Aslan Quliyev Son vaxtlar qəribə bir tendensiya - TopicsExpress



          

Aslan Quliyev Son vaxtlar qəribə bir tendensiya formalaşır, gündəmdə qalmaq istəyənlər, hansı yollasa özünü gözə soxmaq istəyənlər xalqı aşağılayır, onun adətlərini, ənənələrini, mentalitetini lağa qoyur, bu xalqın dərdlərini, faciəsini dilə gətirənləri, vətənini, onun musiqisini, tarixini, mədəni və tarixi irsini sevənləri az qala dünyanın ən geridə qalmış adamları kimi qələmə verirlər. Günel Mövlud erməni jurnalistinə intervü verdi, düzdü, buna görə onu qınayanlar oldu, amma bunun elə bir əhəmiyyəti yoxdu. Kimə intervü vermək onun öz işi. Əhəmiyəytli olan isə intervüdə həqiqəti gizlətmək, məhz erməninin istədiyi kimi intervü verməkdir. Torpaqlarından didərgin düşdüyünü deyir, amma onu bu torpaqlardan kimlərin didərgin saldığını gizlədir. Heç adını da tutmur. Niyə? Özgə planetdən gələnlərmi gəlib Güneli öz torpağından qovdular, o da başını götürüb qaçdı, qaça-qaça gedib Almaniyaya çıxdı? Mən bu qızın bir yazısını, - ona parkda milislər pivə içməyə imkan verməmişdilər, - oxuyandan sonra onun heç bir yazısını ciddiyə almamağa qərar vermişdim. Guya dünyanın hansısa bir ölkəsində, lap elə Almaniyada insanlara parklarda pivə, araq içməyə icazə verirmişlər? Adamlar əllərində pivə, araq şüşələri parklarda, küçələrdə gəzərək pivə, araq içirmişlər? Geridə qalmış azərbaycanlılar, xüsusi ilə də lap geridə qalmış polislər isə ona deyiblər, ay qız, pivə içmək istəyirsən get, evində iç, restoranda iç. Dünya şöhrətli yazarın da möhkəmdən möhkəmə xətrinə dəymişdi! Mən əslində onun savadsız, qeyri-ciddi yazılarıyla nəyə görə azərbaycanlılara – kişisinə də, qadınına da həqarətlər yağdırmasının, Azərbaycan qızlarının həyalı, kişilərinin namuslu olmasının onu qəzəbləndirməsinin səbəbini bilirdim. Bu yaxınlarda feysdə onun: «Mən Qafqazı ölkələrə bölmürəm, mənim üçün Gurcustan da, Azərbaycan da, Ermənistan da eyni dərəcədə doğmadır...» statusunu oxuyanda yanılmadığıma əmin oldum. Səni yurdundan-yuvandan didərgin qoyanlar, evinə-eşiyinə, illərlə özünün və yaxınlarının qazandıqlarına, torpaqlarına sahib çıxanlar, yaxınlarını amansız işkəncələrlə öldürənlər sənə öz vətənin qədər doğma ola? Bax, nə qədər pərdələməyə çalışsa da, onun nifrətinin, qəzəbinin kökü burdadır, bundandır! Məni bəzi mətləblərə reaksiya verməyə məcbur eləyən isə xanımın ərinin, Hacı Hacıyevin yazısı oldu. Adam gedib Almaniyaya və ordan bizə səslənir. «Siz Ankara və ya İstanbulun mərkəzində erməni qətliamına, Yelisey çölündə Ruanda soyqırımına abidə görə bilməzsiniz». Məlum işdir, eyni mərkəz diqtə eləyir, eyni əl yazır. Nəyə görə də görməliymişik İstanbulun və ya Ankaranın mərkəzində erməni qətliamı abidəsini? Bu adamdan yalnız bir məsələyə aydınlıq gətirməsini istəyərdim, əyər belə bir qətliam olubsa, onda nəyə görə elə həmən illərdə Türkiyə ilə müharibə aparan Rusiyanın rus hərbi tribunalları müsəlman əhalisinə, xüsusi ilə də qadınlara, qocalara, uşaqlara amansızcasına divan tutan, onları vəhşicəsinə öldürən, zorlayan erməniləri mühakimə eləyib cəzalandırırdı? Bəs Yerevanda necə, Xocalı qətliamının abidəsini görmək olarmı? Bu qətliam fotolaşsa da, videolaşsa da, şahidləri hələ sağ olsalar da, ermənilər bunu etiraf eləmək istəmirlər, bəs sən niyə etiraf eləmirsən? Yoxsa olmayıb belə qətliam? Olubsa, niyə adını tutmursan? Həmkarın Əkrəm də elə beləcə boğazının damarlarını şişirdir: Onlar istəyirlər ki, əgər erməni haqqında iki xoş söz deyirəmsə, üçünü də azərbaycanlı haqda deyim. Mənim işim-gücüm yoxdu ki, rəy balansı saxlayım”. Bu nə iddia. Bu nə kin-kudurət?! Niyə deməyəsən, niyə saxlamayasan? Dərdin nədir? Sənin işinin-güçünün adı nədir, sən deməyəndən sonra kim deyəcək? Ağlın kəsdi və özünə söz verdin, ancaq ermənilər haqda xoş sözlər deyəcəyəm, eləmi? Dedin, dedin, heç olmaya həqiqəti de də. Mən sadəcə olaraq rus məmurlarının Tiflisdəki baş idarəyə verdikləri arayışdan qısa bir nümunə gətirəcəyəm: «1918-1920-ci illərdə Naxçıvanda ermənilər 22179 nəfəri öldürüb, 451 evi dağıdıblar, 2286 evi, 38 məscidi yandırıblar, 121935 qoyunu, 33232 baş iri buynuzlu mal-qaranı, 3.947000 pot (bir kq-ya yaxın) ərzağı, 101473 pot pambığı isə aparıblar». Həm də öldürünlərin adı, soyadı, hansı kəndlərdən olduqları da o sənədlərdə öz əksini tapıb. Burda artıq sözə ehtiyac yoxdur, rəqəmlər hər şeyi deyir və bu vur-tut il yarımın nəticələridir! Daha sonra Hacıyev bizə xatırladır. «Bəlkə biz ziyalımızı, fikir tariximizin ən möhtəşəm adamını, milli teatrmızın banisini - Axundovu mollalara itaət etmədiyinə görə lənətləyən, öləndə onu basdırmaqdan imtina edən xalq deyilik? Bəlkə Sabiri acından öldürən, Mirzə Cəlili sağlığında daşa və palçığa tutan, 1937-də soydaşlarımızdan kütləvi donos yazan, ilk ciddi aktyormuzu güllələyən xalq deyilik?» Soruşuram, bu xalq Axundova, ya Mirzə Cəlilə neylədi? Bəs bu adamlar Avropada yaşasaydı onların aqibəti necə olardı? Avropa xalqları, kilsələri onları bağrına basar, başlarının üstündəmi saxlardılar? Əsla! Avropa düz 656 il, 1834-cü ilə kimi inkvizasiya ordularının əsarəti altda inlədi. İnkvizasiya ağla gəlməyən işkəncələr içində kilsə ilə baxışları düz gəlməyən milyonlarla insanların həyatına son qoydu. Münasibət, aclıqdan öldürmək filan nədir?! Elm adamlarının, dünyəvi baxışlı insanların bədəninə mıx vurur, müxtəlif orqanlarını məngənədə sıxır, xüsusi mexanizmlər vasitəsi ilə müxtəlif tərəflərə dartır, adi iki tərəfli mişarla insanı eninə və uzununa mişarlayır, quyulara doldurur, tonqallarda diri-diri yandırırdılar. Azərbaycanda dini baxışlarına görə bir kimsəyə belə amansızcasına divan tutulubmu? Bəs Kopernikə əzab verən, Cordono Brunonu tonqalda yandıran, Qaliloye Qalileyi qoca yaşında belə mühakimə eləyən xalq kimdir? İyirminci əsrdə, Mirzə Cəlildən çox sonra ingilis yazıçısı, Nobel mükafatçısı Qalsuorsini kilsə dəfn eləməkdən imtina elədi və vəsiyyətinə görə onu yandırıb külünü yol kənarındakı təpələrə səpdilər. Hər xalqın tarixində bu kimi hadisələr olub, bunu bunca şişirtməyə dəyərmi? 37-ci ildə hansı xalqda danos yazanlar olmadı? Ermənilərdə, gürcülərdə, ruslarda? Bu nə gülünc ittihamdır?! Bu kimi təbliğatların nəticəsində bir qisim antiyazarlar peyda olub, millətdə nə varsa hamısına lağ eləyirlər, ən çox qəzəbə də aftafalar gəlir. Adam sənin babaların taxtadan yer düzəldib, çala qazaraq ehtiyacları üçün ora gedəndə, yanlarını aftafa ilə yuyanda, tərifli avropalılar küçənin ortasındaca işlərini görür, yuyunub eləmədən çıxıb gedirdilər. XV-XVI əsrlərdə avropalılar il ərzində ancaq bir, uzağı iki dəfə yuyunurdular. Xristian vaizlər adamlara cır-cındır içində gəzməyi və heç vaxt yuyunmamağı əmr eləyir, bununla da mənəvi təmizliyə nail olmağın mümkünlüyünə əmin eləyirdilər. Bədən yuyularsa, xaç suyuna çəkilmə vaxtı bədənlərinə dəyən xaç suyunun yuyulacağından ehtiyat eləyirdilər. XV əsrdəki tibbi əsərdə xəbərdarlıq eləyirdilər: «Su vannaları bədəni qızdırır, lakin orqanizmi zəiflədir və damarları genişləndirir. Buna görə də insanı xəstələndirir və hətta öldürə bilər» Belə bir mühüm xəbərdarlığı oxuyandan sonra kim canından bezib çimmək, vannaya girmək istəyərdi? İş nə yerə çatmışdı hətta XIX əsrdə doktor F.E.Bilts adamları yuyunmaq üçün dilə tuturdu: «Elə adamlar var ki, çayda və ya hamamda çimməyə cəsarət eləmirlər, çünki uşaqlıqdan suya girməyiblər. Bu qorxunun heç bir əsası yoxdur». Yazırdı ki, beş, ya altı vannadan sonra suya girməyə alışmaq olar, amma doktora qulaq asan yox idi. «Üzü yumaq qəti olmaz, - XVI əsrdə avropalı təbiblər yazırdılar, - çünki bu iltihab və ya görmənin pisləşməsi ilə nəticələnə bilər». XVII əsdə (Manuel de civilite. 1782.) çap olunan ədəb qaydalarında rəsmi olaraq su ilə yuyunma qadağan edilir, «çünki bu qışda dərini soyuğa qarşı çox həssas eləyir, yayda da istiyə». Çirkli avropalıları bit və birə yeyirdi, buna görə də çoxları başlarını daz qırxdırır və parik geyirdilər. Bu pariklərə içəri tətəfdən birələri və bitləri qırmaq üçün qanda isladılmış xəz dəri yapışdırırdılar. Parikin bunca məşhur olmasının bir səbəbi də siflislə əlaqədər olaraq dazlaşmanı gizlətmək üçün istifadə olunmasıdır. Avropalılar ayaqyolu ehtiyaclarını harda gəldi ödəyirdilər. Məsələn, Luvrda bütün həyət, hər bir xiyaban sakinlərin və hər həftə gələnlərin minlərlə nəcis qalağı ilə dolu olurdu. Hətta pilləkənlərdə, balkon və dəhlizlərdə belə çölə çıxırdılar. Əsilzadələr mütəmadi olaraq Luvrı tərk eləyirdilər ki, sarayı təmizləsinlər və mümkün olduğu qədəriylə havasını dəyişsinlər. Parisin çoxmərtəbəli binalarında yaşayanlar ləyənlərdə çölə çıxır, ləyənlərin çirkabını pəncərədən küçəyə atırdılar, çox vaxt da bu çirkabr küçədən keçənlərin başlarına tökülürdü. Buna görə də avropalılar kənarları enli olan şlyapalar geyirdilər, başlarına çirkab töküləndə şlyapanı çıxardıb çırpır və geyib yollarına davam eləyirdilər. Paris sakinlərinə nəcis və digər ifrazatları pəncərədən çölə atmağa icazə verirdilər, lakin əvvəlcə üç dəfə «Özünüzü gözləyin» qışqırmalıydılar. Küçələrə o qədər nəcis qalaqlanırdı ki, keçib getmək olmurdu. Məhz buna görə də indi yuxarıda xatırlatdığım yazarların yaşadıqları alman şəhərlərində xüsusi ayaqqabılar geyirdilər və bu ayaqqabılar olmadan küçələrdən keçib getmək mümkün deyildi. Hətta avropalılar nəhayət ayaqyolu tikməyin vacib olduğunu başa düşəndə belə çala qazmaqdansa, evlərinin xarici divarlarında tunelə oxşar bir oyuq tikir, burdan bütün ifrazatlarını gəlib-gedənlərin başına tökürdülər. Fransız kralı Lüdovik deyirdi: «Əsl fransız həyatında iki dəfə yuyunmalıdılar: anadan olanda və öləndə». İspaniya şahzadəsi İzabella Kastilskaya bütün həyatı boyu iki dəfə – anadan olanda və toyunda yuyunduğunu etiraf eləyirdi. Bəzi tarixçilər heyrətlənirdilər, nəyə görə Saleh-ad-Dinin döyüşçüləri belə asanlıqla xristian əskərlərin düşərgələrinin yerini tapırdı. Cavabını tezliklə tapdılar. Qoxularına görə. Avropa əskərlərinin qoxuları kilometrlərlə ətrafa yayılardı. Yuyunmamaq və natəmizlik də Avropaya baha başa gəldi: XIV əsrdə taundan, «qara ölüm»dən Fransa öz əhalisinin yarıdan çoxunu, İngiltərə və İtaliya isə yarıya qədərini itirdi. O illərdə Avropada tibbi üsullar xüsusi ilə də cərrahiyyədə primitiv və qorxunc idi. Gməliyyat vaxtı «ağrıkəsici vasitədən», - ağır taxta çəkicdən istifadə eləyirdilər, xəstənin başına birini vururdular, xəstə huşunu itirirdi, həkimlər də işlərini arxayın görürdülər. Xəstənin belə keyləşdiricidən sonra ayılmağı uzun çəkirdi, bəzən də heç ayılmırdı. Yaraları qızardılmış dəmirlə dağlayır, ya da üzərinə qaynar yağ, qətran tökürdülər. Babasili olanların sözün əsl mənasında «bəxti» gətirirdi. Orta əsrlərdə Avropada babasili pul kimi qıpqırmızı olmuş dəmirlə dağlayırdılar. Bu o deməkdi ki – adamın arxasına hələ də alovlanan qızıb pul kimi olmuş dəmiri soxurdular və vəssəlam, xoş getdin. Adamım babasili tərtəmiz sağalırdı! Meyitlərdən və üyüdülmüş sümüklərdən hazırlanan dərman geniş yayılmışdı. Qarman belə «İlahi su»yun reseptini də verir: həyatında sağlam olduğu ilə tanınan, lakin zorla öldürülən adamın meyitini götürür, ətini və sümüklərini xırda-xırda doğrayır, bütün bunları qarışdırır, xüsusi qazanlarda maye halına salırdılar. Məhz avstriyalılar minlərlə türk əsirlərini öldürərək bu cür dərmanlar hazırlamışdılar. İndi Avropada bunları xatırlayan, xüsusi ilə də buna görə xəcalət çəkən varmı? Tamam başqa məsələ ki, son yüz-yüz əlli ildə avropalının hardan-hara gəldiyi bir örnək və biz mütləq bundan nümunə götürməliyik. Xalqımızı aşağılamaqla, kiçiltməklə yox! Erməni klsəsi bu gün xalqının tarixini, mədəniyyətini, irsini yayan, təbliğ eləyən kitablar çap elətdirirsə, imkansız uşaqları dünyanın qabaqcıl məktəblərində oxutdurursa, ucqar dağ kəndlərində işləyən müəllimlərə əlavə maaş verirsə, bizim mollalar isə xurmayı saqqallarına tumar verib, hələ də baş-gözlərinə döyüb ağlamağı, ələm uçurtmağı təbliğ eləyib pul yığırsa, siğələrin, təsbeh fırlamağın, gündə on, yüz min dəfə salavat çevirməyin vacibliyini vurğulayırsa, dünyəvi işlər görməyə çağırmırsa və buna nümunə göstərmirsə, bu pisdir, çox pisdir! Bir kimsə də buna haqq qazandıra bilməz! Biz bir ziyalı kimi buna qarşı mübarizə aparmalı, gücümüzü birləşdirməliyik. Savadsız, qərəzli yazılar yazıb öz xalqımızı endirməklə yox, əlindən tutub ayağa qaldırmaqla məşğul olmalıyıq. Hacı Hacıyev almanlardan ağız dolusu yazır, guya hər şey keçmişdə qalıb, almanlar genosidə abidə ucaldıblar, öz səhvlərini başa düşüblər. Eləmi? Onda minlərlə insanlardan ibarət olan faşist marşları nə olan şeydir, bəs onda Hitleri qəhrəmanları kimi görən almanlar, onun ideyasını həyata keçirmək üçün mübarizə aparan, yəhudiləri qıran əcdadları ilə fəxr eləyən almanlar harda yaşayırlar? Türkləri öldürən, onları evlərində diri-diri yandıran almanlardamı yoxdular? Sənin bəyənmədiyin azərbaycanlılar dininə, ya millətinə görə kiminsə evini yandırardılarmı? Yuxarıda Günel Mövludun statusunu misal gətirdim, onu bəyənənlər də çox idi. Günellərin, əkrəmlərin əkdiyi toxumlar artıq cücərtilərini verir, amma mənim üçün maraqlı olan buna görə Güneli qınayanlara onu müdafiə eləyən birisinin verdiyi cavab oldu. «Günel ona görə belə deyib ki, Ermənistan da Azərbaycan torpaqlarıdır”. Bu qədər də yox! Əkrəmi müdafiə eləyənlər də elə beləcə deyirdilər, o xalqları barışdırmaq üçün yazıb, sülh üçün yazıb. Barışdıqmı? Sülh oldumu? Olmadı! İndi üstümüzə gələnlər Əkrəmin yazdıqlarını əllərində bayraq eləyərək gəlirlər. Əkrəmin də, onu müdafiə eləyənlərin də yazdıqlarından ancaq və ancaq riyakarlıq küləkləri əsir. Sözüm cavanlaradır. Bəzi nadanların, satqınların yazdıqlarına əsla əhəmiyyət verməyin. Vətəninizə də sevin, xalqınızı da, torpağınızı da! Bu vətən, xalq sizindir! Yaxşıdır, pisdir, nədir, cizindir, siz sahib çıxmalısınız!
Posted on: Mon, 25 Nov 2013 18:37:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015