Səhifeyi-Səccadiyyə”dən dualar Ey həlledilməz işləri - TopicsExpress



          

Səhifeyi-Səccadiyyə”dən dualar Ey həlledilməz işləri həll edən və əzabları yüngülləşdirən Allah! Ey əzablardan yaxa qurtarmaq istənilən Allah! Sənin qüdrətin ilə çətinliklər aradan qalxır və Sənin rəhmin ilə işlər həyata keçir. Tale öz işlərini Sənin hökmün ilə həyata keçirir və hər şey Sənin hökmünlə baş verir. Dünyada hər şey Sənə tabedir və heç nə başqalarının əmrinə möhtac deyil. Sənin ixtiyarın olmadan heç bir iş baş vermir və bunun üçün başqa birinin qadağası tələb olunmur. Sən vacib işlərdə çağırılan və çətin anlarda sığınacaq axtarılan Allahsan. Heç bir fəlakət bizim başımızın üstündən keçməz, əgər Sən onu qovmasan və heç bir qüssə bizim qəlblərimizi tərk etməz, əgər Sən onu əritməsən. Ey mənim Allahım! Mən elə çətinliklər çəkirəm ki, ağırlığı məni əldən salır. Mən elə iztirablar çəkirəm ki, onlara tab gətirmək gücündə deyiləm. Bu əzab-əziyyətlər mənə Sənin hökmün ilə göndərilir. Heç kim Sənin göndərdiyini qaytara bilməz, Sənin bağladığın qapını aça, açdığın qapını isə bağlaya bilməz. Heç kim Sən iztirablara düçar etdiyin kəsin əzablarını yüngülləşdirə bilməz və heç kəs Sənin alçaldığın kəsi yüksəldə bilməz. Məhəmmədə və onun ailəsinə salam göndər! Ey mənim Rəbbim! Öz hikmətin ilə rahatlıq qapılarını mənə aç və Öz qüdrətin ilə məndə qəm gücünü ram et, rəhm ilə mənim şikayətimə qulaq as və diləklərimin həyata keçməsi ləzzətini duymağı mənə bəxş et, Mənə Öz rəhmini və problemlərimin həllindən doğan sevinc yetir və qurtuluş qapılarını üzümə aç! Öz qüssəmin səbəbindən məni Sənin vacib buyurduğun əməlləri yerinə yetirməməyə qoyma! Ey mənim Rəbbim! Mənə göndərdiyin əzablar qarşısında acizəm. Səbr kasam payıma düşən qüssə ilə dolub aşır. Yalnız Sən bu qüssəni götürə və düşdüyüm fəlakəti məndən uzaqlaşdıra bilərsən. Buna layiq olmasam da məni əzablardan qurtar! Ey aləmlərin Rəbbi! Şeytanın adı gələndə oxunan istək duası İlahi! Cənnətdən qovulmuş şeytanın cazibəsindən, məkr və yalanından Sənə pənah gətiririk. Onun çağırış və və`dlərinin, yalan və hiylələrinin qarşısında sadəlövhlükdən Sənə pənah gətiririk. İlahi! Səndə nicat axtarırıq o gündən ki, şeytan bizi Sənə itaət etməkdən döndərməyə cəhd etsin və bizi alçaltmaq məqsədilə günah yoluna yönəltsin. O gündən ki, biz onun bəzədilmiş günahlarına sevinəcək və onun pislədiyi ibadətə kədərlənəcəyik. İlahi! Bizə Sənə itaət etməyə güc ver və bununla şeytanı bizdən uzaqlaşdır. Sənə olan sevgi yolunda bizim cəhdlərimizi möhkəmləndir və bununla şeytanı alçalt! Bizimlə onun arasında davamlı maneə qərar ver ki, şeytan ona üstün gələ bilməsin! İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və şeytanı bizdən Sənin düşmənlərinə tərəf döndər. Bizi ondan qoru və onun məkrini bizdən uzaq et. Elə et ki, o, bizdən qaçsın və dünyamızda onun izləri qalmasın! İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizi doğru yola hidayət et. Şeytanın düçar etmək istədiyi azğınlığın cavabında, Onun bizi haqq yolundan azdırmaq cəhdlərinin əvəzində bizə uzaqgörənlik nəsib et! Əgər o, bizi şər yoluna aparsa bizə xeyir yolunu göstər! İlahi! Bizə şərin, şeytanın bizim gözümüzdə bəzədilmiş doğru üzünü göstər, göstərəndən sonra isə bizləri bu şəri etməkdən qoru! Bizə onu necə aldada biləcəyimizi öyrət və bizə onunla hansı alətlə mübarizə aparmağını de! Bizi cahillik yuxusundan oyat ki, biz ona nəzər yetirək və bizi onunla mübarizədə dəstəklə! İlahi! Bizim qəlblərimizi onun işlərinə nifrət ilə doldur və bizə Öz rəhmini yetir ki, onun məkrli planlarını açıqlaya bilək! İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və şeytanı bizim üstümüzdə hökmranlıq etməyə qoyma, onu bizdən mə`yus et və onu bizdən uzaqlaşdır! İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizim ata-analarımızı, bizi və övladlarımızı, yaxın və doğmalarımızı, qonşularımızı, mö`min kişi və mö`min qadınlarımızı şeytanın şərindən qoru! Onlara möhkəm qalxan və iti qılınclar ver! İlahi! Bu duanı hər kəsə - Sənin hökmranlığına şahidlik edən, Sənin təkrarolunmazlığını səmimiyyətlə qəbul edən, Sənə itaət edən, şeytanla mübarizə aparan və bu mübarizədə Sənin himayədarlığını ilahi elmlərdə axtaran hər kəsə çatdır! İlahi! Şeytanın dolaşdırdığı hər bir işi aydınlaşdır, bağladığı bütün qapıları aç, onun bütün pis niyyətlərini alt-üst et və bu niyyətlərin həyata keçməyinə mane ol! İlahi! Onun ordusunu qır, hiyləsini alt-üst et, onun sığınacağını yerlə-yeksan et və onun burnunu yerə sürt. İlahi! Bizi şeytana düşmən et və onun dostlarından uzaq et! Elə et ki, bizi aldatmaq istədiyi zaman onun sözünə baxmayaq, onun əmrlərinə tabe olmayaq və çağırışlarına cavab verməyək. Elə et ki, biz əmr edə bildiyimiz insanları şeytanla düşmənçilik etməyə çağıraq və qadağa etməyi bacardığımız insanlara ona tabe olmağı qadağan edək İlahi! Məhəmmədə - peyğəmbərlərin və Sənin elçilərinin ən axırıncısına və onun mə`sum ailəsinə salam göndər! Bizi, doğmalarımızı, qardaşlarımızı və bütün mömin kişi və qadınları Səndə nicat axtardığımız işlərdən qoru! Bizi Səndən xəbərdarlıq gözlədiyimiz işlərdən xəbərdar et! Ey Rəbbim! Səndən duada istədiklərimizi həyata keçir, bizə unutduqlarımızı ver və yaddan çıxartdığımız şeyləri bizlər üçün qoru! Bizi mö`minlərin məqamına yüksəlt. Amin, ey aləmlərin Rəbbi! Səhər və axşam oxunan istək duası Həmd olsun Öz qüdrətindən gündüz ilə gecəni yaradıb onları bir-birindən ayıran və onlara sərhəd və zaman müəyyən edən Allaha! Öz müdrikliyi ilə O, ya gecəni qısaldıb gündüzləri uzadır, ya da gecəni uzadıb gündüzləri qısaldır ki, Öz bəndələrinə güc və inkişaf etmək imkanını versin. O, gecəni yaratdı ki, bəndələri əziyyət və zəhmətdən dincəlsinlər. O, gecəni bir örtüyə bənzətdi ki, onlar rahat yatsınlar, bədənləri istirahət etsin, güc yığıb həzz alsınlar. O, gündüzü yaratdı ki, bəndələri onun işığında bilik alsınlar, Onun ne`mətlərindən bəhrələnsinlər, onlara müəyyən edilmiş ruzini əldə etsinlər və Onun yaratdığı dünyada yola düşsünlər ki, bu fani dünyanın ne`mətlərindən dadıb o biri dünyada səadətə çatsınlar. O, onların işlərini səhmana salır və Öz bəndələrinin əməllərindən agahdır. Bəndələrinin Onun hökmlərinə itaət etmələri lazım olan anlarda necə olduqlarına, Onun vacib olan buyruqlarına necə əməl etdiklərinə baxır ki, zalımları cəzalandırsın, xeyirxahları isə mükafatlandırsın. İlahi! Bizə sübhün nurunu göndərdiyin və gündüz işığından istifadə imkanını verdiyin, gündəlik ruzimizi əldə edə biləcəyimiz yerləri göstərdiyin və bizləri fəlakətdən xilas etdiyin üçün həmd olsun Sənə! Bizi əhatə edən hər şeylə birgə səhəri qarşıladıq və biz - göylər, yerlər və onlarda olan yatmış, oyaq, hərəkət edən və etməyən, havada və yerdə olan hər şey Sənə tabeyik. Biz səhəri qarşıladıq və Sənin əmrindəyik, Sənin huzurundayıq. Sənin iradən bizi əhatə edib və hər bir gördüyümüz iş Sənin iradən ilə görülür. Hər bir halda Sənə itaət edirik. Bizdən ötrü Sən təyin etdiyin işlərdən başqa bir iş yoxdur. Bizdən ötrü Sən yetirdiyin ne`mətlərdən başqa ne`mət yoxdur. Bu oyanmış səhər və yeni açılmış gündür. Bu gün bizim əməllərimizə şahidlik edəcək. Əgər xeyir əməl etsək, o, bizi tə`rifləyərək vidalaşacaq, əgər pis əməl etsək, o, bizi danlayaraq vidalaşacaq. İlahi! Məhəmmədə və onun Əhli-beytinə salam göndər və bizə bu günü layiqincə yaşamağa kömək et! Bu gün bizi kiçik və böyük günah etməkdən qoru! İlahi! Bu gün bizə xeyir yetir və bizi şərdən qoru! Bu günün səhərini və axşamını şükr, həmd, mükafat, ne`mət və xeyirlərlə dolu et. İlahi! Elə et ki, bizim əməllərimizi yazan mələklər pis əməlləri yazaraq əzab çəkməsinlər! Bizim əməl siyahılarımızı saleh əməllərlə doldur və bizi xeyirxah görünməyən əməllərimizlə mələklər qarşısında alçaltma. İlahi! Günün saatlarından hər birində bizə Öz bəndələrinin vasitəsilə sevinc yetir! Mələklər göndər ki, bizim əməllərimizə şahidlik etsinlər və bizə Sənə şükr etmək imkanını ver! İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizi hər tərəfdən qoru: öndən və arxadan, sağdan və soldan, elə qoru ki, biz günah etməyək, Sənə itaət yoluna düşək və hər şeyi Sənə olan sevgimizə xatir edək! İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizə bu gün, bu gecə və hər gün xeyir əməl etməyə və şərdən yan qaçmağa kömək et, göndərdiyin ne`mətlərə şükr etmək, ən`ənələrə əməl etmək və bid`ətlərdən yan qaçmaq, xeyirə çağırmaq və şərdən çəkindirmək, İslamı qorumaq və bütpərəstliyi tənqid etmək, həqiqəti yüksəltmək və dəstəkləmək, azmışlara yol göstərmək, acizlərə kömək etmək və zülm olunanları xilas etmək üçün bizə yardımçı ol! İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bu günləri bizə yaşadığımız bütün günlərdən ən xeyirlisi, gördüyümüz həmsöhbətlərdən ən üstünü və keçirdiyimiz vaxtlardan ən yaxşısı qərar ver. Gündüzləri və gecələri yaşayan bütün bəndələrin içində bizi yetirdiyin ne`mətlərə görə ən şad və razı olanlardan et, Sənin buyruqlarına əməl edənlərin ən mətinlərindən və qorunmağa əmr etdiyin şeylərdən ən çox çəkinənlərdən et! İlahi! Səni özümə şahid seçirəm və bu şahidlik yetərlidir. Bu gün və bu saat, bu gecə və bu yerdə mən Sənin səmanı və onun sakinlərini, Sənin torpağını və onun üzərində yaşayanları, Sənin mələklərini və xəlq etdiyin bütün məxluqatı özümə şahid seçirəm ki deyəm - Sən tək Allahsan və Səndən başqa Allah yoxdur. Ədaləti bərqərar edən, bütün münaqişələrdə hakim olan Sənsən, Öz bəndələrinlə rəhmli, dünyanı idarə edən və bütün varlıqlara rəhmansan! Şəhadət verirəm ki, Məhəmməd Sənin qulun və elçin, bütün insanlardan Sənin seçdiyindir. Sən öz göstərişlərini insanlara çatdırmaq üçün onu göndərmisən. O, onları çatdırdı. Sən ona Öz xalqını hidayət etməyi əmr etdin. O, bunu etdi. İlahi! Məhəmmədə və onun ailəsinə bəndələrinə göndərdiyin salamların ən böyüyündən göndər! Bizim adımızdan ona Öz bəndələrinə bəxş edə biləcəklərinin ən yaxşısını ver və Öz peyğəmbərlərinə onların xalqları adından əta edə biləcəyin ən böyük mükafat ilə onu mükafatlandır! Sən böyük rəhmətlər göndərir, böyük günahları bağışlayırsan, Sən hər hansı mərhəmətlidən daha Rəhmansan. Elə isə Məhəmmədə və onun pak Əhli-beytinə - insanların ən yaxşıları və seçilmişlərinə salam göndər! Həyəcanlı və qüssəli olan zaman olunan istək duası Ey Rəbbim! Yalnız Sən tənha və aciz insana kömək etməyə qadirsən! İlahi, yalnız Sən qorxunc və vahimə yaradan hər bir şeydən bizləri qoruya bilərsən. Günahlarım tənhalığıma səbəb olub. Mənim nə dostum qalıb, nə də yoldaşım. Sənin qəzəbindən əldən düşmüşəm və heç kəs mənə kömək edə bilmir. Səninlə olan görüşümün vahiməsi məni bürüyüb və heç kim mənim qorxumu azaltmaq iqtidarında deyil. İlahi! Sən qəlbimə qorxu saldıqdan sonra kim məni sakitləşdirə bilər?! Sən məni tənhalığa məhkum etdikdən sonra kim mənə kömək edə bilər?! Sən mənim gücsüzlüyümü istədikdən sonra kim mənə güc verə bilər?! İlahi! Yalnız Yaradan Öz yaratdığına sığınacaq verə bilər, yalnız qalib gələn məğlub olana təhlükəsizlik bəxş edə bilər və yalnız axtarışda olan qaçana kömək edə bilər. Ey Rəbbim! Bunların hamısı Sənin əlindədir və Sənin kürsündən başqa sığınacaq yoxdur. Məhəmmədə və onun ailəsinə salam göndər və indi, Sənə pənah gətirdiyim zaman mənə sığınacaq ver! Diləyimi indi, Sənə üz tutduğum zaman həyata keçir! İlahi! Əgər Sən məndən üz döndərsən və yaxud Özünün böyük rəhmini və səxavətini məndən əksik etsən, mənə ruzi verməsən və ya Öz diqqətini məndən əsirgəsən, onda istəklərimə nail olmaq üçün Səndən başqa yolum qalmayacaq. Sənin Rəhmini qazanmaqdan ötrü Səndən başqa axtarmıram, çünki Sənin qulunam və Sənin əmrindəyəm. Başımdakı saçlar da ömrümün yüyəni kimi Sənin əlindədirlər. İlahi! Mənim üçün Sənin əmrindən başqa bir əmr yoxdur. Məni idarə edən Sənsən. Sənin mənə bəxş etdiyin hər şey ədalətin özüdür. Mən Sənin hökmündən çıxmaq iqtidarında deyiləm. Sənin hakimiyyətinin sərhədini aşa bilmərəm. Məni sevməyin və məndən razı qalmağın üçün hər şeyi etməliyəm. Sənə itaət etmədən və Sənin rəhmin olmadan Səndə olanları əldə edə bilmərəm. İlahi! Mən gündüzləri və gecələri Sənin bədbəxt bəndən olaraq keçirirəm. Sənin köməyin olmadan mən öz xeyrimə və ziyanıma hakim ola bilmərəm. Buna şəhadət verir və öz gücsüzlüyümü boynuma alıram. Belə isə, İlahi mənə verdiyin və`di həyata keçir və mənə əta etdiyin hər şeyi kamil et, çünki mən Sənin biçarə, iztirab çəkən, aciz, alçalmış, yoxsul, yazıq və qorxu içində olan və Səndə sığınacaq axtaran bəndənəm. İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və məni Sənin ne`mətlərinə şükr etməyi, yaxud Sənin səxavət və alicənablığına həmd etməyi unutmağa qoyma. Duamın həyata keçəcəyinə - hətta uzun müddətdən sonra belə, şadlıqda və qüssədə, rahatlıqda və dərddə, sağlamlıqda və ya xəstəlikdə, varlılıqda və ya yoxsulluqda, xeyir və ya pis halda olsam belə ümidimi itirməyə qoyma. İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bütün hallarda Sənin möhtəşəmliyindən danışmağa, Sənə həmd və şükr etməyə kömək et ki, Sənin yetirdiyin dünya malına bağlanmayım və onun yoxluğunda qüssə etməyim. Sənə olan qorxumu qəlbimin me`yarına çevir və vücuduma Sənin təqdir etdiyin bir əməl ver! Mənim diqqətimi başıma gələn hadisələrdən çəkib Sənə ibadətə yönəlt ki, Səni qəzəbləndirən şeyləri sevməyim və təqdir etdiyin bir şeyə qəzəblənməyim. Ey Rəbbim! Məhəmmədə və onun ailəsinə salam göndər və qəlbimi Sənin sevgindən başqa hər bir şeyin sevgisindən azad et. Daim Səni xatırlamağa mənə kömək et, Allah qorxusu ilə məni möhkəmləndir, könlümü Sənə olan sevgi ilə doldur, məni Sənə itaət etməyə yönəlt, Sənə daha xoş gələn yolunu mənə tanıt və elə et ki, mən nə qədər ki, sağam Səndə olan şeylərə can atım! İlahi! Elə et, gözəl əxlaq məni bu dünyada müşayiət etsin, mənim bu səyahətimin məqsədi Sənin rəhmətini və razılığını əldə etmək, məkanım isə Cənnətin olsun! Çiyinlərimdə Sənin razılığının yükünü daşımaq və qaçdığım kimsələrdən Səndə sığınacaq axtarmaq üçün mənə güc ver. Qoy Sənin istəklərin mənim arzularım olsun! Qəlbimə məkrli insanlardan qorxu hissini sal, Məni Öz dostluğuna, dostlarının və sadiq bəndələrinin dostluğuna layiq bil. İlahi! Məni günahkarlar və kafirlər qarşısında borclu olmağa və yaxud onlara qulluq göstərməyə qoyma! İmkan vermə ki, onlara ehtiyacım olsun! Qoy mənim qəlb rahatlığım, salamatçılığım və rifahım yalnız Səndən və Sənin saleh bəndələrindən asılı olsun! İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və məni onların sirdaşı və köməkçisi qərar ver! Mənə rəhm et və qəlbimə Sənə tərəf ehtirasla meyl etməyi aşıla. Mənə sevdiyin və Səni şad edən əməllər göndər, çünki hər şeyin hakimi Sənsən!
Posted on: Fri, 11 Oct 2013 18:55:05 +0000

Recently Viewed Topics




© 2015