YADDAŞ Qeyd etməliyik ki, Məscidül-həramdan sonra ən - TopicsExpress



          

YADDAŞ Qeyd etməliyik ki, Məscidül-həramdan sonra ən fəzilətli məscid Məscidün-nəbidir. Orada qılınan namaz başqa məscidlərdə qılınan on min namaza bərabərdir. Rəvayətlərdən məlum olur ki, namaz və ziyarət məqsədi ilə o müqəddəs məkanda olmaq xüsusi savaba malikdir. İmam Sadiq (ə) buyurur: “ Məscidün-nəbidə gücünüz çatdığı qədər namaz qılın. Bu sizin üçün çox xeyirlidir. İnsanlar dünya işində zirəklik göstərənləri tərif edirlərsə, görün axirət işində zirəklik göstərənlərin tərifi nədir.”[86] Bir şəxs nəql edir ki, imam Sadiq mənə belə buyurdu: “Peyğəmbər (s) məscidində nə qədər bacarırsansa çox namaz qıl. Bu şərif məkanə gəlmək hər vaxt mümkün olmur.”[87] Sünnə əhlinin daha çox Quran oxuması həqiqətdir və bunun bəzi səbəbləri var: Sünnə əhlinin əksəri ərəb olduğundan Quranın mənasını anlayır. Bu səbəbdən də onlar Quran oxumaqdan daha çox ləzzət alırlar. Şiələrdə hər namazdan sonra məxsus dualar var. Sünnilərdə belə dualar olmadığından onlar daha çox Quran oxuyurlar. Sünnilər, xüsusi ilə də vəhhabilər ziyarətə bir o qədər də əhəmiyyət vermirlər. Vəhhabi böyüklərindən biri deyir: “Mən neçə illər ardıcıl peyğəmbər məscidinə getsəm də, bir dəfə olsun belə peyğəmbərə salam vermədim, onu ziyarət etmədim.” Belə görünür ki, başqa məzhəblərin Quran oxumağa daha çox imkanları olur. Sual 26: Nə üçün şiələr Peyğəmbəri (s) ziyarət edərkən sünnilər etiraz edib deyirlər ki, dua edəndə üzünüzü qəbrə yox, qibləyə tutun? Cavab: Şiə kitablarındakı rəvayətlərdə Peyğəmbər (s) Əhli-beyti (ə) buyurur: “Ziyarətçi öz ziyarətindən sonra üzünü qibləyə tutub, dua üçün əllərini qaldırsın və Allah-təaladan diləyini istəsin. Belə dua qəbul olmağa daha layiqdir.”[88] Buna əsasən, möhtərəm ziyarətçilərin dua zamanı üzünü qibləyə tutması müstəhəbdir. Bu əmr təkcə Peyğəmbərin ziyarətinə yox, bütün məsumların (ə) ziyarətinə aiddir. Üzü qəbrə dayanıb Allaha dua edən şəxs şəri cəhətdən xilaf iş görmür, sadəcə, müstəhəb bir işi tərk etmiş olur. Sünnə əhli isə belə hesab edir ki, dua zamanı üzü qəbrə dayanan adam dua üçün əllərini qaldıra bilməz.[89] Ona görə də uyğun halda dua üçün əlini qaldırana mane olurlar. Onların nəzərincə bu iş xilafdır və nəhy əz münkər (qadağa) lazımdır. Ümid edirik ki, möhtərəm şiələr müstəhəbbi əmələ riayət edərək dua vaxtı üzü qibləyə dayanacaq və sünnilərin etirazına şərait yaratmayacaqlar. Sual 27: Nə üçün Bəqi qəbristanlığından bayırda şiələrin namaz qılması etiraza səbəb olur? Cavab: Sünni məzhəbi alimlərindən bəziləri qəbir kənarında namaz qılınmasını bidət sayır, onun şirkə apardığını bildirirlər.[90] Güman ki, onlar şiələrin Bəqi ətrafında qıldıqları namazı da qəbir kənarındakı namaz kimi qiymətləndirirlər. Hətta İbn Bazın fətvasına görə, qəbir olan məsciddə namaz qılmaq düzgün deyil.[91] O deyir ki, qəbir kənarında namaz qılan adama mane olmaq lazımdır. Maraqlıdır ki, Məscidül-həram və Məscidün-nəbidə xeyli qəbir olduğu halda, nə üçün həmin yerlərdə namaz qılmaq haram edilməyib? Görən neçə illər Məscidün-nəbidə Peyğəmbərin (s) və başqa iki şəxsin qəbri kənarında namaz qılmış Aişə haqqında nə düşünürlər? Yaxşı olar ki, bütün deyilənləri nəzərə alaraq, əziz möminlər yersiz ittihamlara səbəb olmamaq üçün namazlarını Məscidün-nəbidə qılsınlar. Məscidün-nəbidə qılınan namaz kənarda qılınan on min namaza bərabərdir. İKİ YADDAŞ 1.Sünnə əhli iddia edir ki, günün müəyyən saatlarında namaz qılmaq olmaz. Guya, sübh namazından günəş doğanadək və ikindi namazından gün batanadək namaz qılmaq nəhy (qadağan) olunub. Bəqi kənarında həmin vaxtlarda namaz qılanlar həm də bu cəhətdən ittiham edilə bilərlər. Əhli-beyt aşiqləri diqqətli olmalı, öz hərəkətləri ilə Əhli-beyti (ə) qınaq altda qoymamalıdırlar. Ümumiyyətlə, harada və nə vaxt namaz qılmaq barədə alimlərə müraciət etmək lazımdır. 2.Bəzi şiələr Məscidün-nəbidə camaat namazını bitirən kimi öz sübh namazlarını qılmağa başlayırlar. Sübh namazından sonra gün doğanadək namaz qılınmasını caiz saymayan sünnə əhli bu işə pis baxır. Ona görə də ehtiyat üçün sübh namazını təzələmək istəyənlər bu işi camaat namazından qabaq görməlidirlər. Belə olsa bədgümançılıqlar da aradan qalxar. Əlbəttə ki, deyilənlər camaat namazı bitdikdən sonra məscidə daxil olanlara aid deyil. Sual 28: Nə üçün şiələr Əbu-Bəkrə qarşı biganə olduğu halda, sünnilər onu sevir, hətta xütbə oxuyarkən onu ağlayaraq yad edirlər? Cavab: Şiələrin Əbu-Bəkrə biganə münasibətini əsaslandırmaq üçün sünnilərin iki mötəbər kitabı olan “Səhihe Müslim” və “Səhihe Buxari”yə müraciət edirik: “Həzrət Peyğəmbər (s) buyurdu: Fatimə (s) mənim tənimin yarısıdır, onu qəzəbləndirən kəs məni qəzəbləndirmiş olur.”[92] Başqa bir hədisdə buyurulur: “Aişə deyir ki, Peyğəmbərin (s) vəfatından sonra Fatimə Əbu-Bəkrdən Peyğəmbərdən qalanları irs istədi. Əbu-Bəkr dedi ki, Peyğəmbər (s) “bizdən kimsə irs aparmaz və bizdən nə qalsa, sədəqədir”, buyurub. Əbu-Bəkrin sözləri Fatiməni qəzəbləndirdi və o Əbu-Bəkri tərk etdi, həyatı boyu onunla danışmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı.[93] “Səhihe-Müslim”də nəql olunur ki, həzrət Peyğəmbər (s) minbərdən buyurdu: “Mənim qızım tənimin yarısıdır. Onu narahat edən məni narahat edir, Fatiməni incidən məni incidir.[94] Sual olunur ki, Fatimənin sözünü rədd etməkdən böyük əziyyət nədir? Fatimə öz iddiasının sübutu üçün şahid gətirməyə məcbur edilir, şahid gətirdikdə isə yenə də inkar olunur.[95] Aişə bildirir ki, Əbu-Bəkrdən sonra Ömər Mədinədən Peyğəmbərə (s) çatacaq büdcəni Əli və Abbasın ixtiyarına verdi, amma Fədək və Xeybərdən çatası pay saxlanıldı.[96] Bəli, məlum olur ki, həzrət Fatimənin (s) tələbləri haqlı imiş. Bunu bilə bilə Əbu-Bəkr Fatiməyə az da olsa, ata mülkündən verməkdən imtina etmişdir. Tutaq ki, Peyğəmbərdən (s) qalan mülk müsəlmanlara çatır, məgər Fatiməyə (s) bir müsəlman kimi nəsə vermək olmazdımı?! Sünnilər isə birtərəfli mühakimə yürütdüklərindən Əbu-Bəkrin yalnız müsbət tərəflərini görür, hətta öz mötəbər kitablarını belə ciddi mütaliə etmirlər. Beləcə, Fatimənin məzlumiyyətinə ağlamalı olanlar ona zülm edənə ağlayırlar. MÜBAHİSƏ Bir gün bir sünni Əbu-Bəkrə etinasızlığımın səbəbini soruşdu. Dedim ki, biz sizə tərif olunan imanlı və mərhəmətli Əbu-Bəkrə yox, Fatiməyə əzab verib, onu qəzəbləndirmiş Əbu-Bəkrə biganəyik. Bəlkə də, Peyğəmbər (s) qızının dünyadan vaxtsız köçməsinin əsas səbəbkarı elə həmin şəxs olmuşdur. Siz də bizim kimi “sizdən yalnız Əhli-beytimə dostluq istəyirəm” [97] ayəsini nəzərə alaraq eyni münasibətdə olmalısınız. Həmsöhbətim dedi: “Fatiməni incitmək caiz olmasa da, onu incidənə biganəlik düzgün deyil.” Ona “Fatiməni incidən məni incidir” hədisini və “Allahı və onun rəsulunu incidənlərə Allah dünya və axirətdə lənət edər” [98] ayəsini xatırlatdım. O, eşitdiklərindən əsəbiləşib, qulaqlarını tutdu və məndən uzaqlaşdı. Bəli, şiələri Əbu-Bəkrə mənfi münasibətə vadar edən məhz sünnə əhlinin mötəbər kitablarındakı bəzi əhvalatlardır. Ortada qərəzçilik və təəssüb yoxdur. Sünnə əhli bu həqiqəti dərk etmək üçün öz kitablarını ciddi araşdırmalıdır. Sual 29: Nə üçün şiələr qəbir ziyarətinə kişili-qadınlı getdiyi halda, sünnilər qadınla kişi arasında fərq qoyurlar? Cavab: Şiə fiqhinə görə qəbir ziyarəti həm kişi həm də qadın üçün müstəhəbdir və onlar arasında fərq qoyulmur. Amma səbirsizlik etməmək şərt sayılır. Çünki qəbir ziyarətində məqsəd ibrət götürmək, axirət barədə düşünmək və bağışlanma istəyidir. Bu məsələyə münasibətdə sünnilər arasında ixtilaf var. Hənbəli və şafeilər deyir: “Qəbir ziyarəti istər yaşlı, istərsə də gənc qadınlar üçün məkruhdur. Onların getməsi fəsada səbəb olsa, haramdır.” Hənəfi və malikilər isə belə deyir: “Evdən çıxması fəsad doğurmayan yaşlı qadınlar üçün ziyarət müstəhəbdir. Amma evdən çıxması fəsad doğuran gənc qadınlar üçün ziyarət haramdır.”[99] Bu ixtilafdan məlum olur ki, onların bu məsələ barədə yetərli dəlili yoxdur. Vəhhabilərin üz tutduğu müfti İbn Baz isə belə deyir: “Qadınlar üçün qəbir ziyarəti haramdır.”[100] İbn Baz bu fətvasında qeyri mötəbər bir rəvayəti dəlil göstərir: “Allahın Rəsulu (s) qəbir ziyarətinə gedən qadınlara lənət oxudu.”[101] Amma bu rəvayət bir neçə səbəbdən məqbul deyil: Dörd sünni məzhəbinin heç biri bu rəvayətə istinad və əməl etmir. “Səhihe-Buxari” və “Səhihe Müslim”də bu rəvayət nəql olunmur. həmin mənbələrdə Peyğəmbər (s) zamanı qadınların qəbir ziyarətinə getdiyini xəbər verən rəvayət nəql olunur. Bu rəvayətlərdən birində Aişə deyir: “Bir gecə Allahın rəsulu mənim yatdığımı güman edib evdən çıxdı. Mən onun ardınca gedib, Bəqi qəbiristanlığına döndüyünü və bir qədər durub dua etdiyini gördüm. Evdə ondan soruşdum ki, Bəqi əhlini mən necə ziyarət edim? O, mənə necə ziyarət etməyi (mətni) öyrətdi.[102] Digər bir rəvayətdə nəql olunur: “ Allahın Rəsulu (s) yoldan keçərkən qəbir kənarında bir qadının ağladığını gördü. Həzrət buyurdu ki, Allahdan qorx və səbirli ol. Qadın “çıx get, mənim düşdüyüm müsibətə sən düşməmisən” dedi. Peyğəmbəri tanımayan bu qadına onu tanıtdırdıqdan sonra Həzrətin evinə gedib üzr istədi. Həzrət buyurdu ki, səbir, dəyən zərərdən qabaqdır.”[103] Bu rəvayət “Səhihe-Muslim”də də nəql olunmuşdur. Rəvayətlərdən məlum olur ki, Peyğəmbərin (s) dövründə qadınlar qəbir ziyarətinə gedər və ağlayarmışlar. Həzrət (s) bu ziyarəti qadağan etməmiş, sadəcə, qadınları səbirli olmağa çağırmışdır. Sünnə əhlinin kitablarında belə bir rəvayət də nəql olunur ki, Fatimeye Zəhra (s) atasının vaxtında və ondan sonra Həmzəni və Ühüd şəhidlərinin qəbrini ziyarət edər, namaz qılar, dua oxuyar və ağlayarmış.[104] “Vəsailüş-şiə” kitabında nəql olunur: “Fatimeyi-Zəhra Peyğəmbərdən sonra həftədə iki dəfə Ühüd şəhidlərini ziyarət edərdi. Sünnə əhli nəql edir: “Həzrət Fatimə (s) Allahın rəsulunun dəfnindən sonra qəbirdən bir ovuc götürüb qoxuladı və hüzünlü bir şer oxudu.[105] Yenə nəql olunur ki, Aişə Məkkədə qardaşının qəbrini ziyarət edirdi.[106] Başqa bir rəvayətdə nəql olunur ki, Aişə həzrət Peyğəmbərin (s) və Əbu-Bəkrin dəfn olunduğu hücrədə namaz qılar, dua oxuyarmış. Ömər orada dəfn olunduqdan sonra Aişə qəbirlər ilə özü arasında divar tikdirdi. O, deyir: “Hücrədə Ömər dəfn olanadək həmişə üzümü açıq qoyar, yüngül geyinərdim. Elə ki, Ömər dəfn olundu, divar tikilənədək tam örtündüm.”[107] Əhməd Hənbəl nəql edir ki, Aişə dedi: “Peyğəmbərin və atamın dəfn olunduğu hücrəyə girdikdə üzümü açar, düşünərdim ki, dəfn olunanlar ərim və atamdır. Amma Ömər orada dəfn olunduqdan sonra, and olsun Allaha, örtünməmiş o hücrəyə girmədim.”[108] Sünnə əhlinin nəql etdiyi rəvayətlərdən aydın olur ki, Aişə mütəmadi olaraq qəbir ziyarətində olarmış. Aişə, Ömər naməhrəm olduğu üçün qəbirlərlə özü arasında divar çəkdirmişdir. Əlbəttə ki, Ömər diri ikən naməhrəm idi və Aişənin bu hərəkətinin heç bir şəri əsası yoxdur. Aişə bu işi ilə müqəddəs olduğunu göstərmək istəyir, hətta ölüdən də həya etdiyini bəyan edir. Maraqlıdır ki, Aişədən ölüdən nə üçün həya etdiyi soruşulmayıb. Soruşan olmayıb ki, qadın dəvəyə minib Bəsrəyədək kişilərlə birlikdə Peyğəmbərin xəlifəsi ilə döyüşə gedə bilərmi?! “Səhihe-Buxari”də nəql olunur: “İmam Həsənin oğlu Həsən dünyasını dəyişdi. Onun xanımı qəbri başında xeymə qurub bir il bu xeyməni sökmədi...”[109] Rəvayətdən məlum olur ki, ilkin İslam dövrlərində Peyğəmbərin (s) yaxınlarından olan bir qadın il boyu qəbir ziyarətində olurdu və bunu haram bilən, qadağan edən yox idi. Tarix boyu qadınların kişilər kimi həzrət Peyğəmbərin (s) ziyarətində olması göz qabağındadır. Hal-hazırda Məscidün-nəbidə qadınların ziyarəti üçün xüsusi yer ayırılmışdır. Sünni və şiə qadınlar tərəddüdsüz olaraq məsumların qəbrini ziyarət edir, ziyarətnamələr oxuyurlar. Ühüd şəhidləri də beləcə ziyarət olunmaqdadır. Qadınların qəbir ziyarətinə getməsini caiz bilməyən, onlara mane olan, “Peyğəmbər (s) belə qadınları lənətləyib” deyən vəhhabilərdən soruşmaq lazımdır ki, Həzrət (s) nə üçün bu işdə qızına və xanımına mane olmurdu? Yoxsa bu qadınların müxalif olduğu güman edilir? Mümkündürmü ki, həzrət Peyğəmbər (s) onun, Bəqidə dəfn olunanların, Ühüd şəhidlərinin ziyarətinə gələn qadınları lənətləsin? Heç vaxt! Allah müsəlmanları dar düşüncəli, tarix qarşısında kor dayanmış adamların bəlasından qorusun! Sual 30: Şiələrlə sünnilər arasında ixtilaf nə vaxtdan başlamışdır? Cavab: Zahirən bu ixtilaf Allahın Rəsulu (s) ölüm yatağında yatdığı zamandan başlamışdır. Həmin vaxt Həzrətin yanında Ömər də daxil olmaqla bir dəstə adam toplaşmışdı. Sünnilərin mötəbər kitabı “Səhihe Buxari”də azca fərqlə yeddi dəfə nəql olunmuş bir rəvayət var. Rəvayətdə deyilir: “Peyğəmbər (s) xəstə halda ikən buyurdu: “Mənə qələm-kağız verin, bundan sonra azmamağınız üçün bəzi sözlər yazım.” Ömər ibn Xəttab dedi: “Xəstəlik peyğəmbərə qalib gəlmişdir. Allahın kitabı varsa bu kitab bizə kifayətdir.” Ömərin bu sözlərindən sonra orada olanlar arasında ixtilaf düşdü. Kimi kağız gətirilməsini istədi, kimi də Ömərin sözlərini təkrarladı. Peyğəmbər (s) buyurdu: “”Qalxın və uzaqlaşın, mənim yanımda didişməyiniz yaxşı iş deyil.” İbn Abbas bayıra çıxıb ağladı və dedi: “Bütün bəlalar buradan başladı ki, Peyğəmbəri (s) yazmağa qoymadılar...” Qeyd etdik ki, bu rəvayət yeddi dəfə nəql olunmuşdur: “Kitabətul-elm”[110], “Cəvizul-vəfd”[111], “İxracul-yəhud”[112], “Mərəzun-nəbi”[113], “Mərəzun-nəbi”[114], “Əl-mərəz”[115], “Kərahətul-ixtilaf”[116] Nümunə olaraq bu rəvayətlərdən birini[117] olduğu kimi nəzərinizə çatdırırıq: İbn Abbas deyir: Allahın Rəsulu (s) ehtizar (canvermə) halında olarkən onun evində Ömər ibn Xəttab da daxil olmaqla bir qrup adam vardı. Həzrət (s) buyurdu: “Kağız gətirin, bundan sonra yolunuzu azmamağınız üçün sizə bir şey yazım.” Ömər dedi: “Dərd Peyğəmbərə (s) qalib gəlmişdir, sizin Quranınız var və bu bizə kifayət edər.” Evdə olanlar arasında ixtilaf düşdü, onlar didişməyə başladılar. Bəziləri “Peyğəmbərə yaxınlaşın, o, azmamağımız üçün bir şey yazsın” deyir, bəziləri isə Ömərin sözlərini təkrarlayırdılar. Səs-küyün artdığını görən Peyğəmbər (s) buyurdu: “Qalxın, məndən uzaqlaşın.” Həqiqətən də, peyğəmbərlə (s) ixtilafın qarşısını alacaq yazı arasında maneə yaradılan andan müsibətlər başladı.” Bu rəvayət sünnilərin ən mötəbər kitablarında nəql olunmuşdur. Kitablardan birinin müqəddiməsində yazılır: “Səhihe-Buxari” Qurandan sonra İslamın əsas kitabıdır.” Elə bu kitabda nəql olunmuş həmin rəvayət bir neçə inkarolunmaz həqiqəti sübuta yetirir: Həzrət Peyğəmbər (s) yatağı ətrafına toplaşanları, eləcə də bütün müsəlmanları azmaq təhlükəsi qarşısında görürdü. Məktub yazılmadığı üçün həzrətin (s) ətrafındakılar azğınlıqdan yaxa qurtara bilmədilər, çünki yalnız bu məktub azğınlığın qarşısını ala bilərdi Həmin gündən ixtilafın bünövrəsi qoyuldu; həmin gün ilk çəkişmə və düşmənçilik baş verdi; bu didişmələr Həzrəti (s) o qədər narahat etdi ki, orada olanları rədd etdi Bu macərayə şahid olan, yazılacaq məktubun əhəmiyyətini dərk edən, bu vəziyyətə ağlayan, bu hadisənin gələcəkdə İslam və müsəlmanlara problem yaradacağını anlayan İbn Abbas bildirir ki, bütün müsibətlər Peyğəmbərin (s) bu məktubu yazmasına maneçilikdən doğdu. Bəli, bütün ixtilaflar, çəkişmələr, savaşlar məhz Ömərin sözlərindən rişələndi.
Posted on: Mon, 28 Oct 2013 08:46:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015