İDEOLOGİYA VƏ KULTURA “İdeologiya” termini Fransız - TopicsExpress



          

İDEOLOGİYA VƏ KULTURA “İdeologiya” termini Fransız inqilabı ərəfəsində meydana gəlib. Bu termini ilk dəfə 1796-cı ildə fransız mütəfəkkiri D.d.Trasi (Tracy) işlədib. Amma o, ideologiya deyərkən, ideyanı araşdıran elm mənasında başa düşürdü. Trasi Dekart rasionalizminə (fikirlərin anadangəlmə olması nəzəriyyəsi) qarşı çıxaraq, sübut etməyə çalışırdı ki, zehində ideyanın əmələ gəlməsi sensual-empirik xarakter daşıyır, rasional yox. Məşhur fizik A.-M.Ampere də ilk ideoloqlardan biri olub. Napoleon bu ilk “ideoqları” pərən-pərən salaraq, onları alçaltdı və bunula da ideologiya termini ilk dəfə neqativ bir məzmun qazanmış oldu. “İdeologiya”nın mənası hələ də neqativ çalarlıdır. Ancaq aydındır ki, adı çəkilən ilk ideoloqların “ideologiya” dedikləri ilə “ideologiya”nın bugünkü mənası arasında heç bir yaxınlıq yoxdur. İndi elmi-fəlsəfi ədəbiyyatda ideologiya deyərkən, terminə tamamilə fərqli məzmun verirlər. Bir fikrin və ya təlimin ideologiya olması üçün onun bəzi şərtləri yerinə yetirməsi lazımdır. Ən sadə formada desək, ideologiya böyük kütlələri nəzərdə tutulmuş, arzulanan, planlaşdırılan istiqamətdə hərəkətə gətirmək üçün sosial fəaliyyət proqramıdır. O, kütlələrə xitab və kütləvi hərəkatlara rəhbərlik edir. Hal-hazırda ideologiya deyərkən bu məna başa düşülür, Trasinin verdiyi məna yox. İdeologiya problemi ilə məşğul olan sahəyə “ideologiya nəzəriyyəsi” adı verilir. İdeologiya nəzəriyyəsi hansısa konkret ideologiyanın məzmunu ilə yox, ümumilikdə ideologiyaların təbiəti, funksiyası, insanlar üzərində təsiri və s. bu kimi məsələlərlə məşğul olur. Bu sahə ilə F.Nietzsche, K.Marx, K.Mannheim, L.Althusser, T.Adorno, H.Arendt, J.Habermas kimi mütəfəkkirlər məşğul olublar. İdeologiya mövzusu müasir fəlsəfi-elmi diskurslarda da çox aktualdır. Bu, son onilliklərdə dinin mənəvi-insani möminlik modelindən ictimai-siyasi mübarizə aparatına çevrilməsi ilə, yəni ideoloji platformaya keçməsi ilə daha da güclənib. Kommunizm, sosializm və millətçilik ideologiyaları klassikdir. İdeologiya siyasi-ictimai təlimdir. O, siyasi-ictimai hərəkatı idarə edən görüşlər toplusudur. O, bütöv bir cəmiyyətin və yaxud bir sinfin dünyagörüşü ola bilər. İdeologiya fərdlərə aidiyyət, mənsubiyyət duyğusu verir. İdeologiyaların XIX əsrin (“ideologiyalar əsri”nin) sonlarından etibarən güclənməsinin səbəblərindən biri də bu dövrdə bu işi görən dinlərin zəifləmiş olmasıdır. İdeologiya öz inananlarına bəsit hazırcavablar, “biz və onlar” bölgüsü, yaşamaq üçün stimul verir. O, mövcud olduğu iddia edilən hansısa ictimai böhrandan çıxış yolu planını həyata keçirmək üçün kütlələri ayağa qaldırır, təşkilatlandırır və idarə edir. İdeologiyalar utopik, sentimental və optimist xarakterdə olurlar. İdeologiyalar tək-tək fenomenlərin köməkliyi ilə bütün gerçəkliyi izah etməyə çalışırlar. Həm də onlar elə fenomenlər seçirlər ki, onları öz modellərinə uyğun izah edə bilsinlər. Onların modelinə əks olan faktları ya əhəmiyyətsiz sayır, ya da özlərini görməzliyə vururlar (iqnor edirlər), üstündən sükutla keçirlər. V.İ.Leninə qulaq asan opponentlərindən biri ona deyir ki, axı sizin dedikləriniz faktlarla düz gəlmir, faktlar siz deyənin əksini deyir. Lenin tipik ideoloq cavabı verir: “Deməli, mənim dediklərim faktlar üçün daha pisdir!” İdeologiyaya həbs olmuş ağıl (zəka) ideoloji prinsiplərin quluna çevrilir. Orta əsrlərdə fəlsəfənin dinin doqmalarını sübut etmək üçün onun qulluqçusuna (“kənizinə”) çevrilmiş olması buna tipik misal ola bilər. İdeoloji ağıl obyektivliyini, bitərəfliyini itirmiş ağıldır. Onu daha həqiqət maraqlandırmır. Ağıl ona bundan sonra həqiqəti axtarmaq üçün lazım deyil, ideoloji “həqiqətlərini” sübut etmək və başqalarına yeritmək üçün lazımdır. İdeologiyanın məhbəsinə düşmüş ağıl özünəşübhədən, özünütənqiddən, özünü dəyişdirməkdən əl çəkmiş ağıldır. İdeolojiləşmiş ağıl öz təliminin əsaslarını sorğu-sual etmə və intellektual baxımdan geriyə boylanmaq qabiliyyətini itirmişdir. İdeoloji ağıl yiyələrinə fanatiklər və fundamentalistlər adı verilir. Skeptik və neytral elmi-fəlsəfi ağıl ideoloji ağıldan fərqlənir. İdeologiya öz əsas doqmalarına, özünün aksiomatik fundamentinə qarşı tənqid qəbul etmir. Başqa sözlə, o, özünə qarşı bütün tənqidləri elə bəri başdan yanlış sayır. Bir ideologiyanın tənqidi həmin ideologiyanın söykəndiyi əsas tezisləri sorğu-suala cəlb etmək deməkdir. İdeologiya elmdən fərqli olaraq kompromissiz çıxış edir. Bütün ideologiyalar üçün tipik olan odur ki, hər bir ideologiya özünü başqa ideologiyalarla müqayisədə ən az ideolojik sayır. Hər bir ideologiya öz ideolojikliyini inkar edir, məsələləri obyektiv işıqlandırdığını iddia edir. İdelogiyalar elmin plastikiliyindən, dəyişkən yumşaqlığından fərqli olaraq rigidal xarakter daşıyırlar. Fəlsəfədəki mübahisəlilik ideologiyaya ziddir. Amma ideologiyaların fəlsəfi əsası olur. İdeoloqlar hansısa fəlsəfəni kütlələr üçün yenidən işləyib hazırlayırlar. İdeologiya fəlsəfənin kütlələr üçün aranjirovkasıdır. Fəlsəfə özü hansısa ideoloji doktrinadan çıxış edəndə olur doktrinarizm. Məsələn, Sovet dövründə “fəlsəfənin partiyalılığı” deyilən hadisə bu idi, fəlsəfənin kommunist ideologiyasına xidmət etməsi. Ona görə də, hansısa dinin fəlsəfəsi olmaz, din fəlsəfəsi olar. Hansısa dinin fəlsəfəsi dünyaya o dinin pəncərəsindən baxılaraq qurulmuş fəlsəfədir, belə fəlsəfə isə artıq ideologiyadır, o elmi təbiətini itirmişdir. Hər bir ideologiya hər dərdə dərman, bütün dərdlərin çarəsi, bütün problemlərin həlli (all in one), ağır bir problemin çox praktiki və ideal resepti (patentresept) olmaq iddiasındadır. Bu məqsədlə ideologiyalar bütün problemləri əsas saydıqları bir-iki problemə endirir (müncər və yaxud reduksiya edirlər), yalançı sadəlik yaradırlar. Guya hər şeyin kökü bu bir-iki məsələnin həllidir Dr. Ağalar MƏMMƏDOV
Posted on: Wed, 02 Oct 2013 17:11:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015