--Məşhur riyaziyyatçı alim, Akademik Zahid Xəlilovun əziz - TopicsExpress



          

--Məşhur riyaziyyatçı alim, Akademik Zahid Xəlilovun əziz xatirəsinə-- İSTINAD NÖQTƏSİ və ya ZIYALI olmaq istəyənlərə örnək olan İNSAN. Ziyalı-aydın, işıqlı anlamına gəlir. Bu söz həm də cəmiyyət üçün yüksək dəyərlər sahibi, elmli, əxlaqi dəyərlər baxımından kübar insan mənasını ehtiva edir. Çağdaş zəmanəmizdə təhsilin, elmin, ziyalılığın kifayət qədər öz yüksək statusunu itirdiyindən təəssüf ki, danışır və etiraf edirik. Əxlaqın, mənəviyyat və mədəniyyətin tərəqqiyə aparan yolun açarı olduğunu sübutlamağa heç ehtiyac da yoxdur. Türk toplumu hər zaman fiziki gücündən əvvəl əxlaqi dəyərləri ilə öyünüb, ona güvənib. Türk dünyasının mənən ayrılmaz hissəsi olan Borçalı eli də bu dəyərlər sisteminə sadiq qalaraq özünəməxsus mədəniyyət, folklor, məişət ənənələri formalaşdırmaqla tərkib hissəsi olduğu bəşəriyyətə əvəzsiz töhfələr vermişdir. Bu töhfələrdən biri də XX əsr nəinki Borçalı, bütövlükdə türk dünyası və bəşəriyyət üçün əvəzsiz dəyər olan akademik Zahid Xəlilovdur. Zahid Xəlilovun əxlaqi mənəvi dünyası, elmi zəkası, ziyalılığı ziyalı olmaq istəyənlərə örnək sayıla biləcək, tənəzzüldə olan təhsil və elmimizin dirçəlməsi üçün ciddi istinad nöqtəsidir. Düşündük ki, dünyamızı sanki xaosun bürüdüyü bir durumda elmə, elm fədaisinin ruhuna, onun irsinə müraciət etmək bu mürəkkəb labirintdən qurtulmaq üçün heç olmasa dəryada damla ola bilərmi?! Düşündük və güman ki, düz olanı tapdıq. Zahid Xəlilovun timsalında gerçək ziyalı işığına tapınmaq, onun irsini öyrənmək, onun əvəzsiz əsərlərini yenidən nəşr etdirmək, onun ruhunun himayəsinə sığınmaq, onu anmaq və dərk etmək nəticəsində mürəkkəb labirintdə nəinki dəryada damla, tam mənada dəryanın özü yarana bilər. Odur ki, çətin, məsuliyyətli və şərəfli bir işə imza atdıq: - “Zahid Xəlilovun 100 illiyini yüksək səviyyədə təşkil edək, öz dəyərlərimizə sahiblənək, onu göz bəbəyi kimi qoruyaq, gənc nəslə - “Sən elmlə, mənəviyyat və mədəniyyətlə tərəqqi edəcəksən! Allaha tapınma yolu budur, ona sahiblən!” nidası ilə stimul verəcək, onu elmə təşviq edəcək və Vahid, Güclü, Demokratik Azərbaycan qurulacağına töhfə vermiş olacağıq.” Xatırlatmağı özümə borc bilirəm ki, Zahid Xəlilovun ruhuna müraciət etməyimizin əsas təşəbbüskarlarından biri dəyərli ziyalı, eloğlu, mərhum professor Vəli Musayev olmuşdur. Ruhu şad olsun! El ağsaqqalı professor Camal Mustafayev xeyir-duasını verdi. Allah razı olsun! Geniş təbəqə tərəfindən istifadəsinin mümkünlüyünü nəzərə alaraq Zahid Xəlilovun 1954-cü ildə çap olunmuş “Dairənin kvadraturası” və 1955-ci ildə çap olunmuş “İnsanlar indiki riyaziyyata necə gəlib çatmışlar” kitablarının və “Azərbaycanda riyaziyyat elminin inkişafı” məqaləsinin təkrar nəşr olunmasını vacib hesab etdik və bunu həyata keçirdik. Nəfis tərtibatlı İSTİNAD NÖQTƏSİ kitabını nəşr etdirdik. Kitabda akademik Z.Xəlilov haqqında xatirələr və alimin həyatının bəzi anlarını əks etdirən fotosessiya bölməsi də özünə yer tapmışdır. AMEA-nın üzvü Cəlal Allahverdiyev, professorlar Hidayət Nuruyev, Hidayət Hüseynov, Hüseyn Artıkoğlu, Ələddin Hüseynov, Hamlet Isaxanlı, Məmməd Bayramoğlu, Əkbər Əliyev, Bala İskəndərli, AMEA-nın üzvü Ramiz Məmmədov, t.e.n, dosent Əhməd Məmmədli bu ideyanın gerçəkləşməsində öz mənəvi dəstəklərini əsirgəməmişlər. Əhməd Məmmədliyə hər iki kitabın əvəzssiz olaraq yenidən yığılması və redaktəsi, Ramiz Məmmədova isə kitabı nəşrə hazır vəziyyətə gətirdiyi, Hüseyn Artıkoğluna kitabın çap olunmasına göstərdikləri yardıma görə təşəkkür edirik. Sağlığında Zahid Xəlilov kimi böyük insanların qulluğunda durmaq şərəf işidirsə, ölümündən sonra onun Ruhunun qulluğunda durmaq Allah yolunda olanların işidir. Ruhun şad olsun, böyük alim, böyük insan! Hər ilin sonu- dekabr ayının 25-də Gürcüstan Türklərinin Həmrəylik Gecəsi tədbirində Zahid Xəlilov mükafatının - Türklüyə Xidmət Ödülünün təqdimat mərasimi həyata keçiririk. Bu il də bu təntənə yaşanacaqdır. Bir şey unudulmamalıdır - ELMSİZ CƏMİYYƏT MƏHVƏ MƏHKUMDUR. Yüksək əyyarlı təhsilli və elmli Azərbaycan arzusu ilə....
Posted on: Fri, 08 Nov 2013 18:45:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015