Osmanın (radiyallahu anhu) fəzilətinə dair ayə və - TopicsExpress



          

Osmanın (radiyallahu anhu) fəzilətinə dair ayə və hədislər: Osmanın (radiyallahu anhu) fəzilətinə dair ayə və hədislər: 1) Uca Allah buyurur: «Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!»1 İbn Abbas (radiyallahu anhumə) İbn Məsud (radiyallahu anhu) İbn Ömər (radiyallahu anhumə) və başqaları bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (radiyallahu anhu) Ömər (radiyallahu anhu) Osman (radiyallahu anhu) Əli (radiyallahu anhu) və başqalarının olduqlarını təfsir etmişlər.2 2) Uca Allah buyurur: «Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaqlaşdırılar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər. O şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi verilsin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır»3 Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (radiyallahu anhu) üçün nazil olub və Osman (radiyallahu anhu) da daxil olmaqla bütün möminlərə şamil edilir.4 3) Uca Allah buyurur: «Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir»5 Onu təsdiq edənlər Əbu Bəkr (radiyallahu anhu) Ömər (radiyallahu anhu) Osman (radiyallahu anhu) və başqa möminlərdir.6 4) Əbu Musa əl-Əş‘ari (radiyallahu anhu) rəvayət edir ki, «Bir dəfə Osman bin Əffan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çatdırdıqda, o dedi: "İzn ver gəlsin və onu cənnətlə müjdələ!"…»7 5) Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz."»8 6) Übeydullah bin Adiyyin (radiyallahu anhu) rəvayət etdiyi hədisdə deyilir ki, «Bir nəfər gəlib Osmana (radiyallahu anhu) Validdən (radiyallahu anhu) şikayət etdikdə o demişdir: "Həqiqətən, Uca Allah Məhəmmədi (sallallahu aleyhi və səlləm) haqq (Quran) ilə göndərmişdir. Mən Allaha və Onun elçisinə itaət edənlərdən, onun gətirdiyinə iman gətirən, iki dəfə (əvvəl Həbəşistana, sonra Mədinəyə) hicrət edənlərdən, onun (sallallahu aleyhi və səlləm) ən yaxın səhabələrindən və ona beyət edənlərdən oldum. Allaha and olsun ki, vəfat etdiyi günə qədər ona asi olmadım və onu aldatmadım. Həmçinin, Əbu Bəkr və Ömərə olan münasibətim də belə idi».9 7) Ənəs (radiyallahu anhu) rəvayət edir ki, «Bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Bəkr (radiyallahu anhu) Ömər (radiyallahu anhu) və Osmanla (radiyallahu anhu) bərabər Uhud dağına qalxdılar. Bu vaxt dağ silkələndi və Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona dedi: «Sakit ol, ey Uhud! Sənin üzərində peyğəmbər, siddiq və iki şəhid var»10. Qeyd: Bəli, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Uhud dağına müraciət etməsi bəzi oxucularımıza qəribə gəlsə də, bu, faktdır. Çünki bu, Allah tərəfindən olan bir möcüzədir. O, Öz elmindən istədiyi bəndəsinə bəxş edər: «Allah istədiyi şəxsə hikmət (elm, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər»11 8) Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Rumə quyusunu alan cənnətlikdir» – dedikdə, Osman (radiyallahu anhu) o quyunu aldı (və müsəlmanların ixtiyarına verdi). Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Qoşunu təchiz edən cənnətlikdir» – dedikdə, Osman (radiyallahu anhu) qoşunu təchiz etdi.12 9) Osman bin Məuhəb (radiyallahu anhu) rəvayət edir ki, «Misir əhlindən olan bir şəxs həcc etdiyi zaman bir qövmün arasında olan şeyx haqqında soruşdu. Onun Abdullah bin Ömər (radiyallahu anhumə) olduğunu bildikdən sonra ona yaxınlaşdı və dedi: "Osmanın Uhud döyüşünü tərk etdiyini bilirsən?" Abdullah (radiyallahu anhu) dedi: "Bəli". O yenə: "Osmanın Bədr döyüşünü tərk etdiyini bilirsən?" – deyə soruşduqda Abdullah: "Bəli" – deyə cavab verdi. O, bir daha: "Osmanın Rizvan beyətini tərk etdiyini bilirsən?" – deyə soruşduqda, Abdullah: "Bəli" – deyə cavab verdi. Sonra o: "Allahu əkbər" deyib etirazını bildirdi. Abdullah ona dedi: "Mən şəhadət verirəm ki, Allah onu Uhud döyüşünü tərk etdiyinə görə bağışlamışdır13. Bədr döyüşündə isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) özü ona xəstə olan zövcəsini (Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qızı Ruqiyyəni) ziyarət etmək üçün icazə vermişdir. Hətta Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu: "Həqiqətən, Bədrdə iştirak edən şəxsin qazandığı savab qədər sənə də savab yazılır və ona çatan pay qədər sənə də qənimətdən pay çatır" – deyə xəbər vermişdir. Rizvan bey‘əti isə, Osmanın (radiyallahu anhu) Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən Məkkəyə göndərilməsindən sonra olmuşdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Osmanın (radiyallahu anhu) beyətdə iştirak etmədiyini görüb sağ əlini qaldırdı və dedi: "Bu, Osmanın əlidir". Sonra da onu sol əlinin üzərinə qoydu və dedi: "Bu, Osmanın əvəzinə olan beyətdir". Sonra Abdullah bin Ömər (radiyallahu anhumə) ona dedi: "İndi isə arxayın gedə bilərsən"».14 10) Abdullah ibn Ömər (radiyallahu anhumə) demişdir: «Osmanı söyməyin! O, bizim xeyirlilərdən (fəzilətli olanlardan) idi».15 11) Əlinin (radiyallahu anhu) tərəfdarları ondan soruşdu: «Sabah xaricilər bizdən Osman (radiyallahu anhu) haqqında soruşduqda, biz onlara nə cavab verək?» Əli (radiyallahu anhu) dedi: «Deyin ki, o, iman gətirib saleh əməl edənlərdən, Allahdan qorxub yaxşılıq edənlərdən idi».16 12) Əli bin Əbu Talib (radiyallahu anhu) Allahın bu kəlamını nəql edib demişdir17: «(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə nemət (cənnət, əbədi səadət) yazılmış kəslər cəhənnəmdən uzaqda olacaqlar»18. Osman da onlardandır».19 13) Əli bin Əbu Talib (radiyallahu anhu) Kufə məscidində xütbə verdiyi zaman demişdir: «Ey insanlar! Osmanın əleyhinə danışırsınız, lakin həqiqətən, mən və Osman Allahın müjdələdiyi müsəlmanlardanıq" – deyib bu ayəni oxudu: "Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər"»20 14) Əli (radiyallahu anhu) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi».21 15) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (radiyallahu anhu) rəvayət etmişdir ki: «Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də belə vəsiyyət etmişdir».22 16) Xaricilər Əlinin (radiyallahu anhu) yanına gəlib Osmandan (radiyallahu anhu) şikayət edəndə, o Osmanın (radiyallahu anhu) yanına gəlib belə demişdir: «Arxamdakı adamlar məni səninlə özləri arasında səfir etmişlər. Allaha and olsun ki, bilmirəm sənə nə deyim. Elə bir iş yoxdur ki, mən bilim, sən yox. Biz nəyi bilirik, sən də bilirsən. Bir şeydə səndən irəlidə deyilik ki, sənə onun haqqında məlumat verək.23 Səndən bir şey də gizlətməmişik ki, indi onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüsən, eşitdiklərimizi də eşitmisən, sən də Allahın elçisinin (sallallahu aleyhi və səlləm) səhabələrindən olmusan. Nə ibn Əbu Quhafə (Əbu Bəkr) nə də İbn əl-Xəttab haqq işində səndən irəli deyillər. Sən Allahın elçisinin (sallallahu aleyhi və səlləm) atasına, qan qohumluğuna görə onların hər ikisindən də yaxınsan. Sən onun o biri iki kürəkəninin24 nail olmadığına nail olmusan25».26 17) Səid bin Zeyd (radiyallahu anhu) demişdir: «Mən şəhadət verirəm ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: "On nəfər cənnətlikdir: Əbu Bəkr, Ömər, Osman, Əli, Talhə, əz-Zubeyr ibnu-l-Əvvam, Sə‘d bin Malik, Əbdü-r-Rəhman bin Auf, Səid bin Zeyd, Əbu Ubeydə ibnu-l-Cərrah"».27 18) Əli (radiyallahu anhu) demişdir: «Mən Məhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdilər».28 1 «ət-Təhrim» surəsi, 4. 2«Təfsir ibn Kəsir», 4/500. 3 «əl-Leyl» surəsi, 17-21. 4«Təfsir ibn Kəsir», 4/762. 5 «əz-Zumər» surəsi, 33. 6 Ət-Tabəri, «Camiu-l-bəyan», 3/24. 7 «Səhihu-l-Buxari», 7/25, 3674-cü hədis. 8 «Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis. 9«Səhihu-l-Buxari», 7/66, 3696-cı hədis. 10«Səhihu-l-Buxari», 7/66, 3697-ci hədis. 11 «əl-Bəqərə» surəsi, 269. 12 «Səhihu-l-Buxari», 7/65, 7-ci fəsil, 2778-ci hədis. 13 Buna Allahın bu kəlamı dəlildir: « (Uhud döyüşündə) iki ordu qarşılaşdığı gündə sizdən üz döndərən şəxslərin kəsb etdiyi bəzi şeylər şeytanın onları yolda çıxarmaq istəməsi üzündən baş verdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayan və həlimdir» («Ali İmran» surəsi, 155). 14 «Səhihu-l-Buxari» 7/66, 3698-ci hədis. 15 Əhmədin «Müsnəd» əsəri, 1/461. 16 Əhmədin «Müsnəd» əsəri, 1/474. 17 Yəni Allahın kəlamını xatırlatmışdır. 18 «əl-Ənbiya» surəsi, 10-ci ayə. 19 Əhmədin «Müsnəd» əsəri, 1/475. 20 «əl-Hicr» surəsi, 47-ci ayə. 21 «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh.298, Tehran çapı, 1995-ci il) 22 «Biharu-l-ənvar» 22/305-306. 23 Bu sözlər Əlinin (radiyallahu anhu) çox təvazökar olduğuna daha bir sübutdur. 24 Burada Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qızları Fatimənin (radiyallahu anhu) həyat yoldaşı Əli (radiyallahu anhu) və Zeynəbin (radiyallahu anhu) həyat yoldaşı Əbu-l-As (radiyallahu anhu) nəzərdə tutulur. 25 Yəni, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) iki qızını – Ruqiyyə (radiyallahu anhu) və Ummu Gülsüm (radiyallahu anhu) almısan. 26 «Nəhcu-l-Bəlağə», səh: 234 (tərcümədə səh.169, Tehran çapı, 1995). 27 Əbu Davudun «Sünən» kitabı, 12/262, 3635-ci hədis; «Səhih hədislər silsiləsi», 3/879 - 3886-cı hədis. 28«Nəhcu-l-Bəlağə», səh: 143 (tərcümədə səh.257, Tehran çapı, 1995). ELSEN
Posted on: Tue, 03 Sep 2013 13:30:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015