Əbülfəz Elçibəy və demokratiya İrena LASOTA Bu yazı - TopicsExpress



          

Əbülfəz Elçibəy və demokratiya İrena LASOTA Bu yazı ABŞ-ın Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti olan müəllifin 2002-ci il iyunun 23-də İkinci Elçibəy Forumundakı çıxışının tam mətnidir “Demokratiya” və “demokrat” sözləri son on il ərzində hörmətdən düşüb. Bunu hamı yaxşı bilir. Bu gün kim istəyir özünü demokrat adlandırır, istənilən partiya öz adının əvvəlinə “demokratik” sözünü əlavə edə bilir və bu səbəbdən sadə adamların əksəriyyəti çaş-baş qalaraq, demokratiyanın xaos, yoxsulluq və ümidsizlik gətirən bir sistem olduğuna inanmağa başlayır. Amma 1992-ci il iyunun 7-də keçirilən və Əbülfəz Elçibəyin prezident seçildiyi seçkilərdən sonra Azərbaycan özünün həqiqi demokratikləşmə dövrünə malik olub, Elçibəyin prezidentliyi dövründə Azərbaycan qısa da olsa, ilkin, dərin, demokratik bir keçid dövrünü yaşayıb. 1918-20-ci illərdə mövcud olmuş Birinci Respublika 80-ci illərin sonlarında Azərbaycan Xalq Cəbhəsi üçün bir azadlıq simvolu, ilham və ibrət mənbəyi olduğu kimi, inanıram ki, 1992-ci il iyunun 7-dən 1993-cü iyununa qədər olan dövr də haçansa Azərbaycanda demokratiya memarlarının gələcək nəsilləri üçün cür azadlıq simvoluna, ilham və ibrət mənbəyinə çevriləcək və bu qısa tarixi dövr İkinci Respublika adlandırılacaq. 1993-cü ilin iyunundan başlayaraq, haçansa azad və şəffaf seçkilərdən sonra gələcək yeni demokratikləşmə çağına qədər olan dövrün necə adlandıracağını isə linqvistlərin və siyasətçilərin ixtiyarına buraxmaq olar. İyirmi ildən çoxdur ki, əvvəlcə kommunist bloku ölkələrində dissident, gizli, antikommunist hərəkatlarını, daha sonra – postsovet dövründə isə müstəqillik və demokratiya uğrunda hərəkatları özləmək, təhlil və müqayisə etməklə məşğul oluram. Mənə Polşada “Solidarnost”, Çexoslovakiyada “Xartiya-77” kimi hərəkatları yaxından müşahidə etmək, Vatslav Havel, Vitautas Landsbergis, Mustafa Krımoğlu kimi şəxsiyyətlərlə və eləcə də sovet və postsovet dövründə mövcud olan ən əhəmiyyətli demokratik, azadlıq hərəkatlarının digər liderləri ilə şəxsən tanış olmaq nəsib olub. Heç şübhə yoxdur ki, Əbülfəz Elçibəy sovet imperiyasında demokratik dəyişikliklər dövrünün yetirdiyi ən elitar və sayca çox kiçik liderlər qrupuna mənsubdur, bu məkanda onun adı nəinki hər yerdə tanınır, həm də böyük bir əfsanəyə çevrilib. (Mən bu liderlər çərçivəsində Lex Valensanın adını bilərəkdən çəkmədim, çünki bu cür əfsanəyə çevriləcək şəxsiyyətlərdən biri olmasına baxmayaraq, o, Əbülfəz Elçibəydən demokratiya dərsi ala bilərdi). Sovet imperiyasının dağılmaq üzrə olduğu dramatik illərdə ayrı-ayrı fərdlər durğunluq dövrünə nisbətən daha vacib rol oynayırdılar. Artıq liderlər liderlik edə, gerçəkliyi dəyişə bilirdilər; əhali onlara qulaq asır, onlar isə minlərlə, milyonlarla adamı müəyyən səmtə yönəldə bilirdilər. Əbülfəz Elçibəyin də taleyinə bu yazıldı, o da əvvəlcə Azərbaycan Xalq Cəbhəsinin, sonra isə bütün Azərbaycanın liderinə çevrildi. Keçmiş sovet məkanında, əlbəttə ki, qeyri-rus xalqları arasında Əbülfəz Elçibəy Rusiyadan azad olmağın, onun təsir dairəsindən qurtulmağın çempionu kimi tanınır; Baltik ölkələri Rusiya qoşunlarının Azərbaycan ərazisindən necə tez bir vaxtda çıxarıldığını da yaxşı xatırlayırlar; eyni zamanda, sayca nə qədər az olsalar da, rus demokratları da onun prezidentliyinin demokratik təbiətindən xəbərdardırlar. Çeçen dostlarım da, məsələn, mənə deyirlər ki, Əbülfəz Elçibəy təkcə müstəqil bir respublikanın prezidenti kimi deyil, həm də demokratik, plüralist bir respublikanın prezidenti kimi onlar üçün örnəkdir; çünki o, sübut etdi ki, konstitusiyaya, qanunlara əsaslanan dünyəvi dövlət müsəlman cəmiyyətində də mövcud ola bilər. Gəlin onu da yada salaq ki, 2000-ci ildə Rusiya federal qoşunları tərəfindən tam mühasirəyə alınmasına baxmayaraq, Aslan Məshədov öz xarici işlər nazirini Elçibəyin qəbri üstünə onun adından əklil qoymaq üçün Bakıya göndərmişdi. Şərqi Avropada bu gün NATO-ya üzv olan və ya tezliklə ona üzv olmağa hazırlaşan ölkələrdə Əbülfəz Elçibəy nəyin bahasına olursa olsun demokratiya can atan və bütün mənəvi dəyərlərə sadiq qalan, – bunsuz həqiqi demokratiyaya nail olmaq mümkün deyil, – bir adam kimi tanınır. Çox az sayda məqalə və müsahibələr sahəsində, Şərqi Avropada yaşayanlar, onlardan çox-çox uzaqda yerləşən Azərbaycan adlı ölkədə də insanların eyni məqsəd uğrunda mübarizə apardıqlarından, eyni ideyaları bölüşdürdüklərindən xəbər tuta bilirdilər. Bu da çox maraqlıdır ki, 1993-cü ilin hərbi qiyamından sonra Əbülfəz Elçibəyin populyarlığı Azərbaycandan kənarda artsa da, düşmənlərin apardığı fasiləsiz qaragüruhçu təbliğat, məğlubiyyətindən sonra öz düşərgəsində yaranan ziddiyyətlər nəticəsində Azərbaycanın özündə onun nüfuzu haqsız olaraq xeyli aşağı düşdü. Yalnız son vaxtlarda, çox təəssüflər olsun ki, vəfatından sonra Azərbaycanda insanlar onun prezidentliyi dövründə qazanılan nailiyyətləri həmin illərin kontekstində ciddi şəkildə təhlil etməyə, bu adamın gördüyü işlərin fərqinə varmağa, yazdıqlarını və dediklərini oxumağa və öyrənməyə başladılar. Ancaq onun dəfn mərasiminin möhtəşəmliyi, adi insanlar arasında hədsiz populyarlığı bir daha sübut etdi ki, bugünkü rejimi və özünü “müstəqil” adlandıran bəzi mətbuat orqanlarının qaragüruhçu təbliğatı ictimaiyyətin ona olan inamına əslində elə bir xələl gətirə bilməyib. 80-ci illərdən sonrakı dövrü çox vaxt bütün dünyada demokratikləşmənin üçüncü dalğası adlandırırlar. Bu dalğa təkcə keçmiş Sovet İttifaqını deyil, həmçinin Braziliya və Çili kimi bəzi Latın Amerikası ölkələrini, Cənubi Koreya və Tayvan kimi bəzi Asiya ölkələrini sarmışdı. Demokratiya uğrunda bu mübarizə cəhdlərinin heç də hamısı uğurlu olmadı, keçmiş Sovet İttifaqı respublikalarının əksəriyyətini bu gün demokratiyadan çox uzaq olduğunu yaxşı bilirik. Kommunist partiyalarının sabiq 1-ci katibləri, sabiq “aparatçiklər”, DTK məmurları və kolxoz direktorları indi hər yanda prezidentlik edirlər. Prezident kürsüsündə daha uzun müddət qala bilməməsinə Əbülfəz Elçibəyin öz səhvlərimi səbəb oldu? Gəlin ətrafımıza baxaq: postsovet dövründə nə qədər demokrat hakimiyyət gələ bildi, bundan da betər: onların neçəsi hakimiyyətdə qaldı? Gəlin Şərqi Avropaya nəzər salaq: Macarıstanda və yaxud Rumıniyada da sabiq kommunistlər hakimiyyətə qayıtdılar. Bu gün hətta Polşanın özündə belə prezident və baş nazir vəzifələrinə sabiq kommunistlər yiyələnib: burada bir çox demokratik institutlar hələ də fəaliyyətlər göstərsə də, mətbuat vasitələrinin azadlığı və müstəqilliyi ciddi təhlükə altındadır. Bəlkə də demokratik qüvvələrə müqavimət göstərən kommunistlərdən və sabiq kommunist strukturlarından yaxa qurtarmaq, iqtisadiyyatı köhnə nomenklaturanın əlindən almaq, Əbülfəz Elçibəy üçün çox əziz olan və demokratik dəyərləri müdafiə edə biləcək ortabablar sinfinin əmələ gəlməsi üçün demokratik siyasi elitanın yaranması lazımdır və bu da müəyyən qədər vaxt tələb edir. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin, 1992-ci ildə isə Azərbaycan Respublikasının rəhbəri seçilən Əbülfəz Elçibəy müasir Azərbaycan demokratiyasının simvoluna çevrilib. Özü şəxsiyyətə pərəstişi xoşlamayan, televiziya ekranında tez-tez görünmək istəməyən ictimai rəğbət təzahürlərindən sıxılan sadə qəlbli, son dərəcə təvazökar bir adam olsa da, demək olar ki, hələ sağlığında belə bir simvola çevrilmişdi və indi isə daha yüksəklərə qalxıb. Onun hansı işlər gördüyünü və həmçinin bu işləri başqaları ilə birlikdə gördüyünü yaxşı bildiyimə baxmayaraq məhz bu səbəbə görə bu yığıncaqda yalnız onun adını çəkirəm. “Elçibəy bunu elədi, onu elədi” deyərkən onunla çiyin-çiyinə çalışanlar məni bağışlasınlar. Bəzən o bu işləri başqaları ilə birlikdə, bəzən təkbaşına görürdü. Bir çox filosofların fikrincə, demokratiya sosial təşkilatlanmanın ən təbii formasıdır, lakin praktika göstərir ki, diktatorluq insanların təkcə bədənlərini deyil, həm də onların şüurlarını kölə halına sala bilər. Kommunist diktator rejimi insanları xüsusilə də bu cür kölə halına salmaqda mahir idi. Məhz belə sistemlərdə yalnız dissident adlandırılan bir neçə adam öz dərin mənəvi özümlülükləri hesabına diktator rejiminə qarşı mübarizə apara bilir. Havel, Cəmilov və Elçibəy məhz bu cür adamlardır. Əbülfəz Elçibəyin sovet dövründə dissident olması faktı onun demokratik düşüncələrinin qaynaqlarını anlamaq baxımından çox vacibdir. O, cəmiyyətin təşkilatlanmasının sovet formasını inkar edən dissidentlərdən biridir. O, Sovet İttifaqını və rus ağalığını tamamilə inkar edirdi. Özünü sovet vətəndaşı hesab etmirdi. Dünən, dünya futbol çempionatında Türkiyə milli komandasının Seneqal üzərində qələbəsindən sonra Bakıda insanların möhtəşəm sevincini seyr edərkən dostlarıma da bu barədə danışdım. Amma iyirmi il bundan əvvəl Azərbaycan xalqının əksəriyyətinin Türkiyənin deyil, Sovet İttifaqının qələbəsinə sevinərkən Elçibəy azlıqda qalmırdı? O, əvvəlcə ayrı bir fərd, sonra isə Əbülfəz Əliyev, Əbülfəz Elçibəy, Bəy olub, o, azəri, azəri türkü olub, bütün demokratik dünyanın vətəndaşı olub, amma heç vaxt sovet vətəndaşı, homo sovietikus olmayıb. O, kommunizmə dərindən nifrət edib. Öz xalqına və digər xalqlara qarşı təzyiqlərə dözməyib. Kommunizmi necə var elə – yalanlarla dolu, insan ləyaqətini alçaldan, insan enerjisini boşa xərcləyən, qondarma tarix yazan, qatillərdən ibarət bir sistem kimi görüb. O, daxilən azad adam idi, azad olmaq, azad dünyada yaşamaq istəyirdi: bu isə kommunist rejimin ona və Sovet İttifaqında yaşayan yüz milyonlarla insana təklif etdiyi ilə ziddiyyət təşkil edirdi. Sanki o, anadan bunun üçün doğulub. Onu demokratiyaya aparan yol fərdi azadlıq, milli azadlıq uğrunda mübarizələrdə və məhz liberal demokratiyanın bu cür azadlıqların ən yaxşı təminatçısı olduğunu dərk etməsindən keçməsi idi. Azadlıq eşqi hər bir demokratın başlıca keyfiyyətidir və Əbülfəz Elçibəydə heç bir hədd-hüduda sığmayan azadlıq eşqi vardı. Onu tanıyan hər bir kəs yaxşı bilir ki, Elçibəy insan azadlığını məhdudlaşdıran hər cür buxova və əngələ – səbəbindən asılı olmayaraq – qarşı çıxırdı. Yaxşı demokratın, xüsusilə də həqiqi demokratik liderin başqa bir keyfiyyəti insanlara inanmaq və onlara güvənməkdir. Bu ən başlıca məsələdir: xüsusilə də 90-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi situasiyalara bənzər situasiyalarda. Bu cür demokratiyaya keçid dövrü kimi situasiyalarda insanlar xarizmatik liderə güvənirlər. O da onlara eyni cür münasibət bəsləyəcəkmi? O da onlara güvənəcəkmi? Hökumətlərin təcrübəsi göstərir ki, belə vəziyyətlərdə liderlər davranış tərzlərinə görə iki yerə bölünürlər. Onların bir qismi insanlara, cəmiyyətə güvənmir və belə hesab edirlər ki, hər şey yuxarıdan təşkil olunmalıdır, bu səbəbdən insanları təzyiq və nəzarət altında saxlayırlar. Liderlərin digər qismi isə insanları sevir və onlara etimad göstərirlər. Əbülfəz Elçibəy həmişə insanlara hədsiz inam bəsləyib. O inanırdı ki, insanlar mahiyyətcə yaxşı keyfiyyətlərə malikdirlər, onlara yaxşı şərait yaradıldıqda ağıllı hərəkət edəcək, təmiz yaşayacaq, doğru işlər görəcəklər. Bəzi insanlar onu sadəlövh adlandırır, bir çoxları isə bu günə kimi o adam nə üçün bu vəzifəyə təyin etdiyini və yaxud başqa birinə nə üçün etibar etdiyini ona bağışlaya bilmirlər. Prezident seçildikdən sonra o, vəzifəyə o qədər çox adam təyin etmədi, keçmiş dövlət məmurlarının 80 faizini öz işində saxladı, bir neçə əfv fərmanı imzaladı. O, öz ifadəsi ilə desək, “kimisə tutub basmağın” əleyhinə idi. Yenə öz ifadəsi ilə “vətəndaş sülhü” naminə. O, Azərbaycana, azərbaycanlılara inanırdı, inanırdı ki, yeni müstəqil Azərbaycan dövlətində hamı ümumi rifah naminə çalışacaq. Güvəndiyi insanların haçansa onu, daha betər: bu vətəni satacaqlarını ağlına belə gətirmirdi. Təcrübəsi olmayan həqiqi demokratların çoxu bu cür səhvlərə yol verir. Ancaq bunlar təsadüfi səhvlər deyildi. Bunlar onun, digərlərindən fərqli olaraq, böyük fəlsəfənin, insan təbiəti haqqında fəlsəfənin nəticələri idi. Hər bir fərd özlüyündə yaxşı keyfiyyətlərə malikdir və hər bir fərdin təbii istəyi demokratiyadır. Hər bir insan vicdanlı, düz olmağa meyllidir və yanlış, səhv bir hərəkət edən adam həmişə öz əməlindən xəcalət çəkir. Bəlkə də onun bu fikirləri yanlışdır, amma hər bir xalqın yaşamı dövründə heç olmasa bir dəfə ona güvənən və onu qeyd-şərtsiz sevən bir insana ehtiyacı var. Bütün həyatı boyu Əbülfəz Elçibəy həm tələbə, həm də müəllim olub. Praktiki olaraq hər şeylə maraqlanıb və hər şeyi öyrənməyə çalışıb. Mən inanıram ki, bildiyi dillərin imkanı daxilində siyasətlə bağlı əlinə keçən hər şeyi oxuyub. Haçansa bir gün Sovet İttifaqının dağılacağına heç bir şübhəsi olmadığına görə bu hadisədən sonrakı dövr üçün müxtəlif planlar düşünüb. Burada bir şeyi də qeyd etmək maraqlıdır ki, gələcək siyasi dəyişikliklər üçün uzun illər boyu müəyyən planlar quran mütəfəkkirlərin və siyasətçilərin çoxundan fərqli olaraq Əbülfəz Elçibəy heç bir cəhətdən ehkamçı olmayıb. Ömrünün sonuna kimi onun sualları cavablarından çox olub. Ömrünün sonuna kimi prezidentlik sisteminin parlamentar sistemindən üstün cəhətlərini öyrənməyə çalışıb. Hərçənd hakimiyyətin üç qolunun: icra, qanunverici və məhkəmə sistemlərinin müstəqil fəaliyyət göstərməsinin açıq-aşkar tərəfdarı olub. Müxtəlif idarəçilik metodları və seçki sistemlərinin mahiyyətini öyrənməyə can atıb. O, müxtəlif iqtisadi sistemlər haqqında, kənd təsərrüfatını modelləşdirmək yolları haqqında, səhiyyə və vergi islahatları haqqında çox şeyləri bilmək istəyirdi. Məsələn, bir dəfə məndən öyrənmək üçün ona Rumıniya, Polşa və Bolqarıstan kimi ölkələrdəki müxtəlif demokratik koalisiyaların sənədlərini gətirməyi xahiş etdi. Bunu da qeyd etmək maraqlıdır ki, həmin ölkələrin hamısında bu koalisiyalar çoxdan dağılıb, amma onun yaratdığı Azərbaycan Demokratik Konqresi bu gün də aktiv fəaliyyət göstərir və bu da demokratik liderin böyüklüyünü, açıq düşüncəyə malik olmasını sübut edən xarakterik cəhətlərdən biridir. Demokratiya hüquqi qanunlar sistemidir. Əbülfəz Elçibəy bunu bilir və anlayırdı. Sizin də bildiyiniz kimi, onun prezidentliyi dövründə bir çox demokratik qanunlar qəbul edilib, bir çoxları hazırlanıb. Elçibəy hökumətinin prioritetləri aydın idi: qanunların işlədiyi, azad bazar iqtisadiyyatına malik və korrupsiyasız liberal demokratik bir sistemə keçmək. Qanunu qəbul edilməsi hələ birinci addımdır. Sonrakı addım onun tətbiqinə nail olmaqdır. Ancaq Polşa, Estoniya, bəzi əlamətlərə görə hətta Azərbaycan kimi ölkələrin nümunəsi göstərir ki, haçansa qəbul edilmiş qanun çox vaxt hətta köhnə rejim qayıtdıqdan sonra belə tətbiq olunmamış qalır. Əgər biz onun prezidentliyinin, xüsusilə də ilk altı ayı ərzində qəbul edilmiş vacib qanun və dekretləri digər ölkələrinki ilə müqayisə etsək, onun qazandığı müsbət nailiyyətlərə məəttəl qalacağıq. 1996-cı ildə Kələkidə, ilk dəfə Əbülfəz Elçibəydən müsahibə alarkən, ondan Xalq Cəbhəsi hökumətinin nailiyyətlərini sadalamağı xahiş edəndə o, sözə korrupsiya ilə mübarizədən başladı. O vaxt onun bu məsələni ön plana çəkməsi bu gün daha böyük maraq doğurur: çünki bir çox postsovet və eləcə də demokratik ölkələrin iqtisadiyyatının korrupsiya ucbatının necə dağıldığını yaxşı bilirik. Elçibəy bu kontekstdə tələbələr üçün təklif edilən və mülkü qulluqçular üçün planlaşdırılan “Kor” (məxfi) imtahanlardan söz açdı. Bu, cəmiyyətin demokratikləşdirilməsinin və köhnə sovet nomenklaturasına qarşı mübarizənin ən bariz nümunəsi idi. Kim ki mülkü qulluqçular və iqtisadiyyat sahəsindəki vəzifələr üçün təmiz imtahan sistemi tətbiq edərsə, o, korrupsiya sisteminin və sovet nomenklaturasının dayaqlarını eyni vaxtda dağıda bilər. Elçibəyin düşüncəsinə görə, demokratik cəmiyyət hamıya bərabər imkanlar təmin edən, insanın dəyər və ləyaqətinin yüksək qiymətləndirildiyi bir sistemdir və burada mülki qulluqçular üçün yüksək maaş nəzərdə tutulur ki, onlar rüşvət almasınlar. Həmin söhbət zamanı o, milli azlıqlar haqqında, müxtəlif dinə mənsub vətəndaşlar arasında xoş münasibətlərin qurulması haqqında, müstəqil mətbuat haqqında, siyasi partiyaların çoxluğu haqqında və müstəqil məhkəmələrin təyin olunmasına başlanması haqqında danışdı. Bütün bunlar demokratiyanın ilkin şərtləridir, çox vaxt onlar cəmiyyətdə tam demokratiya oturuşuna qədər bir neçə nəsil boyu fəaliyyət göstərir. Əgər siz postsovet ölkələrindən hansınasa diqqət yetirsəniz, onların heç birində bu qədər qısa bir müddət ərzində bu qədər çox nailiyyətlər qazanıldığına başqa bir misal tapa bilməyəcəksiniz. Bəs 1993-cü ilin iyunundan sonrakı dövr necə? Əbülfəz Elçibəy bilirdi ki, sovet imperiyasının xarabalıqları üzərində demokratik quruluş yaratmaq çox çətindir. Kommunist rejimin 70 il ərzində cəmiyyətə, insan düşüncəsinə, iqtisadiyyata, mədəniyyətə və adət-ənənələrə nə qədər dərin yaralar vurduğundan xəbərdar idi. Bilirdi ki, bu yaraları sağaltmaq üçün müəyyən zamana ehtiyac var. Ümid edirdi ki, Azərbaycanda həyata keçirilməsinə başlanılan iqtisadi islahatlar tezliklə həqiqi orta təbəqənin, Qərb ölkələrindəki kimi liberal demokratik quruluşun əsas dayağı olan orta təbəqənin yaranmasına səbəb olacaq. O öz şəxsi mülkiyyəti haqqında düşünməsə də, kiçik sahibkarlara, həqiqi və təmiz biznesmenlərə dərin bir fəlsəfi rəğbət bəsləyirdi və məhz onların haçansa Azərbaycanın möhkəm orta təbəqəsini təşkil edəcəklərini güman edirdi. Əbülfəz Elçibəy hökuməti ölkəni, bildiyimiz kimi, heç bir kənar təsir olmadan vakuum içərisində idarə etmirdi. Ölkə müharibə vəziyyətində idi, Azərbaycanın yalnız kiçik bir hissəsi olduğu Sovet İttifaqı adlandırılan nəhəng bir şirkət iqtisadi tənəzzülə uğramışdı, cəmiyyət içəridən parçalanmış, bayırda isə düşmən qüvvələr fürsət gözləyirdi. Və demək olar ki, heç nəyə heç bir vaxt qalmamışdı. Əlbəttə ki, səhvlər də vardı. Ancaq mən kənar bir müşahidəçi kimi bu səhvləri digər ölkə liderlərinin səhvləri ilə müqayisə edərkən Azərbaycanda hamının 1992-93-cü illərdə buraxılan səhvlərdən necə ağız dolusu, şövqlə danışdığına məəttəl qalmaya bilmirəm. Əgər tarix təkrar olunursa, onda çox güman ki, 1920-ci ildə bolşeviklərin Birinci Respublikanı ələ keçirmələrinə imkan verdiyi üçün Məmməd Əmin Rəsulzadə də ömrünün qalan 30 ilini öz səhvləri haqqında deyilənləri eşitməklə keçirib. Hər halda biz belə bir təəssüfedici sirdən xəbərdarıq ki, son nəhayətdə o öz partiyasının tərkibindən çıxarılıb. Bəzən böyük şəxsiyyətlərin tale yazısı bu cür sonunclanır. Ancaq mən qəti şəkildə əminəm ki, 1993-cü ilin iyun qiyamının baş verməsinə Əbülfəz Elçibəyin, onun prezidentliyinin buraxdığı səhvlər deyil, qazandığı nailiyyətlər səbəb olub. Bu qiyam ona görə baş verdi ki, hökumət özəlləşdirmə və yeni seçkilər kimi daha demokratik islahatlar keçirməyə hazırlaşırdı; ona görə ki, Əbülfəz Elçibəy Qarabağ müharibəsini həll etmək üçün Minsk qrupu ilə işləyirdi; ona görə ki, o, neft sövdələşməsini imzalamaq üçün Londona getməyi planlaşdırırdı; ona görə ki, Azərbaycan keçmiş Sovet İttifaqı məkanında yaşayan qeyri-rus xalqları üçün pis bir nümunəyə çevrilmişdi. 1993-cü ilin iyun ayının o həyəcanlı günlərində Əbülfəz Elçibəy öz hökumətinin yeritdiyi siyasətin geniş şəkildə dəstəklənmədiyini gördü və bəlkə də bu səbəbdən qiyama qarşı qəti tədbirlər görməkdən vaz keçib, Kələkiyə getməyə üstünlük verdi. O, Azərbaycanı vətəndaş müharibəsinə sürükləmədiyi ilə həmişə fəxr edirdi. Məhz buna görə də bu gün Gürcüstanda ona böyük ehtiram bəsləyirlər. Ömrünün sonuna qədər Əbülfəz Elçibəy İsa Qəmbərlə birlikdə müxalifət qüvvələrinin möhkəm ittifaqını yaratmağa çalışıb və bu gün həmin müxalifət birliyi Şərqi Avropada və postsovet məkanında mövcud olan belə koalisiyalar arasında ən güclüsü və uzunömürlüsüdür. Ömrünün sonuna kimi Əbülfəz Elçibəy ən yaxşı demokratik müxalifət ənənələrinə sadiq qalaraq demokratik prinsiplərin keşiyində möhkəm dayanıb, avtoritar rejimi öz adı ilə adlandırıb, rejim tərəfindən heç bir kooptasiya halına yol verilməsinə imkan verməyib və digər demokratik partnyorları ilə möhkəm ittifaq qurmağa çalışıb. O belə hesab edirdi ki, demokratik qüvvələrin, daha təcrübəli və möhkəm şəkildə hakimiyyətə qayıda bilmələri üçün daha üç il vaxta ehtiyacları var. Bu gün, 11 sentyabr hadisəsindən sonra, Əbülfəz Elçibəy və Xalq Cəbhəsi qüvvələri koalisiyasının cəmi bir illik ömür sürmüş demokratik hökumətin əhəmiyyəti daha artıb: Azərbaycan bir daha dünyaya sübut etdi ki, təkcə Türkiyədə deyil, başqa bir müsəlman ölkəsində də demokratik, qanunlara əsaslanan, plüralist, dünyəvi dövlət qurulması mümkündür. Mən öz çıxışıma “demokrat” sözünün bu gün xeyli nüfuzdan düşdüyünü bildirməklə başlamışdım. Ancaq Əbülfəz Elçibəy bu sözü hər dəfə işlədəndə, buna böyük məna verir və ona ciddiyyətlə yanaşırdı. Çünki o, əsl demokrat idi və demokratiyanı şüurlu şəkildə olmaqla yanaşı, həm də ürəkdən, bütün varlığı ilə sevirdi. vahidqazi.wordpress
Posted on: Mon, 24 Jun 2013 08:43:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015