Rusiya indi də Elkaponeni fəallaşdırır? İbrahim İbrahimli - TopicsExpress



          

Rusiya indi də Elkaponeni fəallaşdırır? İbrahim İbrahimli Füzuli Məmmədovun Azərbaycanda cərəyan edən siyasi proseslərdə iştiraka həvəs göstərəcəyini inandırıcı iddia hesab etmir Mətbuatda Rusiyanın Azərbaycana qarşı hazırladığı daha bir plan haqqında məlumatlar yayılmağa başlayıb. Verilən məlumatlara görə, yaxın vaxtlarda Rusiyada ultramillətçi qrupların azərbaycanlılara qarşı ardıcıl bir neçə hücumu təşkil olunacaq. Həmin hücumlardan sonra Rusiyanın siyasi rəhbərliyinin gərginliyin aradan qaldırılması bəhanəsi ilə azərbaycanlıların bir qismini mərhələ-mərhələ Azərbaycana deportasiya edəcəyi bildirilir. Bununla da Azərbaycanda ictimai-siyasi situasiyanın daha da gərginləşdirilməsinə cəhd göstəriləcəyi iddia edilir. Eyni zamanda buna paralel olaraq, Rusiyada yaşayan bəzi nüfuzlu və imkanlı azərbaycanlıların da Azərbaycanda keçiriləcək seçkilərlə bağlı siyasi proseslərə cəlb olunduğu vurğulanır. Mətbatın yaydığı məlumatda bildirilir ki, həmin imkanlı şəxslərə Rusiyada yaşayan azərbaycanlıları seçkilərə qədər öz təsir dairələrində təşkilatlandırmaq tapşırığı verilib. Və Rusiyada biznesi olan imkanlı şəxslərin sonradan Kremlin təzyiqləri ilə üzləşməmək xatirinə bu tapşırıqlarla razılaşmaq məcburiyyətində qaldıqları da bildirilir. Həmin məlumata görə, Rusiyada yaşayan və Naxçıvandan olan azərbaycanlılarla seçki işinin aparılması Frenk Elkaponeyə (əsl adı-soyadı Füzuli Məmmədovdur-red.) həvalə olunub. Milli Şuranın üzvü İbrahim İbrahimli bu barədə məlumatlara münasibət bildirərkən, yayılmış xəbərləri Azərbaycandakı bəzi mətbuat orqanlarının fantaziyası olduğunu vurğuladı: “Son dövrlərdə hakimiyyətdaxili qruplaşmalardan birinin digərinə - Paşayevlər qruplaşmasına qarşı öz zəifləyən mövqelərini bərpa etmək məqsədilə savaş açdığı iddia olunur. Ancaq bütün bunlar bir çox hallarda mətbuat təmsilçilərinin fantaziyasından uzağa getmir. Fikrimcə, naxçıvanlılarla bağlı yayılan belə məlumatlar əksər hallarda reallıqdan uzaq olur. Çünki hakimiyyətdə olan, korrupsiyaya bulaşmış, bütün regionları eyni səviyyədə incidən və barmaqla sayıla biləcək sayda olan şəxslərin sadə naxçıvanlılara heç bir aidiyyətləri yoxdur. Azərbaycanın bütün böləgələrinin təmsilçiləri o adamların əlindən əziyyət çəkirlər. Milli Şurada Azərbaycanın bütün bölgələrini təmsil edən və müxtəlif siyasi mövqelərin daşıyıcıları olan qüvvələr ölkə əhalisini istismar edən mövcud rejimin dəyişdirilməsi ilə bağlı sosial sifarişi yerinə yetirmək üçün vahid kimanda kimi birləşiblər”. İ.İbrahimlinin fikrincə, Rusiyanın Elkaponeyə naxçıvanlılarla seçki işi aparılmasını həvalə etməsi o qədər də inandırıcı görünmür: “Elkapone vaxtilə Azərbaycanda siyasi partiya yaratmışdı və siyasi fəaliyyətlə məşğul olmaq fikrinə düşmüşdü. Ancaq burada ona siyasi fəaliyyətlə məşğul olmağa imkan verilmədiyindən Elkapone yenidən Moskvaya qayıtmaq məcburiyyətində qaldı. Onun yenidən belə proseslərdə iştirak etməyə həvəs göstərəcəyi o qədər də inandırıcı görünmür”. İ.İbrahimlinin qənaətinə görə, Rusiyanın Azərbaycanda cərəyan edən siyasi proseslərə təsir göstərmək üçün müəyyən mexanizmləri olsa da, Kremlin həmin imkanları hakimiyyət dəyişikliyi etməyə yetəcək səviyyədə deyil: “Rusiyanın Azərbaycanda hakimiyyətə öz adamını gətirmək imkanları yoxdur. Digər tərəfdən, geosiyasi vəziyyət də elədir ki, Rusiya, ABŞ, Avropa Birliyi və s. beynəlxalq güclər Azərbaycanda təkbaşına hər hansı addım atmaq imkanında deyil. Onların burada nəsə bir dəyişiklik etmələri üçün mütləq öz aralarında razılığa gəlmələri lazımdır”. Müsahibimiz onu da bildirdi ki, əgər Rusiyada yaşayan azərbaycanlıların bir qismi vətənə dönəcəksə, bu, hansısa xarici dövlətin planıyla deyil, onların öz vətəndaşlıq mövqeyi əsasında baş verə bilər: “Rusiyada yaşayan azərbaycanlıların mütləq əksəriyyəti öz vətənlərində baş verən proseslərə biganə deyillər. Onların bir qismi vətəndaş mövqeyi sərgiləyərək seçki ərəfəsində ölkəyə dönə və səsvermədə iştirak edə bilərlər. Bunun üçün onlara hansısa xarici ölkənin təlimatı lazım deyil. Bütün bu söz-söhbətlər hakimiyyət texnoloqları tərəfindən hazırlanmış şayiələrdir. Əsas məqsəd isə Azərbaycanda cərəyan edən siyasi proseslərlə bağlı şübhə toxumu səpməyə nail olmaqdır”.
Posted on: Fri, 12 Jul 2013 05:22:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015