İnsanların ən yaxşısı kimdir? – Cümə moizəsi - TopicsExpress



          

İnsanların ən yaxşısı kimdir? – Cümə moizəsi (30.08.13) Mübarək cümə gününü yaşamaqdayıq. Belə bir gündə Allahdan bağışlanma diləyirik. Mübarək Ramazan ayından bizləri həftələr ayırdıqca, artıq bu ayın nə qədər böyük fürsətlər ayı olduğunu bir daha anlayırıq. *** Allah Təala İslami mətnlərdə, Məsumlardan (ə) olan mübarək hədislərdə, həmçinin mübarək Qurani-Kərimin özündə də insanların ən yaxşılarını tanıtdırır. Rəbbimiz bizlərə müxətlif keyfiyyətlərinə, müxtəlif xüsusiyyətlərinə, müxtəlif hallarına görə ən gözəl Allah bəndələrini tanıtdırır. Həzrət Rəsulallahdan (s) nəql edilən bir hədisdə insanların içərisində ən gözəl Allah bəndələrini bizə belə tanıtdırılır: “Ən yaxşınız o kəsdir ki, onun müşahidəsi sizə Allahı xatırladır”. *** Toplumda olan insanlar bir neçə yerə bölünür. Elə insanlar var ki, onlarla ünsiyyətdə olmaq, onlarla münasibət qurmaq, onlara vaxt sərf etmək insanı Allahdan uzaqlaşdırır. İnsan getdikcə qəflətə düşür, başı dünya işlərinə, cari məsələlərə çox qarışır. İnsanlar da var ki, onlarla ünsiyyət zamanı insan Allahı xatırlayır. Belə insanlarla ünsiyyət insanı Allaha daha da yaxın edir, ona axirəti yada salır. Bunlar heç də mücərrəd mövzular deyil. Allahı xatırlatmanın əməli cəhətləri olmalıdır. Bu insanların əməli olaraq gördüyü işlər digər insanlara Allahı xatırladır. Söhbət yalnız zahiri məsələlərdən getmir. Necə ki, tüstü görəndə alov olduğu anlaşılır, eləcə də Allah bəndəsi olmağın işartıları olmalıdır. *** Digər bir yerdə Allah Rəsulu (s) başqa xüsusiyyətlərinə görə insanların ən yaxşısını tanıtdırır: “İnsanların ən yaxşısı o kəsdir ki, insanların zəhmət yükünü öz çiyinlərində daşıya”. Diqqət edəndə görürük ki, bu hədisdə əməli mövzular daha çox əks olunub. Yəni, digər hədisdə, namaz, oruc və bu kimi ibadi məsələlərdən də söhbət gedirdisə, bu buyuruşda daha çox praktiki mövzulara toxunulub. Bu anlamda da insanlar bir neçə yerə bölünür. Elə insanlar var ki, öz yükünü, öz zəhmətini də digər insanlara yükləməyə çalışır. Elə bir insan axtarır ki, özünün yükünü onun çiyinlərinin üstünə qoysun. Elə insanlar var ki, yalnız öz yükü ilə, özünün və ən yaxşı halda ailəsinin qayğıları ilə məşğul olur. Elə insanlar da var ki, öz qayğıları ilə kifayətlənmir və öz yükünü də kimsənin üstünə qoymur. Əksinə, bu insan digərlərinin də zəhmətini, əziyyətini öz üzərinə çəkmək istəyir. Hədisdən anlaşılır ki, bu insanların içərisində ən yaxşısı o kəsdir ki, digərlərinin də zəhmətini öz çiyinlərinə almaq istəyir. *** Təbii ki, burada sui-istifadə halları da ola bilər. Yəni, Allah bəndəsinin bu xüsusiyyətindən istifadə edib, onun çiyinlərinə digərləri də öz yüklərini yükləmək istəyə bilərlər. Amma, çalışmaq lazımdır ki, bu xüsusiyyət də Allah razılığı çərçivəsindən çıxmasın, yəni sadəlövhlüyə gətirib çıxarmasın. Hədisdə buyurulan bu məqam həm də toplumda ictimai fəallığa gətirib çıxaran xüsusiyyətdir. Yəni, bu xüsusiyyətə malik olan insan, daim Allah bəndələrinin xidmətində olmağa çalışacaq, Allah razılığı üçün işlər görmək istəyəcək. Elə insanlar var ki, yalnız özünün və ailəsinin qayğıları ilə yaşayır. Bütün həyatını yalnız buna sərf edir. Əlbəttə, bu, olduqca sadə məsələdir. Amma, elə insanlar da var ki, toplumda olan digər insanların zəhmətlərinə qatlaşır. Bu isə güclü iradə tələb edən bir məsələdir. Buna nail ola bilən insan, Allah Peyğəmbərinin (s) göstərdiyi xüsusiyyəti daşıyan insandır. *** İmam Cəfər Sadiqin (ə) müsibətli şəhadəti ərəfəsindəyik. Belə günlərin toplumda yaşadılmasına, tanıtdırılmasına çox böyük ehtiyac var. Allahdan bu günləri lazımi şəkildə yaşatmağı nəsib etməsini diləyirik. *** Dünyada çox önəmli hadisələr baş verməkdədir. Bunlardan da biri Suriya məsələsidir. Suriya məsələsi dünyanı iki tərəfə ayırıb. Bu məsələ, dəqiq şəkildə lakmus kağızı rolunu oynayır. Kimlərsə, günlərlə İslamdan danışa bilər, lakin, sonda gəlib imperializmin və sionizmin dediyini bu və ya digər formada deyirsə, bunu qəbul edirsə, deməli, onda Tövhiddən, “La İlahə İləllah”dan əsər-əlamət yoxdur. Əlbəttə, Suriyada nəyin baş verməsi - bir ayrı məsələdir. Lakin, ümumilikdə bu məsələnin özündə sərgilənən mövqeylər dostları və düşmənləri tanımaq üçün yaxşı fürsətdir. *** Məmləkətimizə də nəzər salanda görürük ki, müsəlman ölkəsinə qarşı imperializmin və sionizmin təcavüz etməsini həsrətlə gözləyənlər də var. Düşünürlər ki, həmin ölkədə “işlər yoluna qoyulandan sonra”, başqa yerlərdə də yaxşı olar. Lakin, bunun adı siyasət deyil, avamlıqdır. Bilmək lazımdır ki, bu sınaqlardan keçə bilməyən insanların İslamla bağlı danışmaları səmimiyyətdən tamamilə kənardır. Bunun üçün də cəmiyyətdə maarifçilik, əmr-be-məruf artırılmalıdır. *** Bu günlərdə Gürcüstanda minarələrlə bağlı narahatedici durum yaşanmaqdadır. Əlbəttə, dünyanın hansı yerində olursa-olsun, hansı məqsədlərlə olursa-olsun, Allah evlərinə qarşı, İslam atributlarına qarşı əl uzadılması - yolverilməzdir. Allah evləri, minarələri müqəddəs və toxunulmazdır. Lakin bu məsələdə bir nöqtə diqqət çəkir. Bu günlərdə Azərbaycanın bəzi rəsmi dini qurumlarından Gürcüstana göndərilən etiraz mesajı təəccüb doğurur. Bu məmləkətin özündə də bu kimi problemlər yaşanır. Hələ də ciddi problemlər qalmaqdadır. Bu məmləkətdə də məscidlər, minarələr sökülüb. Hələ də bu məmləkətdə hicab problemi qalmaqdadır. Birdən onlar da qayıdıb bu məmləkətdə olan problemlərə diqqət ayrılmamasından danışsalar, onda necə olacaq? *** Məmləkətimizdə gedən son hadisələrlə bağlı da mövqeyimiz dəyişməz olaraq qalır. Bu məmləkətdə kimlərinsə öz məqsədləri üçün inanclılardan istifadə etməsi yolverilməzdir. Bu məmləkətin inanclılarının maraqları ondan ibarətdir ki, onlar İslamın və müsəlmanların sərbəst yaşamasını istəyir. Əsas məsələ odur ki, proseslər müsəlmanları özü ilə aparmasın. Allahım, bizlərə Səni xatırladan insanlarla ünsiyyətdə olmağı nəsib et! Allahım, bizlərə Sənə bəndə olmaq üçün çalışma tofiqatını əta et! Amin! Hacı İlqar İbrahimoğlu, 30.08.13
Posted on: Fri, 30 Aug 2013 23:20:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015