Psixoloq məni hipnoz edib yatırtdı və...” (Hadisə) 2-ci - TopicsExpress



          

Psixoloq məni hipnoz edib yatırtdı və...” (Hadisə) 2-ci hisse Psixoloq kişi olduğuna görə narazılıq elədim. Amma Xəlil çarəmin onda olduğuna məni inandırdı. Həftənin üç günü uşağı qonşuya qoyub yaxınlıqdakı klininkaya - psixoloqumun yanına gedirdim. Həkimim 30-35 yaşında Seymur adlı cavan kişi idi. Çox mehriban adam idi. Onunla hər söhbətdən sonra özümü lazımlı, vacib adam hesab edirdim. Onun sakit səsi, şən xasiyyəti məni heyran edirdi. İndiyə qədər Xəlil bircə dəfə də olsun, söhbət edəndə mənim əlimdən tutmamışdı. Ancaq o, hər dəfə söhbətə başlamazdan əvvəl əlimdən tuturdu. Əmin edirdi ki, xəstə həkiminə inanmasa, özünü tam təslim etməsə, heç vaxt sağalmaz. Cəmi bir həftəyə onu özümə dünyada ən yaxın adam hesab eləməyə başladım. Xəlil xasiyyətcə mülayim adam olmasına baxmayaraq, onunla söhbət eləmək maraqsız idi. Seymur həkimin danışdıqlarına, söhbətlərinə ağzımı ayırıb maraqla qulaq asırdım. Bu cür yanaşmam ona qəribə gəlirdi. Hər söhbətdən sonra mənə oxumaq üçün bir kitab verirdi. Evə çatan kimi başımın ağrılarını unudub acgözlüklə onun verdiyi kitabları oxuyurdum. O, əllərimə toxunan kimi sanki bədənimdən elektrik keçirdi. Heç vaxt Xəlilə hiss etmədiyim hissləri keçirirdim. Həyəcandan ürəyimin döyüntüsü qulaqlarıma gəlirdi. Onun əsiri olmağa başlayırdım... Psixoloqumla söhbətlərdən sonra evdə də münasibətim normallaşmağa başlamışdı. Ancaq ağlımda Seymur həkimdən başqa heç kim yox idi. Müalicəm isə davam edirdi. Bir kurs müalicənin sonunda ağrılarım səngiməyə başlasa da, Seymuru görmək üçün hələ də ağrıdığımı, əsəbi olduğumu deyirdim. Həkim isə psixoloqa getmək müddətini artırırdı. Hər gün onun yanına tələsirdim. Onu görən kimi ayaqlarımın altından yer qaçırdı. Ancaq həkimə bu haqda heç nə demirdim. O, ilk kişi idi ki, onunla bu qədər açıq, rahat danışa bilirdim. Onunla hər şeyimi paylaşırdım. Hər söhbətdən sonra dünyanın xoşbəxti olurdum. Ona uşaqlıqda çəkdiyim əziyyətlərdən tutmuş, ərimlə intim münasibətlərimizə qədər hər şeyi danışırdım... Seymur həkim söhbətlərin birində mənə hipnoz eləməyi təklif etdi. Mən hipnozun nə olduğunu bilmirdim. O, dedi ki, gözlərimi yumub onun dediyi nöqtəyə baxmalıyam... Və... Gözümü açanda gördüm ki, Seymurun iş otağında yarıçılpaq vəziyyətdəyəm. O, məni hipnoz etdikdən sonra mənimlə cinsi əlaqəyə girmişdi. Özümü aldadılmış hiss edirdim. Həkimimə inanmışdım. Belə hərəkət edəcəyini gözləmirdim. O isə məni bərk-bərk qucaqlayıb sakitləşdirməyə çalışırdı. Əynimi geyinib bütün gücümü toplayıb evə qayıtdım. Uşağımı qonşudan götürüb evimizə qalxdım. Həmin gün ərimin üzünə baxa bilmirdim. Psixoloji yardım ərimə xəyanətlə başa çatmışdı. Bu haqda Xəlilə heç nə deyə bilməzdim. Xəlil hər gün evə gec gəlirdi. Yorğunluqdan özünə gələ bilmirdi. O, yəqin ki, bunu bilsəydi, məni də, həkimi də öldürərdi. Səhərə qədər Seymurun məni necə aldatdığını düşünüb göz yaşı tökdüm. Onu gözümdə müqəddəsləşdirmişdim. Günahkarlıq, ləkəlilik hissi məni dəli edirdi. Səhərə yaxın az qala dəlilik həddinə çatdım. Saçlarımın ucunu elektrik xəttinə uzatdım. Özümü öldürmək istəyirdim. Ancaq cəsarətim çatmadı. Səhər açılan kimi uşağı qonşuya verib klinikaya getdim. Onunla haqq- hesab çəkmək istəyirdim. İçimdə ona qarşı hədsiz kin var idi. Yol boyu ona nələr deyəcəyimi düşünmüşdüm. Qapını döyüb onun iş otağına keçdim. Otaqda tək idi. Məni görən kimi üstümə gəlib möhkəm qucaqladı. Heç cür qollarından çıxa bilmirdim. Bütün hirsim, kinim keçdi. Onu necə sevdiyimi hiss elədim. Bu dəfə öz istəyimlə ona təslim oldum. Bu dəfəki “hipnoz” ürəyimə yatdı. Həyatımda ilk dəfə ehtirasın nə demək olduğunu, qadınlığımı hiss etdim. Deyirdi ki, məni çox sevir. Məcbur olub bu addımı atıb. Qorxurmuş ki, onunla əlaqəyə razı olmaram. Artıq hər şeyi unutmuşdum. Bütün varlığımla ona aid idim... Hər gün ərim işə gedən kimi uşağı qonşuya qoyub onun yanına qaçırdım. Ərimlə münasibətlərimsə həmişəki kimi davam edirdi. Gecələr özümü zorlayıb onunla yatmağımın heyfini səhərlər Seymurla keçən bir saatlıq xoşbəxtlik zamanı çıxırdım... Artıq günahkarlıq hissi, vicdan əzabı get-gedə içimdən uzaqlaşırdı. Görüşlərin ikinci ayında hamilə olduğumu anladım. İş işdən keçmişdi. Ərim hamilə olmağımdan xəbər tutmuşdu. Aborta getməyə heç vaxt icazə verməzdi. Nə edəcəkdim? Seymurun yanına gedib hamilə olduğumu dedim. O, mənə hamiləliyin pozulması üçün bir neçə dərman versə də, xeyri olmadı. Hamilə olmağımdan xəbər tutandan sonra onun mənə münasibəti xeyli dəyişdi. Hamiləliyimin üçüncü həftəsində o, mənə iş yerini dəyişdiyini, Bakının başqa rayonunda özünə kiçik qəbul yeri açdığını dedi. Bu gündən sonra orda görüşəcəyimizi dedi. Bu, onunla son görüşümüz oldu... Səhəri gün klinikaya gedəndə otağının qapısını bağlı gördüm. Heç kimdən onu soruşmağa risk eləmədim. Ağlaya-ağlaya evə qayıtdım. Nə bir telefon nömrəsi, nə də ünvan qoymamışdı. Baş ağrılarım geri qayıtmışdı. Sakitləşə bilmirdim. Həyatım cəhənnəmə çevrilmişdi. Günüm ağlamaqla keçirdi. Ona həm nifrət edir, həm də dəli kimi sevirdim. Mən bətnimdəki körpənin atasının kim olduğunu da bilmirdim. Özümə hirsim keçmirdi. Ərimə xəyanət etməyim bir tərəfə, uşağın atasının kim olmasını belə bilməmək özümün özümü alçaltmağım demək idi. Hamiləliyim müddətində bircə dəfə də olsun, Seymur məni axtarmadı. Xəlil işdən gələn kimi qayğıma qalırdı. Mənə münasibəti dəyişmək bilmirdi. Onun bu cür davranması mənə daha çox əzab verirdi. Məni kəndin əzab-əziyyətli həyatından, çətinliklərindən xilas edən adama xəyanət eləmişdim. Onu sevməməyim hamımızı uçurumun kənarına gətirib çıxartmışdı. Hamiləliyim dövründə həkimə getməkdən imtina elədim. Uşağın sağlamlığı da məni maraqlandırmırdı. İstəyirdim ki, uşaq əgər Seymurdandırsa, ölü doğulsun. Seymurdan doğulan uşağı hər gün görməyə dözümüm yox idi. Zillətlə keçən 8 aydan sonra qəfildən ağrılarım başladı. Məni qonşular doğum evinə çatdırdılar. Səhərə qədər sancı çəkdim. Doğuş ağrılarından dəfələrlə bayıldım. Səhərə yaxın həkimlər “oğlun oldu” dedilər. Səhəri gün Xəlil xəstəxanaya zəng elədi. İkinci oğlu olduğuna görə sevinirdi. Ağlamaqdan gözümdə yaş qalmamışdı. Ona nə deyəcəyimi bilmirdim. Doğum evindəki qadınlar mənə təəccüblə baxırdılar. Ağlamağımın səbəbini anlaya bilmirdilər... Evə çıxacağımız gün həkim uşağın vəziyyətinin qəfildən pisləşdiyini dedi. Uşaq otağına qaçdım. İlk dəfə həmin uşaq üçün ürəyimdə narahatlıq hissi keçirdim. Körpə bayğın vəziyyətdə idi. Bütün həkimlər uşağın başına toplaşmışdı. Müqəvva kimi baş verənlərə tamaşa edirdim. Uşaq ölmüşdü... Evə qayıtdım. Xəlil sarsılmışdı. Danışmaq istəmirdi. Qara günlərim yenidən geri qayıdırdı. Bir aya yaxın müalicə aldım. Yenə də özümə gəlmədim. Arzum yerinə yetmişdi, Seymurdan olan uşaq ölü doğulmuşdu. Ancaq özümə yer tapa bilmirdim. Əzablardan yaxa qurtarmaq olmurdu. Başımı heç nə ilə qata bilmirdim. Oğlum Sərdar hər səhər baxçaya gedirdi. Tək-tənha evdə oturub bütün günü ağlayırdım. Belə günlərin birində Seymurun əvvəl işlədiyi klinikaya getməyə qərar verdim. Onun yerində işləyən qadın Seymurun evləndiyini, Bakıdan köçüb getdiyini dedi. Bu hadisədən artıq iki il keçib. Amma unuda bilmirəm. Ürəyimdəki yara sağalmır. Ona olan sevgim, nifrətim keçmək bilmir. Təhsilim olmadığına görə işləyə bilmirəm. Xəlilin isə həyatını haqqım olmadan cəhənnəmə çevirmişəm. Özümə olan kinim də səngimir. Övladımı böyüdürəm. Yanımda “psixoloq” sözü işlədən kimsə olanda əllərimlə onu boğub öldürmək istəyirəm...
Posted on: Tue, 16 Jul 2013 10:36:02 +0000

Trending Topics



adma Silva isso te lembra algo ? kkkVocê conhece alguém

Recently Viewed Topics




© 2015