ÖN SÖZ Ümumi mənada “imamət” və “rəhbərlik”, - TopicsExpress



          

ÖN SÖZ Ümumi mənada “imamət” və “rəhbərlik”, xüsusi mənada isə İslam peyğəmbərinin canişinlik məsələsi tarixdə yüksək əhəmiyyət daşıyan teoloji-təfsiri bəhslərdəndir və heç bir mövzu haqda bu qədər söz açılmamışdır. Təəssüf ki, bəzən bu mövzu çərçivədən çıxaraq qanlı müharibə meydanına çevrilmişdir. Bəzi teoloqların dediyi kimi, vilayət və imamətlə bağlı qılınc çəkildiyi qədər İslamda qılınc çəkilməmişdir! Məhz bu səbəbdən də ən çox İslamın köklü əqidə üsullarından olan bu məsələ barədə yazılmış və mövzu bütün incəliklərilə maraqlananların ixtiyarına verilmişdir. Əlbəttə, burada məntiqsiz, ixtilaf törədən və yersiz təəssübkeşlikdən doğan fikirlərə də təsadüf olunur. Bu mühüm və həssas məsələ ilə bağlı vəzifələrimiz aşağıdakılardan ibarətdir: 1. Məntiqsiz və təəssüb doğuran bəhslərdən uzaq olub, Allahın kitabına, qəti sünnə[1] və əqli sübutlara istinadən onları tərtib etmək; 2. İmamətin əsasları ilə məsum imamların ilahi mənsəbindən sayılan vilayət və rəhbərliyi uyğunlaşdırmaq; 3. Bu məsələni Quran baxımından araşdırıb, imamətlə bağlı ayələri dəqiq təfsir etmək. Bəzi tədqiqatçıların dediyi kimi, imamət haqda fikirlər yenicə yaranmamışdır və İslam aləmində peyğəmbərliyin davamı olan ümmətə rəhbərlik, İslamın taleyi ilə əlaqədar köklü bir məsələdir.[2] Biz hər şeydən öncə varlıq aləminə, daha sonra bəşəriyyətə rəhbərlik məsələsini, sonra məsum imamların rəhbərliyini və nəhayət, naiblərin hökumət və rəhbərliyini araşdıracağıq. Bütün bunlardan öncə bir neçə məsələni nəzərdən keçirmək zəruridir. İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR? Qeyd etmək lazımdır ki, imamətin tərifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, imamət dinin əsası və etiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır. Məlum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli təriflər vermişlər. Məsələn: Əhli-sünnə alimlərindən biri imamətə belə tərif verir: اَلْاِمامةُ رِئاسَةٌ عامَّةٌ فِيِ اُموُرِ الدّيِنِ وَالدُّنْيا، خَلافَة عَنِ النّبِي (ص) “İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!”[3] Bu tərifə əsasən, imamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada “imam” xalq tərəfindən seçilməlidir. Başqa bir tərifdə deyilir: “İmamət müəyyən bir şəxsin şəri hökmlərə nəzarəti və dində İslam peyğəmbərinə (s) canişinlikdən ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!”[4] Bu tərifin birinci təriflə əsaslı fərqi yoxdur və hər iki tərif eyni məfhumu ehtiva edir. İbn Xəldun tarixlə əlaqəli “Müqəddimə” adlı kitabında bu tərifi qeyd etmişdir. Şeyx Müfid “Əvailul-məqalat” kitabının “ismət”[5] bölümündə belə yazır: اِنَّ الاَئِمَّةَ القائِمِينَ مَقامَ الْاَنْبِياء فِى تَنْفِيذِ الْاَحْكامِ وَ اِقامَةِ الحُدوُدِ وَحِفْظِ الشَرايِع وَتأديبِ الاَنامِ مَعْصوُموُن كَعِصْمَةِ الاَنْبِياء “Peyğəmbərin (s) canişini olan imamlar hədd[6], hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) məsumdurlar!”[7] Əhli-beyt (ə) ardıcıllarının əqidəsinə uyğun bu tərifə əsasən, imamət xalqa rəyasət və rəhbərlikdən də yüksək məqamdır. İmamlar peyğəmbərlərin (vəhyi istisna etməklə) bütün spesifik xüsusiyyətlərinə malikdirlər. Buna görə də “ismət” sifəti (günah və xətalardan paklıq) imamlara da aiddir. “Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından imamətə belə tərif verilir: “İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.”[8] Bu tərifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır! *** İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN? Öncə qeyd edildiyi kimi, bu sualın cavabı bizə aydındır. Amma müxtəlif nəzəriyyələr də mövcuddur. Əhli-sünnənin məşhur alimi və “Nəhcül-həqq”[9] kitabının müəllifi Fəzl ibn Ruzbehan yazır: “Əşərilərin baxışında imamət dinin əsası və etiqadi məsələlərdən yox, mükəlləfin əməli ilə bağlı fürui-dindəndir!”[10] Bu məsələdə əhli-sünnənin digər firqələri ilə əşərilik arasında heç bir fərq yoxdur. Çünki onların hamısı imaməti əməli yöndə xalqa tapşırılan vəzifələrdən bilirlər. Yalnız Əhli-beyt (ə) məktəbinin ardıcılları olan şiələr, eləcə də, Qazi Beyzavi və onun bir qrup ardıcılı imaməti dinin əsaslarından hesab edirlər.[11] Bunun səbəbi aydındır. İmamət Allah tərəfindən müəyyənləşmiş ilahi mənsəb və məqam olduğundan onun təyini yalnız Allaha aiddir. Şəriətin əsasını qoyan Peyğəmbərə (s) inam zəruri olduğu kimi, imamlara da inam labüddür. Lakin bu o demək deyil ki, imamiyyə şiələri bu fikirlə müxalif olanları kafir adlandırırlar. Əksinə, onlar sair müsəlman firqələrini müsəlman bilir və bu əqidəni qəbul etməsələr də onlara müsəlman qardaş kimi baxırlar. Məhz bu səbəbdən şiələr dini etiqadı iki hissəyə bölmüşlər: 1) Dinin əsasları – tövhid, nübüvvət və məad; 2) Məzhəb əsasları – ilahi ədalət və imamət. Bu araşdırmanı İmam Rizanın (ə) bir buyuruğu ilə sona yetiririk: اِنَّ الْاِمامَةَ زَمامُ الدِّينِ وَنِظامُ المُسلِمِينَ وَصَلاحُ الدُّنْيا وَعِزُّالمؤُمِنِينَ، اِنَّ الْاِمامَةَ اُسُُّ الْاِسْلامِ النّامِى وَفَرْعُهُ السّامِى، بِالْاِمامِ تَمامُ الصَّلاة وَالزَّكات وَالصِّيام وَالحَجّ وَالجَهاد وَتَوْفيرُ الفَيئ وَالصَّدَقات وَاِمْضاءُالْحُدوُد وَالْاَحْكام، وَمَنْعُ الثُّغوُر وَالْاَطْراف، اَلاِمامُ يَحِلُّ حَلالَ الله، وَيَحْرُمُ حَرامَ الله، وَيُقِيمُ حُدوُد الله، وَيَذُبُّ عَنْ دِينِ الله، وَيَدْعُو اِلی سَبِيلِ رَبِّهِ بِالحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَالْحُجَّةِ الْبالِغَةِ “İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı və möminlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytül-mal (ümumi əmlak) və sədəqə (yoxsullara kömək) çoxalır, qanun və hökmlər icra olunur, İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru dəvət edir!” *** İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI? İslam peyğəmbərindən sonra canişinlik məsələsi ilə bağlı mübahisə yarananda bir qrup Peyğəmbərin (s) özünə canişin təyin etmədiyini və bu işi ümmətin öz öhdəsinə qoyduğunu iddia etdi. Dedilər ki, ümmət bir yerə toplaşıb, öz aralarından bir nəfəri rəhbər seçməlidir. Həmin şəxs hökuməti idarə etməli, xalqın nümayəndəsi olaraq rəhbərlik vəzifəsini yerinə yetirməlidir. Hərçənd, İslam tarixində belə bir seçki əsla baş vermədi. Xəlifəliklə bağlı ilk mərhələ yalnız səhabədən təşkil olunan kiçik bir dəstənin təyini, ikinci mərhələ səsvermə, üçüncü mərhələ isə altı nəfərdən ibarət bir şura vasitəsilə başa çatdı. Bu növ təfəkkür tərzinin tərəfdarları “əhli-sünnə” adlanırlar. Bu fikrə müxalif qrupun əqidəsincə, Peyğəmbərin (s) canişini Allah tərəfindən təyin olunmalıdır. Çünki o, ümmətin maddi və mənəvi rəhbərliyini öhdəsinə götürmək, İslamın əsaslarını qorumaq, dini yaşatmaq, şəri hökm və Quranın incəliklərini şərh etmək üçün Peyğəmbər (s) kimi yüksək elmə malik olmalı, günah və xətaya yol verməməlidir. Bu qrup “imamiyyə”, yaxud “şiə” adlanır. Bu ad Peyğəmbərdən (s) nəql olunan hədislərdən götürülmüşdür. Belə ki, əhli-sünnənin məşhur mənbələrindən sayılan “Əd-durrul-mənsur” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “Biz Peyğəmbərin (s) yanında idik. Bu zaman Əlinin (ə) bizə tərəf gəldiyini gördük. Peyğəmbər (s) buyurdu: ...اِنَّ هذا وَ شِيعَتَهُ لَهُم الْفائِزُونَ يَوْمَ الْقِيامَةِ “O və onun şiələri qiyamət günü nicat tapacaqlar.” Bu məqamda “İnnəl-ləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh” («Həqiqətən, iman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır») ayəsi nazil oldu.”[12] Hicri-qəməri 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Nişapuri “Şəvahidut-tənzil” kitabında Peyğəmbəri-əkrəmdən (s) müxtəlif sənədlərlə bu məzmunu ifadə edən iyirmidən artıq rəvayət nəql etmişdir. O cümlədən, İbn Abbasdan belə nəql olunur: “Həqiqətən, iman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır!” ayəsi nazil olanda, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu: هُوَ اَنْتَ وَ شيعَتَكَ... “Bu ayədə məqsəd sən və sənin şiələrindir!”[13] Başqa bir hədisdə Əbu Bərzədən nəql olunur ki, Peyğəmbəri-əkrəm (s) bu ayəni tilavət etdikdən sonra buyurdu: هُمْ اَنْتَ وَ شيعَتَكَ يا عَلِىّ “Ya Əli! Onlar sən və şiələrindir!”[14] Bu hədis əhli-sünnə İbn Həcərin “Əs-səvaiq” və Məhəmməd Şəbləncinin “Nurul-əbsar” kimi mötəbər kitablarında da qeyd olunmuşdur.[15] Bu rəvayətlərə əsasən, imam Əlinin (ə) tərəfdarları və ardıcıllarının adını Peyğəmbəri-əkrəmin (s) özü təyin etmişdir. Bəzilərinin bu ad və ünvandan narahat olub onu pis yad etməsi, “ş” hərfi ilə “şər”, eləcə də, “ş” hərfi ilə başlanan digər pis sözlər kimi nəzərdə tutması təəccüblü deyilmi?! Doğrusu, həmişə məntiqi dəlillər üzərində hərəkət etməyə cəhd göstərən bir tədqiqatçının belə sözlər deməsi maraqlıdır! Halbuki hər bir sözün hərflərini asanlıqla pis və ya yaxşı mənalarda yozmaq olar. Ümumiyyətlə, şiəliyin yaranışı İslam peyğəmbərinin vəfatından sonraya yox, elə o həzrətin öz zamanına təsadüf edir. Peyğəmbər (s) bu adı imam Əlinin (ə) dostları və ardıcıllarına aid etmişdir. İslam peyğəmbərini Allahın rəsulu kimi tanıyanlar yaxşı bilirlər ki, (Quran ayəsinə əsasən,) o həzrət nəfsani hisslər əsasında danışmır, bütün dedikləri vəhydən qaynaqlanır. Əgər o həzrət “Ya Əli, sən və ardıcılların qiyamət günü nicat tapanlardansınız”, – deyə buyurmuşsa, demək, bu əsl həqiqətdir. *** QURAN VƏ LÜĞƏTDƏ İMAM SÖZÜ Lüğət alimlərinin qeyd etdikləri kimi, “imam” sözü feldən əmələ gələn mücərrəd isimdir və insanın diqqət mərkəzində saxladığı, ardınca düşərək tələb etdiyi hər bir şeyə aid edilir. Bu söz müxtəlif yerlərdə ayrı-ayrı mənaları ifadə edir. Məsələn, bəzən “imam cümə”, ”imam camaat”, “hidayət imamı”, bəzən də “zəlalət imamı” kimi müəyyən mənalar nəzərdə tutulur.[16] Bu söz əslində “niyyət etmək” mənasını daşıyan “əmm” sözündən götürülmüşdür. “Məqayisul-lüğət” kitabında yazılır: “Ümm” əsl, mərcə, camaat və din mənalarını bildirir, iqtida olunan və hər bir işdə qabaqcıl şəxsə “imam” deyilir. “İmam” sözü “ön” mənasında da işlədilmişdir.” “Lisanul-ərəb” kitabında “imam” sözünün bir çox mənaları qeyd edilmişdir. O cümlədən, qabaqcıl, müəllim, evin bünövrəsini qurmaq üçün istifadə olunan ip (vəsait), yol, hər bir şeyin ön hissəsi və s. Lakin belə nəzərə çarpır ki, “Ət-təhqiq” kitabının müəllifinin yazdığı kimi, bütün bu mənaların batinində müəyyən məqsədlə niyyət etmək mənası var. Hətta ərəb dilində anaya “ümm” deyilməsinin səbəbi hər bir şeyin əsas və kökünün “ümm” adlanmasıdır. Həm də o, insanın məqsəd və diqqət mərkəzindədir. Həmçinin iqtida olunan şəxs mənasında imam o kəslərə deyilir ki, camaat xüsusi meyl və məqsədlə onlara üz tutur. Bunu da deməliyik ki, Qurani-kərimdə bu söz və onun cəm forması olan “əimmə” sözü düz on iki dəfə – yeddi dəfə tək, beş dəfə isə cəm halda işlədilmişdir. Qurani-kərimin ayələrindən birində bu söz “lövhi-məhfuz” mənasında işlədilmişdir: كُلَّ شَيْءٍ اَحْصَيْنَاهُ فِى إِمامٍ مُبِينٍ “Hər bir şeyi aşkar imamda – (lövhi-məhfuzda) sayıb hesabladıq!” [17] Başqa bir ayədə bu söz yol mənasında işlədilir: وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ “Hər ikisi (Lut və Şüeyb qövmlərinin yaşadıqları şəhərlər Şama doğru gedən sizlərin) açıq-aşkar yolunuz üzərindədir!” [18] Çünki insan məqsədə nail olmaq üçün yola əhəmiyyət verir. Quranın başqa iki ayəsində bu sözlə yəhudi qövmünə örnək və qabaqcıl şəriət olan Tövrata işarə edilir və buyurulur: وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إِمَامًا وَرَحْمَةً “Bundan qabaq Musanın kitabı onlara rəhbər və rəhmət idi.” [19] Bu söz beş ayədə ilahi və saleh rəhbərlərə aid edilmişdir. O cümlədən: قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا “Allah İbrahimə buyurdu: “Mən səni insanlara imam təyin etdim!” [20] Başqa bir ayədə bir qrup peyğəmbərlər haqda buyurulur: وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا “Biz onları öz əmrimizlə (camaatı ) doğru yola yönəldən imamlar və qabaqcıllar təyin etdik!” [21] Ümumi mənada bu məfhum “Furqan” surəsinin 74-cü, “Qəsəs” surəsinin 5-ci və “Səcdə” surəsinin 24-cü ayələrində də müşahidə olunur. Başqa bir ayədə isə küfr və zəlalət rəhbərləri nəzərdə tutulur. Ayədə buyurulur: فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ “Belə isə küfr rəhbərləri ilə döyüşün!” [22] Digər bir ayədə geniş mənada həm hidayət, həm də zəlalət rəhbərlərinə işarə olunur və buyurulur: يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ “O gün (qiyamətdə) hər tayfanı öz rəhbərləri ilə birgə çağıracağıq!” [23] Ümumiyyətlə, Qurani-kərimdə “imam” sözü müxtəlif mənalarda on iki dəfə işlədilmişdir.
Posted on: Wed, 23 Oct 2013 07:16:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015