bacardığın qədər məlumat topla. Bəlkə, bu hansısa dini məna daşıyır və yaxud da ki kiminsə özünə məxsus simvoludur? Edqar Allan Po barəsində də mütləq araşdır, – bu sözündən sonra hamı Hovarda diqqətlə baxdı. Buna təəccüblənən detektivin isə cavabı kifayət qədər maraqlı oldu, – nə? Konnellinin “The Poet” romanını oxumamısınız? Devid Finçerin “Yeddi” filminə baxmamısınız bəs? Bizim dostumuz isə şübhəsiz belə bir tərzdə hərəkət edir. Onun psixologiyasında, əminəm ki, ciddi problemlər var. – Məntiqlidir. Yaxşı, sən deyən kimi edərəm. – Liz, sən isə oxşar hadisələr haqqında məlumat topla. Bəlkə, bir əlaqə var? Qatilin ilk aktı olmaya da bilər. Bəlkə, buna oxşar vəhşilikləri artıq o, dəfələrlə həyata keçirib. – Nə isə. Bu günlük bu bəs edər, mis barədə də çox düşünməyin, – Teylor yerindən qalxdı. Həmkarları da onun hərəkətini təkrar etdilər, – sabah saat onda yenidən yığışırıq. Əgər problem yoxdursa, gedə bilərsiniz, – bundan sonra o, adamlarının qarşılarındakı kağız-kuğuzu toplayaraq oradan ayrılmalarını seyr etdi. Onlar isə sıra ilə tələsmədən otaqdan çıxdılar, – Endi, sən bir iki dəqiqə burada qala bilərsən. Ortağının səsini eşidən Hovard ağzını büzüb yenidən yerinə qayıtdı. Çünki indi nəyin baş verəcəyini bilirdi. Teyloru əla tanıyırdı. Hal-hazırda da o, baş verəcəklərin tək səbəbkarı idi. Yenidən masa başında üz-üzə əyləşmişdilər. Teylor sakitcə ona baxırdı. Səssiziliyi isə barmaqları ilə masanı taqqıldatması pozurdu. – Bilirəm, deyəcəksən ki, – Hovard vəziyyəti düzəltmə cəhdi etsə də, Teylor onun sözünü yarıda kəsdi. – Haçana qədər belə olacaq? Sən xəstəsən? – Frenk. – Nə Frenk? – Teylor yerindən qalxaraq qəzəblə yumruğunu masaya çırpdı, – bunun səbəbi nədir, hə? – Frenk, işləyirəm də. – İşləyirsən? Endi, axırıncı dəfə nə vaxt hansısa məkana bir qədəh bir şey içməyə getmisən? – Keçən.... – Keçən nə? Keçən əsrdə? – Hovard başını aşağı saldı. Söz demək indi mənasız olardı. Teylor isə daha ağır şəkildə sözünü davam etdirdi, – sən xəstəsən? Axı niyə belə edirsən? Sən insansan. Bədəninə istirahət vermək barədə düşünmürsən? Valideynlərinlə son dəfə nə vaxt görüşmüsən? – Hər on gündən bir anam məni şam yeməyinə çağırır. – Çağırır! Bəs sən gedirsən? Hə? – Mmmm – Endi, sən mənə ən yaxın insanlardan birisən. Axı niyə belə edirsən? Niyə yatmırsan? Niyə? Problemin nədir? – Bilmirəm! – Hovard da səsini yüksəltdi, – Frenk, baş verənləri görmürsən? Biz necə polisik axı? Tayler Gibson kimi onlarla günahsız insanı niyə qurban verməliyik axı? – Burada bizim günahımız yoxdur! Həm onun kim olduğundan hələ əmin deyilik. – O halda, nəyə görə iki ildir ki, həyatın alt-üst olub? Orada da sənin günahın yox idi, Frenk! Sən mənim üçün ideal polissən. Lakin özünü məhv edirsən və mənim bu yolda səni tək qoyacağımı düşünürsən? Düzəlməyimi istəyirsənsə, ilk növbədə sən düzəl! Hə, qızlarla filan görüşmürəm, təkəm! Bəs sənin məndən bir fərqin var? Sən axırıncı dəfə haçan yatmısan? Hə? Ona görə də, dostum, mən dəyişməyə hazırlaşmıram. Əgər bunu istəyirsənsə, nə etməli olduğunu bilirsən! – Hovard üst-başını səliqəyə salıb heç nə demədən qapıdan bayıra çıxdı. Acı da olsa, dediklərində həqiqət var idi. Teylor qəbul etmək istəməsə də, ortağı ilə onun həyat tərzi çox oxşar idi. O, bunları düşünərək başını masaya dayayıb özünü necə də zəif apardığını qəbul etdi. Günahkar o idi. Yalnız o. 5. 21:13 Teylor öz kreslosunda əyləşib gündəlik xəbərləri izləyirdi. Bir azdan ortağı cinayət baş vermiş Glaidz Park ərazisindəki izləmə kameralarının yazılarını gətirəcəkdi. Mübahisə etdikdən sonra saat altıda Teylor zəng vuraraq axşam onun evində yazıları yoxlamağı təklif etmişdi. Onlar ortaq məxrəcə gəldikdən sonra saat doqquzda görüş vaxtı təyin etdilər. Fəqət Hovard artıq gecikirdi. Buna görə də o, xəbərləri dinləmək qərarına gəldi. Son zamanlar isə ən çox eşitdiyi xəbər şəhər merinin Los-Anceles qarşısındakı xidmətlərə görə gələn ayın əvvəli – üç noyabr tarixində baş tutacaq mükafatlandırma mərasimi idi. Tədbirdə şəxsən Kaliforniya qubernatoru və bir neçə daha yuxarı rütbəli rəsmilər də iştirak edəcəkdi. Bu mərasimin hazırlığına üç ay əvvəldən başlanılmışdı. Bəzi şayiələr hətta Birləşmiş Ştatlar Prezidentinin də mükafatlandırmada iştirak edəcəyini deyirdi. Belə hadisələr baş verdikdə şayiələrin yayılması qaçılmazdı. Mətbuat belə şeyləri gündəmdə saxlamaq üçün əlindən gələni əsirgəmirdi. Teylor bir neçə digər xəbərləri də dinlədi, sonra oradan ayrılıb, mətbəxə tərəf yollandı. Onun evinin divarları açıq-yaşıl boyanmışdı. Döşəmə isə tünd-qəhvəyi taxtadan idi. Bəzi yerlərdə gəzəndə ayaq altındakı döşəmə xırçıldayırdı. Təmirə ehtiyac duyan döşəmə hal-hazırda Teyloru narahat etmirdi. İndi daha vacib məsələlər gündəmdə dururdu. O, özü üçün yaşıl çay dəmləmək qərarına gəldi. Mətbəxdəki uğurları karyerası ilə müqayisədə dəfələrlə çox idi. Bir qurman kimi öz ailəsində və həmkarları arasında kifayət qədər şöhrət qazanmışdı. Bu əl qabiliyyəti isə ona anasından keçmişdi. O, iki stəkan çay süzdü. Çay və bir neçə müxtəlif şirniyyat təamlarını qırmızı rəngli dördkünc məcməyiyə qoyub mətbəxdən çıxdı. Otağa qayıdarkən zəngin səsi eşidildi. Cəld məcməyini iki kreslo arasındakı masanın üzərinə qoyub qapıya tərəf meylləndi. Əllərini dizlərinə sürtərək sildi. Qapını açaraq qonağını soyuq bir tonla qarşıladı. – Xoş gəldin. Keç əyləş, Endi, – deyə bir kənara keçərək onun içəri daxil olması üçün yolu açdı. – Xoş gördük, – sakitcə içəri keçib gödəkcəsini əynindən çıxardı, səliqə ilə asılqanın üzərinə keçirdi. Ev şəraitində rəsmiyyətdən uzaq şəkildə danışmaq hər iksi üçün rahat idi. Xüsusilə, bayaqkı insidentden sonra... Hər ikisi otağa keçdilər. Hovard DVD-ni cibindən çıxarıb Teylora uzatdı, – burada səkkiz müxtəlif kameranın yazıları var. – Yaxşı, amma fleş kartlardan niyə istifadə etmirsən, hələ də aydın deyil, – o, diski LED tv ilə əlaqələnmiş prosessora taxdı. Eyni anda bütün kameraları izləmək üçün səkkiz ədəd eyni ölçülü pəncərə açdı. Bütün kameralarda gecə saat on ikidən sonrakı yazıları işə saldı. Daha sonra öz kreslosuna keçib əyləşdi. Onlar sakitcə yazıları müşahidə edirdilər. Gibsonun yaşadığı binanın sakinləri isə binaya daxil olur və ya onu tərk edirdilər. Sakit bir Los-Anceles küçəsi. Normal bina sakinləri. Vaxt ötdükcə küçə boyu parlayan pəncərələrdən gələn işıqlar sönür, tədricən küçə yeni günə hazırlıq görür. Yatır. – Bu gördüyün sarışın isə ikinci mərtəbə sakinidir, – Hovard binaya daxil olan şəxslərin kimliklərini Teylora çatdırırdı, – bu isə Gibsonun dördüncü mərtəbə qonşusu, – Hovard tünd-qara gödəkcəli, saçı ortadan seyrək olan orta yaşlı kişini işarə etdi. Dərisi ağ, yanaqları isə büzülmüşdü, – saat on ikidən sonra on doqquz nəfər içəri girib, altı nəfər isə binadan ayrılıb. Onların hamısı bina sakinləridir. Frenk? – Eşidirəm, – o, gözlərini ekrandan çəkməyərək Hovarda cavab verdi. – Bu günə görə təəssüf edirəm. – Endi, sən haqlı idin. Problem məndədir. İndi isə kameraları izlə. Mənim səkkiz gözüm yoxdur. Onlar danışmadan yazıları izləməyə davam etdilər. Beləcə dəqiqələr davam etdi. Üç saata yaxın idi ki, detektivlər yazıları izləyirdilər. Bəzi anları saxlayaraq yenidən gözdən keçirmişdilər. İndi ən vacib anlardan biri gəlib çatmışdı. Tayler Gibson binaya daxil olurdu. Bu anda isə binaya bir saat əvvəl daxil olmuş seyrək saçlı sakin oranı tərk edirdi. Onlar üzbəüz salamlaşaraq bir-birlərinin yanından ötdülər. İlk baxışdan hər şey normal görünürdü. Lakin əslində maraqlı bir faktı yoxlamadan bu anın üzərindən keçmək olmazdı. – Endi, gördün? – Deyəsən, hə. – O adamın adı nədir? – Teylor yerindən qalxaraq klaviaturanın başına keçdi. Qapını çəkən kameranı yenidən işə saldı. Pəncərələri sıra ilə bağlayaraq ekranda yalnız iki pəncərəni açıq saxladı. Hər iki pəncərədəki yazıları seyrək saçlı insanın binaya daxil olduğu və oradan çıxdığı yerləri taparaq yazıların hər ikisini pauzaladı. – Huqo Oliviera. Səncə, bu mümkündür? – yazıların hər ikisində həmin şəxsin siması yaxın plana alındı. – Bəlkə, burada da Edqar Po fanatının barmağı var. – Frenk, bu adam əsl bir dahidir. İnanılmaz! – Amma necə? – Böyük ehtimalla o, hansısa bir qurumda işləyir. Ya da ki yüksək səviyyəli xaker. Burada Braunu qınamaq olmaz. – Əlbəttə. Səhər onda hamı hazır olsun. Deyəsən, bu yeni dostumuz elə bircə bununla kifayətlənməyəcək. – “Deyəsən” sözü artıqdır. – Çay süzüm? – Yox demərəm. Amma limon iki dilim olsa, yaxşı olar. – Oldu, – o, ortağının stəkanını götürüb mətbəxə yollandı. Uzun zamandır ki, ortağı ilə birlikdə iş başında olanda bu qədər səssiz vaxt keçirməmişdilər. Lakin bu sükut içində belə cütlük kamera yazılarında gizlənən sirrin üstünü aça bilmişdilər. Yazılar saxta idi. O, yenidən çayları doldurub otağa qayıtmağa hazırlaşarkən Hovard mətbəxə tələsik daxil oldu. Əlində tutduğu “Galaxy”nin ekranının parlamasından ortağının ondan istifadə etdiyi başa düşülürdü. O, içində iki dilim limon olan çayı Teylorun əlindən alıb başına çəkdi. Sonra isə dərindən nəfəs alıb udqundu. – Gedirik. – Nə yaxşı? – Teylor gülümsədi. Normal biri nə baş verdiyini soruşardı, ancaq bu cütlük öz enerjilərini belə boş faktorlara xərcləməyi xoşlamırdı. Çünki onsuz da onlar həmin yerə gedərkən bu barədə ətraflı danışacaqdılar. Burada isə mövzunu açmaq vaxt itkisindən başqa bir şey deyildi, – aclığın var? – deyə o, soyuducunun ağzını açdı. Əyilərək içərisinə göz gəzdirdi. – Deyəsən. – Bir gün üçün həddən artıq deyəsən olmadı ki? – Deyəsən, – Hovard gülümsədi. O, soyuducudan iki ədəd hazır sendviç çıxarıb onları mikrodalğalı sobaya qoydu. Sobanı işə salıb otuz saniyəlik geri sayımın bitməsini gözlədi. Hovard səbirsiz bir şəkildə irəli-geri addımlayırdı. Teylor isə yavaş-yavaş öz çayını içirdi. Daha sonra yumru sendviçləri oradan çıxardı. Sol əlində tutduğu tayı ortağına atdı. – Auç! İstidir. Brokoli var bunun içində? – Hə. Sağlam qidadır. – Hiff ovunul... – Nə? – o, marçıldadığından nə dediyi anlaşılmırdı, – ağzında boş yer qalıb? – Deyirəm ki, hiss olunur, sağlam qidadır. İyrənc dadı var. – Ona görə artıq onu yoxa çıxarmısan? Hər ikisi güldülər. Yeməklərini bitirib evdən çıxdılar. Hadisə yerinə Hovardın maşını ilə yollanmağı qərara aldılar.
Posted on: Sat, 07 Sep 2013 15:27:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015