Sovet hökumətinin heyvana verdiyi dəyəri də heç bu günkü - TopicsExpress



          

Sovet hökumətinin heyvana verdiyi dəyəri də heç bu günkü rejim insana vermir Biz şəhər həyatındakı problemlərdən, ümumən Azərbaycandakı problemlərdən çox yazıb, çox demişik; bu məqalə çərçivəsində isə kənd həyatına işıq tutmaq qərarına gəldik. Sovet kəndiylə indiki kənd həyatının müqayisəli təhlilinə Biləsuvar rayonu baytarlıq idarəsinin rəisinin bir müsahibəsindən bəzi məqamları xatırladaraq başlamaq istəyirəm. Çox yox, elə bir il bundan öncə sözügedən rayonda mal-qara arasında qarayara və dabaq xəstəliyinin yayılmasıyla əlaqədar olaraq rayonun baş baytarından jurnalist soruşdu ki, nə üçün epidemiya əleyhinə qabaqlayıcı tədbirlər əvvəlcədən görülməyib? Baş baytar isə yazıq bir görkəm alaraq: «Biz nə edək, dövlət bir ildə ümumrayon baytarlıq idarəsinə cəmi bir inəyin müalicəsinə bəs edəcək miqdarda dərman və tibbi pereparat verir» deyərək çarəsizlikdən başını buladı. Baş baytarın bu sözləri mənə Ağdam rayonu cəbhə bölgəsində yerləşən hərbi hissənin ehtiyat taborunun həkiminin dediyi sözləri xatırladırdı. Hərbi həkim təəssüflə bildirirdi ki, dövlətin bir taborun tibbi məntəqəsinə ayırdığı illik dava-dərman sadəcə bir əsgərin müalicəsinə yetəcək qədər simvolik xarakter daşıyır. Başqa sözlə, bu günkü rejimin nəzərində insanla heyvan arasında fərq qoyulmur. Nə isə, bu söhbəti burada qoyub keçək kənd həyatına. Mən özüm baytar həkimi ailəsində böyümüşəm və Sovet hökumətinin ucqar dağ kəndlərinə, onun təsərrüfatlarına qayğısınıda görmüşəm, təminitanıda. Bir az əvvəl Biləsuvar rayonunun timsalında dövlətin baytarlıq idarəsinə ayırdığı simvolik miqdarda dava-dərman «təminatından» fərqli olaraq Sovet hökumətinin kəndlilərin həyatını, təsərrüfatını qurması üçün necə qayğı göstərməsini çox yaxşı xatırlayıram. Yadımdadır, hər il evimizin zirzəmisi yeşik-yeşik vaksinlərlə müxtəlif dərmanlarla dolardı. Sonra rayondan baytar həkimlərdən ibarət köməkçi qrup gələrdi və əhalinin həyətyanı təsərrüfatındakı toyuq-cücədən tutmuş iri və xırda buynuzlu malqarayadək bütün təsərrüfat vaksinlənər, peyvəndlənər, dərmanlanardı, həmdə hamısı dövlət hesabına, bu işə görə əhalidən heç qara qəpik də alınmazdı. Odurki həmən dövrlərdə «quş qripi», «donuz qripi» və s. xəstəliklərdən əsər-əlamət yox idi. Atamdan soruşardım ki, olmazmı bu vaksinləri, dərmanları istifadə etməyəsiniz? Atam cavabında bildirirdi ki, biz qol çəkib dövlət qarşısında öhdəlik götürmüşük, əgər cavabdeh olduğumuz bölgədə mal-qara arasında epidemiya baş qaldırarsa, buna görə cinayət məsuliyyəti daşıyırıq, “hökumət bizi damlayar”. Ona görə də ev-ev, qapı-qapı düşüb bütün kəndləri gəzir, əhalinin həyətyanı sahəsində saxladığı toyuq-cücəni, mal-qaranı vaksinasiya edir, peyvəndləyirik. Bəli, bunlar indi kimlərəsə nağıl kimi görünə bilər, ancaq Sovet hökuməti dövründə bu çox adi bir reallıq idi. Indi siz nə tərifli xarici dövlətlərdə, nə də bizim bu suyu çıxmış Azərbaycanda heç yatsanız yuxunuzda da görə bilməzsiniz ki, dövlət öz hesabına icbari qaydada, həm də hər il vətəndaşın həyətyanı sahəsində saxladığı mal-qaranı, toyuq-cücəni vaksinasiya etsin, dərmanlama və peyvəndləmə işləri aparsın. Yox, indiki kapitalist rejim ancaq əhalinin toyuq-cücəsini, mal-qarasını zorla yığıb yandırmağı bacarır, həm də epidemiya baş qaldırandan sonra. Sovet hakimiyyəti dövründə isə hər şey fərqliydi. Xatirimdədir, hər il atam baytar həkimi olaraq dövlət tərəfindən çəkməsindən tutmuş başındakı şapkaya, iynə-dərmandan tutmuş müxtəlif tibbi ləvazimatlara qədər hər şeylə təmin olunardı. Yeşiklərlə dərmanlar, ballon-balon spirtə qədər heç vaxt bizim evdən əskik olmazdı və hamısıda dövlət tərəfindən təmin edilirdi. Artıq qalmış və vaxtı keçmiş vaksinləri çayın kənarında daşlara çırpıb sındıraraq dava-dava oynadığımız günlər indi həmən təminatlı Sovet dövründən sadəcə xoş xatirələr kimi yadımda qalıb. Ola bilsin kimlərsə mənə irad tutacaq ki, rəhmətliyin oğlu indi adam göz görə-görə ölür, baxan yoxdu, sən də başlamısan heyvanlardan danışmağa. Hə, mən heyvanlardan danışıram, həm də acıqca. Bəlkə onda Sovet dövlətinin ata-eşşəyə göstərdiyi qayğının fonunda bu gün vətəndaşların düşdüyü acınacaqlı vəziyyəti görüb diksinəsiniz, bəlkə onda insan olmağınızdan utanıb Sovet hökumətinin heyvanlara göstərdiyi qayğının çox yox, heç olmasa 1%-nin insanlara göstərilməsini bu günkü satqın rejimdən tələb edəsiniz. Bəli, Sovet hökuməti dövründə vətəndaş cəmi 2 manat 50 qəpik kimi simvolik məbləğə 35 min manat dəyərində sığorta etdirə bilirdi. Mən şəxsən öz təcrübəmizdən deyə bilərəm ki, biz ucqar bir dağ kəndindəki evimizi 2 manat 50 qəpik sığorta pulu ödəməklə 35 min manat dəyərində sığortalamışdıq və zəlzələ zamanı evimizə dəyən çox cüzi xəsarətin müqabilində biz 50 min manat sığortapulu aldıq. Sovet hökumətinin bizə və bizim kimi minlərlə ailəyə bəxş etdiyi bu sərvəti isə indiki cərimə və xalqa cəza hökumətləri banklarda «yandırıb» dəyərsiz əskinasa çevirdilər. Indi siz 2 manat 50 qəpiyə evinizi 35-50 min manat dəyərində sığortalatdıra bilərsinizmi? Indi bütöv bir kəndi, qəsəbəni su basır, insanlar çadırlarda gecələməli olur, neft ölkəsi Azərbaycan öz vətəndaşına ən yaxşı halda beş-on şifer verməklə kifayətlənir, amma Sovet hökuməti sənin ucqar bir dağ kəndindəki evinə elə böyük məbləğdə kompensasiya ödəyirdi ki, indi bu məbləğdə vəsaitə sən heç şəhərdəki evini sata bilməzsən, o ki qaldı kənddəki evini sığortaladasan. Bir sözlə, Sovet hökuməti zamanı hər şey vətəndaşın rifahına yönəlmişdi. Məsələn, bu gün hansı vətəndaş deyə bilər ki, onun öz şəxsi təsərrüfatına aid inək ölsə dövlət həmən inəyin bazar dəyərini vətəndaşa ödəyər. Bu gün belə bir şey nosensdir, yəni dərk olunması mümkün olmayan bir şeydir. Sovet hökuməti dövründə isə bu kəndlinin haqqıydı. Əgər kəndlinin qoyunu, inəyi və s. ölürdüsə, kəndli baytar həkiminin yanına gəlib ondan bunu aktlaşdırmağı tələb edirdi. Aktda isə göstərilirdi ki, kəndli ona məxsus heyvanın xəstə olmasını kəndin baytar həkiminə bildirib və müalicə aparılıb, amma nəticə uğurlu olmayıb. Bundan sonra dövlət kəndlinin uğradığı zərəri bazar iymətinə uyğun olaraq kompensasiya edir, ölmüş heyvanın dəyərini nəğd pul şəklində kəndliyə ödəyirdi. Bu dövlətin zərərə uğramış vətəndaşına qayğısıydı. Dövlət nəzərə alırdı ki, həyətyanı təsərrüfat kəndlinin dolanışıq mənbələrindən biridir və bu itkiylə o dolanışıq mənbəyindən qismən məhrum olub. Kəndli sıxıntı çəkməsin deyə dövlət bu itkini kompensasiya edirdi. Bu gün isə vətəndaşın taleyi dövlətin heç vecinədə deyil. Dövlət vətəndaşa qayğı göstərmək əvəzinə, hər il on milyonlarla vəsaiti yalançı təbliğat maşınının işləməsinə xərcləyir. Indi bu yalançı təbliğatın nəticəsidir ki, yetişən gənc nəsil Sovet hakimiyyəti barədə təhrifolunmuş rəyə malikdir. Məsələn, indi əsasəndə gənclərdən belə atmacalar eşidirsən ki, Sovet hökuməti kənddə eşşəkdən də vergi tuturdu. Bəli bu hal o zaman idi ki, II dünya müharibəsi gedirdi, ölkəni saxlamaq, yaşatmaq üçün bu tip fövqəladə tədbirlərə əl atılırdı, amma müharibədən sonra bütün bu fövqəladə tədbirlər ləğv olundu və bunun əvəzində «hər şey insan üçün» devizinə əsaslanan dinc quruculuq illəri başlandı. Bu quruculuğunsa mahiyyətini aydın dərk etmək üçün onu hökmən bugünkü günlə müqayisə etmək lazımdır. Məsələn, biz bu gün yağışdan sonra göbələk kimi artan özəl sığorta şirkətlərini görürük. Hər gün bu tip yeni-yeni sığorta şirkətləri peyda olur. Sığorta sistemi Sovet hakimiyyəti zamanında var idi amma o indiki özəl sığortadan kəskin fərqlənirdi. Əsas fərq isə odur ki, Sovet sığorta sistemi vətəndaşın sosial rifahına xidmət edən bir sosial müdafiə institutu idisə, indiki bazar (kapitalist) sığorta sistemi əksinə, bir qrup işbazən sərvət toplama mexanizmidir. Məsələn fərz edək ki, siz bu gün kənddə yaşayırsınız və həyətyanı təsərrüfatınızda saxladığınız mal-qaranı sığorta etdirmək istəyirsiniz. Əgər siz bununla bağlı hər hansı özəl sığorta şirkətinə müraciət etsəniz, ya rədd cavabı alacaqsınız, yadakı sığortahaqqı kimi sizdən əməlli-başlı sərvət tələb edəcəklər. Beləki adi kəndli təsərrüfatının riski çox yüksəkdir, sənin heyvanın meşəyə gedib canavarla qarşılaşa bilər, hansıki indi canavarlar özləri kəndə hücum çəkir. Heç bir sığorta şirkəti bu riski gözə almır və kəndlinin mal-qarasını sığorta etdirmir. Amma Sovet hökuməti əksinə, kəndlinin mal-qarasını dövlət hesabına sığorta etdirirdi ki, işdi, kəndlinin həyətyanı təsərrüfatında itki olarsa, kəndli dövlətdən aldığı vəsaitlə bu zərərdən qurtula bilsin. Bu məqsədlədə Sovet hökuməti kəndlərdə 2 növ sığorta tətbiq edirdi. Birincisi adi sığorta, ikincisi könüllü sığorta növü. Adi sığortada kəndli dövlətə heç bir sığortapulu ödəmirdi, əvəzində tələfat baş verdikdə hər baş qoyuna görə 50 manat, hər baş danaya (buzov) görə 75 manat, hər baş inəyə görə isə 150 manat məbləğində dövlətdən pul alırdı. Könüllü sığortada isə kənli sığortahaqqı kimi dövlətə bir baş qoyuna görə 50 qəpik, bir baş danaya görə 75 qəpik, bir baş inəyə görə isə cəm 1 manat kimi simvolik məbləğ ödəyirdi və tələfat baş verdiyi halda müvafiq olaraq dövlətdən 100 manat, 150 manat və 300 manat məbləğində pul vəsaiti alırdı. Fikir verin, Sovet sığorta sisteminə görə kəndli ödəmiş olduğu 50 qəpiyin müqabilində bundan 200 dəfə, 1 manat sığorta pulunun müqabilində isə bundan 300 dəfə çox vəsait alırdı. Bu gün siz 50 qəpik götürüb hansısa sığorta şirkətinə girsəniz sizi dəli yerinə qoyub hoydu-hoyduya götürərlər, bu məbləğ indi avtobuspuludur, amma Sovet hakimiyyəti dövründə siz bu qəpik-quruşa həyətyanı təsərrüfatınızı,evinizi sığorta etdirə bilərdiniz. Bəli, Sovet hakimiyyəti kənd həyatını belə stimullaşdırırdı, nəticədə Sovet kəndi kitabxanası, uşaq bağçası, klubu, bütün növ kommunal xidmətlərin mövcud olduğu müasir yaşayış məntəqələrinə çevrilirdi. Indi isə kəndlərdə həyat sönüb, klublar, kitabxanalar anbara, xarabalığa çevrilib. Sözdə xüsusi mülkiyyətin dayağı sayılan kapitalizm indi Azərbaycan kəndlisini otlaqdan, örüş yerindən məhrum edib, nəticədə kəndlilə həyətyanı təsərrüfatında mal-qara saxlaya bilmir, özünə lazım olan yağ, pendir, süd kimi məhsulları şəhərdən almalı olurlar. Xatirimdədir, 2007-ci ildə Oktyabr inqilabının 90 illiyi ilə bağlı olaraq Moskvaya getmişdik. Qayıdanbaşı vaqonlarda Azərbaycana gətirilən ən çox ərzağın yağ olduğunu görüb bunun səbəbini soruşdum. Cavabında Ucar rayonunun kəndindən olan bir nəfər bildirdi ki, yağı paçkayla Moskvadan alıb aparmaq kənddə inək saxlayıb onun südündən yağ almaqdan qat-qat ucuz düşür. Moskvada al-verlə məşğul olan bu azərbaycanlı «kəndlisi» bildirirdi ki, qayıdan kimi iki inəyim var, onlarıda satacam, çünki otlaq, örüş yeri olmadığı üçün bütün kəndlilər kimi o da otu puluyla alır və nəticədə mal-qara saxlamağın xərci-borcunu ödəmir. Bəli, sözdə xüsusiyyətçilər Azərbaycan kəndini bax belə iflic vəziyyətinə salıblar. Məsələ burasındadır ki, tamamilə bineyi-qədimdən Şərqdə, o cümlədən Azərbaycanda otlaq, örüş yerləri suvarma quyuları ümumi kəndin, icmanın malı olub, yəni kollektiv mülkiyyət olub. Məhz Sovet hökuməti də bu tarixi ənənəni yeni əsaslarla demək olar ki, saxlamışdı. Amma kapitalizm əsrlərdən, minilliklərdən gələn bu ənənəni kökündən baltaladı, nəticədə kəndin örüş yerləri bir neçə işbazın əlinə keçdi. Yadımdadır, hələ bir il öncə Şəkinin Oxud kənd sakinləri jurnalistlərə şikayət edirdilər ki, onların örüş yerləri, meşələr, çaykənarları ayrı-ayrı işbazlar tərəfindən hasarlanaraq əyləncə, istirahət obyektlərinə çeırildiyindən kəndlilər mal-qaralarını otarmağa yer tapmırlar. P.S. Əgər bir ölkədə kəndli otlaq yerindən məhrum edilirsə və bununlada ailə təsərrüfatı saxlamaq hüququ faktiki olaraq onun əlindən alınırsa, kənd əhalisi yağı Moskvadan alıb gətirirsə, onda əminliklə demək olar ki, Azərbaycan kəndi ölümə məhkum edilmişdir. Bu «aqrar islahatla»ın Azərbaycan kəndlisinə «hədiyyəsi»dir. qaynaq: kommunist.biz/sovet-hokumətinin-heyvana-verdiyi-dəyəri-də-hec-bu-gunku-rejim-insana-vermir/
Posted on: Tue, 27 Aug 2013 09:11:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015